Lirik şeirin bədii imkanları - Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 

Şairlik - xoşbəxtlik, ağ kağızla üz-üzə oturmaq qəhrəmanlıqdır. Bir şərtlə ki, ora yazdıqlarım İlahidən göndərilmiş olsun. Onda "şeir yazanın adı şeir vasitəsilə aləm səhifəsində əbədi olaraq qalır" (Füzuli). Şeir də ki şeir ola, daha hər qafiyəli nəzmi şeir adı ilə təqdim etməyəcəm. Parlaq istedad sahibi Mikayıl Müşfiq deyirdi: "Şeir divanədir, ona dəymədim, qoy hara gedirsə getsin". Deməli, şeir azadlıq pərisidi, onu nəzəriyyənin qanunları ilə zəncirləmək olmaz. "İlham pərisinin büllur gərdəninə istibdad zənciri salınmaz, ipək saçlarına istiqlal çələngləri vurular (İsmayıl Hikmət Ərtaylan).

Mən bu ülvi duyğularla Əbülfət Mədətoğlunun "Mənim kimi sevə bilsən" (2012) "Ürəyim sənlə danışır" (2015), "Bir qadına" (2019), "Ancaq O" (2020), "Dörd divar... Allah, O və Mən" (2021) şeir kitablarını nəzərdən keçirdim. Əbülfətin özü kimi, şeirləri də təvazökar, utancaq, abır-həyalıdır. Bu şeirlər qışqırıb "mən varam" demir, sakitcə oturub vaxtını-vədəsini gözləyir.

Bütün enerjisini vaxtı gələndə üzə çıxarır, onları yazdıran ilham pərisinə hörmət bəsləyir, onun baş-bəzəyini pozmur... Xalq yazıçısı, professor Elçin Əbülfətin bu misralarını misal verib yazır:

 

Mən hələ də qəm çözürəm,

Çözdüyüm qəmə dözürəm.

Boyat dərdimdən bezirəm -

Təzə ünvan duyan kimi...

 

"Və əslində, bu lirik qəhrəmanın təhtəlşüur duyduğu "təzə ünvan"da illüziyadan başqa bir şey deyil". Bu misraların hamısı poetik-aforistikdir, qəm çözmək, boyat dərddən bezib, dərdin təzə ünvanını axtarmaq!

 

Ürəyimi gözlərinin

Ürəyinə elçi saldım

Ürəyinin gözlərindən

Ürəyimə imza atdım

Ürəyimi açıb sərdim

Ürəyinin düz önündə.

 

Bu misralarda yaxşı mənada söz oynatmaq, sözün çoxmənalılığını nişan vermək istedadı ilə yanaşı, az sözlə - ürək, göz, imza, sərmək, önündə, elçi salmaq bədii-fəlsəfədən, psixoloji duyumlu lövhə yaratmaq bacarığı göz önündədir.

 

Bu qocalan ümidlərim

Vaxtsız vədəsiz qarıdı

 

- mücərrəd bir anlayışı olan ümidə iki sinonim sözlə - qocalmaq və qarımaq sözləri ilə təşbih yaradılır. Mənim fikrimcə, "Ümid" ən şirin, ən cazibədar aldanışdı, yalandı. Ümidə ümid bəsləmək olmaz. Hələ heç kim ümiddən fayda görməyib.

 

Günlərim pərəm-pərəmdi

Sanki dağılmış darıdı

 

- cəmi bu iki misrada böyük bir psixoloji ovqat yaradılır.

 

Başım üstə bulud - dam

Kövrəlib dolmuş buludam

Bilmirəm necə qurudam

İçimə süzülən yaşı...

 

Bulud gələndə yağış yağar - bu, bir təbiət hadisəsidir, şair onu insaniləşdirir - lirik qəhrəmanın psixoloji durumu kimi tamamilə başqa labirintdə təqdim edir: yağış əvəzinə yaş süzülür, özü də hara lirik qəhrəmanın içinə. Ləyaqətli adam dərd gələndə içində ağlayır.

"İncidin ki, soruşmadan, iznsiz, Tellərinə toxunmuşam - meh kimi" və yaxud "Baxışınla kirpiyimi sil barı!" zərif, incə obrazlardır, tellərinə toxunmuşam meh kimi, baxışınla kirpiyimi sil barı - orijinal, bədii-fəlsəfi baxımdan tutumlu, poetik ifadələrdir. Misralar oxucunun yaddaşına kəpənək gül üstünə qonan kimi qonur.

 

Ulduz qovub, dan açdım,

Öz bəxtimlə dalaşdım...

O, didərgin, mən qaçqın

Bezdirmişəm yuxumu.

 

Lirik qəhrəman sərkərdan bir durumdadır: gecə yuxusu ərşə çəkilib, ulduz qovur, dan yerinin sökülməyini gözləyir, bəxtini yamanlayır, didərgin, yuxusu ilə öz qaçqın taleyi arasında uğurlu poetik paralel və müqayisə aparır, qaçqınlıq dərdi onun yuxusunu da bezdirib.

Əsl şair odur ki, o, təbiətin dilini, ağacların, otların xışıltısını, küləyin vıyıltısını, suların şırıltısını, quşların civiltisini, arıların vızıltısını duya, anlaya bilir. Böyük hürufi şair, filosof Nəsimi deyib: "Kimsə Nəsimi dilini fəhm edə bilməz. O, quş dilidir, onu Süleyman bilir ancaq". Əfsanəyə görə, Hz. Süleyman təbiətin, quşların, heyvanların dilini bilirmiş. Peyzaj poeziyası təbiəti tərənnüm etməklə kifayətlənməməli, onun dilində danışmağı bacarmalıdır:

 

Mən indi

Ayrılıb insanlardan

yapışıb xəyallardan

bağrıma basıb

yarpaqlardan

Xəzəl dilində danışıram

öyrənin xəzəl dilini -

təklərin anladığı -

ilkin, əzəl dilini.

 

Gözəl psixoloji paralelizmdir; şair ənənəvi olaraq təklik faciədir demir, ağacdan qopub düşən xəzəlin ölmüş yarpağın dilini tək qalanlar bilər, deməklə oxucunu təklərin yanına ünvanlayır. "Gəldim" şeirindən bəzi misralara nəzər salaq:

 

Bu yorulmuş ürəyimi

Arxamca sürüdüm gəldim...

Ömrümə ələnən dərdi

Bir yerə kürüdüm gəldim

İlahi, sənə sevgimə

Ruhumu bürüdüm gəldim.

 

Böyük sufi Mövlana Cəlaləddin Rumi deyirdi: "Gəl, hər kimsənsə gəl". Sanki Əbülfət Mədətoğlu onun dəvətinə cavab verərək, "Gəldim!" deyir. Ancaq necə: "Yorulmuş ürəyini arxasınca sürüyərək, ömrünə ələnən dərdi kürüyərək, Allaha olan sevgisinə - Ruhunu bürüyərək! Xəyal, göz yaşı, boyat kədər, göyərən dərd, ruhun duası, yaş süzülən kirpiklər - Əbülfət Mədətoğlunun romantik lirikasının obrazları - psixologizm yaradan atributlarıdır:

 

Ürəyimə əkirəm -

Bir də göz yaşlarımı

Dərdimin üstə gəzmə

Göyərən görsən, əzmə -

Yerdə, göz yaşlarımı.

 

Deyə bilərəm ki, Əbülfət Mədətoğlu zərif lirik duyğular şairidir. Onun həm sevgi şeirlərində, həm təbiətə həsr olunmuş peyzaj lirikasında hamının görə bilmədiyi bir psixoloji paralelizm var. Ümumiyyətlə, o, həm real aləmə, maddi gerçəkliyə, həm də romantik - xəyal dünyasına gözəllik meyarı ilə yanaşmağı bacarır. O, təbiətin predmetləri ilə söhbət etməyi, ağacı, yarpağı, çiçəyi, torpağı dilləndirməyi və dinləməyi bacarır. Bu, nadir adamlara nəsib olan bir istedaddır. Əbülfət bəstəkarlar kimi eşidilməyən səsləri eşitmək qabiliyyətinə malikdir.

 

Budaqlar çırpıb atdı,

Xəzəlin səsi gəlir.

Qapımdan payız adlı -

Gözəlin səsi gəlir!

Ay ürəyim, möhkəm ol

Yaşın tənəsi gəlir.

 

Peyzajdan insana ona görə keçə bilir ki, o, təbiəti də insan kimi dindirə və dinləyə bilir. Qədim zamanlarda bir vilayətdə əzazil bir şah olub. Onun ən böyük düşməni ağıllı, şəxsiyyətli, savadlı adamlar imiş. Əzazil şah həmin adamları kiçik bir bəhanə ilə türməyə saldırıb, ancaq bir qab iylənmiş su, bir parça kiflənmiş çörək verməklə, bir həftəyə öldürtdürürmüş. Növbəti dəfə həbs olunan alim iki həftə keçməsinə baxmayaraq, ölmür. Şah onu hüzuruna gətizdirib deyir: - Hesabla, sən bir həftə ərzində ölməli idin. Sağ qalmağının sirrini desən səni azad edəcəyəm. Alim deyir: - Şah sağ olsun, mən sizin verdiyiniz suyu içməmiş, onunla söhbət etdim, ona dua etdim. Su canlandı və mən həmin suyu içdim.

Sözlə, şeirlə, dua ilə, nəğmə oxumaqla cansızlara can vermək olar. Bu şərtlə ki, onlar səmimi qəlbdən, ilahidən, həqiqi istedaddan yaransın.

İlhamla, tizfəhmlə, səmimiyyətlə yazılmış lirika belə bir gücə malikdir.

Əbülfət Mədətoğlunun şeir kitablarından biri "ancaq O" (2020) adlanır. O, yəni İlahi-Tanrı - Allah şairin ən əziz, doğma, tanıdığı lirik qəhrəmandır. Bütün dövrlərdə poeziyanın dahi yaradıcıları - Nizami, Nəsimi, Cami, Mövlana, Rumi, Nəvani, Sədi, Hafiz, Füzuli öz əsərlərini Allaha, Peyğəmbərə müraciətlə - minacat və nəmlə başlamışlar. Bu sadəcə bir ənənə deyil, daha çox onunla bağlı idi ki, o klassiklər ağır bir iş görmək, əsər yazmaq üçün Allahdan güc, ilham, yardım istəyirdilər. Həmin bədii yaradıcılıq, söz "Allahın mədhi - sənası, nəzməsi" (Füzuli) idi. Əbülfət Mədətoğlu da sələflərinin bu mistik ənənəsini davam etdirir. O ya müraciət edir. Belə müraciət son zamanlar nəsrimizdə də var. Xalq yazıçısı Elçinin "Baş" romanının əsas qatı Onun romanıdır.

 

Haqqın yerdə zərrəsi,

Ruhun şehli - tər səsi!

Ürəyimin pərdəsi

Ancaq O.

 

Və yaxud:

 

O dan üzü - and içdiyim, ancaq O

Hər halından söz biçdiyim ancaq O.

 

Və yaxud:

 

Ancaq Allah, ancaq O

Savab, günah ancaq O!

Bu gün, sabah, ancaq O

Bilmirsən...

 

"Səssiz yuyulub gedir - həsrətimin dəhnəsi" misralarındakı "Həsrətimin dəhnəsi" ifadəsi orijinal deyimdir, "şehli - tər səsi" də poetikdir.

 

İllərdən töhfədir həsrətin mənə

Çevrilir anbaan saçımda dənə...

Kirpiklər öyrəşən gözdəki nəmi -

Üzümə şeh kimi sıxıb getmişəm

Hələ də qalıram görüş yerində

Sən elə bilmə ki, çıxıb getmişəm.

 

"Getmişəm" şeirində misal verdiyimiz bu beytlər "Həsrət töhfəsi - saçda dən", "kirpiklərin nəmnəsi üzümə şeh kimi sıxıb getmişəm", "hələ də görüş yerində gözləyən. Lirik qəhrəmanın tükənməz həsrətini Əbülfətin şair ürəyində gördüm. Ümumən, şeh şairin çox işlətdiyi poetik obrazlardan biridir: Əbülfət onu lirik qəhrəmanın içinə axan, həsrətdən üşüyən bənövşəni göz yaşı, vətən həsrəti ilə uçan durnanın dimdiyindən düşən ərməğan kimi mənalandırır. Şeh - baharda təzə açılan çiçəklərin, yarpaqların təzəlik rəmzidir, poeziyanın sübh çağıdır.

Heç vaxt köhnəlməyən köhnə bir deyim var: "Şair həmişə özün yazır!". Şairin qəlbi nə qədər dərindirsə, şeirləri də o qədər güclüdür. Şeirin predmeti heç də materialistlərin iddia etdikləri kimi, maddi aləm - gerçəklik deyil, şairin qəlb aləmi, xəyalının gedə bildiyi mistik aləmdir. "İçimdəki heykəlim" bu Əbülfətin təkcə bir lirik şeirinin adı deyil, həm də şair obrazıdır:

 

Qəmdən çadır qurmuşam -

Damında ah oturur...

 

***

Ruhumu basdırmışam -

Təkliyimin küpünə...

 

***

Bədxərclik edən əlim,

Çıxmır, dərdin cibindən.

 

Birinci iki misra Füzuliyanədir: qəm çadırının damında oturan ah aydın görünür. Ruhu basdırmaq şair hünəridir - özü də təkliyin küpünə - təkliyə dəfn olunmuş Ruh! Bu Əbülfətin növbəti lirik, psixoloji obrazıdır. "Dərdlər məni üyüdüb, qaya idim - qum edib" şairin səssiz harayını ifadə edir. "Baxışımı telinə tax!" - şairin son əlacı kimi səslənir.

Əbülfət Mədətoğlunun poetik obrazlarından biri də xatirədir. O adamın xatirələri olur ki, o, zəngin, mənəvi cəhətdən dolğun bir ömür, daha doğrusu, tale yaşasın. Əbülfətin xatirələri də özünəməxsusdur. "Xatirə olacaqmı" şeirindən

 

Çartlayan dodaq da... eh... sağalacaq.

Qurumuş kirpikdən duz töküləcək

Tək onun saçları tez ağaracaq...

İzinə saralmış söz töküləcək!

 

Kirpikdə o qədər yaş gilələnib ki, göz yaşından kirpik duz bağlayıb. Mübaliğə gözəldir, "saralmış söz" ifadəsi isə xatirənin simvolu kimi yenidir, hardasa işləndiyini xatırlamıram. "Salam, xatirələrim" şeirini bütövlüklə misal gətirmək istəyirsən. Əbülfət Mədətoğlunun şeir kitablarının hansı səhifəsini açsanız mənalı, bədii cəhətdən süslənmiş, lakonik şeir çıxacaq qarşınıza. Onun dünyaya baxışı şairanədir, o, istənilən predmetin gözəl tərəfini görə bilir. Əbülfətin hisslərini, duyğularını çılpaqlaşdırmağı sevmir, dərin intibalarına hörmət bəsləyir. Onun yaradıcılığında həssas söz duyumu var. O, Sözün qəlbini görə bilir. Ümumən, Əbülfət XXI əsrin sözü urvatdan düşməyə qoymayan Azərbaycan şairidir.

Onun şeirlərində mən yüksək mənəviyyat gördüm. O, gizli sevgi şairidir, gözəlliyin nəfəsini hiss edə bilir. Şeirlərinin başlıca məziyyəti duyğularına uyğun söz seçə bilməsi, az sözlə geniş məna ifadə edə bilməsi, hamının bildiyi sözü özününküləşdirmək bacarığıdır. Mən onun şeirlərini oxuyanda dincəldim, ruhən sakitləşdim, sözə hörmət məni heyrətləndirdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!