Ramiz Həsənoğlunun ədəbiyyatlaşan teleməkanı - Elnarə Akimova - Elnarə AKİMOVA

Zaman Ramiz Həsənoğlunun simasında türkçülük ruhu və fənnini millətə aşılamışdı artıq. İndı sıra dünya vətəndaşı olmağın əzəmətini yaşamaq feyzində gerçəkləşməyindir.

Elnarə AKİMOVA

Ramiz Həsənoğlu mənə həmişə çinar obrazını xatırladıb. Uca boyuna, çinar obrazından teleməkanda çox istifadə etdiyinə görə yox, əlbəttə. Əl qoyduğu çox işlərə çinar zirvəsindən, çinar ucalığının estetikasından nəzər yetirdiyi üçün. Bəlkə buna görə yaratdığı əsərlər milli televiziyanın bu gün də təravətini itirməyən, baxılan tamaşaları, verilişləri olaraq qalır. Bu mənada, "Ramiz Həsənoğlu milli televiziyamızın fəxri tarixidir" (Aydın Talıbzadə) fikri dominantlığını qorumada. Demək, həm də Azərbaycan televiziyasının, milli teatrımızın əlli ilə yaxın bir dövrünü öyrənmək baxımından R.Həsənoğlunun fəaliyyəti əhəmiyyətli və gərəkli məxəzdir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. Poetik ruhun teatrda gerçəkləşən şəkli...

R.Həsənoğlu bizim üçün yalnız teatr deyil, həm də və bəlkə daha çox ədəbiyyatın obrazıdır. Axı ədəbiyyat mətnlərdə doğulur, səhnədə isə yaşayır, ruhi mövcudluğunu sürdürür. Nəyə görəsə, biz "Qatarda" tamaşasını yalnız İsi Məlikzadənin, "Topal Teymur"u Hüseyn Cavidin, "Ötən ilin son gecəsi"ni Anarın əsəri olaraq görmürük. Hərçənd, hər uğurlu tamaşanın arxasında elə uğurlu mətn dayanır. Zəif mətnə uğurlu səhnə tərtibatı etmək çətindir. Gərək sözlərin tamaşaçıya ötürdüyü dərinlik, böyük ideya mətndə ehtivasını tapsın. Amma rejissorun da ədəbi zövqü yerində olmalıdır ki, o böyük ideyaya xidmət edən mətni onlarla nümunənin arasından seçib ayırmağı bacarsın.

İndi tamaşaçının inandığı imza - sənətkar azalıb. Hansı sahədə çalışırsan-çalış, gərək imzanın həqiqətinə inandıra biləsən ətrafını. Ramiz Həsənoğlu sənətə gəldiyi 70-ci illərdən, ilk tamaşasından sənətə hansı estetik meyarlarla yanaşdığını meydana qoydu. Məlum oldu ki, teleməkana yeni düşüncə xətti ilə gələn bu gənc çiynini çox ağır yük altına verməyə qadirdir. Verdi də. Bu, həm də o zaman idi ki, ədəbiyyatın özündə yeni nəsr deyilən hadisə baş verməkdə, bədiilik meyarlarına mühafizəkarlığı ilə gündəmə gəlməkdə idi. Sənət pafosdan real həqiqətə, sırf bədii-estetik meyarlara dönüşürdü. Ədəbiyyatın içindəki ağrı simvolikası, ruhun təklik, tənhalıq çalarları üzə çıxırdı. Axı ən böyük zərbə insana vurulmuşdu. Onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasındakı əlaqə pozulmuşdu, insan özgələşməyə, özündən ayrılmağa, yadlaşmağa başlamışdı. Ramiz Həsənoğlu yalnız sovet dövrünün qəlibindən çıxan insanın deyil, həm də tək qalmış, təcrid olunmuş, cəmiyyət tərəfindən təbii bir proseslə uzaqlaşmış, yadlaşmış çarəsiz insanın sənətkarı kimi gəldi teleməkana. Həmin dönəmin mahiyyəti, onun yaddaş strukturunda yer almış görüntüləri ilə çağın insanının düşüncəsi arasında dialoq bir neçə insanın şəxsində teatral məkana yansıdı. Yalnız bədii düşüncə deyil, teatr estetikası da yeni təfəkkür modelləri axtarışında fərqli fəaliyyət sferasına daxil oldu. Anarın "Mən, sən, o və telefon", "Ötən ilin son gecəsi" tamaşaları nə idi bəs? Onun sənət estetikasında fərdilik ilk növbədə, mətndəki adi detalları səhnənin bədii materialına çevirməsində özünü göstərirdi. Məsələn, telefon, çinar, piano... Bir-biri ilə əlaqəsi olmayan, zahiri assosiasiya doğurmayan  nəsnələri teatral məkana sürükləyir, ilk baxışda o qədər də seçilməyən, fərqlənməyən qeyri-poetik detallara diqqət yönəldir, onlara həm estetik məna-məzmun, həm də düşündürücü siqlət aşılayırdı.

Darıxan, əzab çəkən, təkliyinə qısılıb yaşayan insan... Qərbdə bu sosial anomaliya ilə ekzistensialist fəlsəfə məşğul olurkən, bizdə 60-cı illərdən başlayaraq dünya ilə, insanla yeni münasibətlər sistemi yaratmağa çalışan fəlsəfi-estetik fikrində sərt realistik boyalar üstünlük qazanmağa başladı. Belə bir durum (dekadans) yalnız ədəbiyyat sahəsi üçün deyil, ümumən mədəniyyətin bütün sferaları üçün səciyyəvi idi. Rəssamlıqda Səttar Bəhlulzadənin rəsmlərində (məsələn, "Kəpəzin göz yaşları" tablosu) ehtiva olunan altqatlığı, rənglərin bətninə çökən, daxilinə hopdurulan dərinlik ideyaları, ağrı simvolikasını virtual olaraq hiss eləmək çətin olmurdu. Musiqidə Qara Qarayevin çoxqatlı musiqisi -"Üçüncü simfoniya", "Skripka ilə orkestr üçün konsert"də "gur, çılğın, əsəbi notlar arxasından axıb gələn dərin bəşəri kədərin səsi aydın eşidilir"di. Daha sonra teatr sahəsinə Vaqif İbrahimoğlu gələcəkdi. Yaratdığı "Yuğ" teatrının tamam özgə məzmun, mündəricə arayan, tamaşaçını yepyeni dünya ilə üzbəüz qoyan estetikası əslində, ənənəvi teatr baxışlarını dəyişməyə, yeniləşdirməyə yönəlmiş bir missiya idi və palimpsest olan (yəni, qat altından qat verən) fəaliyyətində bu missiyanı realizə edirdi. Bu illərdə yaranmış əsərlər artıq cəmiyyət həyatına oppozisiyada meydana gəlirdi. Sənət artıq həqiqətlərin yaşamını verməyə, bədii qəhrəmanın mənəvi dünyasına varmağa çaba göstərirdi. Ramiz Həsənoğlunun öhdəsinə bu dönəmin insanının tamaşasını yaratmaq missiyası düşdü. Müsahibələrinin birində özü də bu nüansa işarə edərək demişdi: "Mən bunu zamanın hökmü kimi qəbul edirəm. Xoşbəxtlikdən zaman məni seçdi. Sizə deyim, o vaxt elə güclü pul da yox idi. Senzura da bir yandan... Yalnız həvəs vardı. Yüksək həvəs və sənət yanğısı".        

Zənnimcə, o, hər bir sənətkarın arzusunda olduğu işləri gerçəkləşdirdi. Azərbaycan teleməkanında yüksək səviyyəli tamaşalar meydana qoydu. Səhnəyə öz nəfəsini gətirdi, öz üslubunu, dəst-xəttini yaratdı, qoyduğu tamaşalar, hazırladığı verilişlərlə səhnə imicinin müsbətə doğru dəyişməsində rol oynadı.

R.Həsənoğlunu digər rejissorlardan ayıran cəhət təbiətindəki poetiklik, ədəbiyyatı sevən ruha sahib olması idi. Ona görə klişe dramaturji fəndlərdən imtina edərək özünün estetik dalğasına güvəndi. Bu cəhət onda tamaşaçıya intellektual emosiya ötürməsində, onun birbaşa şüuruna, düşüncələrinə təsir etməsində rol oynadı. Anar, R.İbrahimbəyov, R.Rövşən, V.İbrahimoğlu, C.Quliyev və başqa sənət xadimləri ilə R.Həsənoğlu arasındakı qarşılıqlı münasibətlər rejissor üçün yaratdığı əsərlərə yeni baxış, traktovka sərgiləmək baxımından arsenal olsa da, bu gün onun adı ilə bağlı yüksək materiyalı işlərin dayaqlandığı müstəvinin poeziya olması da nəzərdən qaçmır.

"Azərbaycan Poeziyası Xan Çinardı…

Bir gün Ramiz Həsənoğlunun rejissor ruhunun üstünə bu xan çinarın yarpaqları arasından bir işıq şüası düşdü və onlar qoşalaşıb teleməkan içrə yola çıxdılar".

Lap nağıla bənzəyir. İşığı tutub yola çıxmaq.  Çinar ağacına doğru... Bakirə duyğulara, toxunulmamış hisslərə, ilahi bağlara doğru...

"Üç çinar yarpağı"na qədər olan dövrə səpələnən poetik ruhlu verilişlər çox olsa da, - V.Səmədoğlu, R.Rövşən və V.Cəbrayılzadənin yer aldığı videofilm bu gün R.Həsənoğlunun ömür tarixçəsini nəql etmək, onun sənətə gəlişini vizuallaşdırmaq üçün akvarel fon səciyyəsi daşıyır. Saflıq mücəssiməsi sayılan Çinar rejissorun yaradıcılığının ilk, gənclik illərini canlandırmaq, hələ "dünyaya şeir misraları, poeziyanın pafos dumanı arasından", "səadət pəncərəsindən" baxdığı anlarını diriltmək, tale yollarından bəhs etmək üçün simvolik obraz əhəmiyyəti kəsb edir. Bu videofilmdə görünən daha çox poeziyanın obrazı olur, "ruhun, çinarın ekran estetikası" kimi gerçəkləşən poeziya.

Ramiz Həsənoğlunun repertuarında milli dramaturgiyanın ən yaxşı örnəkləri yer alır. Klassika və müasirlik, komediya və faciə burada sintez şəklində insan mahiyyətinin, şüur oyanışının, habelə milli kimlik məsələlərinin xarakterizə olunmasına yönəlib. Bu tamaşaların janrları belə çaşdırır tamaşaçını. Bu qədər fərqli rakurs, fərqli janrlar çeşidi bir rejissorun tərcümeyi-halına necə çevrilə bilib görəsən? Günahsız Abdullanın taleyində yaşanan mənəvi böhran həddi, son problematikası, "Qatarda" tamaşasında qoyulan sosial-əxlaqi kolliziya, mənəvi və sosial ekologiyanın tarazlığının pozulması, "Evləri köndələn yar"dakı yumorlu, satirik ifadə pafosu, "Ac həriflər"dəki fəlsəfi ironiya, təhtəlşüur ifadə və üslub tərzi, "Nigarançılıq" tamaşasındakı Mirzə Cəlil psixologiyası ilə günümüzdə baş verən hadisələrin mahiyyətini açıb-tökmək ehtirası, "Topal Teymur"dakı vahid Turan ideyası yanğısı və s... Ramiz Həsənoğlu rejissor kimi bu forma və məzmun çeşidinin arasında, onların nəql texnikası çərçivəsində rahat gəzişib, obrazların xarakteristikasını, portretini cızıb, psixoloji ovqat və durumunu dəqiq çatdırıb tamaşaçıya. Və ən əsası, əsərdəki bədii niyyətin ifadəsi səhnədən tamaşaçıya  ötürülə bilib. Bu tamaşalarda bütün obrazlar özlərinin bədii, plastik həllini tapa bilirlər, mizanlar, rakurslar doğru seçilir. Məsələn, mən "Günahsız Abdulla" tamaşasındakı əvvəldən axıradək hakim olan gərginliyi hər baxdığımda yenidən yaşayıram. Hələ fleşbəklər vasitəsilə qəhrəmanın yaddaşında keçmişinə dönüş anları. Əsərin dramaturgiyasında olduğu kimi, orqanik, canlı və diri təqdim olunub. Yaxud "Qonşu qonşu olsa" teletamaşasında R.Həsənoğlunun şəxsində qurulan yeni və maraqlı kombinasiyalar - aktyorla rejissorların eyni filmdə yer alması kimi oyun fəndi məsələn. Eləcə də insanın yadlaşması, özgələşməsi problemi. "Ötən ilin son gecəsi" ailə həyatından bir fraqment olsa da, tamaşaçı ailənin içindəki bütün insanların bioqrafiyasını tamamən oxuya bilir. Bu tamaşada artıq bir ailənin sosial-məişət problemlərinin məngənəsində cırpınması yoxdur. Qarşılıqlı ünsiyyət yoxluğunun acıları tamaşada əsas motiv olaraq mənalanır.  

Ramiz Həsənoğlu milli xarakteristikamıza yaxşı bələddir. Bu bələdlik olmasaydı, "Nigaranlıq", "Ac həriflər" bunca peşəkar səviyyədə meydana çıxa bilməzdi. Nahaq demirəm axı, R.Həsənoğlu daha çox ədəbiyyatdır. Tamaşaları büsbütün milli insanın, milli reallıqlarımızın təsvirindən ibarətdir. Onun yaddaşı, yaşamı, milli duyumu, keçib gəldiyi tarixi yol - rejissorun ən parlaq səhnə əsərlərinin dramaturgiyası daha çox bu məsələlərin ekran həllini tapmasına yönəlib.  Bu tamaşalarda göstərilən, təsvir edilən insan yaşam tərzi, həyata baxışı ilə cəmiyyətimizdə oturuşmuş insan modelidir: elmə yox, daha çox xurafata uyan, fanatik müsəlman. Əlbəttə, problemlərin kökündə bu məsələlər dayansa da, rejissor onları çox qabartmağa meyilli deyil. Yəni açıq işarə, notlarla gəlmirlər sənət dövriyyəsinə. Bəlkə o səbəbdən ki, onsuz da fonda açıq görünürlər?  Müəllif bizə sadəcə, millət və vətən anlayışının zədələrini göstərir.

Dramaturq və rejissor, teatr və teatr fikri arasında problem o zaman aradan qalxır ki, onlar arasında qarşılıqlı anlaşma, dil birliyi baş tutur. Bu qarşılıqlı anlaşmanın da baş tutması onların həyata, insanlara nə dərəcədə bələdliyi ilə şərtlənir. Belə bir bələdliyin, tanışlığın olmadığı vakuumda sənət ehtiva etdiyi dərinlik və ucalıqda görünə bilmir. Bu baxımdan XX əsrin əvvəllərinin obyektiv-tarixi mənzərəsini, milli-mənəvi və əxlaqi gerçəkliklərini əsərlərində görükdürən C.Məmmədquluzadə, Ə.Haqverdiyev kimi sənətkarların yaradıcılığı nahaqdan şüur aktının ünvanı olaraq seçilmir. "Ac həriflər", "Nigarançılıq"... motivlər uzaqdan olsa da, çağdaş günümüzə hesablanır, əks-sədası günümüzdən gəlir. Mənəvi mədəniyyətə bu cür yaxınlığın motivasiyası nədən qaynaqlanırdı görən? Çünki əsrin əvvəllərində qoyulan məsələlər açıq qalırdı, həllini gözləyirdi və elmin, nəsrin, teatr və dramaturgiyanın yaradıcıları yaxşı anlayırdılar ki, bu məsələlərin həlli olmadan başqa problematikaya adlamaq nəticəsiz əməyə məhkumluq deməkdir. Fanatik bir cəmiyyətdən sivil müstəviyə, düzənə adlamaq üçün mənəvi "ölülüyü" yaradan səbəblərin dəqiq ünvanlarını göstərmək ilkin şərtdir. Ramiz Həsənoğlu bu tamaşalarda sərt, qatı, tündləşmiş bədii boyalarla cəhalət və fərd mövzusunu sənətkar narahatlığının hədəfinə çevrilə bilmişdir. "Ac həriflər" və "Nigarançılıq" tamaşalarında dinamik hərəkət tragik və komik qüvvələr nisbətinin üz-üzə gəldiyi dramatik psixoloji məqamlar üzərində qurulur. Realist-psixoloji komediya kimi düşündürür, remarkalar, sosial qrotesk və ifrat şərtilik hüdudlarında Qərbin intellektual teatrına göndərmələr edərək teleməkanı keçmişin estetik buxovlarından xilas edir və bu yolla teatra əslində ona ürək döyüntüsü, hərarət gətirirdi. Topal Teymurun şimşəkli qəhqəhələri, günahsız Abdullanın iztirablı yaşantıları sovet gerçəklərinun hökmranlığı üzərindən sökülən dan yeri təsiri bağışlayırdı.

Ədəbiyyat bu missiyanı örnək nəsr nümunələrini meydana qoymaqla realizə edirdi, teatr isə onların irsi ilə tamaşaçını öz rampası altında görüşdürürdü.  Ramiz Həsənoğlunun bu dövrdə teleməkanda nəfəs verdiyi hər tamaşa klassikin rampa altında yeni doğuluşu demək idi, səhnədən tamaşaçı qəlbinə öz əbədiliyi və diriliyində daxil olurdu. Klassiklər səhnəyə dekor və eksponat kimi çıxmırdılar, fəlsəfi problematikanın həlli baxımından nüfuzun predmetinə çevrilirdilər və bu, həm də onların bədii-estetik dərkinə yön verirdi. "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", "Qatarda", "Kökdən düşmüş piano", "Topal Teymur", "Günahsız Abdulla", "Qapalı orbit", "Yaşıl eynəkli adam", "Qonşu qonşu olsa", "Ac həriflər", "Nigarançılıq" kimi teletamaşalar, "Fatehlərin divanı", "Nekroloq", "Dəvətnamə", "Yumurta" kimi filmlərdə yalnız milli bədii-estetik təfəkkür deyil, həm də milli özümlülük, fərdilik əbədiləşir, səhnədə bədii sənətin meridianları genişlənirdi.

Şəxsən mənə görə R.Həsənoğlunun yaradıcı bioqrafiyasının uca vurğusu "Topal Teymur" tamaşasıdır. Niyə? Çünki R.Həsənoğluna qədər C.Məmmədquluzadə irsinə müraciət artıq reallaşmışdı. Meydanda üç dahinin şərikli əsəri vardı: M.Məmmədov, T.Kazımovun səhnə quruluşunda C.Məmmədquluzadənin "Dəli yığıncağı" dramı yetmişinci illərin sonlarında günəş kimi doğmuşdu teatr səmasında. Cavid isə onun irsi ilə ruhsal-mənəvi cəhətdən qaynayıb-qarışan zəmanə qəhrəmanını gözləməkdə idi. R.Həsənoğlunun "Topal Teymur"u Cavid irsinə çağdaş estetik münasibətinin uğurlu realizəsini tapdığı tamaşa kimi müstəsnalıq qazandı. "Mənim universitetim" adlandırdığı Həbibə Məmmədxanlının onun ömrünə saçdığı işıqdan Yola çıxdığını vurğulayacaqdı çox sonralar: "Cavidin Azərbaycan ekranına gətirilməsi ideyası Həbibə xanıma məxsusdu...".

"Topal Teymur" sovet dövlətinin mövcudluğu zamanında türk birliyi anlayışını, vahid Turan ideyasını qorxmadan dövriyyəyə gətirən televiziya tamaşası idi. Azər Turan məqalələrinin birində doğru qeyd edir ki, "Topal Teymur"un qarşısına çəkilmiş sədd 1983-cü ildə Ramiz Həsənoğlu tərəfindən parçalanır. 1983-cü ilə qədər meydanda, səhnədə Cavidin humanizmi vardı. Uğrunda Cavidin şəhid olduğu türk birliyi heç bir halda və heç bir söhbətin mövzusu deyildi". Bir müsahibədə səsləndirdiyi fikirlər isə Ramiz Həsənoğlunun amal, məfkurə bütövlüyünü anlamağa haşiyəsiz, şərhsiz vasitəçilik edir: 

- Necə oldu ki, məhz "Topal Teymur"u seçdiniz?

- "Topal Teymur" şübhəsiz ki, rus sosial imperializminə Cavidin özünəməxsus bir protesti idi. Cavidin ümidi vardı ki, böyük Turan ideyası nə vaxtsa gerçəkləşəcək.

- "Topal Teymur"un həyatınızda izi qaldımı?

- Mənim bir türk kimi özümü dərk etməyim bu əsərlə başladı.

- Həmin ərəfələrdə Turan xanımla söhbətləriniz əsasən hansı mətləblər ətrafında olurdu?

- Hesab edin ki,  o vaxtlar həmin dövrlə bağlı ədəbiyyat çox az idi, olanlar da gizlədilmişdi. Mənim əlimə bir kitab düşdü: "İki dalğa". O kitabı biz Turan xanımla xeyli analiz elədik. O kitabdan hər ikimiz xeyli bəhrələndik. Dövrlə bağlı, Teymurla bağlı, dövrün əşyaları, geyimləri ilə bağlı çox şeyləri öyrənə bildik. Kitab 1898-ci ildə Sankt-Peterburqda çıxmışdı. Müəllifi Çerevanski  mən bilən yəhudi olmalıdı, hər halda, slavyan deyildi. İdeya etibarı ilə irtica xarakteri daşıyan, türkün əleyhinə olan bir kitabdı. Əsas ideya o idi ki, yer kürəsində - Avrasiya məkanında iki dalğa var. Biri Şərqdən Qərbə gəlir və özüylə birgə vəhşilik gətirir. Çingiz xandan üzü bəri - 1899-cu ilə qədər. Biri  də rusların vasitəsi ilə Qərbdən Şərqə gələn sivilizasiya. İdeyası bu idi həmin kitabın.

Turan xanımla mən "Topal Teymur"u  incələyə-incələyə türkçü oldum. Yəni mənim türkçü olmağımda Turan xanımın rolu böyük oldu. Əlbəttə, özünü yalnız türkçü kimi  təqdim etmək də düzgün deyil. Amma sən mütləq ən əvvəl, kim olduğunu müəyyənləşdirməlisən. Yalnız bundan sonra dünya vətəndaşı olmaq mümkündü. Daha dəqiq desəm, mənim dünya vətəndaşı olmağa doğru ilk addımım Caviddən başladı".

Sonradan rejissor türk birliyi mövzusuna yenidən qayıtdı: "Fatehlərin divanı" tamaşası ilə. Amma bu, artıq "Topal Teymur" effekti doğurmadı. Çünki R.Həsənoğlu türk məfkurə sisteminin azmanlığını bütün qütblərdən göstərə bilmişdi, türk ruhunun dərinliyini "Topal Teymur" tamaşasında potensial olaraq sərgiləmişdi. Ona görə nəinki R.Həsənoğlunun, hətta digər rejissorların bu kontekstdə qurulan tamaşaları "Topal Teymur"dakı monumentallıq effektini təkrarlamağa müvəffəq olmadılar.

Zaman Ramiz Həsənoğlunun simasında türkçülük ruhu və fənnini millətə aşılamışdı artıq. İndı sıra dünya vətəndaşı olmağın əzəmətini yaşamaq feyzində gerçəkləşməyindir. Gerçəkləşəcəkmi?! Xan çinarın yarpaqları arasından düşən işıq şüası buna inandırır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!