Qlobal kulturoloji tələbat
Yaşadığımız yeni yüzillik Azərbaycan ədəbiyyatının çağdaş mürəkkəb proseslərini dəyərləndirərkən, uğurlu və problemli tərəflərini qiymətləndirərkən, dünya ədəbi-bədii söz sənətinin çağımızdakı tələblərindən ortaya çıxan estetik-filoloji, bir qədər də fəlsəfi-sosioloji standartlarından - kulturoloji qəliblərdən yararlanmaq mütləq lazım gəlir: yoxsa qloballaşan, inteqrasiyaya məruz qalan planetar düşüncənin səviyyəsindən, kulturoloji-mədəni hadisələrin inkisafından geri qalacaq, milli ədəbiyyatımızın gedişatını, istiqamətini yanlış səmtə yönəldəcəyik. Bu mənada çağdaş ədəbiyyat hadisələrinin arasında elə nümunələri seçib qiymətləndirmək lazımdır ki, o, yalnız milli estetik-bədii düşüncə məhsulu olaraq dəyər kəsb etməsin, əksinə, həm də dünya mədəniyyətinə, günümüzün bədii söz sənətinə yeniliklər qatsın, keyfiyyət və kəmiyyət dəyişikliklərinə aparıb çıxartsın, qlobal kulturoloji tələbata çevrilsin.
Son illər yaranan ədəbiyyat nümunələrinə, bir-birindən maraqlı əsərlərə diqqət ayıran araşdırıcılar, sözsüz, sıravi qələm adamlarını deyil, peşəkar yazarların yaradıcılığına daha çox diqqət ayırırlar ki, bu hal da anlaşılandır. Biz qapalı - rusdilli mədəni mühitdən qurtulub, dunya miqyaslı kulturoloji meydana qədəm qoyanda, elə ədəbi-bədii nümunələrlə, sənət hadisələri ilə çıxış etməliyik ki, elə ilk addımımızdan mədəniyyətimizi, ədəbiyyatımızı, humanitar-yaradıcı düşüncəmizi tanıtmaq əvəzinə, "qara siyahı"ya düşüb, özümüzü "yandırmayaq"...
Bu baxımdan çağdaş Azərbaycan ədəbi-bədii düşüncəsində özünəməxsus yeri ilə seçilən, hər yeni əsəri ilə peşəkar filoloqlardan tutmuş, adi oxuculara qədər ölkə ictimaiyyətinin müxtəlif təbəqələrini yaradıcılıq uğurlarıyla maraqlandırmağı bacaran, tənqidçilər, mədəniyyət yazarları, filoloqların bilimsal müzakirələrinə rəvac verən, əsərləri respublikamızın müxtəlif ali təhsil ocaqlarının ədəbiyyat proqramlarına daxil edilən, bir sözlə, fərqli dəst-xəttilə yaşıdlarından seçilən istedadlı yazıçı-dramaturq, publisist-naşir, tərcüməçi Elçin Hüseynbəylinin bir sıra romanlarını nümunə kimi araşdırmaya cəlb etmək tədqiqatçıya xüsusi filoloji zövq verir.
Elçin Hüseynbəylinin yaradıcılıq uğuru sayılan "On üçüncü Həvari - 141-ci Don Juan" roman-ekskursu ətrafında düşüncələri bölüşmək üçün ənənəvi ədəbi-tənqidi metodlardan yararlanmaq lazımi effekti vermədiyinə görə tədqiqatçıya daha geniş imkanlar verən kulturoloji-estetik düşüncə texnologiyalardan bəhrələnmək vacibdir ki, həm bu maraqlı, oxunaqlı bədii nəsr əsəri, həm də çağımızın ədəbi-fəlsəfi problemləri haqqında fikirləri bölüşmək asan olsun.
Əslində, bu, bir yaradıcı intellektual olaraq E.Hüseynbəylinin sənət uğurudur ki, qələmə aldığı hər bir əsər, sadəcə, sükutlə qarşılanmır, əksinə, dövrün bir çox ciddi problemlərinin araşdırılması üçün ictimai-mədəni polemikalara təkan verir...
Multimədəniyyət - multiədəbiyyat, yaxud qloballaşmanın poetikası
Hər çağın öz dəbləri olur: bir müddət özünə ictimai şüurda yer edən bu ümumilik istər geyimdə, istər estetik düşüncədə, istərsə də mədəniyyət və ədəbiyyatda öz diktəsini yeridir. Başqa sahələrlə işimiz yoxdur, mədəniyyətdə və ədəbiyyatda son illərin estetik-kulturoloji dəbləri barədə bilgilər, düşünürük ki, Azərbaycanın yaradıcı intellektuallarını da düşündürməli, çağın tələblərinə uyğun ədəbi-mədəni nümunələr yaratmağa həvəsləndirməlidir...
Məşhur oxşatma var: tarlada yalnız lalələr gül açsa, başqa çiçəklər olmasa, çöl gözəl görünərmi? Bir ağızdan cavab vermək mümkündür ki, yox! Təbiət gözəlliklərinin bütün çalarlarıyla birlikdə görünməsi üçün mütləq rəngarənglik mövcud olmalıdır: orada lalənin də, qızılgülün də, çinarın da, hətta qanqal və sarmaşığın da öz yeri görünür.
Əgər özündə varolmanın bütün incəliklərini gizlədən bu sadə fəlsəfəni estetik-bədii texnologiyaya çevirsək və ondan multimədəniyyət - multiədəbiyyat anlayışlarının izahı kimi istifadə etsək, əlavə şərhlərə ehtiyac qalmaz.
Son illər dünya estetik-kulturoloji məkanında səs çıxarmış sənət nümunələrinə diqqətlə nəzər salanda, maraqlı müşahidələr əldə etmiş oluruq. Kulturoloqların, filosofların, filoloqların, ən çox da mədəniyyət yazarlarının - humanitaryönümlü jurnalistlərin həvəslə ictimai düşüncəyə gətirdikləri yeni anlayışlar məhz multimədəniyyət, multisənət, multiədəbiyyat ifadələridir. Qloballaşan dünyada müxtəlif mədəniyyətlərin, fərqli millətlərin, yad xalqların, hətta bir-birinə rəqib - uzaq sivilizasiyaların ən dəyərli tərəflərindən bəhrələnərək yaradılmış ədəbi-mədəni sənət əsərləri multimədəniyyət - multimədəniyyət məhsulları sayılır.
Sözsüz, bəşər sivilizasiyası tarixində müxtəlif xalqların bir-birinin mədəni-estetik düşüncə texnologiyalarından - mədəniyyətlərindən, ədəbiyyatlarından bəhrələnməsi, yaxud sintez formasında Şərq və Qərb yaradıcılıq poetikalarının birləşdirməsi hadisələrinə aid minlərlə misal göstərmək mümkündür: dahi alman mütəfəkkiri İ.Hötenin "Şərq-Qərb" divanını, yaxud böyük Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasını yada salmaq kifayətdir. Fəqət bizim haqqında məlumat verdiyimiz multimədəniyyət - multiədəbiyyat anlayışları daha geniş kulturoloji prosesləri özündə ehtiva edir ki, onu da, əslində, dövrün estetik dəbindən çox, bəşər sivilizasiyasının indiyə qədər qazandıqlarının inkişaf etdirilərək yeni mərhələyə çevrilməsi - qlobal ictimai-mədəni hadisə kimi dəyərləndirmək, qəbul etmək vacibdir.
Qloballaşan dünyada özündə mədəniyyətlərin inteqrasiyasını, fərqli sivilizasiyaların ən dəyərli tərəflərini cəmləyən estetik-ədəbi nümunələr yaratmaq, onu daha geniş insan kütlələrinə çatdırmaq işində yaradıcı intellektuallara elmi-texniki tərəqqinin son nailiyyətləri - yazılı və elektron KİV, İnternet, elektron informasiya daşıyıcıları, mobil rabitə vasitələri böyük yardımçı olur. ABŞ-da yaşayan soydaşlarının həyatından yazan yapon yazarının romanını, yaxud da İstanbulda sərgisi açılmış Azərbaycan rəssamının yaradıcılıq uğurları barədə dünyanın hər yerində yaşayan insanlar sürətlə xəbər tuturlar: yetər ki, maraq və həvəs olsun.
Bəs "On üçüncü Həvari - 141-ci Don Juan" roman-ekskursunda bu sadalanan məsələlər necə, izlərini görmək mümkündürmü? Gəlin, əsərin ilkin qatına nəzər yetirək: elə ilk səhifələrindəcə Şərq və Qərb dünyasının paralel müqayisəsini, bir-birindən fərqlənən, eyni zamanda biri digərini tamamlayan bu sivilizasiyaların arasında sıxılan bütöv Azərbaycan məsələsində yazıçı çox polemik, maraqlı nəticə, mülahizələr irəli sürür. Ola bilsin ki, bu, təhtəlşüurdan irəli gələn fikirlərdir, bəlkə də bizim əsərin alt qatından çıxartdığımız qənaətlərimiz kimi də qəbul etmək mümkündür: bir sıra tarixçilərin, alimlərin irəli sürdüyü elmi nəticələrə rəğmən, o taylı, bu taylı Azərbaycan 1813-1828-ci illər Rusiya-İran arasında bağlanan məşhur bölüşmə müqavilələrindən sonrakı proseslərin məntiqi sonu kimi deyil, yəni Mirzə Fətəli Axundovdan üzü bu yana, maarifçilərin apardığı ictimai-mədəni hərəkat nəticəsində Avropaya istiqamətlənməyib, əksinə, Xətainin dövründən üzü bəri Qərb dünyasının bir parçasına çevrilməyə başlayıb. Romanda bu mürəkkəb prosesin başlanğıcı oxunaqlı formada izlənilir. Müəllif özü tarixi qəhrəmanın səfərinin marşrutu ilə demək olar ki, üst-üstə düşən bir məsafəni qət edir və romanda tarixiliklə çağdaşlığın vəhdəti kimi paralel olaraq hər iki "yürüşü" oxucuya nəql etməklə həm çağdaş, həm də sırf tarixi roman texnologiyasının ortaq sintezini yaradır. Bakı-Lənkəran-Astara-Ərdəbil-Təbriz-Zəncan-İsfahan-Kaşan-Qum-Qəzvin-Rəşt-Ənzəli-Astara-Lənkəran-Bakı-Paris-Madrid-Valyadolid-Valensiya-Madrid-Paris-Bakı marşrutu əslində Azərbaycanın Avropaya qovuşduğu uzun, böyük yoldur: qərbləşmək üçün biz İrandan bir neçə əsrlik "ayrıldıq", Səfəvilər İmperiyası yaratdıq, xaçpərəstlərin təsiri ilə Osmanlı dövləti ilə mübarizə apararaq Şərqi zəiflətdik, xanlıqlara bölündük, Güney, Quzey, Qərbi (indiki Dərbənd, Borçalı, İrəvan, Anadolu, Türkman və b. torpaqlarımız) Azərbaycana parçalandıq, bir hissəmiz çar Rusiyanın əsarəti altına düşdük, bir tərəfimiz İrana, digər bölümlərimiz isə Ermənistana, Gürcüstana, İraqa peşkəş edildik, daha sonra sovetləşməli, sonda isə şimal tərəfimiz dövlət müstəqilliyini əldə edərək Avropa Şurasına daxil oldu.
Romanın əvvəlindəki Şərq mistisizmi, etnoqrafik rəngarənglik əsərin sonunda Avropa rasionallığı, Qərb multimədəniyyəti ilə əvəzlənir. Yazıçı həm İslam, həm də xaçpərəst dini bilikləri, həm Azərbaycan - İran, həm də Avropa - İspaniya tarixini dərindən bildiyini tarixi və müasir ictimai-siyasi hadisələrə, mənəvi-milli proseslərə qlobal ponoramatik baxışlarını əsərdə əks etdirməklə sübut edir. Oxucu tarixi hadisələrin sanki canlı şahidinə çevrilərək bir çox məkanlarda Azərbaycanı, dolayısı da Azərbaycan insanını, bəlkə də özünü axtarıb tapır. Ən yeni ədəbiyyatımızın azarına çevrilmiş sözbazlıq, dil oyunları ilə məşğul olan bəzi yazarlarımıza rəğmən müəllif özü də qeyd edir: "Professoru dinlədikcə, onun orta əsr saray dilinin xeyli çağdaş olduğunu düşündüm. Amma qınanılası da deyildi. Üstündən əsrlər keçdikdən sonra əcdadlarımızın necə danışdığını təsəvvür və təkrar eləmək çətin idi. Mən buna o zaman da, ondan sonra da çox çalışdım. Nəhayət, anladım ki, mənim üçün ən əsası düşüncədir. Həmin insanların düşüncəsi, məişəti, yaşam tərzi, ruhu. Ruha qovuşmaq gözəldir...". Bu cür dil rəvanlığı, sadəliyi 370 səhifəlik romanı XXI əsrin - sürətli zəmanənin oxucularını usanmadan həvəslə oxumasına stimul yaradır.
Multiədəbiyyat - ədəbi-bədii dəb və ya yeni estetik dünyagörüşü?
Multimədəniyyət - multiədəbiyyat hadisəsi müxtəlif dəyərlərdən yeni, daha qiymətli dəyər yaratmaq texnologiyasıdır: bu, gündəlik tələbat mallarından tutmuş, ədəbiyyat və mədəniyyət nümunələrinə kimi hər şeyi özündə birləşdirən bir mürəkkəb prosesdir. Məsələn, hər hansı bir azərbaycanlı ana dilində əsər yaradır, onu Çində istehsal edilmiş kompüterdəki Amerika proqram təminatı məhsulunda latın şriftləri ilə yığır, ingiliscəyə çevirir, Rusiya İnternet resurslarındakı fərdi saytında yerləşdirir: əgər həmin şəxs yaratdığı dəyərli ədəbi-bədii nümunəni dünya oxucusuna çatdırmaq fikrinə düşübsə, o, yalnız Azərbaycan insanını düşündürən məsələlərə toxunmamalıdır, əksinə, planetimizin bütün sakinlərini narahat edən, özü də çoxları tərəfindən rahatlıqla qavranılan problemləri qabartmalıdır. Son illərin düşüncə - əksetdirmə dəbinə çevrilmiş və get-gedə də mövqeyini möhkəmləndirməkdə olan multimədəniyyət - multiədəbiyyat texnologiyasının poetikası bunu tələb edir.
Əlbəttə, multimədəniyyəti qloballaşmanın ideologiyası, yaxud kütləvi mədəniyyətin yeni forması kimi də qəbul etmək olar, amma geniş mənada o, planetar düşüncənin ən maraqlı istiqaməti, çağımızın dəbdə olan kulturoloji qatı sayıla bilər. Onsuz da bütün dövrlərdə ictimai-estetik düşüncənin elitar, ortabab və diletant nümunələri yaranıb: qlobal hadisə sayılan multimədəniyyətin - multiədəbiyyatın da kütləyə, ciddi sənətə və əbədiyyətə ünvanlanmış məhsullar ortaya çıxarar...
Yazıçı-dramaturq Elçin Hüseynbəylinin "On üçüncü Həvari - 141-ci Don Juan" romanı-ekskursu bu baxımdan ilk çağdaş "milli" multimədəniyyət - multiədəbiyyat nümunəsi saymaq olar. Sonda fikirlərimizi daha geniş ifadə edəndə bu mülahizəmizin arxasında hansı məntiqin durduğu - nə demək istədiyimiz aydınlaşacaq...
Maraqlıdır, E.Hüseynbəyli nə italyan intellektual yazıçısı Umberto Eko (Qızılgülün adı, "Saatsaz Fuko"), yaxud türk nobelçisi Orxan Pamuk ("Qara kitab", "Mənim adım Qırmızıdır") kimi yüksək sənət - estetik zövqə malik ədəbiyyatsevərlərə ünvanlanmış intellektual postmodern roman, nə də braziliyalı bellestrik nasir Poelo Kualo ("Kimyagər", "Zair"), ya da dəbdə olan ingilis yazarı Den Braun ("Da Vinçinin kodları") kimi orta səviyyəli oxucular üçün nəzərdə tutulmuş art-modern macəra əsərlər formasında deyil, məhz onların ortaq dəyərlərini, eyni zamanda Şərq ədəbiyyatının və Qərb romanının poetik-kulturoloji texnologiyalarının sintezini yaradaraq əsl multiədəbiyyat nümunəsini ortaya qoya bilmişdir. Əslində, bu romanı sevgi, tarixi, modern, postmodern, sərgüzəşt, səyahət, etnoqrafik, sənədli, neomemuar və s. janrlı əsərlərin həvəskarları eyni maraqla mütaliə edə bilərlər. Müəllif sözün yaxşı mənasında, ustalıqla hər cür oxucunun mütaliə həvəsini bu romana yönəldə bilir, hamını "aldadaraq" ciddi bir əsərə dövrümüzün bütün sənət dəblərindən estetik-poetik "don" geydirə bilir. Şərq - sufi fəlsəfəsi, tarixin sirləri, səyahət - səfər sərgüzəştləri, Güney Azərbaycan etno-mədəni dəyərləri, Avropa saray intriqaları, "Don Juanlıq" sirləri, İspaniya mədəniyyəti, sivilizasiyaların toqquşması, Qərb incəsənəti, qadın-kişi münasibətlərinin psixoloji tərəfləri, insani münasibətlər, daha başqa mətləblər əsərin iki qəhrəmanı - Oruc bəy və müəllif tərəfindən intellektual süzgəcdən keçirilir...
İnteqrasiya çağının ədəbiyyatı
Dünya kulturoloji-fəlsəfi çevrələrində yaşadığımız çağ müxtəlif xalqların və fərqli mədəniyyətlərin, başqa sözlə, İslam, xristian, yəhudi, buddizm - Asiya, Şərq, türk, Avropa, Amerika, ərəb, Afrika sivilizasiyalarının inteqrasiyası dövrü kimi şərh olunmağa başlanıb. Ayrı-ayrı sahələrin mütəxəssislərinin, dünyanın aparıcı intellektuallarının, yaradıcı şəxslərinin, müxtəlif nüfuzlu düşüncə adamlarının fərqli - rəngarəng sivilizasiyaların qaynayıb-qarışdığı mərhələ kimi səciyyələndirdikləri bu dövr artıq özünün çiçəklənmə mərhələsinə qədəm qoyub. Lokal formatda, yəni ictimai-siyasi, sosial-mədəni, kulturoloji-fəlsəfi forma şəklində Avropa Şurası və Avropa Birliyi, bir qədər də poetikləşdirsək, Avropa Evi ideyası məhz bu baxımdan gerçəkləşdi.
Bir qədər tarixə nəzər salsaq, görərik ki, imperiya, xilafət, Sovetlər Birliyi, qloballaşma adlanan bu planetar hadisələrin - beynəlxalq proseslərin indiyə qədər müxtəlif variantları mövcud olub. Amma dini basqıların, böyük millətlərin hökmranlığının, totalitar ideologiyaların məhsulu sayılan və şəxsiyyətin - fərdin azadlığından çox, fövqəlgücün diktəsi ilə gedən bu tipli inteqrasiyalaşma heç də uzunömürlü olmayıb - bəşəri xarakter daşımayıb deyə, dünya tarixinin arxivinə köçüb.
Yaşadığımız çağlarda dünya ölkələrinin - müxtəlif xalqların birləşməsinin iki forması özünü büruzə verməkdədir: Avropanın təklif etdiyi inteqrasiya və ABŞ-ın ortaya qoyduğu qloballaşma. Daha çox mənəvi-mədəni dəyərlərə söykənən birinci forma - müxtəlif mədəniyyətlərə məxsus fərqli sivilizasiya daşıyıcılarının qarşılıqlı münasibətlər əsasında yaxınlaşaraq birləşməsi ideyası öz fəlsəfəsinə görə daha dayanıqlı, dərin və intellektual sayılır ki, son nəticədə Avropa Birliyinin yaradılması, həm də genişlənməsi bunu əyani sübut edir. Əksinə, iri kapitalın diktəsi, birqütblü güc mərkəzinin hökmranlığı və ictimai-siyasi, hüquqi-demokratik prinsiplərə söykənən, daha liberal proseslər, geosiyasi çevikliklər tələb edən qloballaşma prosesi Yaxın Şərqdə, Balkan ölkələrində, postsovet respublikalarındakı regional münaqişələr meydana çıxdığına, dünya dövlətlərini birinci, ikinci və inkişaf etməkdə olan ölkələrə böldüyünə görə hələ ki uğur qazanmayıb. Baxmayaraq ki, ikinci format özünün fəlsəfəsinə görə daha qlobal, geniş və əhatəli sayılır. Amma son illərin qlobal maliyyə böhranının nəticələri də bir daha sübut edir ki, ABŞ-ın təklif etdiyi variant hələ "kiy" sayılır...
Bayaq qeyd etdiyimiz kimi, bu proseslərin başında həmişə düşüncə adamları, yaradıcı şəxslər durub. Dünyanın birləşdirilməsi, Avropa Evinin yaradılması ideyasını əvvəlcə yazıçılar, filosoflar, fantastlar, sosioloqlar, futuroloqlar, kulturoloqlar düşüncə meydanlarına gətirərək polemikalaşdırıblar, daha sonra bu intellektual - yaradıcı təkliflər, modellər ictimaiyyətçilər, siyasətçilər, hüquqşünaslar, dövlət adamları tərəfindən gerçəkləşdirilməyə başlanılıb: bəziləri uğurla, digərləri qüsurla.
Özünün coğrafi mövqeyinə, etno-kulturoloji düşüncəsinə, yaşam tərzinə görə Azərbaycan son beş əsrdə yaradılmasında fəal iştirak etdiyi Avropa məkanına daxil olan məmləkətlərdən sayılır. Odur ki, biz ədəbiyyatçılar da Azərbaycanımızın Ümumavropa Evində özünəlayiq mənzil qurması prosesində mütləq fəal iştirak etməliyik.
Bu mənada yazıçı-dramaturq Elçin Hüseynbəylinin "On üçüncü Həvari - 141-ci Don Juan" romanı qlobal məsələlər barədə düşünmək, ictimai-kulturoloji polemika aparmaq üçün maraqlı faktlarla zəngindir. Həmin dəyərli ədəbi-bədii əsərin filoloji təhlilinə dərindən varmadan, təkcə onu bildirməyi lazım gördük ki, bu roman inteqrasiya dövrünün ədəbiyyat nümunəsi kimi milli söz sənəti tariximizdə artıq öz yerini tutub!
E.Hüseynbəyli Azərbaycanın Avropaya üz tutduğu çağlarda - 400 il bundan əvvəl baş vermiş tarixi hadisənin işığında Azərbaycan - Avropa münasibətlərini milli ədəbiyyata gətirməyə müvəffəq olur və dünya söz sənətində yeni tendensiyalara cavab verən bir ədəbi nümunəylə oxucuları düşünməyə vadar edə bilir. Dövlətçilik tariximizin şərəfli çağlarında Oruc bəy Bayatın avropalı Don Juana çevrilməsi labüd idimi?!
Roman müəllifi özü şəxsən əsərini qəhrəmanının - Oruc bəy Bayatın o zamankı səfər marşrutu ilə üst-üstə düşən bir səyahətə çıxaraq (həm də bu paralel yolu öz əsərində göstərməklə) çağdaş Azərbaycan ictimaiyyətini illər boyu düşündürən bir çox problematik-fəlsəfi suallara kulturoloji-ədəbi cavablar axtarır. Çağdaş Azərbaycan Şərq, yaxud Qərb, Avropa və ya Asiya ölkəsidir? Bizə Ümumuavropa Evində yer varmı? Tariximizdən necə yararlanmalı və keçmişimizdən nələri öyrənməliyik? Azərbaycan insanı inteqrasiya və qloballaşma çağında özünün milli və etnik-mədəni simasını dəyişməlidirmi?
Elçin Hüseynbəylinin romanının alt qatlarında bu kimi cavabı mürəkkəb suallar çoxdur, hətta oxucuya elə gəlir ki, müəllif bir çoxlarına cavab da tapıb. Fəqət, bu əsərin, ümumiyyətlə isə inteqrasiya çağının dəyərli ədəbiyyat nümunələrinin əsas uğuru ondadır ki, oxucuya analitik-kulturoloji biliyini artırmaq və ictimai-mədəni polemikalara qoşulmaq üçün böyük enerji verir...
Bir neçə il bundan əvvəl Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birbaşa iştirakı ilə Beynəlxalq Düma - Qafqaz Turizm layihəsinə start verilib.
Bəli, dünya turizm sənayesi artıq əyləncə hadisəsi funksiyasını dəyişərək, qlobal mədəniyyətlərarası mübadilə - tanışlıq prosesinə çevrilir. Aydın məsələdir ki, münaqişə bölgəsi sayılan, turizm infrastrukturları hələ də beynəlxalq standartlarına cavab verməyən Güney Azərbaycanı dünyanın müxtəlif ölkələrindən axışan turistlərdən ötrü sivilizasiyaların qovuşduğu ecazkar, qədim mədəniyyət məkanı kimi daha çox maraqlıdır.
Elçin Hüseynbəylinin roman-ekskursunu - "On üçüncü Həvari - 141-ci Don Juan" kitabını oxuyandan sonra oxucu haqlı olaraq düşünür: nə üçün də Oruc bəy Bayatlı kimi Azərbaycanımızın keçmişini Avropa və dünya tarixinə calayan hadisələrlə bağlı qlobal turist marşrutlarını böyük mədəni-biznes layihəsi şəklində gerçəkləşdirilməsin? Bununla isə Azərbaycan özünün mədəni sərvətlərini maddi zənginliyə çevirərək əcnəbi səyahətçilərinin axışdığı kulturoloji turizm məkanına çevrilə bilər...
Qayıdaq ədəbi-filoloji məsələlərə: müasir dünya bədii söz sənətində gedən prosesləri izləyən oxucular gözəl bilirlər ki, son illər yaranan əksər dəyərli əsərlər məhz millilikdən çox, bəşəri, qlobal əhəmiyyət, dünyəvi mahiyyət kəsb edir. X.L.Borxes, X.Kortasar, İ.Brodski, U.Eko, P.Züskind, R.Bax, X.Murakami, O.Pamuk, P.Kuelo, V.Pelevin və başqa intellektual yazıçıların əsərləri ilə tanış olmaq kifayət edir ki, ədəbiyyatın yalnız milli əhəmiyyət daşımadığını, daha çox bəşəri məna kəsb etdiyini, xalqlararası yaxınlaşmaya yardımçı olduğunu, mədəniyyətlər arasında dialoq, sivilizasiyaların qarşılıqlı bəhrələnməyə çağırdığını görə bilək. Bu mənada Elçin Hüseynbəylinin "On üçüncü Həvari - 141-ci Don Juan" roman-ekskursunu - qısqanmadan o sıraya daxil edə bilərik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!