Tehran ƏLİŞANOĞLU
1. Son illərdə ədəbi tənqid proseslərini təsnifləndirməyə, icmallaşdırmağa, dəyərləndirməyə cəhdlər bircə burada, "İlin ədəbi yekunları" konfranslarında, konkret olaraq mənim "2018-ci il: ədəbi tənqid refleksləri" və "Tənqid və ədəbi proses - 2019 (şikayət tezisləri)" məruzələrimdə olmuş və şəksiz ki, buna qədər bu qəbil az-çox cəhdlərə də bu məruzələrdə baxılmış, münasibət bildirilmişdir. Bu kimi başqa cəhdlər yox kimidir; vardırsa buyursun kimsə yadımıza salsın.
Doğrudur, ötən il "Ədəbiyyat qəzeti"ndə görkəmli filosof, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun "Elmilik, fəlsəfilik, bədiilik" (ƏQ, 2, 16 və 23 oktyabr 2021) və "Ədəbiyyatın fəlsəfəsi və ədəbiyyatda fəlsəfə" (ƏQ, 30 oktyabr və 20 noyabr 2021) məqalələrində Fəlsəfə, Din, Elm, Ədəbiyyat fənlərinin bugünkü ictimai şüurda kəsb etdiyi məna və realiyalar barədə metafizik planda söylədiyi fikirlər, irəli sürdüyü müddəalar sırasında ədəbi tənqidə də müəyyən pay düşür. Filosof, əvvəllər də toxunduğu kimi, ədəbi tənqidi fəlsəfənin başqa bir təzahürü, fəal bir qanadı kimi görmək istəyir; reallıqda bunu görə bilmədiyindən də çağdaş ədəbiyyatın, ədəbi-bədii proseslərin kəskin parçalanmasının (ədəbiyyata və psevdoədəbiyyata) səbəbini həm də bu suçla (tənqidin özü, yəni fəlsəfə ola bilməməsi ilə) bağlayır: "Ədəbiyyat öz həqiqi missiyasını, özəlliyini unudub elmi düşüncə və təsvirin təsiri altına düşəndə, bir psevdoədəbiyyat yaranır... Əgər ədəbiyyat hadisələri "olduğu kimi", "obyektiv surətdə" təsvir edirsə, demək ki, elmi üslubun təsiri altına düşmüş, özgələşmişdir... Ədəbi tənqid özü də fəlsəfi baxış səviyyəsinə yüksələ bilməsə və elm çərçivəsinə düşsə, belə kritik məqamlarda sənətkarın haqqını kim müdafiə edər?..." (ƏQ, 20 noyabr 2021)
Göründüyü kimi, bu bir metafizik passajdır, istəkdir, arzudur; Səlahəddin Xəlilovun tənqid proseslərinin gündəliyinə heç də enmək fikri-niyyəti yoxdur. "Ədəbi yekunlar"ımızı isə məhz bu, son iki ilin tənqid mənzərələri məşğul edir. Odur ki, öz məruzələrimə qayıdıb dayandığım yerdən (bax: T.Əlişanoğlu, 2018-ci il: ədəbi tənqid refleksləri - ƏQ, 29 iyun 2019; və Tənqid və ədəbi proses - 2019 (şikayət tezisləri) - ƏQ, 26 setyabr 2020) davam etməyə məcburam.
2. 2020-ci ilin sentyabr-noyabr aylarında ölkəmizdə, Azərbaycan həyatında misilsiz önəmli hadisə baş verdi; 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və iradəsi, Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsi nəticəsində Azərbaycan xalqı qalib oldu, Qarabağ torpaqları 30 illik erməni işğalından qurtuldu. Azərbaycan həyatında olduğu kimi, ədəbiyyatda da zamanın parçalanması göz və söz predmeti oldu: Vətən müharibəsindən əvvəlki dövr və Vətən müharibəsindən sonra; Qarabağ ağrısı dolu 30 illik dekadans sürəsi və Qələbə ilinin ruh yüksəkliyi... Hətta irəli düşüb ədəbi tənqid "Ədəbiyyatda diskursun dəyişməsi"ndən danışmağa başladı (bax: ƏQ, 2 oktyabr 2021). Həqiqətən də Qələbə ilində Zamanın bu üzünə köklənərək: Azərbaycan xalqının qalibiyyət ruhunu ifadə edən, II Qarabağ savaşında Azərbaycan əsgərinin qəhrəmanlıq dastanını əks etdirən, Ali Baş Komandanın obrazını yaratmağa çalışan, Azərbaycan insanının intəhasız vətənsevərlik duyğularını qeydə alan, təcəssüm etdirən yüzlərlə poeziya, nəsr, dram, esse, bədii publisistika örnəklərinin ardınca, təzə və təzədən yaranan Qarabağ ədəbiyyatını izləməyə çalışan, şərh edən, qiymətləndirən onlarla ədəbi tənqid yazıları da əmələ gəldi, mövzunu bir an belə diqqətdən qaçırmayan nə qədər də məxsusi "Qarabağşünas" imzalar da (daha geniş bax: T.Əlişanoğlu, Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi - "Ədəbiyyat qəzeti", 2 oktyabr 2021).
Azərbaycan Prezidentinin "Şuşa ili" elan etdiyi 2022-ci ilə ədəbiyyatımızın belə bir önəmli baqajla girməsi, əlbəttə, təqdir olunmalıdır. Amma həqiqət naminə, o da etiraf olunmalıdır ki: bu ədəbiyyat ilk öncə məhz Azərbaycan ordusunun, Ali Baş Komandanın, Azərbaycan əsgərinin, Azərbaycan insanının tarixi qələbəsinin təzahürü, bəhrəsidir; 44 gündə yaşananlar il boyu qələmə gəlir, ürəklərdə və vərəqlərdə əks-səda tapır, yazılır, şərh olunur. Bununla belə, çağdaş həyatımızın və ədəbiyyatımızın ana xəttini yönəldən Qarabağ mövzusuna münasibətdə yalnız medium-media-ötürücülük funksiyası ilə kifayətlənmək, hadisələrin passiv tərcümanı mövqeyi tutmaq , şəksiz ki, ədəbiyyat üçün azdır.
O da təsadüfi deyil ki, Qələbə ilinin ədəbiyyatına bütünlükdə təqdiredici yanaşmaqla, ilin ədəbi tənqidi "şikayət notları"nı da özündə qapsayır. "Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi" məqaləsində bu əsnada bir sıra tənqidçilərdən (K.Abdulla, E.Akimova, Azər Turan, C.Yusifli, M.Vahid) gətirdiyim sitatlara daha birisini artırmaq olar: "Başqa bir mühüm cəhət isə bədii-tarixi tonallığın dəyişməsidir. Ədəbiyyat artıq kədər ab-havasından, itirilənlər üçün əbədi təəssüf hissindən, üzüntü və ağrılardan uzaqlaşmalıdır. Vətəndaşlarımıza qalib xalqın nümayəndəsi olmaq əminliyini aşılayan, özlərini daha güclü və vüqarlı hiss etmək imkanı verən, böyük milli-mənəvi dirçəlişə hazırlayan əsərlər qələmə alınmalıdır. Günün sosial sifarişi budur..." (Vilayət Quliyev, Qarabağ bədii ədəbiyyatımızda // Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri. Bakı, Təhsil, 2021; s. 120-133)
Belə ki, Qələbə sevinclərindən danışırkən, mənimcə, ədəbiyyatda Diskursun dəyişməsi o zaman daha parlaq nəzərə çarpacaqdır ki, ədəbiyyat Özü (o cümlədən də tənqidi) yeni Zamanı dərindən, axıracan idrak edə, qalib xalqın ardınca öz qələbələrini də bu sıraya düzə, gerçəkləşdirə bilsin.
Vətən müharibəsinin isti izi ilə yazılardan birində belə bir tənqidçi proqnozunu oxuyuruq: "Bəlkə innən belə ədəbiyyatımızın baş mövzusu elə bu olasıdır - Kürəkçay... Aktuallığını itirmək bilmir. İnnən belə də Ədəbiyyatımızda bir mövzu varsa,varsa, güman, elə bu olasıdır. Çün belə görünür ki, kürəyində Kürəkçayı daşıyan Milləti hələ də, hələ də yaza bilməmişik..." (T.Əlişanoğlu, Qalibiyyət və ədəbiyyatın dərsləri - ƏQ, 12 dekabr 2020)
Bu məqam Vilayət Quliyevin məqaləsində daha konkretdir: "Məsələn, nə üçün bizdə son yüz ildə Qarabağda baş verənləri, yaşanan insan faciələrini, tarixi torpaqlarımızın əldən-ələ keçməsini, insanlarımızın ürəyində heç zaman sönməyən Qarabağ sevgisini, bütün varlığı ilə bu torpağa bağlı olan, onun uğrunda iztirablara qatlaşan, ölümə gedən fərdlərin, ailələrin, nəsillərin ömür yolunu tam dolğunluğu və ziddiyyətləri ilə təsvir edən ailə saqaları yaranmasın? Tarixi roman və epopeya niyə xarakter və hadisələrlə zəngin olan ucsuz-bucaqsız mövzudan bəhrələnməsin?" (Vilayət Quliyev, Qarabağ bədii ədəbiyyatımızda // Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri. Bakı, Təhsil, 2021; s. 120-133)
Başqa bir aspektdən misal. "Ədəbiyyat qəzeti"nin "müzakirə saatları"nın birində "Milli-ədəbi düşüncə tariximizə baxış" keçmişin təməl prinsiplərinin araşdırılmasından sonra bugünə gəlib dirənir və tənqidçi sual edir: "Çağdaş dönəmdə bu prosesdə, yəni Cümhuriyyət təfəkkürünün qorunmasında, təbliğində ədəbiyyat nə dərəcədə impulsu saxlaya bilib?" (Elnarə Akimova, ƏQ, 15 fevral 2020)
Suallar ritorikdir. Birbaşa cavablar yoxsa, ədəbi-bədii və tənqidi prosesdə qalib ruhun, qalib düşüncənin, qalib yanaşma və təfəkkürün axtarışı sorağında hələ ki davam edəcəyiz... Dayandığımız yerdən.
3. Gəlirik geniş mənzərələrə. Ədəbi-bədii və tənqidi proseslərin iki il öncəki durumunu təsəvvürə gətirmək üçün əhatə və ehtiva etdiyi bir neçə kontekstlər və müstəviləri qeydə almış, cızmışdıq (bax: T.Əlişanoğlu, 2018-ci il: ədəbi tənqid refleksləri - ƏQ, 29 iyun 2019; və Tənqid və ədəbi proses - 2019 (şikayət tezisləri) - ƏQ, 26 sentyabr 2020) Dayandığımız yerdən gəldikdə: yanılmadığımızı, iki ilin davamında eyni proseslərin daha da dərinləşdiyini görür, çağdaş ədəbiyyatımızda tənqidi təfəkkürün bir neçə konseptual istiqamətdə gəlişdiyinin şahidi oluruq.
1) Bunlardan birisi ədəbiyyatımızın ümumtürk müstəvisinə qayıtmaq, doğma konteksti bərpa etmək cəhdləridir. Bu istiqamətdə "Ədəbiyyat qəzeti"nin baş yazarı Azər Turanın az qala hər sayda dərc olunan ardıcıl, konseptual, bir-birini tamamlayan elmi-tənqidi-publisist esse yaradıcılığını (...) ilk növbədə qeyd etmək gərəkdir. Akademik Nizami Cəfərovun ara-sıra prosesə qatılan ədəbiyyat və dil yazıları da, tənqidçinin hələ ötən əsrin 80-ci illərindən, müasir ədəbiyyatımızda bu yöndə başlatdığı çabalarını davam etdirir. Tənqidçi Elnarə Akimovanın intensiv, bəhərli, konkretliyə köklənən fəaliyyətini də (...), şəksiz ki, bu xəttə aid etmək gərəkdir. Əvvəllər də vurğulamışam, əgər Azər Turanın yazıları prosesdə tarixi aspekti bugünlə ilgiləyir və ilgələyirsə, Elnarə Akimova tarixən gəlişən dəyərləri bugündən, yeni Azərbaycançılıq işığında süzgəcdən keçirməyə, bir növ ideoloji bəzəyini təmin etməyə çalışır. O da təsadüfi deyil ki, ötən il Elnarə Akimovanın Azər Turan haqqında məhz "əqidə birliyi"nin təzahürü və təsdiqi olaraq "Uzun, incə bir yolda" adlı monoqrafiyası (Bakı, Elm və təhsil, 2021) işıq üzü gördü.
Kollektiv əməyin bəhrəsi olan və müstəqillik dövrü türk xalqları ədəbiyyatlarının ortaq təcrübəsini əks etdirən "Türk Dünyasında Çeyrek Asırlık Edebi Tecrübe: Milli Ruh ve Edebiyata Yansıması" (Ankara, 2020) monoqrafiyasında akademik İsa Həbibbəylinin "Bağımsızlığın şerefli yolu ve bağımsızlık dönemi Azerbaycan edebiyatı" məqaləsi və bu istiqamətdə yazıları, Nizami Tağısoy, Almaz Ülvi, Yaşar Qasımbəyli, Bədirxan Əhmədov, Mahirə Quliyeva, Tahirə Məmməd, Mehman Həsənli və b. ədəbiyyatşünasların bu ortaq təcrübəni bölüşən məqalələri çağdaş prosesdə ümumtürk zəmininin möhkəmlənməsinə xidmət edir.
Ötən iki ildə ümumtürk müstəvisində ədəbi-tənqidi təfəkkürün ən böyük hadisəsi isə, şəksiz ki, ölkənin baş yazarı Anarın iri həcmli "Yaşamaq haqqı" (Bakı, Qanun, 2020) və iki cilddə "Söz dünyası" (Bakı, Şərq-Qərb nəşriyyatı. I cild-2018, II cild-2020) roman-traktatları hesab olunmalıdır. Hadisənin rezonansı da böyük oldu, birinci kitab haqqında Əjdər Olun, Azər Turanın, Kənan Hacının "Ədəbiyyat qəzeti"ndə, "Söz dünyası" haqqında "525-ci qəzet"də Tehran Əlişanoğlunun (və bəlkə nəzərdən qaçırdığım daha neçə) maraqlı, əhatəli, təfərrüatlı təhlil-şərh yazıları dərc olundu. "Ədəbiyyat qəzeti" görkəmli ədəbiyyatşünaslar: akademik Nizami Cəfərov, akademik Teymur Kərimli, türkoloq-alim professor Tofiq Məlikli, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, qəzetin baş yazarı Azər Turan və baş tənqid yazarı Elnarə Akimovanın iştirakı ilə "Söz dünyası"nın geniş və uğurlu "müzakirə saatı"nı keçirdi (ƏQ, 4 dekabr 2021).
Və müzakirələrdən, elə ümumən də qabartmağa çalışdığım mətnlərdən bir daha o hasil olur ki, çağdaş ədəbi prosesdə ümumtürk məxrəcindən danışılanda heç də zamanı geri çəkib ortaçağlara dönməkdən söhbət getmir; əksinə, ötən əsrin əvvəllərində(n) aktuallaşan, bugün də tələblərini diktə edən müasirlik kontekstinə, Dövlət bayrağımızın rənglərində də rəmzləşən modernləşmə müstəvisinə sədaqətdən bəhs olunur. M.F.Axundzadəyə, H.Zərdabiyə, C.Əfqaniyə, İ.Qaspralıya, Ə.Hüseynzadəyə, C.Məmmədquluzadəyə, Ə.Ağaoğluya, Z.Göyalpa, M.Ə.Rəsulzadəyə, Cümhuriyyət təfəkkürünə dönüşüb, bütün sovet dönəmindən keçirib bu dəyərləri müstəqillik illərimizə qovuşdurmaqdan söhbət gedir. Türklük, ümumtürklük altməxrəc olaraq daim olmuşdur, ədəbiyyatda məxsusən olmuşdur. Milli varlığın içində-mahiyyətində-mayasında olan necə yoxa çıxa bilər?! Müasirlik, bugünlülük, modernləşmə deyəndə də məhz bu tendensiya izlənməlidir. Ümumi tənqidi pafos bundan ibarətdir.
2) Çağdaş ədəbi prosesdə ikinci bir tənqid müstəvisini şərtən "qərbləşmə", bilavasitə müasir təfəkkür, modernləşmə çabaları kimi xarakterizə etmək olar. Əgər ümumtürk baxışı kimi səciyyələndirdiyimiz birinci xətt milli varlığın içindən dünyaya çıxışı şərtləndirirsə, "qərbləşmə" dediyimiz tendensiya müasir dünya pəncərəsindən milli varlığa (o cümlədən ədəbiyyata) nəzərləri təmin edir. Modernləşmənin yüz ili, ikiyüz ili boyu özümüz, sözümüz Qərb standartlarında nə qədərdir, necə görünür; ümumən Qərb model və mexanizmləri (Qərb maşını) içimizdə necə işləyir, işləyirmi? Bu sarıdan da ədəbi-tənqidi prosesdə iki sıra aktivlik meyilləri müşahidə edirik.
Birisi klassik paradiqmadır. Cavanşir Yusiflinin müasir ədəbiyyat təzahürlərini hər həftə "Ədəbiyyat qəzeti"ndə nəzəri çək-çevirə salan yazılarını (...), Rüstəm Kamalın ədəbiyyatımızın müasirlik mənzərəsini impulsiv tezliklərdə mozaik -kaleydoskopik parıltılarla görükdürən passajlarını (...), paralel haşiyələrdə Səlim Babulaoğlunun və Həmid Piriyevin dünya ədəbiyyatını intensiv müasir ədəbi prosesə çevirən və təqdimatını edən ardıcıl praktik fəaliyyətini (və s.) nəzərdə tuturam. Son ildə çox da aktiv görünməsə də, əvvəllər də diqqət cəlb etdiyimiz kimi, müasir ədəbi-tənqidi prosesdə Qorxmaz Quliyevin, Asif Hacılının, Ülviyyə Rəhimovanın nəzəri-tətbiqi ədəbiyyatşünaslığını da güclü zəmin hesab edirəm. Kamal Abdullanın ardıcıl davam edən esse yaradıcılığı (...), artıq vurğuladığımız kimi: Azərbaycan ədəbiyyatının bütövü üzərində düşündürür; burada da rakurs çağdaş dünya nəzərləri, təfəkkür tərzidir.
Çağdaş Qərb ədəbiyyatşünaslığı, baxışlar sistemi, model və sxemlərini müasir ədəbiyyatımıza tətbiq və daxil edən ikinci bir paradiqma təzədir və: Mətanət Vahid, Maral Yaqubova, Ülvi Babasoy, Elnarə Qaragözova, Qismət və bu kimi ədəbiyyatşünas-tənqidçilərin artıq püxtələşmiş yeni nəsli ilə təmsil olunur. Həmin sıradan günün ədəbiyyat mənzərəsini vərdiş olunmuş çərçivə ölçülərindən (ədəbiyyatın üç növü və janrlar sistemi, ədəbiyyatşünaslığın üç qolu və sahəsi və s.) fərqli, tamam başqa hermenevtik dildə, kateqorial aparatda təhlil və şərh edən, müasir ədəbi tənqidin tərzini və dilini dəyişməyə yönəlik bir çox səylər görürük (). Nəticə olaraq meydanda ilk kitablar da vardır: Maral Yaqubovanın ardıcıl "Ədəbi proses" məruzələri, Mətanət Vahidin "Ədəbi Kəpənək effekti" (Bakı, Elm və təhsil, 2020) , Ülvi Babasoyun "Doğumun unuduluşu", Qismətin "Ədəbi cərəyanların tarixi: antik dövrdən bugünə", Elnarə Qaragözovanın "Məqalələr" (Bakı, 2020) və "Postmodernizm" (Bakı, 2021) kitabları yeni platformanı görükdürən başlanğıclardır.
3) Daha bir müstəvini stixiyalı gəlişən cari tənqid prosesi adı ilə ümumiləşdirmək olar. Söhbət heç də ədəbi tənqidin hadisələrə kortəbii münasibətindən getmir. Günün ədəbi-bədii gedişatının özü dağınıq, çoxsəsli, çoxyarusludur; bu və ya digər estetik baza və təcrübəyə malik tənqid də bu prosesin üzə çıxardığı ədəbiyyata hövlnak, reaktiv, adekvat stixiyalı cavablar verməli olur. Bu sıranın da azmanları var; tənqidçi Vaqif Yusiflinin yarım əsrdən bəri fasiləsiz, fəal, prosesi çözməyə yönəlik tənqidinin ötən illərdə də səngimədiyini görürük. 1960-1980-ci illərin zəngin elmi-ədəbi arsenalından çıxış edən ədəbiyyatşünas tənqidini də (Qəzənfər Paşayev, Rəhim Əliyev, Nizaməddin Şəmsizadə, Şirindil Alışanlı, Qurban Bayramov, İslam Qəribli, Əlizadə Əsgərli, Salidə Şərifova, Aygün Bağırlı, Pərvanə Məmmədli və b.), hər birisi öz yaradıcılıq təcrübəsi və ədəbiyyat baxışlarından təkanlanan yazıçı tənqidini də (Anar, Elçin, Sabir Rüstəmxanlı, Rəşad Məcid, İlqar Fəhmi, Fərid Hüseyn, Şərif Ağayar, Rasim Qaraca, Qan Turalı, Kənan Hacı və b.) bu sıraya aid etmək olar.
Müxtəlif Ədəbiyyat institusiyasının: başda Ədəbiyyat İnstitutu olmaqla elmi-akademik korpusla yanaşı, başda AYB olmaqla "525-ci qəzet", "Azərbaycan" və "Ulduz" jurnallarının , yaradıcılıq qurumları: Yaradıcılıq Fondu, Dövlət Tərcümə Mərkəzi, ədəbi dərgilər: "Yazı", "Ustad", ədəbi portallar: Kulis.az, Simsim.az, Yeniyaz, Ədəbiyyat.az və s. kimi lokal ədəbi dairələrin formalaşdırdığı proseslər də özlüyündə stixiyalı səciyyə daşıyır, ümimi dağınıqlıq içərisində bu və ya digər notlar, ədəbi-tənqidi qatqılarla yadda qalırlar. Konfransımızın menyüsü zəngindir; və bütün bu çeşidli məqamlar məruzələrdə yəqin ki, görünəcək, əksini tapacaqdır.
Sonda diqqətimi çəkmiş daha iki kitabı vurğulamaq istərdim. Gənc idealistlər adlandırdığım Nicat Həşimzadənin Nemət Mətinin çəpəki suallarına cavablar üzərində qurulmuş "Düşünən insanlar ölkəsində" (Bakı, 2021) və Nəcəf və Nicat Həşimzadənin polemik söhbətlərindən ibarət "Fikir cinayəti-1" (Bakı, 2021) kitablarını müstəqillik epoxası və düşüncəsinin yetirdiyi gəncliyin zamana refleksiyası hesab etmək olar. Gənc ədiblər azad, sərbəst düşüncədən, ideal istəklərdən çıxış edirlər, bu məni sevindirdi; amal və əməl ehtirası ilə alışıb-yanırlar, yaxşıdır. Amma nə kədərləndirdi: bu düşüncədə milli varlıq, irs, az əvvəl sadaladığım tarix yox kimidir, varsa da dağınıqdır, kasaddır, bir az ictimai, bir az da məişət şüurundan yansımış, süxurlaşmamış şəkildədir. Əvəzində, bu düşüncədə bolluca "qərb" var, ötən otuz ilin yaxşı mənada mühitə yansıtdığı Qərb; fikir adamı olmağa cəhd edən müəlliflərin təkcə ədəbiyyatı, sənəti, filosofları geniş mütaliəsi, müzakirəsi, mühakiməsində deyil, həm də gənclərin əsrləri (yaşadığımız son üç əsri) bizə saxlayıb, təzədən "fransız ensiklopedistləri" olmaq kimi həvavü həvəslərində də... Təkcə gənc idealistlərinmi?!.
Bir yazımda da vurğuladığım kimi: İdrak dəmidir. Ədəbi-tənqidi təfəkkür həyatdan da, ədəbiyyatdan da bunu gözləyir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!