Kənan HACI
Mən heç vaxt romanabənzər mətn oxumamışdım. Xalq yazıçısı Kamal Abdullanın "Laokoon... Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi"ni oxuyanda qəfildən hiss etdim ki, tamamilə fərqli struktura malik bir mətnin dolanbaclarında vurnuxuram. Özünü sirli bir şəbəkənin içində hiss edirsən, ruhsal aura səni gerçək dünyadan alıb kitabın içindəki dünyaya çəkir. Mifologiya ilə reallığın qovuşağında oxucunun beyninin hansısa küncündə sir sayrışmaqdadır və bu sirr içində sirrə vaqif olmaq üçün gərək əsərin əsas obrazı Vaqifi dərindən tanıyasan, onun daxili aləminə bələd olasan. Biləsən ki, o, nəylə nəfəs alır və nəhayət, "Yarımçıq əlyazma" bu mətndə tamamlanırmı? Roman sanki oxucunu idarə edir; "burda dayan, düşün, mətnin əvvəlinə qayıt, əlini uzat, "Yarımçıq əlyazma"dakı unutduğun məqamları yenidən oxu. Keçmişə dön, Troya müharibəsini xatırla, Dədə Qorqud qəhrəmanlarının həyatına bir də nəzər sal. Sirlər xəzinəsi səni orada gözləyir. Bəs səni ora kim aparacaq? Səbr et. Səbr edən muradına yetir. Oxucu üçün bundan gözəl və mükəmməl intellektual istirahət ola bilərmi? Kamal Abdulla usta qələmiylə bizə bu zövqü yaşadır.
Mətnin əvvəlindən sonuna qədər olan məsafəni cümləbəcümlə qət edən oxucu (mən) əsərin bitməsini heç vəchlə istəmir, min bir bəhanə ilə mütaliə prosesini uzadır, eləcə kitabın içində yaşamaq istəyir, kitabın çölündəkilər, nə varsa, ona maraqsız görünür. Əsərdə az qala, hər cümlə bir funksiya daşıyır.
Uzun illər bundan öncə Kamal müəllimin "Yarımçıq əlyazma" romanı haqqında "Yarımçıq əlyazma və ya dağılmış miflər" adlı bir yazı yazmışdım. O yazıda təxminən belə bir cümlə işlətmişdim ki, məncə, postmodern mətn yazmaq istəyənlər mütləq bu romanı oxumalıdırlar. Doğrudanmı, bu romanda yazıçı mifləri dağıtmaq niyyətindədir?! Bəlkə məqsəd bu deyil, əksinə, mifləri xilas etməkdir? Mifoloji obrazların bir növ, damarına yeni qan köçürməklə onları təzədən həyata qaytarmaq, mimesisdən xilas etmək, müasir insanın yaddaşına qaytarmaq, daşlaşmış təsəvvürləri alt-üst etməklə onları çağın paradiqmalarıyla süsləmək... Kamal Abdullanın yazıçı missiyası mənim düşüncəmə görə, məhz budur.
Hələ uzun illər bundan öncə, lap yeniyetməlik vaxtlarımda "Gizli Dədə Qorqud"u oxuyanda aşkar və gizli Dədə Qorqud arasındakı fərqlər haqda çox düşünmüşdüm. Dastanı bir də oxumuşdum... Çox-çox illər sonra anladım ki, dastanı oxumaqla iş bitmir, bunun üçün intuitiv təfəkkür, mətnə, mifologiyaya fərqli yanaşma bacarığı gərəkir. Və bunun üçün də uzun bir yol qət etməlisən. "Laokoon... Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" intertekstual romandır və Kamal müəllim özü də bu romana qədər uzun bir yaradıcılıq yolu keçib... "Gizli Dədə Qorqud"dan "Casus"a, "Yarımçıq əlyazma"ya qədər "Kitabi-Dədə Qorqud"un personajları da zaman-zaman yazıçı tərəfindən bir növ, "istintaqa" cəlb olunub. Beyrəyin ölümü özlüyündə çoxlu suallar doğurur. Kamal Abdulla bu əsərlərdə və sonuncu romanında bu sualların axtarışına çıxır və hər dəfə də bu axtarışlar yeni bir əsərin yaranmasıyla nəticələnir.
Yazıçı hələ uzun illər bundan öncə yazdığı "Gizli Dədə Qorqud" kitabında qeyd edir: "Suallar çoxdur və onlar indicə qeyd edilən kimi bəlkə ilk baxışda qəribə səslənsələr də əslində daha dərin bir qanunauyğunluqdan doğur. Elə buna görə də Dastanın üzdə olan, görünən hissəsində onların cavabı yoxdur. Cavab Dastanın dərin qatındakı müqayisədən doğur. Bu müqayisələr həm boylararası münasibətlərə, həm də boydaxili münasibətlərə əsaslanır. Hər bir halda ilk baxışda mənasız, əsası olmayan, məntiqdən məhrum məqamlar incə bir dəqiqliklə öz əsl səbəblərinin işığında üzə çıxa bilir. Səbəb isə açıldımı, onun nəticəsini daha dəqiq və daha məntiqli şəkildə müəyyənləşdirmək artıq asanlaşır". ("Gizli Dədə Qorqud", Yazıçı, 1991, səh.11).
Beyrək, Odissey, Laokoon... Kamal Abdullanın yeni əsəri bu üç qəhrəmanı birləşdirən məqamlar müstəvisində strukturlaşıb. Onların üçü də hiyləgərdir, lakin bu hiyləgərliyin fərqli nüansları var, ağıl və idrakdan, insan təbiətinin qaçılmaz xüsusiyyətlərindən qaynaqlanan (hər kəsin içinnin dərinliklərində heç vaxt üzləşmədiyi sirrin impulsiv sıçrayışları) hərəkətlər kriminal süjetlərin yaranmasına nədən olur. Yazıçı məlum və məşhur dastandakı gözdən qaçan detalları Vaqifin sevgilisi Firəngizin dilindən oxucunun yadına salır. Vaqif romanın hərəkətverici qüvvəsidir, o mənada ki, Firəngizə agah olan mətləblər məhz onun vasitəsilə gerçəkləşir. Onların dəniz kənarında görüşdükləri restoranın adı "Şəbəkə"dir. Bu ad təsadüfi seçilməyib, sevgililər arasındakı ruhi, mənəvi, məhrəm bağlılıqlar məhz burada, bu məkanda baş verir. Axı Vaqif üçün daha bir məhrəm varlıq var: Laokoon.
"Laokoon, sən gəl, bundan sonra mənim talismanım ol! Heç kim də olmasa, mən sənə inanıram. Mən bilirəm, sən mahiyyətin içinə nüfuz edə bilirsən. Başqalarının görə bilmədiyini görə bilirsən. Əşyanın o biri tərəfindəkilər sənin üçün gizli deyil. Sənin üçün sirri-xuda yoxdur. Sən sirdən azadsan. Bu, ən böyük xoşbəxtlikdir. Amma həm də bunun dəhşətli bədəli var".
Əlbəttə, insan qəhrəmanlığın bədəlini ödəyir. Necə ki, nəhəng ilanlar Laokoon və oğlanlarının bədəninə sarılıb onları həyatdan ayırırlar... Sirdən azad olmağın cəzası budur. Bu miflər ierarxiyasının konsentrində yenə bir nöqtə parlayır - Əbədi Sirr.
Əsərdəki obrazlar arasında ünsiyyət körpüsünü quran da həmin o Sirdir. Bu ünsiyyət şəbəkəsi Laokoon bürcünün ulduzlarına qədər bütün kainatı əhatə edir. Kainat sanki bu bürc altında dövr edir.
İnsanın düşüncə tərzi məntiq və bilgi ilə xarakterizə olunur. Lakin bəzi hallarda düşüncəmizdə düyünlü nöqtələr əmələ gəlir, məntiq bəzən insanı çaşdırır, bilgi yetərsiz olur. Bu günün məntiqi keçmişin məntiqini qəbul edə bilmir. "Kitabi-Dədə Qorqud" haqqında roman yazmaq istəyən Vaqifə məhz Firəngiz (özü də bilmədən) istiqamət verir. Və bu yerdə "Yarımçıq əlyazma"ya yenidən nəzər salmaq zərurəti yaranır. Romanın energetik cövhərini və süjet xəttini müəyyənləşdirən duyğuların xəritəsi "Yarımçıq əlyazma"dadır. Bu əsəri iki bitkin romanın kəsişməsi kimi də qəbul etmək olar. Çevik kompozisiya Oğuzun qəhrəmanları ilə müasir dövrün obrazlarını bir səmanın altına toplaya bilir, dövrlər arasındakı fərqi ideya, ictimai məzmun aradan götürür.
Dastandakı sirr içində sirr Firəngizin sadə oxucu təəssüratlarıyla faş olunur! O, dastanın dərin qatlarına vara bilib, Vaqifin nəzərindən qaçan xırda, eyni zamanda böyük mətləbləri özündə ehtiva edən detalları tutub. Hərçənd, Firəngiz heç də hazırlıqlı oxucu deyil. Amma müstəsna oxucudur. Onları xarakterlərindəki fərqlilik ayırsa da dastan, yaxud tanış və sonsuz lüğət birləşdirir. Onlar bu lüğət vasitəsilə bir-birilə dil tapa bilirlər. Dastan həm də onların münasibətlərinin dərinləşməsinə, aydınlanmasına xidmət edir. Onlar dastan leksikonunda danışırlar. Bu, həm də yazıçının spesifik yazı tərzidir. Kamal müəllim Azərbaycan romançılığına həm də yeni üslub gətirmiş yazıçıdır. Öz təbirincə desək, əyyami-qədimdə işlək olan sözlər öz mənalarına qovuşub xoşbəxt olur. Unudulmuş, dildən perik düşmüş qərib sözlər sanki öz vətəninə, öz stixiyasına qayıdır. Bu sözlər "romanabənzər" mətndə özlərini suda balıq kimi hiss edir.
Dastan, eləcə də mifoloji mətnlər oxucuya ucu-bucağı görünməyən həqiqətləri təklif edir və Kamal Abdulla bu həqiqətləri həm elmi, həm də bədii təfəkkürün süzgəcindən keçirmiş bir qələm adamıdır. O, dastanın inersiyasını alt-üst edir. Laokoon niyə o atın qarnını nizə ilə deşə bilmədi? Troyalılar niyə ona inanmadılar? Ola bilər ki, bu həqiqət Laokoonun qarnını yarmaq istədiyi atın qarnında gizlənir, Beyrəyin Banuçiçəyə xəyanətində sayrışır... Bu, doğrudanmı xəyanət idi? Əsərdə Beyrək mifi dağıdılır, onun üçün biçilmiş ideal igid zirehi paramparça olur. Əsərdəki işıqdan qaranlığa və qaranlıqdan işığa keçidlər insani münasibətləri, mahiyyəti üzə çıxarmaq üçün bir yazıçı fəndidir.
Səmadakı ulduzlar kompozisiyası prinsipcə yerdəki obrazları ehtiva edir. Mifologiya ilə reallıq bir-birilə qovuşur və bir-birini tamamlayır. Bu, prozada post-narrativ istiqamətdir. Ədəbiyyat nəzəriyyəçiləri Kamal Abdullanın əsərlərini postmodernist platformada tədqiq edirlər. Hərçənd, bu əsəri metamodernist aspektdə də təhlil etmək mümkündür. Metamodernizmi postmodernizmdən zərif bir cizgi ayırır: yenidən dəyərləndirmə. Metamodernizmin nəzəri əsasları dekonstruksiya deyil, rekonstruksiya üzərində yaranır. Kamal Abdullanın "Laokoon..."u özündə dağıdıcı deyil, qurucu missiyanı daşıyır. Vaqifin və Firəngizin dastana, yaxud mifologiyaya skeptik yanaşmaları bir növ, restavrator yanaşmasıdır. Hüseyn Cavid əbəs yerə demirdi: "Şübhədir əsl həqiqətin babası". Bütün həqiqətlər şübhə toxumlarından cücərir.
Oxucu tez-tez heyrətlənir, qayıdıb dastanı yenidən vərəqləyir, on iki boyu yenidən oxuyur. Dastanın dərinliklərində gizlənmiş sirləri, süjetdən kənar olayları axtarır, axtarır, axtarır... Cidd-cəhdlə sirrə vaqif (Vaqif!) olmaq istəyir. Beləliklə, yazıçı oxucunun da düşüncəsinə, təfəkkürünün künc-bucağına şübhə toxumları səpir, onu da sirr axtarışına cəlb edir. Oxucu sirrin (sirlərin) ətrafında dolaşır, hər vəchlə ona yaxın düşməyə can atır. Obrazlarla empati qurur və özü də hiss etmədən mətnin içində əriyib itir. İtirmi?! Mütaliənin fövqəladə zövqü insanı kənara deyil, öz iç dünyasına yönəldir. Düşünürəm ki, Kamal müəllim onun üçün doğma olan bu mövzuya yenə qayıdacaq. Çünki...
Cavabını gözləyən suallar tükənmir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!