Ədəbiyyat və yeddi not - Mətanət VAHİD

"İntermediallıq" silsiləsindən

Mətanət VAHİD

İnsan dünyanı söz, səs, rəng, hərəkət, düşüncə və hisslər vasitəsilə qavrayır və vasitələr eyni olanda belə, qavrayışlar müxtəlif, fərdi olur. Fərdlərin fərqli yanaşması, qavrayışı nəticə etibarilə, ümumi dünyagörüşün foralaşmasına səbəb olur. Beləliklə, hər bir sənət özünəməxsus vasitəylə dünyanın rəsmini çəkir: ədəbiyyat sözlə, musiqi səs, rəsm rənglə... Lakin hər bir sənət növü “çəkdiyi rəsmin” tamamlanması üçün digər sənət növünün köməyinə əl atır, dialoqa girir. Müxtəlif sənət sahələri əlaqəyə girərək mədəniyyətin metaməkanını yaradır, universal dil vasitəsilə təqdim olunmağa can atır.

     Yeni dövrün geniş yayılmış tendensiyalarından biri – bütün sənət növlərinin söz sənətinin analoqu olaraq dəyərləndirilməsi, sənətlər sistemində onun ən əhəmiyyətli rola malik olmasıdır. Hətta daha irəli gedərək bütün sənət növlərini “metafizik morfologiya” kimi qəbullanma da xarakterikdir: sözü fonetik formadan dəyişməyə məruz qoyan yazı ədəbiyyatın sənətlər sistemindəki yerini “ədəbiyyat və incəsənət” bölgüsü şəklində müəyyənləşdirdi. Düşüncənin adekvat forması olan ədəbiyyat bütün digər sənət növlərinə təsir etməyə başladı.

        Sənətşünas İ.İoffe hesab edirdi ki, sənətlərin müxtəlif sahələrə ayrılması onların öz mahiyyətindən deyil, sosial-tarixi zərurətdən doğub. Morfoloji palitranın iki parlaq rəngi olan ədəbiyyat və musiqi sinkretizmdən konseptual sintezə qədər uzun yol keçmiş sənət növləridir. Genetik olaraq söz və musiqi sənəti bir-biri ilə bağlıdır: ilkin formada səs kimi mövcud olan söz sonradan yazıya çevrilib. Bu iki sənətin əlaqələrindən bəhs edərkən musiqiyə ədəbi gözlə dəyər vermək və ədəbi əsəri musiqi qulağıyla dinləmək vacib sayılır.

      Ədəbiyyat və musiqinin qarşılıqlı əlaqəsi əsasən iki şəkildə təzahür edir: 1.sintez yolu ilə (Bu halda bədii mətndə hər hansı musiqi əsərinin, yaxud alətin adı çəkilər, haqqında bəhs olunar və s. Məsələn, deyək ki, H.Murakaminin “Norveç meşəsi” romanının adı “Beatls” qrupunun ifa etdiyi mahnının adından götürülüb və romanda protoqonistin həmin mahnıya dinləyəndə başı gicəllənəcək qədər xüsusi sevgisi var.) 2.intermediallıq vasitəsilə (Bu zaman bədii mətnin musiqinin  prinsiplərindən təsirlənərək meydana gəlməsindən və ya əksinə prosesdən bəhs olunur.) Qarşılıqlı əlaqənin bu iki növünü digər sənət növlərinə də aid etmək mümkündür.

     Sənətlərin sintezi inkişaf etdikcə dəyişərək intermedial münasibətlərin zənginləşməsinə səbəb olmuşdur. İntermediallıq müasir dünyada insanı, cəmiyyət və mədəniyyəti öyrənən tədqiqatçıların diqqət mərkəzindədir. Sənətlərin qarşılıqlı əlaqəsini araşdıran Henri Vyolflin və Oskar Valtselin elmi araşdırmaları ilə diqqətləri üzərinə çəkən intermediallıq müstəqil tədqiqat sahəsi kimi komparativistikanın kontekstində meydana gəlib.

    İntermediallıq – bədii obrazlar və üslubi fəndlərin qarşılıqlı münasibətləri vasitəsilə ərsəyə gələn mədəniyyətlərin dialoqunun xüsusi formasıdır. Dar mənada intermediallıq - bədii əsərdə incəsənətin müxtəlif sahələrinin ədəbi kodları ilə qarşılıqlı əlaqəyə əsaslanan mətndaxili əlaqələrin xüsusi tipidir. Nisbətən geniş mənada isə mədəniyyətlər sistemində ədəbi məkan yaradılmasıdır. Lap sadə şəkildə ifadə etsək, bunu bütün incəsənət sahələrinin içində ədəbiyyatı aramaq və tapmaq hesab edə bilərik.

     İstənilən sənət növü “çoxdilli”dir; ədəbiyyat musiqinin dili ilə danışır, yaxud musiqi rəsmin dili ilə və s. Mütəxəssislərin qənaətinə görə, intermedial əlaqə və proseslərin dərki dünya yaradıcı prosesinin dərindən mahiyyətinə vara bilmək üçün lazımlı, hətta vacib məsələdir. Ən qədim - ilkin intermedial əlaqələr ədəbiyyat və musiqi, mifologiya və heykəltəraşlıq, mifologiya və rəsm sənəti arasında formalaşıb. Daha sonralar isə teatr-rəsm, musiqi-rəqs, musiqi-teatr və s. kimi əlaqələr möhkəmlənməyə başlayıb.

        Simvolları insanın koqnitiv yaradıcılığının əsas elementlərindən biri hesab edən Syuzan Langer “Philosophy in а New Key” əsərində yazır ki, insan beyni daim təəssüratları simvollara çevirmə prosesi ilə məşğuldur. Onun fikrincə, insan ağlı müxtəlif üsullarla musiqi, poeziya, rəsm və digər sənət sahələrində hiss və düşüncələri simvolik şəkildə ifadə edir. Beləliklə, ədəbi yaradıcılıqda təcrübənin simvola çevrilməsi prosesi incəsənətin digər formaları üçün də keçərli sayılır.

     Əlbəttə, bu məsələlərdən geniş bəhs etmək mümkündür, lakin məqsədim musiqi və ədəbiyyatı işarələr sistemi olaraq müqayisə etmək deyil, ikisinin əlaqəsini ümumi şəkildə şərh etməkdir. Ədəbiyyatla musiqinin qarşılıqlı əlaqəsinin kökləri ta qədim dövrlərə qədər gedib çıxsa da, romantizmin çiçəkləndiyi dövrdə ona xüsusi münasibət önə çıxdı. Digər sənətlərə məxsus xüsusiyyətləri mənimsəməyə çalışaraq hər bir sənət özünü tapır. Ədəbiyyat və musiqi əlaqələri haqqındakı çoxillik mübahisə və müzakirələr onun ətrafındakı diskussiyaların səngiməsinə səbəb olmur, əksinə, mütəxəssislər bu məsələyə hər dəfə yeni – fərqli aspektdən yanaşırlar.

     XX əsrdə artıq bu məsələ tədqiqatçıların ardıcıl diqqətinə səbəb oldu, onlarla musiqişünas, filosof, ədəbiyyatşünas bu mövzuda tədqiqatlar yazdı. Bu sahədə ilk sanballı əsər isə Kelvin S. Braunun “Musiqi və ədəbiyyat. Sənətlərin müqayisəsi” (1948) monoqrafiyasıdır. Onun yanaşması bir az fərqlidir; ədəbiyyatı deyil, musiqini aparıcı hesab edir. Hər iki sənət sahəsi üçün oxşar janr və struktur elementlərindən bəhs edən tədqiqatçı musiqini digər sənət sahələri üçün model, inspirator adlandırır.

     Bizdə əksər hallarda ədəbiyyatla musiqinin qarşılıqlı əlaqəsindən bəhs olunarkən yalnız onların emosional qatdakı təsirindən söz açılır və nəzəri analiz unudulur. Xüsusən, romantiklər bir sənətin bətnində gördükləri digər sənət növündən - bir heykəl izlərkən sanki şeir dinləyir, bir musiqi dinlərkən sanki rəsm izləyirmiş kimi hisslərin mövcudluğundan daha çox bəhs edirlər. Bu kimi “görmələr” üçün “daxili göz”ün, “daxili qulağ”ın olmasının vacibliyini vurğulayırlar. Bunlar hamısı doğrudur, lakin məsələyə elmi yanaşmaya da ehtiyac var.

     Dünya ədəbi-nəzəri fikrində söz və musiqinin qarşılıqlı əlaqəsinin fəlsəfi-estetik, pedaqoji aspektlərdən öyrənilməsinə onlarla tədqiqat işi həsr olunub.
Bu iki  sənətin qarşılıqlı əlaqələrindən bəhs edən nəzəri materiallarla tanış olarkən müşahidə etdiyim bu olub ki, məsələ daha çox musiqişünaslığın deyil, ədəbiyyatşünaslığın tədqiq obyektinə çevrilib.

    Səs və sözün tandemi hər şeydən öncə, mahnıların və digər janrlarda musiqili sənət əsərlərinin meydana gəlməsinə səbəb olur. Ədəbiyyatın, xüsusən, poeziyanın musiqililiyi və musiqidə ədəbiyyatdan istifadə halları olmasaydı, bu sənət növlərinin janrları tamamlanmamış qalardı. Musiqi janrlarının bir çoxu - əsasında bədii mətn olan janrlardır (opera, balet, müzikl, romans, kantata və s.)

     Formalistlər müxtəlif janrları bir kənara qoyub ümumi şəkildə “ədəbiyyat musiqinin harasındadır?”  sualını verir, musiqinin ədəbiyyatdan fərqli olaraq dil olmadığını və buna görə də müqayisəyə gətirilməsini belə absurd sayır. Digər qisim isə musiqidəki emosiyalarla ədəbiyyat dilinin birlikdə semantik qüvvə meydana gətirdiklərini hesab edir. Musiqi sözdə düşüncələrin formalaşmasıdırsa, söz musiqidə emosiya və hisslərin ən yüksək həddinə çata bilməsidir. Bəlkə də, musiqini “ədəbiyyatın səsli halı” adlandıranlar haqlıdırlar. Bu orqanik əlaqə qanunauyğunluqdur, çünki musiqi və səslənən söz arasında xeyli ortaq cəhətlər var: temp, ritm, tezlik, tembr, diapazon, emosionallıq, melodiyalılıq...

      Qədim yunan mifologiyasında musiqi və lirik poeziyanın hamisi olan Evterpa əlində iki nəfəsli musiqi aləti ilə təsvir olunur. Çünki qədimdə şeirlər musiqinin müşayiəti ilə ifa olunurdu. Antik dövrdə və orta əsrlərdə daha çox karnavalların, tamaşa və şəbihlərin bir hissəsi olan musiqi XVI əsrin sonlarınadək Avropada ibadət prosesinə xidmət edirdi. Burada səs sözə fərqli mahiyyət qazandırmaq üçün vasitə idi. Ümumiyyətlə isə musiqi və sözün sintezindən yaranan əsərlərdə müəlliflərin sözü və səsi duymaq qabiliyyəti önəmli rol oynayır. Bəzən sözü musiqiyə zorla “oturdurlar”, həmin əsər ortaya şikəst doğulmuş bir canlı orqanizm kimi çıxır – ya səs axsıyır, ya söz.

    Maraqlıdır, yazarlar sətirlər arasında musiqi notlarının səslənməsinə nədən ehtiyac duyurlar? Bir çox yazarlar mətnlə musiqinin simbiozunu əsərdə təsvir olunan boyaların tündləşməsi, emosiyaların kəskinləşməsi üçün məqsəd kimi qəbul edirlər. Bəzən isə zəif mətn elə gözəl melodiya ilə sintez olunur ki, sözlərin mahiyyətcə boşluğu diqqətdən yayınır.  

      Kulturologiyada “sintez” anlayışı fərqli mənalandırmalara açıq ifadədir və indi ədəbiyyat və musiqinin sintezindən bəhs edərkən onu xeyli müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Bunlar daha çox dərin elmi-nəzəri hazırlıq və tədqiqat tələb edən məsələlərdir.   

 

    

     

  

   

   

   

 

 

 

   

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!