Azər TURAN
"Beni zalim edecek mazlum olan saf imanım..."
Mehmet Emin YurdaKul
Əfqanıstanda əfqan, Türkiyədə türk, İranda azərbaycanlı, Misirdə ərəbdir.
İstanbulda Sultan II Əbdülhəmid, İranda Nəsrəddin şah, Peterburqda çar Aleksandr Cəmaləddin Əfqaninin fikirlərinə ehtiyatla yanaşır.
Farslar onu şiə, ərəblər sünni kimi tanıyır. Yüz il əvvəl onun vəhabi ola biləcəyini ehtimal edənlər də olub. Mason adlandıranlar da var, babı olduğunu güman edənlər də, "İmanını qeyb etmiş mömin", yaxud "makiavelist" deyənlər də.
Doğum tarixi, milli mənsubiyyəti, ölümünün səbəbləri hələ də mübahisə mövzusudur.
Misirdə Məhəmməd Əbduhu yetişdirmişdi.
İstanbulda milli şair Məhməd Əmin Yurdaqulun mürşidi odur.
Ernest Renan Seyid Cəmaləddini İbn-Sina, İbn-Rüştlə qiyaslandırır.
Dağıstaniyə yazdığı məktubunda Şeyx iranlı, Renana yazdığı məktubunda, az qala, materialist bir ərəb, Hindistana ünvanladığı "Vəhdəti cinsiyyə fəlsəfəsi" yazısında hindlidir. Maddəçiliyin - dəhriyyəçiliyin tənqidinə həsr etdiyi risaləsində müsəlman idealistidir. Sultan II Əbdülhəmidin nəzərində o, bir ingilis casusudur.
Bu il Şeyxin ölümündən 125 il ötdü. İngiltərə, Fransa, Almaniya, Rusiya, İran, Türkiyə, Əfqanıstan, Hindistan, Ərəb ölkələrinin humanitar-ictimai institutları bir əsrdən çoxdur ki, Şeyxi tədqiq edir...
Misirdə professor, İranda məhbus, Əfqanıstanda Baş nazir, Parisdə redaktor...
XIX yüzildə meydana çıxmış ittihadi-islam ideyasının müəllifi odur. Şeyx müsəlmanların bir mərkəzdən idarə olunmasını, buna rəğmən islam dininə etiqad edən müllətlətin dil özgürlüyünə sahib olmasını istəyirdi.
"Səadətin altıguşəli qəsri"ni qurmaq üçün yeni bir düstur irəli sürdü: 1. İnsan gərək özünün ərzi bir mələk olaraq yaradıldığına inansın; 2. Öz millətini başqa millətlərdən daha üstün bilsin; 3. Elmlərin mövcud qaranlıq mühitdən daha yüksək, daha ali bir aləmə keçmək üçün yaradıldığına etiqad etsin; 4. İnsanı digər canlılardan fərqləndirən mənəvi dəyərlərə - iffət və həya duyğusuna sədaqətli olsun; 5. Əmanətə xəyanət etməsin; 6. Doğruluq və ədalət yolundan sapmasın.
Şeyxə görə, insan hüquqlarının (Həqq-ül-nasın) qorunmadığı bir cəmiyyət müasir dünyada yaşamağa qabil olmayacaqdı.
***
I Nikolayın Osmanlı imperatorluğu barədə verdiyi "xəstə adam" diaqnozunun tədavisinə ilk başlayan Cəmaləddin Əfqani oldu: "Mən İslamı nəhəng bir vücud kimi təsəvvür edirəm. O, başını İstanbulda yerə qoyub, qollarının birini Afrikanın şimalına, o birini isə Krım və Orenburq üzərindən Çinə uzadıbdır. Ayaqları isə bütün Qərbi Asiya boyunca dolaşır. Artıq bu vücudda nə sağlam bir yer və nə bir xəsarət almamış orqan var. Amma o, qanı axa-axa, yarımcan halda yenə öz dəmir püskürən nəfəsini bilirsiniz nəyə sərf edir? Sadəcə, kimin haqlı, kimin haqsız olduğu ilə bağlı höcətləşmələrə! Əmirmi, Zeydmi haqlıdır? Əmirinmi, Zeydinmi ilahiyyatı yaxşıdır? Yalnız son nəfəs də canından çıxandan sonra o başa düşəcək ki, sadəcə bu höcət nəticəsində öldü".
Əfqaninin bu fikirləri panislamist olduğu qədər də pantürkist mahiyyətlidir... Coğrafiyaya fikir verin: İstanbuldan başlayaraq, Krım üzərindən Çinə qədər və Qərbi Asiya...
***
Fransız Renanın "İslam dini elmdə qısırdır" hökmünə dayalı bir iddia ilə yazdığı fikirlərə Cəmaləddin Əfqaninin 1883-cü ildə elə Parisdə qələmə aldığı cavab məqaləsi, az qala, yüz ildən çoxdur ki, müzakirə olunur. Ancaq bəzən unudulur ki, polemika iki mütəfəkkir arasında - biri təkcə islamı deyil, xristianlıq da daxil olmaqla bütün dinləri elmi tərəqqi yolunda əngəl hesab edən qərbli Renan, digəri isə ona öz kübar ədası ilə cavab verib, dinlərin və təkcə islamın deyil, xristianlığın da insanlıq tarixindəki mütərəqqi rolunu xatırladan şərqli Şeyx Cəmaləddin arasında baş verib.
Vəziri olduğu əfqan kralı Məhəmməd Əzəm taxtdan endiriləndən sonra bir müddət Hindistanda yaşayan Şeyx hindliləri təşviq edirdi ki, onlar ingilis dili ilə yanaşı, milli dilin də dövlət dili elan olunmasına çalışsınlar. Əslində, o, bu çağırışı ilə Hindistanı - geniş miqyasda isə Şərqi Qərbin əsarətindən qurtarmağın mümkün yollarından birini və ən başlıcasını nişan verməkdəydi.
Şeyxin irəli sürdüyü milli dil siyasətini ümmət əxlaqına söykənən İslam aləmində etiqad birliyinin pozulması kimi dəyərləndirənlər Cəmaləddinin əsas hədəfini gözardı ediblər. Şeyx Cəmaləddin deyirdi: "İnsanlar arasında bir çox fərdləri bir-birinə bağlayan iki bağ vardır: biri dil birliyi, başqa sözlə, millət birliyi. Digəri din. Dil birliyinin, yəni soy birliyinin (irqin, millətin) heç şübhə yoxdur ki, dünyadakı daimiliyi dindən daha davamlıdır, çünki az bir zamanda dəyişməz. Halbuki, ikincisi belə deyildir. Eyni dildə danışan irqi görürük ki, min illik bir müddətdə dil birliyindən ibarət olan milliyyətə bir zərəri olmadan, iki-üç dəfə din dəyişir. Deyə bilərik ki, dünyanın axarında dil birliyinin təsiri dini bağlılıqdan daha qüvvətlidir".
Şeyx haqlıdır. Yabançı siyasətlərin, xarici hərbi təcavüzlə yanaşı, yabançı dilin istila və işğalı altına düşmüş Vətən, təbii ki, həm də dil birliyinin, vəhdəti-cinsiyyənin - irqi vəhdətin hesabına istiqlalını əldə edə bilərdi. Elə buna görə də Şeyx Cəmaləddinin islam birliyi naminə irəli sürdüyü doktrin türk dünyasında milliyyətçi hərəkatın da qabarmasına səbəb olurdu. Yusuf Akçuranın dediyi kimi, "Bu məşhur Şeyx, bütün İslam aləminin yaşaya bilməsi üçün müsəlman millətlərin milli şüura sahib olmaları gərəyinə inanmışdır... Əfqani, İslam aləminin hər tərəfinə düşüncələri ilə, sözləri ilə, işləri ilə çox bərəkətli toxumlar saçmış və Qərb türklüyündə olduğu kimi, Şimal türklüyündə də milliyyət fikrinin inkişafına xidmət etmişdir".
Türk milliyyətçi şeirinin memarı, "qaranlıq fəlakət vadilərində çobansız dolaşan zavallı türk millətini, əlində qavalıyla Turi-Sinadan enərək" (F.Köprülü) toplayıb-birləşdirən Məhməd Əmin Yurdaqula "qaval çalmağı"n sirrini, əslində, Cəmaləddin Əfqani öyrətmişdi. Yusuf Akçura Yurdaqulun etirafını xatırladır: "Məni o yoğurmuşdur. Əgər ruhların əbədiliyi və ölməzliyi varsa, o, ruhunu mənə yadigar etmişdir. Cəmaləddinin ruhu məndə yaşayır". Aydəmir isə bildirir ki, Yurdaqul "ərəb və fars qaydalarından təmizlənmiş ilk türkcə şeirlərini, o sıradan "Bən bir türkəm, dinim, cinsim uludur" misrası ilə başlayan şeirini Cəmaləddin Əfqaninin təlqini ilə yazmışdı". Mehmet Emin Yurdaqul "Dua" şeirini Əfqaninin əziz xatirəsinə ithaf etmişdi... Şeirdə belə bir misra var: "Beni zalim edecek mazlum olan saf imanım...". Hər dəfə Əfqani barədə düşünəndə, nədənsə, həmin misranı xatırlayıram...
"İslam aləminin düşünürlərindən Cəmaləddin Əfqani həzrətləri, Parisdə bulunduğu sırada mənim mütəvazi məskənimi, başqalarından üstün tutmaq lütfündə bulunmuşlardı və həftələrcə bərabər qalmışdıq". Bunu Əhməd Ağaoğlu yazır. Parisdən Azərbaycana qayıdarkən yolüstü İstanbulda dayanan Əhməd bəy Seyid Cəmaləddinlə təkrar görüşüb fikir mübadiləsi etməyə ehtiyac duymuşdu. Beləliklə, Ağaoğlu Parisdən Azərbaycana Cəmaləddinin fikri təlqinləri ilə qayıdırdı. Əli bəy Hüseynzadənin pantürkizminə rəğmən, Əhməd Ağaoğlunun uzun müddət panislamist mövqedə qalması da, şübhəsiz ki, Əfqani faktoru ilə əlaqədar idi...
Məhməd Akif də Seyid Cəmaləddinin heyranlarından idi və "Safahat" şeirlərində Şeyxin böyüklüyünü dönə-dönə iqrar etmişdi... Akif İslam ölkələrində məktəblər açmağa, o məktəblərdə İslam aləmi üçün Cəmaləddinlər yetişdirməyə çağırırdı...
Şeyxin ardıcılları sırasından böyük məfkurə sahibləri ilə yanaşı, ömrünü onun yolunda fəda edə biləcək qədər, yaxud onu incitmiş imtiyaz sahiblərini qurşuna düzəcək qədər fanatik vurğunlar və fədailər yetişdi.
Misirə getdi, ətrafına zamanın yeni düşüncəli ərəbləri toplaşdı, valinin göstərişi ilə Qahirədən çıxarıldı. İstanbula gəldi, Ali Maarif Məclisinin üzvü seçilsə də camelərin birindəki çıxışından sonra Həsən Fəhmi əfəndi onu kafir elan etdi, İstanbuldan çıxarılmasına fitva verdi. (Sonra "İttihad və Tərəqqi" tərəfdarları Həsən Fəhmini qətlə yetirdilər). İrana keçdi, Baş nazir Mirzə Əli Əsgər xan onu özünə rəqib gördü. (Sonra Nəcəfdən dörd müctəhidin imzası ilə Mirzə Əli Əsgər Xanın kafir elan olunması barədə fitva verildi). Avropada Məhəmməd Abduhla "əl Urvatul-Vusqa" qəzetini nəşr elədi, Qərb dövlətlərinin basqısına uğradı, qəzeti yasaqlandı.
Misirdəki qiyamlar, Hindistanda məşrutə inqilabı, İrandakı "Tənbəki hərəkatı", İraqın müstəqillik inqilabı Şeyxin ideyalarından qaynaqlanıb.
Seyid Cəmaləddinin Misirdə, Hindistanda, Sudanda, Rusiyada, Fransada, İngiltərədə, Almaniyada, Amerikada islam peyğəmbərinin hübbülvətən (Vətən sevgisi) təlimini aktuallandırdl. Amma İsmayıl bəy Qaspıralının dediyi kimi, "Şeyx Cəmaləddin Əfqaninin əsərlərində tazə can bulmuş islam fəlsəfəsi yeni bir dövrə, yeni bir zamana girildiyini göstərməkdə idi... Bizim Rusiya və Mavərənnəhr qədimçiləri şu dərəcə qafil və cahildirlər ki, əsrimizin ən böyük alimi olan Şeyx Cəmaləddin Əfqani kibi ünlü alimə həqarət nəzəri ilə baxırlar...".
Nəsrəddin şahın müsafir olaraq Tehrana dəvət edib, sonra "bir müddət Əbdül Əzim ziyarətgahında sığınacaq tapandan sonra çox soyuq və qarlı bir qışda sığındığı yerdən çıxardıb ayaqlarını qatırın qarnına bağlayaraq o soyuq havada İranın Həmədan və Kirmanşah yolu ilə sərhəddən çıxartması", "əl-qolunu zəncirlədərək Türkiyə-İran sərhədinə qədər "yeddi yüz atlının müşayiəti ilə" onu sınır dışı etməsi də İran şahına səltənətdən, taxt-tacdan və canından vaz keçmək bahasına başa gəldi. Əfqani İran şahının yürütdüyü təslimçi iqtisadi siyasətin, Qərb imperializminin xeyrinə bağlanmış məşhur "Tənbəki imtiyazı"nın özülünə elə sərt bir zərbə vurdu ki, İran şahı bu zərbədən bir daha özünə gələ bilmədi. Cəmaləddin Əfqani dövrünün böyük "müctəhidi Mirzə Həsən Şiraziyə dövlət xəzinəsinin islam düşmənləri lehinə israf edildiyini isbat edən və İran hökumətinə qarşı ittihamnamə təşkil edən bir məktub göndərdi və müctəhid hökumət tərəfindən "Tütün imtiyazı" ləğv edilincəyə qədər, müsəlmanlara tütündən istifadəni yasaq edən bir fitva verdi. Bu fitvaya dərhal əməl edən xalqın müqaviməti qarşısında İran hökuməti müqaviləni ləğv etməyə məcbur oldu" (Qoldzer).
Sonra da Nəsrəddin şah Mirzə Rza Kirmani tərəfindən Şah Əbdül Əzim məscidində Cəmaləddin Əfqaninin təlqini ilə qətlə yetirildi. İstanbulda Sultan II Əbdülhəmidin ona verdiyi və içərisində ev dustağı kimi yaşadığı malikanəni "türk aydınlarının fikir təkkəsinə" (Aydəmir) çevirdi.
Adam böyük bir sirdir. Həm İslamın modernizə olunmasına çalışır, həm panislamizmin ideya müəllifidir, həm də ümumtürk poeziyasında milli ruhu ehya qılmış mürşiddir. Bütün sirlər açılır, amma Əfqaninin sirri açılmır. Əbdürrəşid İbrahim ondan əsl Vətənini soruşmuşdu. Seyid Cəmaləddin isə cavabında "Mənim Vətənim yoxdur" - demişdi... "Vətəni yox idi", amma Hindistanda Mahatma Qandiyə təsir göstərirdi. Yaponiyada islamı yaymaq üçün Əbdürrəşid İbrahimi təşviq edirdi... Misir, Hindistan, İraq inqilablarının ideoloji istiqamətini müəyyənləşdirirdi.
İranda, Əfqanıstanda, Misirdə, Hindistanda, İngiltərədə, Fransada, Rusiyada, Türkiyədə yaşayıb... 1897-ci ildə İstanbulda vəfat edib, burada dəfn olunsa da, 1944-cü ildə məzarı Əfqanıstana aparılıb...
Əfqaninin Cənubi Azərbaycan yenilikçiləri, məşrutəçiləri üzərində də təsiri çox böyük olmuşdur. İranda yenilənmə hərəkatına ilk çağırış, bu istiqamətdəki ilk təkan Cəmaləddin Əfqanidən gəlib. Gənc Türklər tipində bir Gənc İranlılar modelinin ideoloqu odur. Tarixçilər Nəsrəddinin ölümündən sonra hakimiyyətə gəlmiş Müzəfərrəddin şahın zamanında -1906-ci ildə konstitusiyanın və Millət Məclisinin yaradılmasına səbəb olmuş xalq hərəkatının ideya mənbələrindən biri kimi Cəmaləddin Əfqaninin yaydığı panislamizm ideologiyasının təsirini ayrıca qeyd etməkdədirlər (J.H.Kramers).
Seyid Cəmaləddin ömrünün son illərində İstanbulda "Sultandan himayə gördü. Ona ev və maaş təsis edildi. Amma Türkiyədəki həyatının böyük bir qismi, II Əbdülhəmid xəfiyyələrinin nəzarəti altında keçdi. Zatən, onun atəşli və islahatçı təbiəti ilə II Əbdülhəmidin uyuşmasına, əlbəttə ki, imkan yoxdu... Bu güclü fikir və dartışma adamı ingilis və rus xəfiyyələrinin də davamlı təqibi altındaydı" (Süreyya Şevket).
Bir az laübalı, bir az da dərvişanə halı ilə bütün həyatını ümmət birliyinə həsr etsə də, son nəfəsində "Allahım, bilirsən ki, Hz. Peyğəmbərimizin son sözü "ümmətim, ümmətim" olmuşdu, mən də "millətim, millətim" deyirəm" - deyib həyata vida edən Seyid Cəmaləddin 58 il yaşadı, ailə qurmadı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!