Yeni ədəbiyyatın sorağında yaxud "Min gecədən biri" - Nizami Cəfərov

"Elçin - Yazıçının yaradıcılıq yolu" silsiləsindən birinci yazı

 

Adətən, böyük yazıçıların ilk qələm təcrübələrilə tanış olmağa maraq həmin  yazıçıların böyüklüyü bu və ya digər  miqyasda dərk (və təsdiq) olunandan sonra daha da güclənir… Kiçik  çayların mənbəyini axtarıb tapmaq, yəqin ki, o qədər də cəlbedici deyil, ancaq böyük çayların (nəhrlərin) haradan, hansı təbii  imkan və ya potensialla başladığı, görünür, heç cür maraq doğurmaya bilməz.

Xalq yazıçısı Elçinin keçən əsrin 60- cı illərində nəşr olunmuş  ilk  kitabın - "Min gecədən biri"ni vərəqləyirəm… Buraya yazıçının  60- cı illərin əvvəllərində qələmə aldığı  hekayələri, "Meteorlar" adlandırdığı lirik-metafizik düşüncələri, "Əsli və Kərəm" povesti daxil edilmişdir.

"Nərdivanın birinci pilləsi" hekayəsi yeniyetmə oğlanın ilk müstəqil (və təbii ki, hər anı həyəcanla müşayiət olunan) hərəkəti - səhərə yaxın evdən xəbərsiz balıq tutmağa getməsinin təsviri ilə başlayır. Bütün xəyalları, ümidləri "mütləq" tutacağı balıqlarla  bağlı olan yeniyetmə, əslində, hansısa  anlaşılmaz, təhtəlşüur bir qüvvənin təsirilə özünü təsdiq etmək istəyir. Və bu özünütəsdiq prosesi həmin yeniyetmənin düşüncələri, hissləri səviyyəsində kifayət qədər uğursuz, hətta tragik sonluqla başa çatır.

İlk ov cəhdi tamamilə fiaskoya uğrayır…

"Gecə idi.

Yağış yağırdı - gah bərkiyir, gah yavaşıyırdı.

Əlində fənər tutmuş adamlar köhnə araba yolunun ağzına toplaşmışdılar.

Birdən kim isə qışqırdı:

- Gəlir!

Hamı göstərilən tərəfə baxdı.

O gəlirdi. Hələ 11 illik ömründə yerimədiyi bir yerişlə gəlirdi.

O, onlara çatan kimi dayandı. Bir neçə  an tərpənmədi. Birdən anasının üstünə cumub bərkdən ağladı və sanki bununla da öz uşaqlıq çağlarına əbədi əlvida dedi".

Gənc yazıçının sadə cümlələrdən ibarət həssas (və yığcam) təhkiyə - təfərrüatlarında zərif bir psixoloji  analitizm, yeniyetmə  qəhrəmanın daxilində gedən ruhi prosesləri təbii sadəlövhlüyü (və özünəməxsus təzahür zənginliyi) ilə tədqiq marağı var ki, bütün bunlar hekayə müəllifinin əlinə təsadüfən qələm almadığını aydın göstərir.

"Yüz qram şit yağ"da söhbət,  maraqlıdır ki, Elçinin dünyaya gəldiyi 1943-cü ildən gedir… Müxtəlif millətlərdən olan yeddi dost Moskvada bir kursda oxuyub,  yataqxanada bir otaqda qalırlar. Müharibənin ağır günləridir… Və  ağır günlərin bu yeddi dostu birdən kəşf edirlər ki, üç ildir ağızlarına şit yağ dəyməyib… Dostlardan biri yeni aldığı  təqaüdün hamısını verib "kammerçeski maqazin"dən yüz qram şit yağ alır. Otaq yoldaşlarını- dostlarını sevindirəcəyini güman eləsə də, tamamilə başqa bir münasibətlə qarşılaşır… Heç kim yaxına gəlmir…

"Mən hər şeyi başa düşdüm. Onlar cürət etmirdilər. Bəli, cürət etmirdilər.  Cəsarət etmirdilər. Mən bütün varlığımla dərk etdim ki, onlar bu yüz qram şit yağa toxunmağa cəsarət etmirlər. Çünki bu yağ mənim idi.

…Mən masanın üstündəki şax- şax kağıza bükülü yüz qram şit yağı, xalis yağı, təzə, təmiz yağı, sapsarı kəhrəba kimi  yağı qamarladım və var gücümlə pəncərədən çölə tulladım…"

Və bu hərəkət otağa çökmüş sükutu,  rahatsızlığı aradan qaldırır…

"Çünki yeddimiz də dost idik. Ağır günlər dostu"…

Elçin bu hekayəni qələmə alanda müharibə artıq çoxdan qurtarsa da, müharibə  dövrünün yaşantıları həm kifayət qədər canlı idi, həm də Azərbaycan ədəbiyyatı həmin mövzuya xüsusi həssaslıq  göstərir, müharibə dövründə,  yaşından, milliyyətindən asılı olmayaraq,  insan taleyinin, insan psixologiyasının keşməkeşlərindən, gözlənilməz reaksiyalarından yazırdı.  Və gənc yazıçı da bu mövzuya özünəməxsus bir münasibət ifadə  etmiş, dostluğun, həmrəyliyin, mehribanlığın, güzəştə getməyə, qurban verməyə həmişə hazır olmağın ağır günlərdə nə demək olduğunu adi bir məişət detalı ilə göstərə bilmişdi…

Ümumiyyətlə,  ilk hekayələrdən etibarən özünü get- gedə daha açıq göstərən bir xüsusiyyət var ki, bu, Elçin yaradıcılığının  poetik keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir  edir: insan psixikasının ağrılı, həssas nöqtələrini təhtəlşüur bir ustalıqla tapıb  onları təhlil (və qıcıq) obyektinə çevirmək…

"Min gecədən biri"nin qəhrəmanı Zəhra  xala, belə baxanda, normal həyat yaşayır, sən deyən ağrı-acısı da yoxdur (yəni özü bunu hiss etmir!), ancaq gənc yazıçı- psixoloq hiss edir ki, yaşlaşmış tənha bir qadının həyatında bütün normallılıqlar  daxilində gizlənmiş elə anomaliyalar var ki, onun faciəsini hazırlayır…

"Bakıda yüzlərlə hazır mallar dükanı var - böyüklü, kiçikli. Zəhra xala da bu dükanlardan birində işləyir"…

Evi bütün qonşuların üzünə açıq olan  Zəhra xalanın neçə gecələrindən biri təsvir olunur; o gecə ki, gəlməli olanlardan heç biri gəlmir… Hətta onun evində rahat siqaret çəkən az qala yüz yaşlı Əziz kişi də…

"Zəhra xala fikirləşdi ki, gərək külqabındakı papiros kötüyünü tullamayaydı. Gərək tullamayaydı. Qoyaydı elə qalsın mizin üstündə… Bütün gecəni - soyuq gecəni, zülmət gecəni…"

Nəzərə alsaq ki, bu cümlələri yazanın o zaman hələ iyirmi yaşı vardı, onda sonrakı mühakimələrə də heyrət etməmək mümkün deyil:

"Sonra qalxıb çarpayının üstünü açdı. Mətbəxə keçdi, qazı söndürdü. İçəri girib soyundu. Gecə köynəyini geydi. Otağın işığını keçirib yerinə girdi.

Küçədə elektrik xəttindən asılmış balaca fanar yanırdı. Fanarın lampasına bürünmüş dəmir torun kölgəsi pəncərədən Zəhra  xalanın otağında divara düşürdü. Külək fənəri o tərəf-bu tərəfə yellədikcə divardakı kölgə də rəqs edirdi. Zəhra xala buna baxır, heç nə fikirləşmək istəmirdi"…

Niyə?.. Ona görə ki, Zəhra xalanın hissləri kütləşmişdi, həyatı, gənc yazıçının dəqiq müəyyənləşdirdiyi kimi, qatarda hara gedəcəyini bilməyən bir sərnişinin səfərinə bənzəyirdi…

"Külək arakəsmənin bayır qapısını  yenə də laxlatdı, qapı tıqqıldamağa başladı - elə bil yolbənd qalxdı, qatar tərpəndi, vaqonun yuxarı gözündəki çamadan da təzədən atıldı-düşdü, atıldı-düşdü…"

Elçin gənc yaşlarından təkrarı sevir… Səsi, sözü, cümləni, fikri təkrar edir…

Və təkrar edə-edə yeni səs, söz, cümlə, fikir yaradır… Dediyinə bir də qayıdır. Və  görürsən ki, bu qayıdış bir ayrı qayıdışdır…

"Kəfkir" hekayəsində olduğu kimi…

"Hamı yorulmaq bilmədən işləyirdi - arvad da, kişi də, qız da, oğlan da,  qoca da, uşaq da. Uçurulmuş evləri yenidən  tikirdilər.

 O, onların yanında dayandı. Əlində kəfkir var idi - qalayı getmiş mis kəfkir. O  heç kimi, heç nəyi sevmirdi - əlindəki kəfkirdən başqa".

Sonda məlum olur ki, "paqonları yenicə sökülmüş şinel"in sahibi qonşu evinin kəfkirini əzizləyirmiş… Öz əzizləri kimi…

 Gənc yazıçı insanda əşyanı, əşyada insanı, hissiyyatda hissizliyi, hissizlikdə  hissiyyatı axtarır. Gecədə gündüzü, gündüzdə gecəni görür… Uçulub dağılmış  evlərin bərpasından danışa-danışa uçulub dağılmış ruhun heç zaman bərpa  olunmayacaq metafizikasını  qabardır. Və cavabsız (cavabı olmayan!)  suallar verir…

"Gün çıxmışdı. İsti idi. Son zamanlar burada isti olmazdı. Həmişə soyuq olurdu, qış-yay, həmişə, indi isə isti idi. İsti.

Hamı uçurulmuş, dağıdılmış evləri yenidən tikirdi.

Küçələr abadlaşırdı".

Bu, soyuğun istisidir, ya istinin soyuğu, bu, dağıntının abadlığıdır, ya abadlığın dağıntısı?..

Bu, həyatın paradokslarıdır!.. İsti-soyuqluğu, dağıntısı-bərpası ilə!..

Bunu gələcəyin böyük yazıçısı deyir… Gənc yaşlarında!..

Özü də elə bir dillə deyir ki, elə bil qırx ilin söz-söhbətini sinəsində cəmləmiş ustaddır…

"Axşam düşhadüş idi.

Sağda Ay çıxırdı, solda günəş batırdı - onlar Masallıdan gələndə.

Günəş qıpqırmızı, girdə, Ay - ağappaq, yarımçevrə idi,  elə bil qəlibə salınmış bir tikə bulud parçasıydı"…

Elçin ilk gəncliyindən detalçıdır. Təsvir elədiyi hər şeydə ən incə məqamlara qədər gedir. Və bu cür təsvir incəliyi (və  detalçılığı), qəribədir ki, adamı nəinki yorur, hətta sənin təsəvvürün qarşısında  elə bir meydan açır ki, özün də həmin  təsvirin müəllifinə qoşulmaq istəyirsən ki, bir az da təfsilata getsin. O qədər getsin ki, bu təfsilatda əriyib itəsən - , ağrın-acın gedə - , ovsunlanasan, adam olasan…

"Hərdən Ay maşınla birgə qabağa qaçırdı, günəş dala qalırdı, ya da günəş qabağa  qaçırdı, Ay geri qalırdı - günlərlə, aylarla, illərlə səhərdən axşamacan günün altında qalıb dalğalanmış asfaltın sağa-sola  burulmasındanıydı"…

"Səlim, Fatma və hacıleyləklər…" hekayəsində gənc müəllifin bir ustalığı bu cür təsvir-təfərrüatların estetik təsirliliyindədirsə, digəri qəhrəmanların təbii hiss- ovqatlarının  qarşılaşdırılmasında - Səlimin gələcək  ailə ilə bağlı kişi  laqeydliyi ilə Fatmanın təhtəlşüur qadın-ana məsuliyyətindədir…

"Bir azdan anaları yeməklə qayıdırdı.  Dörd balası onu hər tərəfdən əhatə edib  necə olursa-olsun, bir-birinə macal vermədən dimdiklərini analarının ağzına soxmaq istəyirdilər. Müvazinətlərini itirməsinlər deyə qanadlarını açıb o yana- bu yana yelləyirdilər-elə bil nəhəng ağ çiçəkdir, yel əsib ləçəklərini tərpədir"…

Kişi "cəmiyyət"in, qadın isə "təbiət"in övladı imiş… Qadın kişi qədər ictimai, kişi qadın qədər təbii deyilmiş…

Və "Bir nəfər qanlı oğlan haqqında" hekayə də bunun satirik təcəssümüdür… "Kişilik" ("ictimailik"!) qadın (təbiət!) önündə "reverens"dən başqa bir şey deyilmiş…

"Meteorlar" yazıçının bütün yaradıcılığı boyu müraciət  edəcəyi bədii-fəlsəfi düşüncələrin başlanğıcıdır…

Elçinin "Əsli və Kərəm" adlı "lirik-yumoristik kiçik povest"i məşhur xalq dastanının motivləri əsasında qələmə alınmışdır. Doğrudur, burada nə Kərəm o Kərəmdir, nə də Əsli o Əsli… Ancaq povestin həm bədii strukturunda,  həm də qəhrəmanlarının xarakterində məşhur dastandan gələn tanış harmoniya, ovqat, estetik ətir var…

Kərəm anasının təkidi ilə uşaqlıqdan bir yerdə böyüdüyü Əsli ilə ailə qurmağa  razılıq verir. Gənclər görüşürlər… Və bu görüşlər elə əvvəlcədən hiss etdirir ki, onları bir-birinə çəkəcək, Əsli- Kərəm edəcək heç bir qüvvə yoxdur. Hər iki tərəfdən anaların təkidi  nə qədər güclü olsa da,  gənclərin münasibətlərində özünü göstərən prozaiklik gülməli hadisələrə gətirib  çıxarır… Ancaq bu görüşlər onların hər  ikisində o vaxta qədər dərk etmədikləri  hissləri oyadır: məlum olur ki, Kərəm Fəridəyə, Əsli isə  Fikrətə biganə deyilmiş…

"Əsli Kərəmə baxdı, Kərəm Əsliyə və bu  an mən bütün varlığımla dərk etdim ki,  onlar - Əsli və Kərəm - lap ürəklərinin dərinliklərinə kimi bir-birini başa düşdülər. Elə  başa düşdülər ki, nə söz lazım gəldi nə də  təbəssüm…

…Əsli dedi:

- Kərəm, gəl dost olaq.

Kərəm onun tələffüzündə bu unudulmaz gecə ilə həmahəng olan elə bir səmimiyyət hiss etdi ki, cavab vermədi. Elə bil vüsal və hicranı özündə birləşdirmiş bu pauzanı pozacağından çəkindi. Sonra:

- Məgər dost deyilik!?! - dedi.

- Yox, bilirsən, həmişə dost olaq,  ömrümüzün axırına qədər! Yaxın yoldaş, dost olaq! Bir-birimizi  sevək… bacı-qardaş kimi…

Nə gözəl gecə idi…"

Maraqlıdır ki, gənclərin bu qeyri-adi qərarını analar əvvəlcə biabırçılıq kimi qarşılayıb özlərindən çıxsalar da,  sonralar ona tamamilə təbii baxırlar.

"…Kərəm hələ indiyə kimi heç vaxt Qaradağa belə tələsməmişdi…

Əsli evlərindən çıxıb trolleybusa mindi. Ürəyi atılıb-düşürdü. Əsli hələ indiyə qədər heç vaxt işə gedəndə belə həyəcanlanmamışdı…

Sonra… nə isə…

Əsli, Fikrətə salam söylə. Sən də, Kərəm,  Fəridəyə salam de".

"Min gecədən biri" ədəbiyyatşünaslıqda "altmışıncılar" adlanan nəslin ilk bədii  manifestlərindən biridir. Və Elçin sonralar həmin nəsil haqqında  yazır:

"…Yeni bir nəsil ədəbiyyata gəldi ki, bu, yalnız adi nəsildəyişmə prosesi yox, bədii-estetik hadisə idi və söhbət ayrı-ayrı yazıçıların  yaxşı, ya pis yazmağından yox, yaxşı və pisi  ilə bərabər, bədii təfəkkür yeniliyindən, sosrealizm müddəalarına münasibətdə yaradıcılıq  tipajının  dəyişməsindən, istedadın  daxili azadlıq əldə etməsindən gedir.

…İnsanları "mənfi" və "müsbət" deyə iki qütbə bölməmək, yalançı həyat "idilliyasını" heç vəchlə qəbul etməyib, həyatı bütün mürəkkəbliyi, qayğıları, problemləri ilə birlikdə ədəbiyyatın predmetinə çevirmək, müstəqilliyi, birbaşalığı əvəz  edən psixoloji detalların, ştrixlərin, çalarların vasitəsilə deyilməyənin deyiləndən artıq olmasını  əldə etmək… "altmışıncılar"ın ən yaxşı əsərləri ilə nail olduqları ümumi cəhətlər, əsas xüsusiyyətlər idi".

Nizami CƏFƏROV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!