Elnarə AKİMOVA
Son vaxtlar uşaq ədəbiyyatına göstərilən diqqət bu sahənin nə qədər gərəkli olmasının əməl göstəricisinə çevrildiyinin əyani sübutudur. Ard-arda keçirilən kitab təqdimatları, ötən il Bakı Ekspo Kitab Mərkəzində keçirilən uşaq sərgiləri, yaxud bu yaxınlarda təşkil olunan I Uşaq Kitab Festivalı uşaq ədəbiyyatının mənzərəsini görməyə imkan yaratmaqla bərabər, bu sahənin qayğı və problemlərini də mərkəzə gətirir.
Bu sərgi və festivalların digər önəmli cəhəti bundadır ki, yalnız paytaxtda yaşayanları deyil, Azərbaycanın rayonlarında məskunlaşan uşaq yazarlarını da cəlb edir. Bu yazarlar uzun yol qət edib sərgilərə qatılmaqdan zövq alırlar. Biz də bu imkandan yararlanıb həmin yazarlarla tanış olmaq şansı qazanırıq. Naxçıvanda yaşayan uşaq şairi Kamil Arazı ötən həftələrin birində, elə Uşaq Kitab festivalının yaratdığı şəraitdə tanıdıq. Kamil Araz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna, Uşaq ədəbiyyatı şöbəsinə təşrif buyurmuşdu. Ədəbi mühitdə imzası çoxlarına tanış olmasa da, uşaq poeziyasının gözəl incilərinin müəllifi saya bilərik Kamil Arazı. Bu gün artıq tükənməkdə olan iddiasizlıq kimi mənəvi keyfiyyətin daşıyıcılarındandır Kamil Araz. Şəxsini tanıdıqca onun bu sahədə niyə önə çıxmaması ilə bağlı sualıma da cavab tapmış oldum. Təbliğ, təqdimat məsələləri özü demiş, onluq deyil. Əsl yaradıcı insanlara lazım olan istedadına güvənib şeirlərini yazır, onları kitab şəklində sistemləşdirib oxucu ixtiyarına verir, vəssəlam. Ədəbiyyatın, qalıcı sənətin dəyişməz və əbədi düstürü.
Azərbaycan ədəbiyyatının inkişafında Naxçıvan ziyalılarının, düşüncə sahiblərinin, milli münəvvərlərinin böyük rolu olmuşdur. Elm və sənət məxəzi sayılan Naxçıvandan Azərbaycan ədəbiyyatının, mədəniyyətinin formalaşmasına xüsusi intellektual çəki qatmış böyük şəxsiyyətlər çıxmış, fikir həyatımızda müstəsna iz salaraq doğulduqları yerin qürur və şərəf ünvanlarına çevrilmişlər. Kamil Araz da belələrindəndir, müəyyən ənənələr üzərində yetişmiş uşaq poeziyasının müasir dövrdə davam tapmasında xidməti olan şəxslərdəndir.
Kamil Arazın uşaq şeirlərini məzmunundan asılı olaraq, bir neçə istiqamətdə qruplaşdırmaq olar: azadlıq, müstəqillik, azərbaycançılıq duyğularının tərənnümünə, müharibə amili, Qarabağ problemi, yurd sevgisinə, Naxçıvanın gözəlliyi, eləcə də tarixi yerlərimizin tanıdılmasına, uşaqların təbiətə və heyvanlar aləminə, cəmiyyətə və əməyə məhəbbətini ifadə edən şeirlər. Bu şeirlərdə önəmli olan əsas cəhətlərdən biri məfkurə, amal məsələlərinin uca tutulmasıdır. Bilirik ki, uşaqlarda yurda məhəbbət, sevgi hissi kiçik yaşdan formalaşmalıdır. Onların ayıq-sayıq böyüməsi, torpağı yadlardan qorumaq əzmini hasilə gətirmək üçün ilk növbədə, doğulduğu yurd yerinin, baba ocağının sevgisini ötürmək, vətənin hər dağı, daşı ilə öyünmək, onu göz-bəbəyi kimi qorumaq mübarizliyi aşılanmalıdır. Balacalar üçün yazılmış şeir onlarda həm də məfkurəvi hissin tərbiyəsinə xidmət etməlidir. Bu baxımdan, Kamil Arazın poetik mətnləri ilə tanışlıq göstərir ki, milli amalin ifadəsi onun prioritet yaradıcılıq istiqamətinə çevrilmişdir. Vətən, azadlıq, əsgər marşı, bayrağın vəsfi, torpağın işğalçıdan azad edilməsi əsas motiv kimi diqqəti cəlb edir. Bütün şeirlərdə vətənin, eyni zamanda şairin yaşadığı Naxçıvanın tərənnümü daim öndədir, Bu poetik nümunələrdə Naxçıvanın vəsfi vətənin bir parçası kimi mənalanır, təbiiliyə, saflığa, doğmalığa səslənişin əsas rəmzinə çevrilirlər.
Kamil Arazın son illərdə çap etdirdiyi "Xəzinə", "Göydən üç alma düşdü" və "Tapmacalar" kitablarındakı şeirlərin hamısı uşaqlar üçün qələmə alınmış, məna aydınlığı ilə seçilən nümunələrdir. Şairin yaradıcılığı ilə bağlı mərhum professor, filologiya elmləri doktoru Hüseyn Həşimli qeyd edir ki, "Kamil Arazın uşaqlar üçün yazdığı şeirlər mövzuca müxtəlif olduğu kimi, həm də janr, bədii təsvir və ifadə vasitələri baxımından da rəngarəngdir. Şair balaca oxuculara vətənvərpərlik tərbiyəsinə, həmçinin təbiət haqqında biliklərinin dərinləşməsinə xüsusi fikir verir. Məsələn, Kamil Arazın "Qarabağ marşı", "Vətənə andım", "Mənə uşaq deməyin", "Baş endirək" və başqa bu kimi şeirləri uşaqlarda vətənə, xalqa, müstəqil dövlətimizə və onun atributlarına məhəbbət hissinin qüvvətləndirmək məqsədi daşıyır".
Hüseyn Həşimli həssas məqama vurğu salıb. Doğrudan da, Kamil Arazın şeirlərinə diqqət yetirdikdə onların sırf müstəqillik dönəminin ardınca gətirdiyi mövzuların uşaq ədəbiyyatı üçün işləkliyinin zəruriliyindən hasilə gəldiyini görürük. Bu mövzular içərisində ən funksional olanı Qarabağdır. Aydın məsələdir ki, Qarabağsız bir nəsil yetişmişdi və yeni yetişən uşaqlara, formalaşan gəncliyə Qarabağ həqiqətlərini çatdırmaq bəlkə yazıçıdan əvvəlkindən daha həssas, daha məsuliyyətli olmağı tələb edirdi. Bu mövzuda dönə-dönə, eyni zamanda daha yaxşı yazmağı şərtləndirirdi. Ona görə də xüsusilə, uşaq ədəbiyyatı yönündə qələm işlədən şair və yazıçılarımızın adı keçən mövzuları diqqətdə saxlamaları, uşaqların fikir səviyyələrinə uyğun yazmağa çalışmaları çox önəmli bir hadisə sayılmalıdır. Kamil Araz bu mənada, vətənlə bağlı poetik mövqeyini daim qoruyan, bu mövzunu mətnlərində ön sırada saxlayan şairlərdən biridir. Onun vətən, bayraq, yurd sevgisi ilə bağlı şeirləri uşaqlarımızın zamanın tempinə uyğun olaraq müasir, ləyaqətli bir vətəndaş kimi yetişməsində mütləq bir funksiya daşıyır. "Mənə uşaq deməyin" şeirinə diqqət edək:
Adımı bilən belə
Ay uşaq deyir mənə,
Deyin məgər uşaq da
Soruşarmı özündən
Nə vermisən vətənə?
Axı sənin vətənə
Necə dəyər köməyin?
Səsləyirəm hər kəsi
Nə qədər ki sinəmdə
Var Qarabağ qüssəsi
Mənə uşaq deməyin.
Bəli, sinələrində "Qarabağ qüssəsi" gəzdirən uşaqlar Qarabağı ermənilərdən xilas edib tarixi zəfərə imza atdılar. O qeyrətli nəsli yetişdirən həm də uşaq poeziyasının bu cür siqlətli gücü oldu. Digər bir şeirə baxaq:
Öyünməyi öyrədib,
Mənə böyük qardaşım
Ucadadır bayrağım
Demək ucadır başım.
Yarır dərin göyləri,
Bayraq saxlayan dirək.
Qardaşımla gəlmişik
Bayrağa baş endirək.
Professor Rüstəm Kamalın Naxçıvan ədəbi mühitinə məxsus nitq janrları haqqında maraqlı fikirləri var: "Y.Lotman deyirdi ki, hər bir xalqın mədəniyyət tipini, yaddaş tipini müəyyən nitq janrları şərtləndirir. Məsələn, xalq deyimləri nitq janrları kimi Naxçıvan türklərinin yaddaş və təfəkkür tipinin bərpasını mümkün edir".
Bu fikri nümunə gətirməyim əsassız deyil. Naxçıvan uşaq şairlərinin yaradıcılığında deyimlərə müraciət mühüm yer tutur. Bu rəvayətlərdə uşaq və gənclərə daha çox vətənpərvərlik duyğuları təlqin olunur. Bəli, "vətənpərvərliyin, yurd sevgisinin mənbəyini əfsanələrdə və rəvayətlərdə axtarmaq lazımdır. Kral Arturla bağlı əfsanələr Böyük Britaniyada ingilis aristokratiyasının neçə nəslini formalaşdırıbdır. Kral Artur obrazı ingilis uşaqlarında kral hakimiyyətinə sayğı hissini tərbiyə edibdir. Bu gün qazax xalqı milli özünüdərki, dövlətçilik yaddaşını ucsuz-bucaqsız yovşanlı çöllərdə, yurtalarda söylənilən əfsanələrin hesabına bərpa edir".
Naxçıvan uşaq şairlərinin mətnlərində əfsanə, rəvayətin mühüm yer tutması iki məramdan irəli gəlir. Həm şairlər bununla hər hansı rəvayət və əfsanənin qaynağına varır, nədən hasilə gəlməsini uşaq üçün aydınlaşdırırlar, digər tərəfdən onlara vətəni sevmək, onun hər parçası ilə öyünmək hissi aşılayırlar. Kamil Arazın da şeirlərində bu çalar qabarıqdır. Süjetli şeir, hər şeirin arxasında dayanan hadisə fonu uşaqlara şeirdəki əsas ideyanı aşılamağa yardımçı olur. Bu, bəlkə də şairin seçdiyi ədəbi priyomdur. Çünki yaxşı bilir ki, istənilən fikir süjetsiz, bilavasitə nəsihət şəklində verildikdə təsirsiz olur. Nəsihəti isə Belinski demiş, "heç böyüklər də sevmir".
Kamil Arazın şeirləri uşaqların vətənpərvərlik ruhuna bağlılığını gücləndirməklə bərabər, onların təbiət haqqında biliklərini dərinləşdirməkdə də mühüm rol oynayır. Nəcib hisslər formalaşdırmağa xidmət edən bu şeirlər ideya-bədii məziyyətləri, səlisliyi, təbiiliyi və yığcamlığı ilə seçilir, eyni zamanda uşaqların estetik baxımdan zövqlərinin dolğunlaşmasına, dünyagörüşünün zənginləşməsinə imkan yaradır. Digər bir məqam, Kamil Arazın şeirləri üçün yumoristik ovqat hakimdir ki, bu da uşaqların şeirləri həm tez mənimsəməsinə, həm onların dünyalarının maraqlı olmasına hesablanmışdır. Şairin "Şikayət", "Hüseynin doğum günü", "İki uşaq", "Gəlməyib", "Mıx dəymişdi gözümə", "Hadisə" və onlarla bu tip şeirlərində yumoristik ab-havanı duymaq xoş hisslər yaradır:
Anam deməkdən doymur,
Uşaqlarla dalaşma.
Atam yanına qoymur,
Əl-ayağa dolaşma.
Qonşu deyir:
"Ağaca nə üçün dırmaşırsan?
Qapınız yoxdur bəyəm,
Sən hasardan aşırsan?"
Nənə nəsihət verir,
Əmi, dayı və xala
Hamı deyir dinc otur.
Şuluq etmə, ay bala.
Mən də şikayətimi
Gedib babama dedim:
"Axı hələ uşağam,
Bəs nə vaxt şuluq edim?"
Kamil Arazın 2015-ci ildə çap olunan "Xəzinə" kitabına "Vətən eşqi" adlı ön söz yazmış AMEA-nın müxbir üzvi Əbülfəz Quliyev doğru qeyd edir ki, "O, kiçik yaşlı məktəblilərin estetik zövqünə uyğun həyati hadisələri qələmə alır". Adətən, uşaq ədəbiyyatı ilə bağlı klişeləşmiş bir fikir var ki, uşaq ədəbiyyatını uşaq yerinə qoymaq olmaz. Yəni uşaqlar üçün yazılmasına baxmayaraq, onların zövqünə, dünyagörüşünə, ali dəyərlərinə xidmət edən məqamları mətnləşdirmək əsas qayə olmalıdır. Bu baxımdan Kamil Arazın şeirləri doğrudan da, düşüncə, axtarış təriqi ilə yazılan şeirlərdir. Məsələn, onun vətən şeirlərindən bəhs etdik. Bu şeirlərin digər əhəmiyyəti budur ki, onlar eyni zamanda maarifçi xarakteri daşıyır, uşaqlara yeni sözlərin mənasına varmağı öyrədir. "Xəzinə" şeirində olduğu kimi:
Babam söyüddən şivləri yığdı,
Bir şey toxudu, dedi ki: cığdı
Dedim neynirik cığı: - de görək?
Dedi: üstündə sulanır çörək.
Bu məqamda Kamil Arazın şeirlərindəki dilə həssaslığından da ayrıca bəhs etmək yerinə düşər. Azərbaycan dilinə münasibət, onun saflığının keşiyində dayanmaq amalının bir çox şairlərimizin əsas sənət kredosuna çevrilməsi məlumdur. Kamil Araz da balacalar üçün yazdığı şeirlərdə bədii-konseptual əsaslarla bu amaldan çıxış edir. Çünki dil şairə görə tarixi yaddaşa sədaqətdir, xalqın və dövlətin böyük xilas yolunun, yaşamaq haqqının mühüm tərkib hissəsidir.
İstəmirəm mən daha,
Qələmə "ruçqa" deyək.
Çəkməyə niyə "sapoq",
Çəlləyə "boşqa" deyək?
Dostum yazır lövhədə,
Təbaşir var əlində.
Ancaq ona "mel " deyir,
Yadellinin dilində.
Arxamıza "sumka" yox,
Gəlin biz çanta asaq.
Dilimizi korlayan,
Sözləri edək yasaq.
Torpağı da, dili də,
Müqəddəs varlıq sayaq.
Hər birimiz bir əsgər,
Dilimizi qoruyaq.
Kamil Arazın şeir, mənzum təmsil, nazlama, tapmaca və s. janrlarda yazdığı mətnlərdə heyvanlara, çiçəklərə, məktəbə, bağçaya, dostluğa həsr olunmuş şeirlər də önəmli yer tutur. Bu şeirlərdə əsas məqsəd gənc nəslin estetik və əxlaqi tələblərini təmin etmək, onlara böyük zövq aşılamaqdır. Təbiət onların ən yaxın dostlarıdır, məktəb gələcəkdə faydalı insan kimi yetişmələrinə aparan yolun başlanğıcıdır, müəllim, valideyn ən böyük dəyərlərdir. Bu şeirlərdə sözçülüklə rastlaşmırıq, mündəricə zəifliyi hiss olunmur, rəngin və səsin uğurlu qovuşuğunu verən, sözlərdəki məna tutumu ilə seçilən həmin poetik mətnlər məzmun cazibərdarlığı ilə dil, ifadə təbiiliyinin vəhdətini yaradan nümunələr kimi yadda qalır.
Kamil Araz sadə və mənalı misralar, canlı poetik lövhələr yaradır, fikirlərini ritorik tərzdə deyil, səmimiyyət və ilhamla nəql edir. Düzdür, bu şeirlərin içərisində bəzən qafiyəyə zorən otuzdurulan misralar da nəzərdən qaçmır. Bu məqamda şair uğursuz görünsə də, fikrin ibrətamizliyi, uşaqlar üçün tərbiyəedici, öyrədici funksiya daşıyıcısı olmasının qayğısına qalması ona forma mükəməlliyi yarada bilməməsi qüsurunu hardasa bağışlanan edir. Amma bəzən əksinə olur. Forma baxımından uğurlu yaradılan şeir uşaqların yaş senzinə uyğun yazılmadığından ideya-bədii cəhətdən özünü doğrultmur. "Necə dolanır" şeirində olduğu kimi:
Baba, dünən bir qoca
Məni görüb sevindi.
Dedi baba özünü
Necə hiss edir indi?
Çoxdandır görüşmürük
Düşmüşük biz aralı.
Bəs nə yeyir, nə içir
Necədir kefi, halı?
Dedim çıxmır küçəyə
Çox soyuqdur çöl, bayır.
Elə evdə oturub
O, bizimlə oynayır.
Başqa nə iş görəcək?
Yavaş-yavaş qocalır.
Pensiyası yaxşıdır,
Onu da atam alır.
Zənnimcə, o yerdə ki, uşaq öz təbii vəziyyətindədir, hadisələrə və insanlara öz münasibətini bildirir, o yerdə şeirlər də təbii və qüdrətli alınır. Lakin o yerdə ki, Kamil Araz uşağı öz təbii vəziyyətindən çıxardır, onun hərəkətlərini, düşüncəsini müəyyən çərçivəyə salır, onu böyüklər kimi danışmağa məcbur edir, o yerdə poetik mexanizm bütün gücü ilə işləmir, inandırıcılıq öz qüvvəsini itirir. Uşaq ədəbiyyatı ilk növbədə, uşağın psixoloji durumunu, mənəvi-tərbiyəvi cizgilərini səciyyələndirməlidir, təxəyyül hüdudlarını aşmalı, emosional vəziyyətini sərgiləməlidir. Onu böyüklər üçün yazılan əsərlərdən fərqləndirən də məhz budur.
Kamil Araz daha çox məişət həyatını detallaşdırmağa çalışır və bu cəhət şeirlərə özünəməxsus bir kolorit aşılayır. Mətnlərini oynaq ritm və emosionallıqla yazması, hər mövzuya uyğun ifadə tərzi, təsirli, dinamik obrazlar tapması, yaratdığı lövhələrdə rənglərin təbii, təravətli olmasına çalışması Kamil Arazın uşaq şairi kimi seçilməsinin əsas göstəricisinə çevrilmişdir. Bir də ruhsal-mənəvi baxımdan saf qala bilmək. Onunla bağlı məqalələrin birində oxuyuruq: "Mənə görə ən çətini əlli yaşında olub uşaqların dünyasını görə bilməkdi. O dünyaya daxil olub, o dünyanın nə istədiyini duymaqdı. Bəlkə də tanıdığımız yüzlərlə ən güclü, ən məhşur şair var. Lakin onların çox azı uşaqlar üçün şeir yaza bilər. Pedaqoq, psixoloq, müəllim, valideyin, şair, ən əsası isə içindəki uşağı öldürməyən şairlər uşaq ədəbiyyatı yarada bilər" (Rəhim Vahid).
Bəli, uşaq ədəbiyyatı ən saf, ən təmənnasız sahədirsə, bu yolda uğurlu olmanın bir şərti də müəllifdən öz dünyasını təmiz saxlamaq çabası tələb edir. Kamil Araz bəlkə həm də bunu bacardığı üçün işıqlı və rəngarəng uşaq dünyasına vaqifdir, uşaqlar üçün yaratmaq, sözü, sənəti uşaqlara sevdirmək şövqünə malik olduğunu özünün mənəviyyat göstəriciliyi ilə də sübut etməkdədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!