Tehran Əlişanoğlu, Müxbir üzvün qeydləri. Bakı, Elm və təhsil, 2022
İsa HƏBİBBƏYLİ
Azərbaycan cəmiyyəti AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Əlişanoğlunu müasir elmi-ədəbi prosesin əsas, aparıcı simalarından biri kimi qəbul edir. Tehran Əlişanoğlu otuz ildən çoxdur ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin tənqid və ədəbi proses istiqamətində yorulmadan, ardıcıl olaraq "gülüng çalmaqda"dır. Xüsusən, son 10-15 ilin ölkə elmi-ədəbi prosesində elə bir əhəmiyyətli fakt, hadisə, meyl göstərmək çətindir ki, Tehran Əlişanoğlu həmin təzahürlərə ciddi və fəal tənqidçi münasibət bildirməmiş olsun. Bu mənada Tehran Əlişanoğlunun monoqrafik tədqiqatları, ədəbi-tənqidi məqalələri, portret-oçerkləri və icmalları müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və elmi-ədəbi proseslərinin barometri və bələdçilərindən biri hesab oluna bilər. Az sayda tənqidçi və ya ədəbiyyatşünas tapmaq olar ki, Tehran Əlişanoğlu qədər həmin missiyanı dayanmadan, ardıcıl şəkildə və məsuliyyətlə yerinə yetirmiş olsun. Bu baxımdan ədəbi-tənqidi əsərləri həm müasir ədəbi prosesin və həm də Tehran Əlişanoğlunun özünün ayrı-ayrı mərhələlər üzrə elmi fəaliyyətinin salnaməsidir.
Tərcümeyi-halında və taleyində baş vermiş ən mühüm hadisələrdən biri olan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilməsi tənqidçi Tehran Əlişanoğlunun elmi mühitdə və ədəbi prosesdə daha fəal iştirak etməsini və əvvəlki illərdəkindən də məsuliyyətlə çalışmasını şərtləndirmişdir. AMEA-nın həqiqi və ya müxbir üzvü seçilmək ilk növbədə çalışdığın elmi tədqiqat institutu qarşısında mühüm öhdəlik olmaqla bərabər, həm də ümumiyyətlə təmsil olunduğun elmi istiqamət sahəsində daha məsuliyyətli bir missiyanı həyata keçirmək vəzifəsini qarşıya qoyur. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Müxbir üzvün qeydləri" kitabı (Bakı, Elm və təhsil, 2022) tanınmış alim-ədəbiyyatşünasın öhdəlikləri və vəzifələrinin mükəmməl bir elmi göstəricisidir. Təqdim edilən məqalələr toplusu əyani surətdə göstərir ki, Tehran Əlişanoğlu "müxbir üzv" statusunda həm ədəbiyyatımızın və elmimizin taleyində daha masştabı şəkildə və yaxından iştirak edir və həm də artıq Azərbaycan cəmiyyəti üçün zəruri olan məsələlərdə mövqe nümayiş etdirmək vəzifəsini də yerinə yetirir. "Müxbir üzvün qeydləri" kitabındakı "Azərbaycan Respublikasının Prezidentliyinə seçkilər zamanı AMEA-nın dəyirmi zalında çıxış"ın mətni məruzəçinin sadəcə ədəbiyyatşünas kimi deyil, bir vətəndaş olaraq ölkənin sabahı ilə əlaqədar baxışlarını əks etdirir. Yaxud "Türk birliyi yeni ədəbi müstəvidə" adlı yazısında Tehran Əlişanoğlunun ədəbi prosesə dair tədqiq qatlarının hüdudlarını bir qədər də genişləndirərək, türk dünyası ədəbiyyatının XXI əsrdəki reallıqları haqqında fikir və mülahizə yürütməsi də, "Azərbaycan humanitar elminin böyük uğuru", "Elmin inkişafı kontekstində bədii təfəkkürün üfüqləri" məqalələrindəki miqyaslı baxış da müxbir üzv səviyyəsində yanaşmaların və düşüncələrin elmi ifadəsindən ibarətdir.
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Müxbir üzvün qeydləri" kitabındakı "Ədəbiyyatda Heydər Əliyev obrazı" və "Ədəbiyyatda Ali Baş Komandan" adlanan xüsusi fəsillərdə müasir Azərbaycanın, müstəqil ölkəmizin fonunda zaman və ədəbiyyat haqqında söz açdığı məsələlər ədəbiyyata dövrün və cəmiyyətdə gedən proseslərin gözü ilə baxaraq, ədəbiyyatdan həyatın inkişaf meylləri müstəvisində bəhs etmək düşüncəsinin əks-sədasıdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda xüsusi bir elmi layihə kimi hazırlanıb, 2018-2019-cu illərdə 2 cilddə nəşr edilmiş "Ədəbiyyatda Heydər Əliyev obrazı: Tarixi gerçəklikdən ideala" adlı kollektiv monoqrafiyanın üzvi tərkib hissəsi olan bu fəsillərin əsas materialı sonrakı illərdə əlavə olaraq ciddi tədqiqatlarla zənginləşdirilərək yeniləşdirilmişdir. Beləliklə, Tehran Əlişanoğlunun qələmi ilə Azərbaycan ədəbiyyatında Ulu Öndər Heydər Əliyevin möhtəşəm bədii obrazının canlandırılmasının geniş elmi mənzərəsi yaradılmışdır. Eyni zamanda, bu zəmində problemin elmi həllinin davamı olaraq "Ədəbiyyatda Ali Baş Komandan" adlı yeni bir fəsil də meydana çıxmışdır. Qalib Ali Baş Komandanın çoxcəhətli fəaliyyətinə "Qalibiyyət və ədəbiyyat dərsləri" müstəvisində işıq salınaraq, yüksək elmi-nəzəri səviyyədə dəyər verilməsi əslində bütün məntiqi ilə müstəqillik tariximizin İlham Əliyev erasının ədəbiyyatdakı əks-sədasının reallıqlarını araşdırıb ümumiləşdirməyə uğurla xidmət edir. Bütövlükdə Azərbaycan ədəbiyyatında Ümummilli lider və Ali Baş Komandan mövzusu müxbir üzv Tehran Əlişanoğlunun çoxillik tənqidçilik fəaliyyətinin yeni bir fəsli olmaqdan başqa, həm də onun tənqidçilik missiyasının üfüqlərinin ədəbiyyatdan cəmiyyətin ali məqsədlərinə doğru inkişafının mühüm bir göstəricisidir.
Tehran Əlişanoğlunun "Müxbir üzvün qeydləri" kitabındakı "Yubiley saatı" fəslindəki məqalələr özünün miqyası və məntiqi etibarilə bundan əvvəlki fəsillərdə cəmiyyət və ədəbiyyat istiqamətində aparılan araşdırmaların davamı təəssüratı yaradır. Bu mənada "Yubiley saatı" baxışı ədəbiyyatda zaman anlayışının nəzəri ifadəsi kimi çıxış edir. Zamanın axarının miqyası tənqidçinin ədəbi proseslə yanaşı elm dünyası, fizika və lirika, metafizikadan fizikaya kimi geniş maşstablı mətləblərdən də söz açmasına imkan yaratmışdır. İştirakçısı olduğu Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin 2018-ci ildə Bakı və Şamaxı şəhərləri ilə birlikdə Rusiyanın Dubna şəhərində keçirdiyi "Fizika və lirika" beynəlxalq konfransından "elm və sənət dekadası" səviyyəsində söz açması "müxbir üzvün" özünün də artıq daha geniş, çoxcəhətli elmi-ədəbi proseslərin içərisində olub, bədii yaradıcılıq məsələlərinə müxtəlif elmlərin qovşağından baxmaq və dəyərləndirmək imkanlarını meydana qoyur. Bu məqamda onun indiyə qədər ədəbiyyata münasibətindəki bədii təfəkkürün üfüqləri dairəsini elmi idrakın daha da irəli aparması, genişləndirilməsi tezisi tamamlayır. Fikrimizcə, Tehran Əlişanoğlunun son illərin ədəbiyyatında diskursun dəyişməsi proseslərindən danışarkən idrak faktorunu önə çıxarmasının kökləri dəyişən zamanın ədəbiyyata diqtəsindən başqa, həm də "fizika və lirika"dan gələn fərqli enerji ilə də əlaqədardır.
Qeyd etdiyimiz kimi, Tehran Əlişanoğlunun əsas ixtisası ədəbi tənqid olduğu üçün onun elmi tədqiqatlarında müasir ədəbi prosesin hadisələri və meylləri aparıcı yer tutur. "Müxbir üzvün qeydləri" kitabının da ana xəttini tənqidçilik missiyasının elmi ifadəsi olan araşdırmalar təşkil edir. Ona görədir ki, kitabın "Haşiyələrdə ədəbiyyat" və "Ədəbi proses hərəkatı" fəsillərində professional ədəbi tənqidin qiymətli örnəkləri ilə tanış oluruq. Bu bölmələrdə Tehran Əlişanoğlu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas yaradıcıları olan Anar, Elçin, Sabir Rüstəmxanlı, Rəşad Məcid, Afaq Məsud, Səyyad Aran və başqalarının həyatı və yaradıcılığından ədəbi prosesin axarında bəhs edərək, gəldiyi mühüm elmi nəticələri ictimaiyyətə çatdırır. Yazıçı və şairlər haqqında olan məqalələrində Tehran Əlişanoğlu portret-oçerk janrında deyil, həmin yazıçıların seçilmiş əsərləri və ya onların yaradıcılarının aparıcı bir istiqaməti, konkret bir problemi ətrafında apardığı araşdırmalardan doğan qənaətlərini təqdim edir. Bu baxımdan problem-məqalə formatı Tehran Əlişanoğlunun ədəbi tənqid "təsərrüfatı"nın əsas məhsulu kimi qabarıq nəzərə çarpır. Ədəbiyyatın aktual və müasir problemlərinin sistemli elmi təhlili və həlli Tehran Əlişanoğlu tənqidinin özünəməxsusluğunu müəyyən edir. Ədəbiyyatın gedişatına, ədəbi-ictimai proseslərin faktları və hadisələrinə problem-məqalə, yaxud problem-icmal miqyasında təhlil vermək, nəticələr çıxarmaq, təkliflər səsləndirmək xətti də bədii yaradıcılıq məsələlərindən AMEA-nın müxbir üzvünün baxışları miqyasında söz açmaq deməkdir. Yaxşı cəhətdir ki, Tehran Əlişanoğlunun ədəbi proseslərə yanaşma bucağının genişlənməsi onu ədəbiyyatın daxili məntiqindən çıxış etməklə ədəbi hadisələrə qiymət verməkdən uzaqlaşdırmamışdır. Əksinə, müxbir üzvün yazıçı və şairlərin əsərlərinə, yaradıcılıq proseslərinə və ədəbiyyat dünyası laboratoriyasına daha dərindən nüfuz etməsində ədəbiyyata geniş miqyasda yanaşmaq meylinin əhəmiyyətli dərəcədə rolu vardır.
"Müxbir üzvün qeydləri" kitabında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilməkdə davam edən "Ədəbi proses" yaradıcılıq müşavirələrində etdiyi məruzələrdən ibarət olan araşdırmaları ilə Tehran Əlişanoğlu tənqidçilik funksiyasını professional səviyyədə yerinə yetirdiyini nümayiş etdirir. Tehran Əlişanoğlunun dərin məzmunlu məruzələri və məqalələrindəki praqmatik baxışlar Ədəbi proses yaradıcılıq müşavirələrinin ədəbi proses hərəkatına çevrilməsi haqqında bəyan olunmuş gerçəkliyi bir daha tamamlayır və təsdiq edir. "Müxbir üzvün qeydləri" kitabında "Ədəbi proses hərəkatı" adlandırılmış fəsildəki məqalələrindən başqa, 4-5 mart 2022-ci il tarixdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilmiş IX Ədəbi proses yaradıcılıq müşavirəsində "Yeni zamana giriş. Ədəbi tənqiddə diskurslar" mövzusunda etdiyi elmi məruzəsi ilə Tehran Əlişanoğlu genişlənməkdə və dərinləşməkdə davam edən bu hərəkatın yalnız tədqiqatçısı deyil, daha çox aparıcı simalarından biri olması ilə səciyyələnir. Ədəbi proses - 2020-yə həsr edilmiş məruzəsində ilk dəfə ədəbi tənqidin sistemli inkişaf istiqamətlərini müəyyən edib, əsas axtarış və yaradıcılıq meyllərini təsbit etməsi, hər istiqamət üzrə ardıcıl olaraq fəaliyyətdə olan qələm əhlini baxışlarına və elmi maraq dairəsinə görə qruplaşdırılması Tehran Əlişanoğlunun tənqid və ədəbiyyatşünaslıqdakı yerini və mövqeyini aydın şəkildə nümayiş etdirir. Bu məqamda AMEA-nın müxbir üzvü, tənqidçi Tehran Əlişanoğlu həm də ədəbi proses hərəkatının nəzəriyyəçisi kimi çıxış edir.
"Müxbir üzvün qeydləri" kitabı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tehran Əlişanoğlunun mükəmməl bir elmi hesabatıdır. Tənqidçi Tehran Əlişanoğlunun elmi hesabatı Azərbaycan ədəbi tənqidinin də uğurlu hesabatı kimi səslənir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!