Bir amazonkanın izi ilə - Lətifə Orucun "Sirli gedişlər" romanı ilə bağlı düşüncələr - Elnarə QARAGÖZOVA

Elnarə QARAGÖZOVA

 

Lətifə Orucun "Sirli gedişlər" romanı bir hüquq müdafiəçisinin, bir qadın vəkilin ömür yoluna həsr olunub. Romanın qəhrəmanı Leyla öz prinsipiallığı ilə seçilən, məqsədi, məramı aydın bir gənc kimi qarşımıza çıxır. Əsərin ilk sətirlərindən, müəllifin onu yelləncəkdə yellənərkən keçirdiyi duyğular selində təqdim etdiyi andan qəhrəmanın ambisiyalı, daim irəliyə, zirvəyə doğru yol alan bir obraz olduğu hiss edilir. O, sadə və zəhmətkeş ailədə, əyalət mühitində böyüsə də, ətrafdakıların fikrinə seçici yanaşmağı bacarır, eşitdiyi hər sözü, iradı, xəbəri öz düşüncə süzgəcindən keçirdikdən sonra qərarını verir.

Romanda əsas vurğulanan məqamlardan biri də insanın yetişməsində mühit, ailə amilinin həlledici olmasıdır. Evdar qadın Səriyyə ilə təcili yardım sürücüsü Oqtayın ocağında halal nemətlərlə böyüyən yeddi qızın uğura və işığa doğru gedən yolunda bu ailənin daşıdığı dəyərlərin önəmi danılmazdır. Özləri təhsil almayan valideynlər bir çox cahillərin kəc baxdığı qız övladının oxuması üçün bacardıqları qədər çalışır, vuruşurlar. Leylanın arzusu yaşadığı mühit üçün imkansız bir arzudur. Sadə, zəhmətkeş ailədən çıxan bir insanın, özəlliklə də qızın öz savadı ilə hüquq fakültəsinə qəbul olmaq arzusu bir çoxlarında istehza doğurur. Beləliklə, Leyla və ailəsi yalnız imkansızlıq, maddi çətinliklərlə deyil, həm də ətrafdakı cahil, qız uşağını artıq yük hesab edən mühitlə mübarizə aparırlar. Bu mübarizənin, birliyin, ailə bağlarının nəticəsində "həyatın qüdrətli bir əl tərəfindən sirli gedişləri" olduğuna inanan Leyla öz zəhməti, səbri və iradəsi ilə arzularına çatır. Lakin bu arzuya çatmaq yolun sonu deyil, başlanğıcıdır. Leyla sadə bir arzu yolçusu deyil, o, bir liderdir. O, yalnız özü uğurlar qazanmaqla kifayətlənmir, ətrafındakıları - bacılarını, oğlunu, qızını da daim zirvələrə səsləyir, onların yolunda bir məşələ çevrilir.

Əsərdə hadisələr üç zaman kəsiyində baş verir: 70-ci illər, 90-cı illər və XXI əsrin əvvəlləri. Zaman dəyişir, mühit dəyişir. Dəyişməyən yalnız Leylanın məramı və missiyasıdır: daim zirvəyə doğru yol almaq, özünə inanmaq, haqqın yanında olmaq və tutduğu düzgün yoldan əsla dönməmək. Leyla öz ideallarına savaşlardan, təhlükələrdən keçərək, məğlubolunmaz bir amazonka kimi çatır. Həyat yolunun əvvəlində Qaya və bacısı Məsmə ilə rastlaşan, onların kamilliyinə heyran olan Leyla üçün idealları, həyatda seçdiyi yol daha da aydınlaşır və o öz məqsədinə doğru əvvəlkindən də böyük inamla, həvəslə gedir. Həyat illər sonra onu yenidən Qaya ilə qarşılaşdırır. Ömrünün son aylarını yaşayan Qaya Leylanın timsalında öz yolundan dönməyən, daim zirvəyə can atan, düzlüyü, halallığı, qanunların keşiyində durmağı özünə şərəf bilən bir gənci, öz idealını görür.

Hüquq fakültəsinə daxil olub prokuror olmağı arzu edən Leyla təhsilini başa vurduqdan sonra vəkil kimi fəaliyyət göstərmək qərarına gəlir. Qanunun aliliyini qorumaq, qanunun adından cinayətə cəza tətbiq etmək şərəflidir. Lakin bütün yazılan və yazılmayan qanunlar məhz insan üçün, onun səadəti üçün, onu qorumaq üçün nəzərdə tutulub. İnsanı və onun bir parçası olduğu cəmiyyəti qanunu düzgün şərh etməyən, qanunu qanunsuz gəlir yerinə çevirən, onun aliliyini ləkələyən "insancıq"lardan qorumaq daha vacibdir. Təmizlik, qürur və zəhmətin qələbəsinə inanan Leyla öz həyat yolunda daim qanunun aliliyini qoruyur, haqqı nahaqqın ayağına vermir. Həyat onu illər sonra həm soğan oğurlayan erməni tələbə, həm də rüşvətlə onun arzusunda olduğu hüquq fakültəsinə asanlıqla qəbul olan Orxan Salmanzadə ilə qarşılaşdırır. Hər iki obraz gəncliklərində tutduqları haram yolun yeni zamanda daha dəhşətli təmsilçisinə, şərin böyük heykəlinə çevrilib. Leyla haqq üçün, qanun üçün, öz arzularını reallaşdırmaq üçün daim insan cildinə girən şərlə savaşır, vuruşur, öz arzularına doğru yol alır. Nə maddi çətinliklər, nə mənəvi əzablar, nə də ailəsinə və özünə yönələn təzyiqlər onu ruhdan salmır.

Lətifə Oruc Leylanı yalnız daim haqlının yanında olan, savadlı bir vəkil kimi yox, bir ana kimi də oxucuya sevdirir. O, ailə quranda da möhkəm təməllər üzərində qurur, varlını, vəzifəlini deyil, öz savadı, gücü ilə qalib gələni seçir. Oğlu Rüfətin şahmatçı kimi parlaq qələbələrində bir ana kimi də onun xidməti əvəzsizdir. Vaxtilə ana-atasının ona aşıladığı ailə dəyərlərini, elmi, təhsili, halallığı daim zirvədə görmək, yorulmadan bu zirvəyə can atmaq kimi xüsusiyyətləri Leyla öz ailəsinə də ötürərək yaşadır.

Əsərdə erməni hiyləsi, erməni xisləti də zaman-zaman Leylanın həyat yolunda rast gəldiyi naqis məqamlardandır. Gəncliyində - 70-ci illərdə bu naqisliyi heyrətlə qarşılayan Leyla kamillik yaşında bu genetik düşmənçiliyin mahiyyətini daha dərindən dərk edir, vətənin yaralarını öz yaraları kimi sarmağa, sağaltmağa çalışır. Romanın azad olunmuş Şuşada Leylanın qonaqlıq mərasimi keçirməsi ilə yekunlaşması da simvolikdir. Ömrünü halallıq, xalqa xidmət və düzgünlüklə yaşayan bir insanın xalqımızın illərlə həsrətində olduğu Şuşada təşkil etdiyi ziyafəti məhz şəhid övladının ad günündə onun könlünü almaq üçün tərk etməsi, şəhid qızının sevincini dəvət etdiyi bütün qonaqlardan və qonaqlıqlardan üstün tutması yazıçının yaratdığı qadın-ana-vəkil obrazının ştrixlərini dərinləşdirir, onu oxucunun gözündə bir daha ucaldır.

Maraqlı və orijinal quruluşa malik olan roman səkkiz fəsildən ibarətdir. Əsərin  hər fəslinin əvvəlində dəyərli fikirlər, ibrətamiz kəlamlar yer alır. Həmin fəslin xəbərçisi, anonsu kimi çıxış edən bu qısa, lakin dərin mənalı fikirlər fəslin mətnindən çıxarışlardır. Bununla yazıçı növbəti fəsildə vurğulayacağı məqamları qeyd etməklə yanaşı, oxucuya aşılamaq istədiyi, unudulmaması gərəkən həqiqəti təkrar-təkrar xatırladır. Nədir bu həqiqət? Əsər boyu vurğulanan əsas məqam cəmiyyətin qanunları, hüquq müddəaları və Allahın qoyduğu qaydaların vəhdətinin vacibliyidir.

Romanın gənclərə ötürmək istədiyi əsas mesaj da məhz budur: Yer üzündə məhz bu üçlüyün - cəmiyyətin qanunları, hüquq müddəaları və Allahın qoyduğu qaydaların vəhdəti insanın xoşbəxtliyini təmin edə bilər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!