Qəni Camalzadənin tarixi və müasir mövzuda yazdığı iki bədii roman ətrafında kulturoloji gəzişmələr
Ədəbiyyatşünaslığımızda və filoloji düşüncəmizdə Azərbaycan romanının ilkinliyini nə qədər qədimlərə aparıb çıxarmaq istəsələr də, kulturoloji-estetik tarix qarşımızda adlamalı çətin sədlər çəkir. Fars dillində əlyazması bizə çatmış "Munisnamə" kitabını ilk irihəcmli bədii nəsr nümunəsi kimi götürsək də, yaxud dahi Azərbaycan mütəfəkkiri Nizamin Gəncəvinin yenə də farsca yazdığı "Xəmsə"sindəki üç məsnəvisini - "Yeddi gözəl", "Xosrov və Şirin", "Leyli və Məcnun", eləcə də "İskəndərnamə" dilogiyasını, yaxud tutalım, nəhəng Məhəmməd Füzulinin "Hədiqətüs-süəda (Xoşbəxtlər baxçası?)" mənzum roman təsnifatına daxil etsək də, ayrıca bir ədəbi janr, avropatipli bədii roman saya bilmirik. Biz hələ epos və qəhrəmanlıq və məhəbbət dastanlarının xalq romanı hesab edən tədqiqatçılardan sitatlar gətirib yazımızın əsas motivlərindən kənara çıxmaq istəmirik...
Bədii roman Avropa epik növün orta əsrlərdə inkişaf etmiş janrı sayılsa da, əslində qədim Şərq, Hindistan, Çin, İran və Azərbaycanda geniş yayılmış ədəbi-bədii forma sayılır. Fəqət, modern roman filoloji anlayışa çavab verən roman öz tarixçəsini Servantesin cəngavər romanlarına qarşı bir etiraz, ironik münasibət sərgiləməklə dünyaca tanınan məşhur "Don Kixot" əsəri ilə başlayır. Avropa, daha sonra Qərb və dünya ədəbiyyatının mükəmməl bədii nəsr nümunəsi hesab olunan yenitipli romanlar tezliklə Azərbaycan ədəbiyyatının hər iki qoluna - şimallı-cənublı söz sənətimizdə də yazılmağa, sevilə-sevilə oxunmağa başlanıldı. Alimlərin hələ də mübahisələrə səbəb olan çoxsaylı mülahizələrinə hörmətlə yanaşaq da, povestlə romanın qarışığı sayıla bilən "Aldanmış kəvakib", "Kitab yüklü eşşək", "Neft və milyonlar səltənətində", "İbrahimbəyin səyahətnaməsi", "Bahadır və Sona", "Danabaş kəndinin əhvalatları" kimi irihəcmli bədii nəsr nümunələri ilkin avropatipli Azərbaycan bədii romanları olaraq qəbul edə bilərik.
Sovetlər dövründə - XX əsrdə bədii roman milli ədəbiyyat tariximizdə özünün intibah dövrünü yaşadı və kifayət qədər uğurlu nümunələri ilə yadda qaldı. Rəngarəng mövzu, cürbəcür həcmdə, janrların tipoloji çalarları ilə birlikdə roman həm də Azərbaycan bədii-estetik düşüncəsinin inkişafına səbəb oldu, eyni zamnda ədəbi dilinin müxtəlif qatlarının zənginləşməsinə, ana dilimizin leksik-üslubi genişliyinə aparıb çıxarmasını da qoyuruq bir qırağa. Ümumiyyətlə, humanitar fikridə, ədəbiyyatşünaslıqda roman söz sənətinin ən mükəmməl janrı, ədəbi istedadın son həddi, bədii-estetik düşüncənin dünyanın sözdə ifadəsi, zeyni forması kimi qəbul edilir.
Çağdaş romanları dəyərləndirərkən, yazıçının ustalığı məhz yeni model ortaya qoyması, üslubi gəzişmələr, mövzu orijinallığı, özünəməxsüs yanaşma tərzi, irihəcmliliyi ilə yanaşı, baş və köməkçi qəhrəmanlar çoxluğu, hadisələrin genişliyi kimi məsələlərə də xüsusi önəm verilir.
Son illərdəki roman adı ilə oxuculara sırınan yeni əsərlərin, xüsusən az qala hər ay yeni kitab çap edərək yazdıqlarını roman, modern və postmodern əsər markası ilə utanmadan ədəbi ictimaiyyətə çatdırmağa çalışanların bolluğunda hansısa irihəcmli bədii nəsr nümunələri barədə yazmağa tədqiqatçılar - ədəbiyyatşünaslar və ədəbi tənqidçilər ehtiyat edirlər. Xüsusən gənclər və yaşları, az qala, Dədəmiz Qorqud ömrünə çatmış "yeni nəsil nümayəndələri" tənqidi fikrə, yazıya qarşı elə şivən qoparırlar ki, elmi-filoloji standartlar, ədəbi dəyərlər aşınmaya uğrayır.
Belə bir roman bolluğu və "romanist"lər dövründə kreativ yanaşmalar tələb edir ki, milli roman janrının bir çox istiqamətləri haqqında filoloji əhəmiyyət tələb edən mülahizələrlə çıxış etmək mümkün olsun.
Vaxtilə satirik hekayələr yazan, müxtəlif səpkili, kiçikhəcmli bədii nəsr nümunələrindən ibarət kitabları nəşr olunan tanınmış yazıçı-publisist Qəni Camalzadə yaradıcılığının yeni mərhələsinə adlamağı ilə ronman janrına müraciət etməsi üst-üstə düşdü. Məhsuldar müəllifin "Qızıl xotuğ" adlı ilk romanı 2007-ci ildə ayrıca kitab şəklində nəşr edilib: sonralar əsər ruscaya çevrilərək "Zolotoy oslenok" başlığı ilə həm ədəbi jurnalda, həm də ayrıca nəşr kimi dərc olunub. İllər keçəndən sonra, Qəni Camalzadə "ədəbiyyatın dəbdən düşdüyü" 2015-ci ildə indi şərti olaraq, "sosial-bədi nəsr", yaxud "sosial-bədii roman" deyə təsnifatlamağa çalışdığımız "Karxana" adlı irihəcmli bədii nəsr nümunəsi ilə çağdaş ədəbi prosesdə özünəməxsus estetik mövqeyini ortaya qoymağa çalışdı.
Romanın jurnal variantına yazdığı ön sözdə istedadlı yazıçı Məmməd Oruc deyir: "Ən səmimi duyğularımla qeyd etmək istəyirəm ki, bu roman Azərbaycan ədəbiyyatında analoqu-bənzəri olmayan əsərlərdəndir." Bunu milli üslubda əsərləri ilə çağdaş ədəbi prosesdə fəallığı ilə seçilən yazıçı-publisit Qəni Camalzadənin yaradıcılığına verilən dəqiq qiymət kimi dəyərləndirmək mümkündür.
Satirik üslubda qələmə alınan ilk irihəcmli əsərinə rəğmən, daha ciddi ictimai-mənəvi mətləblərə toxunulan, XX əsr Bakı və ətraf kəndlərin ədəbi ebnsiklopediyasına çevrilən "Karxana" əsəri həm roman janrının tələbləri, həm də mükəmməl qələmə alınması baxımından tanındı, rus, ingilis və başqa dillərə tərcümə olunaraq ölkəmizdə, ABŞ-da nəşr olundu, İnternet resurslarında elektron varianda yayımlandı.
I Qarabağ müharibəsinin qazisi olan Hacı Qəni Camalzadə pandemiya dövründə də məhsuldar fəaliyyətindən geri qalmadı, yeni-yeni hekayələri, publisitik yazıları, ABŞ-da nəşr rus və ingiliscə olunan kitabları, eləcə də müxtəlif eleviziya kanallarında, sosial şəbəkələrdə, media orqanlarında ziyalı mövqeyini ortaya qoymaqla, XXI əsrdə də klassik Şərq - Azərbaycan ədəbi-humanitar ənənələrə üstünlük verən əsl düşüncə adamı, yazıçı obrazını qoruyan, yaşadan yaradıcı intellektuallarımızdandır.
Roman yaradıcılığına gec başlasa da, yazıçı milli romançılığın zahiri tərəflərini, estetik-poetik mahiyyətinə ciddi yanaşır. Roman ədəbi, estetik, tarixi, nəhayət, kulturoloji hadisəyə çevrilmirsə, əsərin əsas surətləri zəmanənin "qəhrəmanı"na oxşamırsa, belə irihəcmli bədii nümunələri klassik roman adlandırmaq bir qədər çətin məsələdir. Necə gəldi yazılaraq öz hesabına çap edilən əsərləri modern, postmodern yarımbaşlıq altında çapdan buraxılsa belə, gənc oxucuları aldatmaq mümkün olsa da, peşəkar ədəbiyyatçıları çaşdırmaq olmaz.
Bu baxımdan Qəni Camalzadənin son iki ildə qələmə alaraq kitab şəklində ədəbi ictimaiyyətin müzakirəsinə verdiyi "Kiaksarın axırıncı savaşı" (2021) və "Şeytana daş atanlar" (2022) adlı yeni irihəcmli bədii nəsr əsərlərini sadalanan ciddi estetik-filoloji kriteriyalara cavab verən ənənəvi - klassik romanlara aid etmək mümkündür.
Ötən il ədəbi ictimaiyyətin iştirakıyla Bakıda, Lerikdə, Abşeronda, TV kanallarında ictimai-mədəni təqdimatı keçirilən "Kiaksarın axırıncı savaşı" əsərini milli tarixi roman janrının ən son uğurlu nümunələrindən saymaq olar.
"Kiaksarın axırıncı savaşı" müəllifin sayca on ikinci kitabıdır: əvvəlki əsərlərindən, "Qızıl xotux" və "Karxana" romanlarından fərqli olaraq, müəllif bu dəfə tariximizin qədim və əzəmətli bir mərhələsinə, Midiya dövrünə müraciət edib. Tarixi romanda hadisələr qədim Azərbaycanda baş verir: qırx il hakimiyyətdə olmuş şahənşah Kiaksarın parlaq surəti, sərkərdə məharəti qələmə alınıb. Yazıçı tarixi hadisələri olduğu kimi təsvir etməkdən yayınaraq, Kiaksarın simasında qədim tariximizin unudulmuş səhifələrinə işıq salır, bu parlaq sərkərdənin dövlətçilik ənənəlimizi özündə gizləyən qələbələrindən bəhs edir, onun döyüş taktikası barəsində çağdaş oxucuların diqqətini cəlb edə biləcək formada məlumatlar verir.
Romanın bir özəlliyi də o dövrün ictimai-siyasi, dini-mənəvi, tarixi-sosial proseslərinə müəllifin yönəltdiyi ədəbi baxışlarıdır. Əsərdə qədim Azərbaycanımızda - Midiyadakı hakim dini-dövlətçilik ideologiyasına çevrilən atəşpərəstlik haqqında əhatəli məlumat verilir. Oxunaqlı dildə, orijinal üslubda qələmə alınan bu irihəcmli bədii nəsr nümunəsində başqa bir tarixi obrazın - taxt-tacın vəlihədi, məmləkətin gələcək hökmdarı Astiaqın da dolğun surətin təsviri verilir. Midiya səltənəti məhz onun bacarıqsızlığı sayəsində süquta uğrayacağı haqqında kədərli hissələr romanın ən təsirli parçaları hesab oluna bilər.
Yazıçı Azərbaycanımızın qədim və əzəmətli bir dövrünü - Midiya imperiyasının yüksəliş illərini qələmə alarkən, tarixdə görkəmli şəxsiyyətin roluna xüsusi diqqət ayırır. Qırx il hökmranlıq eləmiş Kiaksar ömrünün sonunda, e.ə. 486-cı ildə Skiflərin Muğan düzündə qurduqları çarlığın iyirmi səkkiz illik varlığına son qoyub. Kiaksarın qoşunları skiflərin bir qismini qırmış, qalanını da Dar Keçiddən (Dərbənd) şimala, gəldikləri yerə qovmuşdur. Romanda şahənşah Kiaksarın parlaq surəti incə boyalarla təsvir edilmiş, onun döyüş taktikası, qələbələri barədə tarixi qaynaqlar əsasında əhatəli məlumat verilmişdir.
Müəllif romanın nəşrin ilə əlaqədar yazdığı qeydlərində vurğuladığı kimi, roman çoxdan hazır olsa da, çapına qərar verə bilmirdi. Torpaqlarımızın hələ də erməni işğalı altında olması faktı müəllifi həvəsdən salsa da, nəhayət, 2020-ci ildəki möhtəşəm Qarabağ zəfərimiz bu mənəvi baryeri aradan qaldırdı. Yazıçı xüsusi olaraq bildiri ki, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənlə şahənşah Kiaksar kimi rəftar elədi, 44 gündə iyirimi səkkiz illik işğala son qoydu, erməniləri torpaqlarımızdan qovdu, tarix təkrar olundu. Sərkərdə Kiaksar süvari qoşun növünün yaradıcısı, qalib kimi tarixdə qalmışdısa, Prezident və Ali Baş Komandan İlham Əliyev həm II Qarabağ müharibəsini böyük Zəfərlə sona çatdırdı, həm informasiya savaşında düşmənə qalib gəldi, həm də Azərbaycanı XXI əsrin qalib dövləti kimi dünyada tanıtdırdı...
***
Yeni əsərlərindən də göründüyü kimi, Qəni Camalzadə mövzu seçməkdə çətinlik çəkmir. Sabiq sovet düşüncəsinin Azərbaycan romançılığına vurduğu möhürləri qırmağa, ədəbiyyata təzəlik gətirməyə çalışır. Hələ də köhnə təbliğatın, yanlış yolun yolçuları olan bir çox yazıçı özünə zəhmət vermədən əvvəlki qaydada yazıb-yaradır, hətta, yazdıqlarının lazımsızlığını dərk eləmədiyi vatda, Qəni Camalzadənin bir romanında hadisələr uzaq dağ kəndimizdə, o birində isə iri meqapolisə çevrilmiş Bakıda, başqa romanda isə iki min beş yüz il bundan əvvəlki Midiya imperiyasında cərəyan edir. Yazıçının tapdanmış mövzulardan qaçması, daim axtarışda olması göz önündədi ki, bu da çağdaş romançılıqda qəbul edilən ənənlərdən xəbər verir.
***
Qəni Camalzadə Bakıətrafı kəndlərin birində böyüyüb, dindar ailənin övladı olaraq inanclı şəxs kimi ictimaiyyət arasında tanınır. Vaxtilə Həcc ziyarətinə gedərək hacı tituluna sahib olan yazıçı tarixi romandan sonra sayca on üçüncü kitabında da dövrümüz üçün aktual görünən mövzulara toxunur. Bu günlərdə "Qanun" nəşriyyatı tərəfindən nəfis formada nəşr edilən "Şeytana daş atanlar" romanı da əsəri aydın və yeni üslubda qələmə alınmışdır ki, bu da oxucunu, xüsusən yeni nəsil ədəbiyyat həvəskarlarını yormur, əksinə çağdaş söz sənətinə olan həvəslərini daha da artırmağa xidmət edir.
"Şeytana daş atanlar" romanı nasirin əxlaqi kataklizmalara maraqlı baxışları, kəskin ictimai mövqeyi, bəzi hallarda estetik-kulturoloji tənqidi ilə fərqlənir. Bir tərəfdən kasıb dindar, mənəvi kamilləşməyə can atan yeni düşüncəli ilahiyyatçı, digər yandan isə varlılar, hansısa yolla saxta nüfuz qazanmış şəxslər arasındakı gözlə sezilməyən incə məqamlarla yazıçı arif oxucularının diqqətini cəlb edə bilir, ictimai-mənəvi müzakirələri ön plana çəkir. Romanın əsas motivi də məhz bunun üzərində köçlənib ki, öz işlərindəki şeytanla bacarmayanlar, onu daşlamaq üçün uzaq ərəb torpağına üz tutur. Hər iki qüvvənin nümayəndələri Həccə yollanır: kimi mənəvi saflıq əldə edərək yenidən doğulmaq üçün, kimi də cəmiyyətin gözündə xüsusi dini rütbə əldə edən "hörmətli" adam kimi görünməkdən ötrü. Müəllif qəribə bir üslubla, sanki Tanrının dini kitabar vasitəsi ilə bizə yolladğı göylərin həqiqətini ortaya qoyur: Həcc ziyarəti sənin üçün ikinci doğuluşdur, mən yaratdığıma şans verdim, sağlığında onu saflaşdırdım, günahlarının əksəriyyətini bağışladım, ardı şəxsin özündən aslıdır. Bax "Şeytana daş atanlar" romanın əsas fəlsəfəsi də bundadır...
Söz yox, dəyərli yazıçılarımızın sırasında özünəməxsus yerini tapan Qəni Camalzadə istedadlı nasir kimi ədəbiyyat tariximizin bu günündə qələmə aldıqı romanları ilə maraqlı imza sahibi sayılır. Dövrün estetik çağırışlarına çevik reaksiya verən ədib növbəti yeni romanlarını oxucularının ixtiyarına buraxıb. Gənclərin daha çox yeni onlayn/oflayn mütaliə vərdişlərini nəzərə alan müəllif, İnternetdəki www.qenicamalzade.com ünvanlı fərdi ədəbi saytında, eləcə də www.kitabxana.net - Milli Virtual Kitabxana portalında hər iki yeni romanın elektron variantı yayımlanır.
Sonda onu da bildirək ki, hər iki yeni irihəcmli nəsr nümunəsində də müəllif yaradıcılıq ənənələrinə sadiqlik nümayiş etdirir, oxunaqlı, ənənəvi estetik-poetik texnologiyalara söykənən romanları ilə çağdaş ədəbiyyatımızı zənginləşdirməyə çalışır.
Azərbaycanın qədim tarixinə yeni, doğru baxış sərgiləyən, cəmiyyətimizi indi maraqlandıran dini-əxlaqi, mənəvi problemlərə fərqli prizmadana nəzər salan müəllifin növbəti sənət uğurlarına sevinir, yazıçı dostumuz Qəni Camalzadəyə yeni-yeni sənət uğurları arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!