Bir vaxtlar "müharibə uşaqları" adlandırılan yazıçı və şairlərimizin əsərlərini mütaliə etməkdən yorulmazdıq. Həmin əsərlərin təsiri ilə müharibəyə nifrət ruhunda böyüyə-böyüyə bir də gördük ki, özümüz də zorən müharibəyə cəlb olunmuşuq, odun-alovun içindəyik, yavaş-yavaş müharibə adamlarına çevrilirik. Anladıq ki, yurd itkisindən belimiz bükülüb, didərginlik, köçkünlük ağrısından bağrımız qana dönüb, haqsızlıq, ədalətsizlik iztirabında ümidlərimiz yarpaq-yarpaq saralıb, xəzəl olub. Əsir düşmüş ellərimizin həsrətindən acı göz yaşlarımız içimizə axıb...
Yaşadığımız Birinci Qarabağ müharibəsinin dəhşətləri, insan taleləri qələm sahiblərini düşündürən, yazmağa sövq edən ağrılı bir mövzu kimi uzun illər gündəmdə olub. Yüzlərlə publisistik yazıda, habelə nəsrimizdə və poeziyamızda hər kəs həmin mövzunu öz düşüncə süzgəcindən keçirərək təqdim edib.
Təbii ki, bu mövzunun işıqlandırılmasında publisistika həmişə bədii yaradıcılığı qabaqlayıb. Bunun səbəbi təkcə publisistikanın zamanın salnaməsini yazmaq missiyasında deyil, həm də dövrün çağırışlarına daha çevik cavab verə bilməsindədir. Çağırışlara cavab isə o vaxt təsirli olur ki, qələm adamının əli zamanın nəbzində olsun, onun yazıları real həyatla, dövrün ab-havası ilə qidalansın. Çağdaş Azərbaycan nəsrinin klassiki, Xalq yazıçısı, publisist, dramaturq Anarın "Mütərcim" nəşriyyatında çapdan çıxmış "Səhər-səhər" adlı publisistik yazılar toplusunu (bu nümunələr vaxtilə "525-ci qəzet"də dərc edilmişdi) bir qədər öncə oxuyarkən əvvəldə söylənən fikirlərin həqiqiliyinə əmin olmuşdum. Bu günlərdə həmin kitabı bir də vərəqlədim, buradakı esseləri və publisistik yazıları təkrarən nəzərdən keçirdim.
Anar müəllim bu kitabda reallıqları və xalqımızın başına gələn müsibətləri mübaliğəsiz-filansız, konkret faktlarla əks etdirərək Azərbaycan həqiqətlərindən söz açır. Məhz sənədli faktların danılmaz gücünə əsaslanan bu publisistika oxucunun diqqətini dərhal özünə cəlb edir, onu müəllifin mövqeyində durmağa, qələm sahibi ilə həmfikir olmağa səsləyir. Yaradıcı adamın kimliyi, həyata, insanlara münasibəti, amal və mövqeyi onun yazdıqlarından, toxunduğu mövzulardan bəllidir. Elin-obanın dərdi ilə ərsəyə gələn əsərlər müəllifinin, ilk öncə, yurdsevər insan olmasının göstəricisidir. Anar da öz sənət övladlarına - qələm nümunələrinə gözünün nurunu içirir. Ədibin düşüncələri, sevgisi, vətəndaşlığı onun qanı-canı bahasına, min bir əziyyətlə yaratdığı əsərlərindədir.
Altmışıncılar nəsrinin görkəmli nümayəndəsi Anarın zəngin yaradıcılığının mühüm bir qolunu publisistika və esseistika təşkil edir. "Səhər-səhər" yazılar toplusu onun bu qəbildən olan yaradıcılığının gözəl nümunəsi kimi maraq doğurur və qeyd edim ki, publisistikamızda mühüm hadisə kimi dəyərlidir.
Kitabda müəllifin gerçək dünyamızın əzəli-əbədi dəyərlərinə, ana dilimizə, söz-sənət sərraflarına, elm, ədəbiyyat və incəsənət xadimlərinə həsr etdiyi esseləri, ədəbi əsərlərə dair resenziyaları, müxtəlif ölkələrə işgüzar səfərləri ilə bağlı yol qeydləri də oxucuların ixtiyarına verilib. Bu yazıda Anarın Qarabağ mövzusunda qələmə aldığı və kitabda xüsusi yeri olan publisistik məqalələri barədə fikirlərimi bölüşmək istəyirəm.
Deyirlər, müharibə siyasətin zor gücü ilə davamıdır. Ermənistanın başladığı təcavüzkar siyasət, işğalçı müharibə xalqımızı bir daha imtahana çəkdi. Qüdrətli sənətkar hələ 90-cı illərin əvvəllərindən başlayaraq, qəlbi parçalanmış, yurd-yuvasını itirmiş, dərd köynəyi geymiş soydaşlarımızla göz-gözə durmağa, qələm nümunələri ilə onların yaralarına məlhəm qoymağa özündə güc, təpər tapmış, bunu bir missiya olaraq üzərinə götürmüşdü. Vətəni "bölünməz sərvətimiz, üz qoyduğumuz torpaq, anadan olduğumuz evin işığı, ocağımızın istisi" adlandıran Anar Birinci Qarabağ müharibəsinin qanlı-qadalı illərində - bu hünər vaxtı, qeyrət çağında publisist qələmiylə yurd xilaskarlarını, elə hər birimizi düşmənə qalib gəlməyə, işğal olunmuş torpaqlarımızı azad etməyə səsləyirdi.
Tariximizi gözəl bilən müəllifin kitabında "Qarabağımızın qövr eləyən yaraları" adlı məqalədə oxuyuruq: "Azərbaycan bütün bölgələriylə vahid, bölünməz məmləkətdir... Vətənimizin elə həssas bölgələri var ki, onların həm keşməkeşli keçmişi, həm də yaralı indisi var. Belə bölgələrdən biri - Azərbaycanın ayrılmaz parçası, dilbər guşəsi, qədim türk yurdu Qarabağdır. "Külli Qarabağın" ... başıbəlalı və cəfakeş tarixinin sağalmaz yaraları daim yazıçılarımızın diqqət mərkəzindədir". Daha sonra məqalədə "çar rejiminin məqsədli siyasətlə yabançıları (erməniləri) Qarabağa köçürməsi, bədnam qonşuların xəyanəti və bu qanlı təməllərdən bizim günlərə qədər uzanan əzablı yollardan" söz açılıb.
Erməni təcavüzü nəticəsində hərb qovğalarının şiddətləndiyi o barıt qoxulu illərdə doğma yurd yerlərindən didərgin düşmüş, bütün insan hüquqları tapdalanmış soydaşlarımızın haqqını tələb etmək Anarın publisistikasında qabarıq şəkildə öz əksini tapıb. Bu, məntiqli və təqdirəlayiq cəhətdir. Siyasi publisistika nümunəsi olan, müəllifin "siyasət təlxəyi" adlandırdığı, bu günlərdə dünyasını dəyişmiş V.Jirinovskinin uzun illər Ermənistanın dəyirmanına su tökən sərsəmləmələrini, habelə başabəla Zori Balayanın araqızışdırıcı millətçiliyini ifşa edən "Yava-yava danışanlar" adlı məqaləsi də bu qəbildəndir.
Qələm sahibi avantürist siyasət dəllallarına qətiyyətli, tutarlı cavab verir. Eyni zamanda Qarabağ dərdimizdən ürək yanğısı ilə söz açır: "Minlərlə əhalinin yaşadığı şəhəri yerlə-yeksan etdilər, minlərlə insan həlak oldu, itkin düşdü, yaralandı, şikəst oldu... Erməni yaraqlıları tərəfindən yandırılmış Azərbaycan kəndlərini Xatınla, Sonqmiylə müqayisə edirlərsə, Xocalı faciəsini ancaq Xirosima müsibətiylə yanaşı qoymaq olar... Azərbaycanın neçə mindən artıq əhalisi olan Xocalı şəhərinin məhv edilməsi heç vaxt sağalmayacaq yaradır".
Qarabağ mövzusu, qanlı savaşın ağrı-acıları, eyni zamanda ölkəmizə qarşı ədalətsizliklərin ifşası, haqqında bəhs etdiyimiz kitabın canına, ruhuna hopub. Anar dünyanın hansı yaxın və uzaq ölkəsinə gedibsə, orada kimlərlə ünsiyyətdə olubsa, məqam düşən kimi Qarabağdan, torpaqlarımızın işğalından söz açıb, özlərini sivil dünyaya "yazıq", "əzabkeş" millət kimi qələmə verən ermənilərin rəzil xislətini açıb göstərməyə çalışıb. "Gələcəyi qətl etmək olmaz" sərlövhəli məqalədə oxuyuruq: "İnsan qiyafəsində bir məxluq uşaqlara qarşı hətta yırtıcı heyvanın edə bilməyəcəyi qəddarlığı törədə bilərmiş... Bir erməni yazarının etirafı çağdaş erməni ədəbiyyatı üçün müstəsna sözlərdir: Türk balalarının başını kəsən erməni balalarının da başını kəsə bilər". Doğrudur, axı cəlladların milliyyəti olmur.
Anar Xocalıda insanlığa qənim kəsilmiş yırtıcıları heç erməni də adlandırmaq istəmir. Onun fikrincə, belə vəhşilərin, ümumiyyətlə, insan növünə dəxli yoxdur. Publisistə görə, "hər vaxtsız solan çocuq ömrü - xalqın, millətin gələcəyindən nə isə aparır... Kim bilir, bəlkə, bu qətl edilən körpələrin arasında gələcəyin böyük dahiləri - Üzeyir bəyləri, Bülbülləri, Füzuliləri varmış...". Ədibin məqamında yazlımış bu məqalələri siyasi publisistikanın sanballı nümunələridir.
Bugünümüzün reallığının doğurduğu hadisələrlə həmahəng "hərəkət etmək" Anarıın mübariz publisistikasının ən səciyyəvi cəhətlərindəndir. Kitabdakı publisistik yazıları bir-birinə bağlayan və Azərbaycan oxucusunun sarı siminə toxunan bir xətt aşkar görünür. Bu, müəllifin millət sevgisi və Vətən təəssübkeşliyidir. Orijinal müəllif müdaxiləsi, obyektiv mövqeyi ilə seçilən Xalq yazıçısı Anardan əxz olunası, öyrəniləsi çox şey var. Onun yazılarını daim izləyən, yaradıcılığına bələd olan bir şəxs kimi deyə bilərəm ki, nikbin əhval yaradan, sevindirən, bəzən kədərli notlar üzərində köklənsə belə, düşünməyə sövq edən bu qələm nümunələri həmişə oxunan, arzuolunandır. Çünki ustadın yaradıcılığından Azərbaycan dünyası boylanır. Ərsəyə gətirdiyi bütün əsərləri, o cümlədən publisistik yazıları bədiilik, lakonizm, səmimiyyət və hər şeydən daha artıq vətəndaşlıq yanğısı, unudulmaz cizgiləri ilə fərqlənən və yaddaqalandır.
İndi cari ilin yaz fəslini, aprel günlərini yaşayırıq. Bir neçə gün öncə xalqımız 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümünü qeyd etdi, düşmənə sinə gərən igid oğullarımızı, şəhidlərimizi sayqı ilə xatırladı. Kitabda müəllifin məşhur Aprel döyüşlərindən bəhs edən yazıları da maraq doğurur. "Cocuq Mərcanlının çocuqları" məqaləsi bu baxımdan diqqəti çəkir. Bu kəndin yağı tapdağından azad olunmasından, Lələtəpədə dalğalanan bayrağımızdan qürur duyan müəllif yazır ki, "Cocuq Mərcanlı kimi qədim ad indi hardasa rəmzi mənada səslənir və elə bil Qarabağda, Xocalıda məhv edilmiş azyaşlı uşaqların şərəfinə qoyulub". Həmin məqalədə Anar həm də belə bir həqiqəti təsdiqləyir: "Tarix boyu böyük iztirablardan, haqsızlıqlardan keçib mənliyini, heysiyyətini qoruyub saxlamış Azərbaycan xalqının gələcəyini heç kəs heç kəsə arxalanıb qətl edə bilməz". Publisistin sonrakı fikirləri isə bizi daha nikbin ovqata kökləyir: "İşğaldan qurtulmuş Cocuq Mərcanlı uşaqlarının xoşbəxtliyi məhz bu tarixi kənddə yaşamalarında, gələcəyə ümidlərində və bu ümidlərin doğrulması yolunda görəcəkləri böyük quruculuq işlərindədir".
Anar "İki tarix" adlı məqaləsində Azərbaycan əsgərinin möhtəşəm Aprel döyüşlərini xatırladaraq soydaşlarımıza nikbin bir çağırış edir: "Hələ də davam edən düşmən qəddarlıqlarına qarşı qürurumuzu qoruyub inkişaf edəcək, gündən-günə güclənəcəyik! Qəsbkar layiq olduğu cavabı alacaqdır. Apreldə aldığı cavab kimi". Bu çağırışda düşməndən intiqam almaq yanğısı da vardı. Vətən yolunda şirin canından keçən qardaşını itirmiş bacının, oğul itirmiş ananın, ata itirmiş övladın keçirdiyi həsrət və kədərin, kin və nifrətin müqabilində, həm də qələm sahibinin çox ağrı-acılı təsvirləri fonunda intiqama çağırışı, qisas təşnəsi məqbuldur, haqq qazandırılandır.
Göründüyü kimi, Anarın vətəndaş mövqeyi ilə seçilən, ürək yanğısı ilə yazılmış bu publisistika nümunələri mənəvi dəyərlərimizin daşıyıcısıdır və dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə yönəlib. Bəli, Qarabağ mövzusu bu gün də yazarın sanki vizit vərəqəsidir. Anarın biganəliyə yad olan, döyüşən qələmi çağdaş günümüzdə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verir. Başqa sözlə, müəllifin azğın düşmənə qarşı inadkar, qanlı savaşı davam edir. İşğal olunmuş ərazilərdən didərgin düşmüş, taleyində qaçqınlıq, köçkünlük yükü daşıyan soydaşlarımızın problemlərini beynəlxalq səviyyədə səsləndirən Anarın ovxarlı qələmlə yazılmış hər sətri susan vicdanlara ünvanlanıb.
Kitabda ədibin yaşamaq, başqa sözlə, var olmağın mahiyyətindən söz açan belə bir kəlamı ilə qarşılaşdım: "Varlığın daha vacib bir cəhəti onun mövcudluğunun özüdür". "Varlığın böyük bir səadət olduğunu" söyləyən Anar insanların yaşaması, mövcudluğu ilə yanaşı, millətinin, xalqının, Vətəninin daim var olması, həmişəyaşarlığı ilə bağlı arzularını da ifadə edir. Bu kitaba son söz yazmış qələm dostumuz, yazıçı, ədəbiyyatşünas Pərvin qeyd edir ki, "Yazıçı ömrü boyu özünü yazır - deyirlər. Amma Anar yaradıcılığına bütöv nəzər salanda görürsən ki, yazıçı ömrü boyu millətini yazıb, bütün əsərləri hansısa şəkildə millətin ifadəsidir. Bu mənada elə "Səhər-səhər" kitabı da Anarın böyük ideyasını əks etdirir və yaradıcılığının məntiqı davamıdır".
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın işğaldan azad Şuşamızda keçirilmiş Vaqif Poeziya Günlərində çıxışını sövq-təbii xatırladım. 44 günlük Zəfər savaşımızın, möhtəşəm qalibiyyətin doğurduğu sevinc, qürur hissini yaşayan Anar müəllim deyirdi: "Bu gün xoş təəssüratlar yaşayırıq. Gözlədiyimiz gün gəldı, Şuşa azad olundu. Vaqifin məqbərəsi, Vaqifin ruhu azaddır. Bu günün şahidi olmaq böyük xoşbəxtlikdir".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!