"Yurda fəda üç paşa" romanında Ənvər paşa və türk birliyi - Mərziyyə NƏCƏFOVA

 

Tariximizi əks etdirən hadisələr və türk tarixində qəhrəmanlıq salnaməsi yaradan şəxsiyyətlət haqqında yazmaq şərəfli olduğu qədər də çətindir. Xüsusilə türk tarixində adları qızıl xətlə yaddaşlara həkk olunan tarixi şəxsiyyətlərin - Ənvər, Tələt və Camal Paşaların yaxın türk siyasi tarixinin üç böyük fədaisi haqqında roman yazmaq özü bir tarixdir, desək, doğru olar. Yazıçı Hüseynbala Mirələmov bu çətin və şərəfli tarixi ədəbiyyata gətirmək missiyasını davam etdirmək məqsədilə yeni bir roman meydana qoyub: "Ənvər Paşa"!

İlk sözə  ulu öndər  Heydər Əliyevin "Biz bir millət, iki dövlətik"  ifadəsi ilə  başlayan müəllif, İlham Əliyevin "XXI əsr türk dünyası əsri olacaq" ifadəsini və Rəcəb Tayyib Ərdoğanın şanlı türk bayrağı haqqında fikirlərini  xatırlatmağı özünə borc bilib. "Hər nə olur-olsun, bu şanlı bayraq dalğalanmağa davam edəcək" (T.Ərdoğan) ifadəsi bugünümüzün deyil, türk tarixində şanlı qəhrəmanlıq səhifələrimizi yazan üç türk paşasının da əsas amalı olduğu yenidən Ərdoğanın ifadəsində canlanır əsərdə. İllərlə birlik və bərabərliyimiz, azadlığımız uğrunda canlarını fəda edən türk ərənləri mübarizəmizin bünövrəsini, təməlini ataraq bugünkü qalibiyyətimizə doğru irəliləyiblər. Müəllif hər üç paşanı birləşdirən ortaq səbəblər haqqında yazır: "Onları birləşdirən ortaq səbəblər təkcə Vətən, milllət sevgisi, Turan amalı və yurd təəssübkeşliyi deyildi, həm də ölüm səbəbləri idi. Hər üçünü "Daşnaksutyun"un qondarma "hökm"ü əsasında erməni millətçiləri uzun müddət izləyərək amansızlıqla qətlə yetiriblər. Sağ ikən qürbət diyarlarda Vətənə qovuşmaq xəyalı ilə yaşayan hər üç paşa qərib ölkələrdə torpağa tapşırılacaq, yalnız uzun illərdən sonra tabutlarda doğma Türkiyəyə qayıda biləcəkdilər"...

Müəllifin hər üç paşa haqqında şərhi romandakı ideyanın dərinləşməsinə və bütünləşməsinə təsir göstərir. Hər üç paşanın amalını, müqəddəsliyini ifadə edən müəllif sonda bir fikir üzərində dayanır - hər üç paşa erməni məkrinin, erməni vəhşiliyinin qurbanıdır, ermənilər tarix boyu bu zülmü bizlərə yaşadıblar, bütün əsrlərdə bu və ya digər formada düşmən xislətlərindən əl çəkməyərək əli qələm və qılınc tutan işıqlı insanlarımızı məhv etməklə məşğul olublar.  

Hüseynbala Mirələmovun birinci kitabında Ənvər Paşa haqqında layiq olduğu bədii müstəvidə söz demək başlıca missiyadır. Romanın əsas ideyası olaraq, onun Azərbaycanla bağlı fəaliyyəti, mübariz sərkərdənin həyat tarixçəsi  və fədainin tam obrazının türk dünyasına - gələcəyə çatdırılması məsələsi qarşıya məqsəd qoyulur.

Hüseynbala Mirələmov Ənvər Paşanın mübarizlik əzmindən qürur və sevgi ilə bəhs edir. Bu elə yazıçının özünün də türk xalqına olan sevgi və dəyərinin göstəricisi sayıla bilər. Bunu Mirələmovun bu günədək yazdığı bütün əsərlər sübut edir. Tarixi yaddaş, tarix yazan şəxsiyyətlərin həyatı, onları bədii rakursdan işıqlandırmaq meyli yazıçının yaradıcılığının prioritet istiqamətidir desək, yanılmarıq.

Roman Ənvər Paşanın həyat və fəaliyyətini əks etdirir. Müəllif  əsərdə Ənvər Paşanın Azərbaycana olan sevgisini, onun xalqımızın ziyalı və yazarları ilə sıx dostluq, qardaşlıq münasibətində olmasını, Turan imperatorluğu qurmaq uğrunda apardığı mübarizəni,  şəxsi yaşantıları, ailəsi və yaxınları haqqında geniş məlumatı, Paşanın Bəlcivan torpağında şəhidlik məqamına yüksəlişini sadə, aydın və rəvan bir dillə, şəxsi təxəyyülünün zəngin bədii ümumiləşdirməsi ilə qələmə alıb. Əsər qırx bir fəsildən ibarətdir. Müəllifin  hadisələri qırx bir fəsildə əks etdirməsi də bir anlam daşıyır. Ənvər Paşa cəmi qırx bir il yaşamış, misilsiz mübarizəsini bu qırx bir ilə sığdırmışdır.

Əvvəlcə əsərin fabulası üzərində dayanaq. Romanın birinci fəsli Qurban bayramının ikinci günü, 5 avqust 1922-ci ildə yaşanan faciənin əksi ilə başlayır.  Turanın böyük  qurtuluş elçisinin müqəddəs şəhadəti isə bir gün öncə baş vermişdi. Buxara xanlığına daxil olan Bəlcivan qəsəbəsindən iyirmi beş kilometr aralıda hər zaman bahara həsrət Abudərya kəndinin şoranlıq çölündə baş verən savaş Ənvər Paşanın son savaşı olmuşdur. Son savaşdan əvvəl Ənvər Paşanın dəstəsi - Dövlətmənd bəy, Qazax Murad, Kazanlı Kərim bəy, Müslümanqul, Çərkəz Hüseyn Nafiz, Danyal bəy və digərləri bayram namazı qılmışdılar. Böyük Turan yolçularının Allaha duaları əsərdəki ideyanı tamamlayır.  Xüsusilə Ənvər Paşanın duasında iki böyük məqam diqqət çəkir: "Ey Cənabi Haqq! Biz təkcə sənin qarşında diz çökərik, bir tək sənə itaət edərik! Bir tək sənin əmrinə uyarıq! Böyük Turandan azan səsi, qəlbimizdən Allah sevgisi əskik olmasın, inşallah! Bizi yaratdığın bu torpağın üstündə qalib, dərgahında isə şəhadətə varanlardan eylə, Rəbbim!".

Ənvər paşanın ölümündən əvvəl şəhadətə yüksəlmək istəyini öz dualarında arzu etməsinin bu şəkildə təqdimi əsərdə onun Allaha olan əvəzsiz sevgisinin tərənnümü kimi verilir. Paşanın ölümü isə yavəri Sübhi bəyin dilindən əks etdirilir. Bu xəbərin verilməsində şübhə doğuran ifadələr də diqqətə çatdırılır ki, sonradan həmin qaranlıqlar açılır. Sübhi bəy paşanın ürəyinə dəyən güllənin çox yaxından vurulduğunu deyir: "Axı bu necə olmuşdu; o qədər yaxından və tam hədəfinə dəyən gülləyə az-az rast gəlinir".

Bu fikirlərlə oxucunu sirr labirintinə salıb maraqlı gedişata hazırlayan yazıçı sonradan bu sirri Qriqori Ağabekyanın xatirələrində açır. Gözlənilməz olmasa da xatirədən anlaşılır ki, Ənvər Paşanın ştabının yeri pul ilə satın alınan bir yerlisindən əldə edilən məlumat sayəsində öyrənilmişdir. Ənvər Paşanın ölümü erməni Melkumyanın "Qırmızı Bayraq" ordeni alması ilə nəticələnmişdir. Birinci fəsildə Ənvər Paşanın şahadətə yüksəlməsi anları təsirli olduğu qədər də qürurverici anlarla yadda qalır. Ürəyindən yara alan Ənvər Paşanın ölüm ayağında qibləyə üz tutmaq üçün bütün gücünü toplaması və şəhadət gətirməsi romanı yaddaqalan edən əsas səhnələrdən sayıla bilər. Əsərdə onun atı Dərvişin də yaralanması, sahibinə sevgi və sədaqəti də diqqət çəkir.

İkinci fəsildə Ənvər Paşanın həyatı ilə yaxından tanış olan oxucu onun ailə üzvləri və bütün ətrafını öyrənmiş olur. Ənvər Paşanın dədələrinin bu yerlərə Krımdan köçdükləri, babalarının əslən qaqauz türkləri olması və Krım xanlığının sarayına yaxınlığında oturduqları, buraya yaxın yerdə yaşayan bir krımlı xanımla tanışlığı və evlənməsi diqqətə çatdırılır. Üçüncü fəsildə İsmayıl Ənvərin uşaqlıq illərini görür və onun hər kəsin diqqətini çəkən, ağlı, kamalı ilə həmyaşıdlarından fərqləndiyinin şahidi oluruq...  

Romanda Ənvər Paşa obrazını bütövləşdirən, onu bir tarixi mübarizkar, şəxsiyyət  kimi təqdim etməkdə rol oynayan cəhətlərdən biri də müəllifin hər fəsil öncəsi türk dünyası şəxsiyyətlərinin onun haqqında fikirlərinə istinad etməsidir. Belə bir genişlik yazıçı Hüseynbala Mirələmovun mövzu ilə bağlı geniş tədqiqata varmasının göstəricisidir: "Ənvər bir günəş kimi doğmuş, bir qürub ehtişamıyla batmışdır" (Mustafa Kamal Atatürk).

Romanda bəzi hissələrdə Ənvər Paşanın qarşıya qoyduğu məqsəd, mübarizə və planlar obrazın öz təhkiyəsində yer alır ki, bunu da onun daxili aləminin, siyasət və şəxsiyyətinin açılması baxımından böyük rol oynadığını düşünürük: Məsələn, "Tarix şahiddir ki, türk əsgərindən şanlı, türk əsgərindən fədakar əsgər yoxdur" fikrində türk əsgərinin nəyə qadir olduğunu vurğulayan ölməz sərkərdənin böyük dəyəri yer alır. Yaxud "Qayəmiz Turandır, Turan olmasa şəhadət olur" fikri onun  turançılığını meydana qoyur. Bu kimi ifadələr əsərin sonuna qədər müəyyən fəsillərin əsas ideyası, məğzi olaraq oxuculara çatdırılır.

Hüseynbala Mirələmovun "Ənvər Paşa" romanı özündə çox mühüm məqamları ehtiva edir. O məqamlar ki, bugünümüzədək demək olar ki, nəsrimizdə yer almayıb. Halbuki aradan keçən bir əsrlik zaman müddətində bu mövzu çoxdan milli nəsrin təcəssüm predmeti olmalı idi. 

Yazıçı Azərbaycan xalqının türk sərkərdələrinə olan sevgisini yadda qalan mühüm hadisələri xatırlatmaqla bədiiləşdirir. Noyabır ayının 10-u Bakı zənginlərindən Ağa Musa Nağıyevin yay klubunun zalında Bakı, Qarabağ və Dərbəndi azad edən baş komandan Nuru Paşanın qələbəsi və onun Azərbaycandan ayrılmasının şərəfinə böyük bir ziyafətin verilməsi və burada yaşananlar Türk xalqına böyük dəyər və sevginin tərənnümüdür. Ziyafətdə tanınmış aktyor Abbas Mirzə Şərifzadənin zala daxil olaraq Ənvər Paşanın qiyafəsində monoloq söyləməsi də bu sevginin bariz nümunəsi olaraq mənalanır. 

Romanın qırx birinci - sonuncu fəslində müəllif paşanın şəhadətə yürüdüyü məkanı canlandırır. Böyük Ənvər Paşanın son dəfə düşündükləri diqqətə çatdırılır. Hərb kimi çətin həyat seçdiyinə, azadlıq uğrunda apardığı mübarizələrə görə  qürur hissi keçirən paşa düşünür ki, onu ölümündən sonra da övladları, sevdiyi xanımı Naciyə, yaxınları, sevənləri və sevməyənləri hər zaman xatırlayacaq, onu hər zaman  var sanacaqlar. Son nəfəsində Naciyəsinə məktubunu düşünür. Hələ üzünü görmədiyi oğlu Əlinin də gələcəkdə hərbi sahədə uğur qazanmasını, azadlıq uğrunda, türk birliyi uğrunda mübarizə aparmasını vəsiyyət edir. Naciyəyə yazdığı məktubda yer almış "Mustafa Kamalın uğura çatması üçün mümkün olan heç bir yardımı əsirgəmə. Böyük Allah onu bu məmləkəti düşmənlərdən qurtarmaq və qorumaq üçün seçib göndərmişdir" fikirləri isə Ənvər Paşanın son nəfəsində belə vətəni, xalqı üçün nə qədər can yandırdığının əməl göstəricisinə çevrilir.

Bəli, Ənvər Paşanın son nəfəsində belə düşündüyü məsələ türk birliyi, azad türk xalqları və sinəsi üzərində gəzdirdiyi müqəddəs "Quran" oldu. Bir də gələcəyinə ümid bəslədiyi övladları. Müəllif övladların gələcək taleləri haqqında sonuncu fəsildə geniş məlumat verməklə Ənvər Paşanın ideyalarının yaşadığını və Türk dünyasında əbədi iz qoyduğunu əks etdirir.

Bu gün tarix Ənvər Paşanın hələ də türk dünyasında əməlləri ilə var olan, yurd fədaisi olaraq yaşadığını sübut edir. Hələ yurda fəda olan bu şəxsiyyətlərin obrazı Türk xalqlarının ədəbiyyatında bundan sonra yəqin ki, çox canlanacaq. Hüseynbala Mirələmov bu mənada, gərəkli bir mövzuya müraciət etməklə çətin işin müqəddiməsinə imza atmışdır. Davamı əlbəttə ki, yazılacaq. Elə trilogiya kimi nəzərdə tutulan kitabdan daha ikisini oxuyub özümüzə dönmək, keçmişimizi tanımaq, üz-üzə dayanmaq şansımız olacaq. Bu mənada "Ənvər Paşa" əsəri bir başlanğıcdır. Həm də günün sözü, döyünən nəbzidir. Bu gün dünyada Turan birliyi qurulursa ədəbiyyat da sözünü deməli, öz töhfəsini verməlidir. 

Budur, əsərin sonunun boz qurdun zəhmli ulartısı ilə bitməsi Turan və Türküstan ellərinin birliyinə, əbədi varlığına bir çağırışdır. Yaşayan və gerçəkləşən bu ideyaya görə isə yurda fəda olmağa dəyər!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!