Zahid Xəlilin uşaq poeziyasında vətən ("Dəmir yumruq dastanı" kitabı əsasında) - Mətanət VAHİD

Zahid Xəlil - 80

Mətanət VAHİD

 

Vətənpərvərliyin ölkə həyatındakı rolu xüsusən tarixin müharibələr, sosial münaqişələr kimi kəskin dönüşlərində daha çox əhəmiyyət kəsb etməyə başlayır. Belə həssas zamanlarda vətənpərvərlik yüksək nəcib impulslarla təzahür edir, öz xalqı, vətəni naminə müstəsna fədakarlıqla xarakterizə olunur. İctimai şüurun önəmli komponenti kimi milli mənəvi varlığın təzahürü olan vətənpərvərliyə Azərbaycan tarixində, bəlkə də məhz müstəqillik əldə etdikdən sonra daha çox ehtiyac yaranıb. Çünki dövlətin qüdrəti yalnız onun siyasi, iqtisadi gücü ilə deyil, həmçinin xalqın mənəvi qüvvəti ilə ölçülür.

Vətənpərvərlik anlayışının mahiyyəti heç də həmişə birmənalı qəbul edilməyib, müxtəlif rakurslardan izah olunaraq, mənəvi ifadəsi və real təzahürü baxımdan fərqli yanaşmalarla şərh edilib. Qloballaşma və universallaşma dövründə uşaq və gənclərin vətənpərvərlik tərbiyəsini gərəksiz sayanlar az deyil; məsələyə zəif opponentlik edənlər, onun müxtəlif formalarda konstruktiv inkişaf imkanlarını məhdudlaşdıranlar, ideyanı gözdən salmağa çalışanlar həmişə olub və yenə də var. Halbuki əslində, məsələ anlayışın gərəksizliyində yox, ideyanın necə həyata keçirilməsindədir. Odur ki, uşaq və gənclərin vətənpərvərlik tərbiyəsində bədii ədəbiyyatın rolu hələ də əhəmiyyətli olaraq qalmaqdadır.

Professor Zahid Xəlilin uşaq və gənclər üçün ədəbi-bədii esse, hekayə və şeirlərdən ibarət "Dəmir yumruq dastanı" kitabı ötən ilin oktyabrında - erməni faşizmi üzərindəki qələbəmizin birinci ildönümünə yaxın işıq üzü gördü. Vətən müharibəsi ilə bağlı, mənə elə gəlir, çoxumuzun ortaq fikirdə olduğumuz bir qənaət var: bu qələbənin səbəbi xalq - ordu - Ali Baş Komandan üçlüyünün bir yumruğa çevrilib düşmənin başına qəzəblə enməsi oldu. Bu üç komponenti birləşdirən mətnlərin əksini tapdığı kitabı da şərti olaraq 3 yerə ayırmaq olar.

Bəzən mətnlərdə uşaq və ya böyük ədəbiyyatı deyə kvalifikasiya aparmağın mümkünsüz olduğu, yəqin ki, uşaq ədəbiyyatı ilə məşğul olan hər bir mütəxəssisi düşündürən məsələdir; müəllif uşaqlar üçün nəzərdə tutaraq yazsa da, həmin mətnləri eyni müvəffəqiyyətlə böyüklərə də aid etmək olur. Odur ki, Zahid Xəlilin "Dəmir yumruq dastanı"nı yalnız uşaq və yeniyetmələr üçün yazılmış kitab kimi deyil, ümumiyyətlə, 30 illik işğal tarixini, 44 günlük ədalətli müharibəmizi və qələbəmizi anladan ədəbi-publisistik mətnlər olaraq şərh etmək doğru olar.

Yeri gəlmişkən, qeyd edim ki, TEAS Press nəşriyyatında ərsəyə gələn kitab, ilk növbədə, dizaynı ilə diqqəti cəlb edir: üz və arxa qapağın göz oxşaması ilə yanaşı, hər səhifədə mətnlərin ümumi ruhunu əks etdirən illüstrasiyalara yer verilib. Azərbaycan xalçaçılıq və miniatür sənətlərinə aid ornamentlər, mətnlərin ruhuna uyğun olaraq azadlığı, gücü, mübarizəni simvollaşdıran rəsmlər əks olunub. Bir məqamı da vurğulayım ki, üz qapağındakı qızılı rəngi istisna etsək, "Dəmir yumruq dastanı" kitabında parlaq rənglərdən istifadə olunmayıb. İllütrasiyalarda şəffaf-ağın iştirakı ilə yalnız yaşıl və qəhvəyi rəngin müxtəlif çalarlarından istifadə edilib ki, bu da Milli Ordumuzun hərbi formasını xatırladır. Yəni kitab, ilk növbədə, elə vizual olaraq hərbi əhvali-ruhiyyəni əks etdirir.

Görsəlliyin xeyli əhəmiyyət daşıdığı nəşr olaraq Nuranə Tahirovanın illüstrasiyaları buradakı mətnlərin ideyaca tamamlanmasına xidmət edir. Məsələn, "Müharibənin ayaq izləri" mətnində müəllif yazır: "...Müharibə də canlıdır. Canlıların ən dağıdıcısıdır. Onun ayaq izlərindən sonra Xirosimalar, Naqasakilər, qardaşlıq qəbiristanlıqları, şəhidlər xiyabanları qalır." Və bu kiçik esse Şəhidlər xiyabanının, əbədi məşəlin rəsmi ilə bəzədilir. Elə həmin mətndə Zahid Xəlil yazır: "Vətən idealdır! Vətən məsləkdir! Vətən əqidə birliyidir." Vətənpərvərliyin peşəkarlıqla əlaqələndirildiyi məşhur deyimə əsaslansaq, bu kitabın ilk səhifəsindən sonuna kimi söz və təsvir tandeminin bir-birini peşəkarlıqla tamamladığını izləyə bilərik.

Hələ döyüşlər getdiyi günlərdə də yazdığım kimi, fikrimcə, 44 günlük savaş Azərbaycan ədəbiyyatını müharibədən əvvəl və sonra deyə şərti olaraq 2 dövrə ayırdı. Z.Xəlilin "Dəmir yumruq dastanı"nda müharibədən sonrakı dönəmin ruhunu əks etdirən mətnlər üstünlük təşkil edir. "Ağdam döyüşləri", "Kəlbəcərin azadlığı", "Gözün aydın, ay Laçın", "Zəfər paradı", "Birliyin gücü" başlıqları altında toplanmış yazıları, adlarından da göründüyü kimi, qələbədən sonrakı əhvali-ruhiyyə ərsəyə gətirib. Noyabrın 10-da 3 dövlət arasında imzalanan sənədə əsasən, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətə başlaması, işğal altındakı Kəlbəcər, Ağdam və Laçının boşaldılması kimi məsələlər uşaqlara anlaşıqlı şəkildə çatdırılır.

Bununla yanaşı, yeri gəldikcə kitabda o qədər də uzaq olmayan tariximizə nəzər salınır, xalqımıza qələbəni qazandıran 44 günlük savaşa aparan şərəfli yoldan bəhs olunur. 2016-cı ilin Aprel döyüşləri də unudulmur, 20 yanvar, Xocalı faciəsi, Qarabağın işğalı kimi qanlı və şanlı tarix müəllif məramından asılı olaraq, bəzən bədii, bəzən publisistik notlarla əksini tapır.

Məsələn, Ağdamın işğaldan azad olunması münasibətilə yazılmış "Ağdamım, ağ şəhərim" şeirindən öncə bu şəhərin 27 il əvvəlki ağrılı işğal tarixindən bəhs edilir; döyüşlər zamanı 3877 şəhid verilməsi xatırladılır, qəhrəmanlıq tarixinə adını əbədi həkk etdirmiş Allahverdi Bağırov, Asif Məhərrəmov, Rövşən Hüseynov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Nadir Əliyev və digər qəhrəmanlar yad edilir.

Müharibədən sonra qələbə soraqlı şeirlər çox yazıldı. Bunlar arasında ümumi mənzərədə görünməz qalan da oldu, ürəkləri riqqətə gətirən gözəl sənət nümunələri də. Maraqlıdır ki, şəhərlərə ithaf olunan qələbə şeirləri arasında ən çox Şuşa və Ağdam haqqında yazıldı. Belə ithaf şeirlərindən biri də "Ağdamım, ağ şəhərim" oldu. Şeirdən də göründüyü kimi, Zahid Xəlil üçün Ağdam, əsasən, qəhrəmanları ilə assosiasiya olunur:

 

Gözlərin aydın olsun,

Ağdamım, ağ şəhərim!

Dağların ətəyində

Vüqarı dağ şəhərim!

 

Hər oğlun bir qəhrəman -

Nə gizlədim, nə danım!

Allahverdi Bağırov -

İgidim, pəhləvanım.

 

Görəydiniz bu günlər

Ordumuz nəyə qadir!

Faiq, Rövşən, Canbulaq,

Asif, Baxşeyiş, Nadir!

 

Muxtar, Əlabbas, Fazil,

Ay Hidayət, İxtiyar.

Sizdən sonra nə qədər

Yeni qəhrəmanlar var...

 

Bu şeirdə adı çəkilən ağdamlılardan kimisi doğma şəhəri uğrunda döyüşlərdə qəhrəmanlıq edənlər, kimisi də elm və sənət sahəsində dövləti uğruna əməlləri ilə nam salanlardır.

24 il əvvəl bir müsahibəsində "...Qarabağ müharibəsi şair Zahid Xəlil üçün nə deməkdir?" sualına o, "Qarabağ müharibəsi mənim üçün Şəhidlər xiyabanına anaların, qız və gəlinlərin açdığı cığırdır" cavabını verir. Ümumiyyətlə, müharibə haqqında heç nə yazmadığını deyən Zahid Xəlilin "Dəmir yumruq dastanı" kitabında yazdıqları da əsasən, müharibə deyil, vətən sevgisi haqqındadır. O vətən ki, hər qarışını qızıla bərabər bilir, o vətən ki, illər uzunu Qarabağı özü boyda dərdimiz sanır. Adətən, alışmışıq vətənin ana laylası, ana qucağı, ana nəfəsi ilə assosiasiya yaratmasına. Zahid Xəlil isə "Vətən ulu babamdır, Vətən atamın səsi," - deyir.

Xudu Məmmədovun məşhur bir deyimi var: "Uşaqlara vətəni sevdirməyə çalışmayın, onlara vətəni tanıdın". Zahid Xəlil bütün yaradıcılığı boyu olduğu kimi, "Dəmir yumruq dastanı" kitabında da vətəni sevməyin onu tanıtmaq yolunu tutur; Qarabağın, bütün Azərbaycanın ayrı-ayrı bölgələrinin gözəlliklərindən bəhs edir. Bu təsvirlərdə onun ölkəmizə böyük sevgisi ilə yanaşı, erməni işğalçılarının torpaqlarımızda at oynatmasının təəssüf və kədəri, qəzəbi ifadə olunur.

İlk mətbu şeiri "Vətənim" (1958) adlanan, bu günə kimi Azərbaycanda və xarici ölkələrdə əlliyə yaxın kitabı çap olunan Zahid Xəlilin vətən mövzusunda şeirləri Azərbaycan torpağının təbiətinə vurğunluqdan qaynaqlanır. Balaca oxucu həmin misralardan duyur ki, bu vətən bizimdir deyə, gözəldir. Beləcə, şair uşaqlara sahiblənmək hissini, sənin olanın dəyərini bilməyi, sevməyi də təlqin edir.

 

Yenə də sığışmadı

Yatağına Həkəri.

Min ildi beləcədi

Hayqırtısı, ləngəri!

 

O alp çəmənliyində

Vələslər qırçın kimi.

Evlərin dağ başına

Qonubdu Lacın kimi.

 

...Qızılboğaz zirvəsi

Bir çələngə bənzəyir.

Sinəsində binələr

Çərpələngə bənzəyir.

 

Qloballaşma dövrünün yetirmələri - 2000-ci ildən bu yana doğulanları "Z nəsli", "rəqəmsal insanlar" adlandırır, bu nəslin nümayəndələrinin əcdadlarından əvvəllər heç vaxt olmadığı qədər, köklü şəkildə fərqləndiyini iddia edirlər. Bu fikirlərdə gerçək payı varsa da, ironiya da yox deyil. Texnologiyalarla nəinki çiyin-çiyinə, hətta iç-içə böyüyən "Z nəsli" doğrudanmı təqdim olunduğu qədər dəyərlərə laqeyd, tarixə biganədir. Bu düşüncələri inkar etmək üçün ən yaxın tariximizə nəzər salmaq kifayət edir.

Müasir uşaqlar, gənclər haqqında onların vətənpərvərlik tərbiyəsinin zəif olduğu, bu işdə bədii əsərlərin heç bir rola malik olmadığı yüz dəfə deyilsə də, Qarabağın azadlığı uğrunda Vətən müharibəsi göstərdi ki, bu tərbiyənin əsasında torpaqlarımızı azad etmək üçün yağıya qan udduran vətənpərvər oğullarımız yetişib. İnkarolunmazdır ki, xarakterlər situasiyalarda meydana çıxır - zamanı gəlincə əsl münasibətlər əməllərdə təzahür edir.

Uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini vurğulamaqla yanaşı, qəbul etməliyik ki, bu, süni ideoloji məhsul deyil, xalqın immanent xüsusiyyətidir. Öyüd-nəsihət janrı uşaq və yeniyetmələrin tərbiyəsində heç də ən uğurlu seçim sayıla bilməz; uşaqlar deklamasiyanı sevmirlər. Vətənə sevgini yalnız sevgidən bəhs edərək yox, daha çox onu nümayiş etdirərək təlqin etmək olar. Belədə sevgi uşağın şüuraltısında özünə yer edir, bəlkə də, davranış və söhbətlərində büruzə verməsə də, həlledici məqamda ifadəsini tapır. Təsadüfi deyil ki, ölkəmiz üçün ən çətin sınaq dövründə, vətənimizin bütövlüyünün taleyi həll olunduğu bir vaxtda ordu və xalq birliyi düşmən üzərində mənəvi-əxlaqi üstünlüyün əsasını təşkil edən misilsiz vətənpərvərlik nümayiş etdirdi.

Müxtəlif şəhərlərinin Şəhidlər xiyabanlarında minlərlə şəhid məzarı olan ölkənin gənclərini qeyri-vətənpərvərlikdə suçlamaq qaraqışqırıqdan başqa bir şey deyil. Nəsrlə nəzmin növbələşdiyi "Dəmir yumruq dastanı"nda şəhidlər haqqında esselərdə əksini tapmış düşüncələr şeirlərlə tamamlanır. "Müharibənin ayaq izləri" mətnində uşaqlara Şəhidlər xiyabanının nə olduğu, niyə yaradıldığı lakonik izah edilir və ardınca bu acı gerçəklər "Şəhidlər xiyabanı" şeirində əksini tapır:

 

Şəhidlər dəfn olunmur

Adi bir ölən kimi.

Biz onu basdırırıq

Toxum kimi, dən kimi.

 

O daşların altından

Göyərir təzə adlar.

Böyüyür, pərvazlanır.

Mübarizlər, Poladlar...

 

Şəhidlər xiyabanını "uyuyan zəmi", "millətin and yeri" adlandıran şair bu zirvəyə gedən yolun hansı mənəvi ucalıqlardan keçdiyini izah edir, şəhidlərin sadəcə bu dünyadan köçmədiyini, "toxum kimi, dən kimi" torpağa tapşırılmaqla yenidən başqa canlarda ruh tapacağını dilə gətirir. Çünki şəhidlər örnəkdir - onlar uğruna can verdikləri torpağı, bayrağı öz qanları bahasına qorumaqla dəyərini anlatdılar. Bu yaxında mətbuatda oxuduq ki, Vətən müharibəsindən sonra yüzdən çox şəhid övladı dünyaya gəlib. Bu övladlar onların yarım qalmış ömrünün, əməllərinin davamı, şəhidlərin ölməzliyinin, ruhlarının övladlarına köçdüyünün simvoludur - "bir ölər, min dirilərik" inamıdır...  Bu şanlı, kədərli, qələbə müjdəli, itkilər və ağrılar hesabına azadlıq və qalibiyyətlə dolu bir ili "Dəmir yumruq dastanı" kitabında "qoca şair" uşaqlara ağsaqqal təmkini ilə nəql edir.

Müsahibələrdən birində Vladimir Vısotskidən "Nə üçün müharibə mövzusunda bu qədər çox yazırsınız?" soruşulduğunda "yəqin ki, bu, müharibə iştirakçsı ola bilməməyin xiffətidir" deyə cavab verir. Əlbəttə, müharibə başlayanda cəmi 3 yaşı olan V.Vısotski üçün bu "xiffət" daha çox minnətdarlıq duyğusu ilə bağlı idi - əldə olunan qələbə, azadlıq üçün can verən minlərlə şəhid ruhuna minnətdarlıq... Biz qələbəyə nə qədər seviniriksə, itkilərimizə də o qədər üzülürük - bu möhtəşəm qələbə üçün borclu olduğumuz canlar var və itkilərimiz də qələbə mətnlərimizdə mütləq yer almalıdır. "Dəmir yumruq dastanı" həm qələbə sevincini, həm də bu sevincin səbəbkarlarına minnətdarlıq duyğusunu ifadə etmək məqsədilə ərsəyə gəlib. Buradakı hər bir mətn dolayısıyla qələbəmizin asan başa gəlmədiyi fikrini vurğulayır.

Uşağın oxuduğu kitablar, baxdığı filmlər, hətta oynadığı oyunlar belə, onun necə yetişəcəyinə əhəmiyyətli təsir göstərir. Uşaq ədəbiyyatı nümunələri o zaman keyfiyyətli hesab olunur ki, onların yaddaşında izini qoysun, "böyüməsi"ndə, mətni xatırlamasa belə, estetik zövqünün formalaşmasında rol oynasın. Zövqlü mətn yalnız uşaqkən oxuyanda deyil, böyüyəndə təkrar oxusan, yenə qarşında yeni mənalarla çözülə bilən mətndir. Dastan poetikasında yazılmış "Dəmir yumruq dastanı" kitabında milli qürur məsələsi qabarıq şəkildə əksini tapır. İstər tarixə nəzər salanda, istər hadisələri günümüzün rakursundan dəyərləndirəndə oxucu burada bütöv Azərbaycan obrazını aydın görür.

Uşaq ədəbiyyatının inkişafına, balacaların ruhunu oxşamasına, estetik zövqünün formalaşmasına ömür verən Zahid Xəlil, özü demişkən, "uşaq ədəbiyyatının ağırlığını çəkməyi özünə şərəf bilən" müəlliflərdəndir. "Dəmir yumruq dastanı" "qoca şair"in bu ağır məsuliyyətin öhdəsindən gəldiyinin bariz nümunəsidir. Zahid Xəlilin uşaq ədəbiyyatı nümunələri ilə neçə nəsil yetişib, bundan sonra da neçə nəsil yetişəcək və vətəni sevmək, qorumaq dərsini əxz edəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!