"Bu torpağı tanı, sev" - Tofiq Mahmudun uşaq poeziyasında təbiət - Mətanət VAHİD

Mətanət VAHİD

 

Tofiq Mahmudun tematika və janr rəngarəngliyi, stilistik həlli ilə seçilən uşaq poeziyası bədii düşüncənin özünəməxsusluğu, emosional zənginliyi ilə yadda qalır. "Şeir nədir" sualına "Gözümdəki işıqdır, könlümdəki nəğmədir" cavabını verən Tofiq Mahmudun şeirləri uşaqların könül nəğməsini dilləndirmək, ürəyində günəş doğmasına - işıq yaratmağa qadirdir.

Yaxşı şeir yazmaq asan deyil, uşaqlar üçün yazmaq isə daha çətindir. Uşaq üçün nəzərdə tutulmuş şeir onun yaş xüsusiyyətlərini nəzərə almaqla bərabər, müəllifdən pedaqoji yanaşma, psixoloj, fəlsəfi, estetik təfəkkür tələb edir.  Tofiq Mahmudun lirikasında uşaqların estetik tərbiyəsində əhəmiyyətli rola malik olan təbiət şeirləri üstünlük təşkil edir. Onun təbiət mövzusundakı uşaq şeirlərinin ideya-kompozisiya əsasını günəş-bulud, yağış-qar, ağac-yarpaq, heyvan-quş, dağ-çəmən obrazları təşkil edərək,  digər predmet və hadisələri özünə "cəlb edir". İdeya-estetik əhəmiyyət kəsb edən bu təbiət obrazları  insan və təbiətin dialektik vəhdətinin müxtəlif təzahürlərini üzə çıxarır.

 

Bir uşaq oluram bahar gələndə

Qaçıram dağlara güllər açanda.

Ürəyim nurlanır dan söküləndə,

Coşuram bulaqlar aşıb-daşanda.

 

Nədənsə qorxmuram, şəfqət içində

Baxıram, düşsəm də qar tufanına.

Həyəcan içində, heyrət içində

Baxıram göylərin həyəcanına.

 

Keçib qartal kimi göy qucağından

Uzaq ulduzlara uçar, uçaram.

Yelləncək düzəldib göy qurşağından

Bütün kainata qanad açaram...

 

T.Mahmud poeziyası xeyirxahlığı, işığı, dostluğu, həyata sevgini tərənnüm edir. Bununla yanaşı, onun uşaq poeziyasının ana xəttini, heç şübhəsiz, xalqın mənəvi yaddaş prizmasından dərk olunan doğma vətənə, təbiətə məhəbbət təşkil edir.

Tofiq Mahmudun poeziyasında təbiətin təsviri yalnız gözəlliyin tərənnümü deyil. Bu təsvirlər  mənəvi, fəlsəfi, psixoloji anlam kəsb edərək oxucunu düşünməyə,  sözlə rəsmini izlədiyi gözəlliklərin estetik dərkinə sövq edir. Bu şeirlərdə fəsil nə olursa olsun, təbiət gözəldir. Ümumiyyətlə, yaradıcılığında təbiətə aparıcı yer  ayıran bütün şairlərdə olduğu kimi, T.Mahmudun poeziyasında da quşların nəğməsi, yarpaqların xəfif pıçıltısı, yağışın şırıltısı, meyvələrin ətri, meşənin qalınlığından, yaşıllığından doğan gözəlliyi və s. təbiətin insana bəxş etdiyi qiymətli hədiyyələr kimi mənalandırılır. Təbiətin saysız gözəlliklərini nəzmə çəkən şair hər şeyi öz rəngində, öz səsində təsvir edir, hər hansı əlavə effektə ehtiyac duymur. Bütün bu şeirlərə nəzər salarkən görürük ki, təbiət fərqində olanı gözəlliyi ilə heyrətə qərq edəcək qədər itedadla çəkilmiş tablodur və bu gözəllikləri sadəcə, duymaq lazımdır.

Tofiq Mahmudun peyzaj lirikası insanın təbiətə münasibəti fonunda mənəvi-əxlaqi konteksti ilə diqqət çəkir: insan təbiətin bir parçası olaraq ondan istifadə etməklə yanaşı, həm də qorumalı, qayğısına qalmalıdır. Bəzən təbiət obrazları balaca qəhrəmanın həyatının müəyyən məqamları ilə bağlı olan bədii məkanın yaradılmasında iştirak edir: uşağın təbiətə münasibətindəki orijinallıq əksini tapır, bu heyrət uşaqların yaşadığı yerdə işıqlı aləm yaradır. Çox vaxt onun əsərlərində təbiət obrazı ilə yanaşı, ədalət və xeyirxahlıq ideyaları, dostluq və həmrəylik hissləri, vətənə, ana dilinə məhəbbət də aşılanır. Bu anlayışların estetik, koqnitiv və didaktik funksiyaları bir-biri ilə əlaqələnir.

Şairin "Ehey... durnalar" şeiri insanın uçmaq\ucalmaq arzusunu, ənginliklərə qanad açmaq xəyalını təsvir edir:

 

Ehey... ehey... durnalar, 

Qollarımı açıram, 

Sizinlə uçmaq üçün 

Arxanızca qaçıram.

 

Ehey... ehey... durnalar, 

Bir anlıq dala baxın, 

Məni yerdən götürün, 

Cərgənizə buraxın!...

 

Ehey... ehey... durnalar, 

Qanad açmaq istərəm. 

Mən də bu göy üzünə 

Qalxıb uçmaq istərəm.

Ehey... ehey... durnalar, 

Sizi izləyəcəyəm. 

İndi qaçdığım yerdə 

Sizi gözləyəcəyəm.

 

Klassik ədəbiyyatımızdakı "Durnalar" şeirlərində durna daha çox vətən həsrəti, qürbət əzabını mənalandırırsa, Tofiq Mahmudun şeirində Balaca Qara Balığın (Səməd Behrəngi) bələd olduğu  dünyadan başqa "dünyaları" da görmək, kəşf etmək arzusuna bənzər bir arzu gizlənir. Bəlkə də, uşaqların böyüklərdən daha çox xəyal qura bilməsinin səbəbi reallıqla kifayət qədər tanış ola bilməməsi ilə əlaqədardır. Uşaq düşünmür ki, insana uçmaq qabiliyyəti verilməyib və uçmaq quşların ayrıcalığıdır - ona elə gəlir ki, quş uça bilirsə, insan da bacarar. Buna görə uşaqların xəyallarının intəhasızlığı bir az da bilgisizliklərindən doğur. Böyüdükcə bələd olduqları gerçəklər xəyallarının qol-qanadını qırdığından onlar reallığın dar çevrəsinə sığışmağa məcbur qalırlar. Bu baxımdan "Ehey... durnalar..." arzunun, xəyalın qanadlanmasının şeiridir.

T.Mahmudun uşaq şeirlərində günəş - işıq sevinc, xoşbəxtlik mənbəyidir, xeyirxahlıq, gözəllik və güc qaynağıdır. O öz enerjisi ilə insanların aurasını təmizləyə bilir, yüksək əhvali-ruhiyyə bəxş edərək ümidə kökləyir. Şairin balacalar üçün təsvir etdiyi günəş həmişə ya nəğməsi, ya xoş sözləri ilə yeni günə çağırır - şüalarını uzun saçlar kimi ətrafa səpələyib evlərin pəncərəsindən qonaq gəlir - kiminin yuxusunu, kiminin pis əhvalını qovur. "Günəş", "Nəğməsi var günəşin", "Qız və günəş" və s. bu qəbildən olan şeirlərdir. 

 

Yağış yağır, nə yağır,

Bu zaman günəş çıxır.

 

Yağış elə yağır ki,

Tut ucundan qalx göyə.

Günəş çıxır yağışı

Mənə göstərsin deyə.

 

Göydən sanki yağır nur,

Yağış nə gözəl olur. 

 

8 misralıq "Yağış və günəş" şeiri təbiət hadisələrinə fərqli münasibətlə diqqəti cəlb edir. Burada, gözlənildiyi kimi, şairin "tut ucundan qalx göyə" deyəcəyi qədər güclü yağan yağışın kəsilməsi arzusu deyil, əksinə, günəş şüaları sayəsində daha aydın görünməsi barədə sevinci əks olunur. Bu baxımdan, Tofiq Mahmudun şeirləri uşaqlara həm də məfhumlara adət olunduğundan fərqli yanaşmağı öyrədir. Bu şeirdə təbiəti hər halıyla sevmək nümunəsi görünür.

Fikrimcə, Tofiq Mahmudun ən gözəl təbiət şeirlərindən biri "Alma bağı"dır. Bu şeirdə alma bağının, həqiqi mənada, söz vasitəsilə rəsminin çəkildiyini izləyirik. Şeirdə yenə bahardır və bu fəsli gözəlləşdirən əlamətlərdən biri ağacların çiçək açmasıdır. Alma ağacının süd kimi ağ çiçəklərini şair qar dənələrinə,  qanadları açıq şəkildə donub qalmış kəpənəklərə bənzədir:

 

Ağ dənizdir

Alma bağı.

Çiçəklərdən

Rəng alacaq

Göy qurşağı.

Səhər çağı,

Axşam çağı,

Ətir saçır

Alma bağı!

Açılıbdır

Gör nə qədər

Ağ paraşüt,

Hər bir ağac

Topa bulud!

O buludlar

Uçacaqdır.

Bağ yamyaşıl

Qalacaqdır...

 

Şeirdə çiçəklərin cəm olduğu bütün ağaclar - alma bağı göyqurşağına, ağappaq paraşütə, topa buluda bənzədilir. T.Mahmudun bir çox təbiət şeirləri kimi, "Alma bağı" da balaca oxucunun estetik zövqünə xitab edir, xəyallarını qanadlandırır.  Gün ərzində gözünün önündə onlarca gözəllik boy versə də, görməyən adamlar var - ruhu kasıb, nəzəri yalnız nöqsanlara yönələn. Tofiq Mahmudun təbiət şeirləri balacalara həm də gözəl görməyi - səmanın maviliyinin, dalğanın ağ-şəffaf qırçınlarının, çiçəklərin rəngarəng ləçəklərinin, bu adilikdə qeyri-adiliyin, müxtəlifliyin fərqində olmağı öyrədir.

Əksər uşaq ədəbiyyatı nümunələrinə olduğu kimi, Tofiq Mahmudun uşaq poeziyasına münasibətdə də tədqiqatçılar, əsasən, ideoloji, öyrədici, tərbiyəvi xarakteristika baxımından yanaşmış, estetik dəyərləndirməni gözardı etmişlər. Halbuki Tofiq Mahmudun uşaq şeirlərində estetik qat öyrədicilikdən heç də geri qalmır. O elə şairlərdəndir ki, öyrədərkən gözəllikləri tanıdır və ən əsası, gözəl tanıdır.

Tofiq Mahmudun təbiət şeirlərində hər fəslin fərqli həyat ritminə kökləndiyini, fərqli emosiyalar təlqin etdiyini izləyə bilirik. Bahar fəslinin dəyişkənliyi, çılğınlığı, gah yağış, gah bulud, gah günəş əvəzlənməsi, rəngbərəng çiçəklərin əlvanlığı, təbiətin oyanmasının sevinci "Sevinirəm" şeirində  çox real əksini tapıb. Burada günəşin qızılı-sarı şüaları yarpaqlayan ağacların yaşılına, aydın səmanın maviliyi tezcə dolub boşalan buludların rənginə qarışıb. Quşların qayıdıb gəlməsinin sevinci çəmən çiçəklərinin açılıb əlvan rənglərə boyanması ilə həmahəngləşib sevinc, ümid bəxş edir:

 

Sevinirəm

Qızıl bahar gələndə,

Çöllər, düzlər

İşıqlanıb güləndə.

Sevinirəm

Gül-çiçəklər açanda,

Günəş bol-bol

Hər yana nur saçanda...

 

"Dağ kəndində qış", "Sahil bağında qış", "Qışda dağlar" və digər şeirlərdə isə eyni müvəffəqiyyətlə şair qış fəslinin, soyuğun, sazağın, qarın gözəlliyini təsvir edir. "Dağlar - nəhəng göbələk, \ Dağlar - nəhəng, ağ çiçək..." deyə hər fəslin özünəməxus gözəlliyi, öz möcüzəsi olduğunu ifadə edir.

T.Mahmud poeziyasında təbiət daha çox vətənin təcəssümüdür. Vətəni sevmək üçün onu tanımaq lazımdır. Azərbaycanın dağı-düzü, çayı, şəlaləsi, meşəsi, dənizi haqqındakı şeirlərdə vətən torpağı ilə vətəndaş arasındakı qan bağının mövcudluğunu hiss etmək olur. Tofiq Mahmud şeirlərində müəllif bələdçi kimi balacaların əlindən tutub meşələri, dağları, şəhər və kəndləri gəzdirir.  "Kəlbəcər yolları", "Maralgöldə", "Dağlarda şəhər", "Ceyranbatan", "Axşam düşür Göygölə", "Basqal", "Günəşli məqbərə", "Qalacıq", "İçərişəhər", "Nabran", "Salam, Kəpəz" və s. kimi onlarla şeir müəllifin Azərbaycan təbiətinə olan sevgisinin təzahürüdür. "Bu torpağı tanı, sev" şeiri sanki Tofiq Mahmud poeziyasında vətən məhəbbətinin ümumiləşmiş ifadəsidir.

Vətəni qorumaq - onu hər halıyla sevmək, daha da yaxşılaşması üçün çalışmaq,  sahib çıxmaq, dilini qorumaq, insanlarına sevgi və sayğı ilə bağlı olmaq deməkdir. Şair "balaca dost" deyə müraciət etdiyi adresatına:

 

Hələlik boy atırsan,

Bapbalaca çinarsan,

Ucalarsan dağ kimi

Bu torpağı tanısan!

 

- deyir. "Bu torpağı tanı, sev!" şeiri balaca oxucuya vətən tarixini, onun əsrlər boyu yaşadığı ağrı-acını, məruz qaldığı xəyanətləri də anladır, şanlı səhifələrini, qəhrəmanlıqları da. Şeir "Meşələri - meşə yox, \ Nizə almış ordudur!" deyə tanıtdığı bu vətən barədə "tanısan, sevməmək mümkün deyil" düşüncəsini təlqin edir.

Bu şeirdə vətənə sevgi peyzaj təsviri ilə yanaşı, sələflərimizin əməllərinə sayğıda da əksini tapır. Şairin bu və digər əsərlərindən çıxan nəticə budur ki, vətən bizə məxsus sərhədlərdəki torpaq, kənd, şəhər, dağ, dərə ilə bərabər, öncəki nəsillərin əməlləri, bizə miras buraxdığı nümunələrdir, Vətən bizim ona inamımız deməkdir.

Tofiq Mahmud şeirində təbiət fon, yaxud dekorasiya deyil, əhvali-ruhiyyəni müəyyənləşdirən aparıcı motivdir. O, təbiətin daim dəyişkən halını izləyərək məqamı tutmağı, anın təsvirini verməyi bacarır. Təbiətin bu qədər incəliklə tərənnümü müəllifdən yalnız bədii istedad deyil, həmçinin yüksək estetik zövq, təbiətlə harmoniyanı duya bilmək həssaslığı tələb edir. Şeirlərindəki peyzaj təsvirləri ömrünü uşaq ədəbiyyatına həsr etmiş şairin dünyagörüşünü, əhvali-ruhiyyəsini, estetik duyumunu poetik dəqiqliklə ifadə edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!