2020-2021-ci illərdə nəşr edilən romanlar əsasında
Artıq xeyli müddətdir ki (ən azı, on ildən artıq!), Azərbaycan romanı artmaqda olan yazıçı və oxucu marağının dəyişməz obyektidir. Çünki hər iki tərəf romanla bağlı axtarışdadır. Nəticədə, yazıçıların daha yaxşı, daha təsirli, daha fərqli roman yazmaq, oxucuların isə daha maraqlı əsər (imza!) tapmaq axtarışı "roman yaradıcılığı" prosesini canlandırıb. Və oxucu marağını qarşılamaq istəyənlər romanın bir forma olaraq inkişafı, zənginləşməsi, məzmun etibarilə daha maraqlı olması, süjet quruluşu, struktur və texnoloji imkanlar baxımından apardıqları eksperimentlərin daha tutarlı alınması üçün çox fərqli üsullara əl atırlar. Bura müxtəlif üslublardan istifadəni, bəzən nəzəri bilik və qənaətlərin mətnə süni və yaxud məntiqli şəkildə tətbiqini (bunun alınıb-alınmaması başqa bir məsələdir!), bəzən hazır modellərdən yararlanmanı, dünya romançılığı praktikasında özünü təsdiq etmiş element, üslub, quruluş və priyomlardan istifadəni və s. də əlavə etsək, deyə bilərik ki, romanımızın dünya roman yaradıcılığı prosesi ilə ayaqlaşa bilməsi üçün az iş görülmür.
Son iki ilə baxdıqda isə müşahidələr onu deməyə əsas verir ki, romana axın (yazıçı gəlişi!) hələ də davam edir. Şeirlə, poeziya ilə, nəsrin daha kiçik formaları ilə məşğul olan yazıçılar arasında da, tamamilə fərqli sahədə çalışan mütəxəssislər arasında da "romançılıq" stixiyasına qapılanlar az deyil. Və yenə də hər il olduğu kimi, sevindirici məqamlarla da üzləşirik, təəssüf doğuran faktlarla da. Lakin dəyişməz qalan budur: roman "özünü aramaqda" və "yeni eksperimentlərə açıq olmaqda" davam edir və bu mərhələ, hələ ki yalnız imzalarla zənginləşməkdədir.
Nəşr edilən romanlarla bağlı ümumiləşdirmələr aparmazdan və detallı təhlillərə keçməzdən əvvəl statistikanı təqdim edək.
Ötən iki ildə yenə də diqqəti çəkən bir neçə müəllif oldu ki, seçdikləri üsluba, model-formaya, üslubun tələblərinə sadiq qalaraq, öz romanlarını yaratdılar. Bunlardan seçdiyi magik-realistik üslubda bir-birindən maraqlı əsərlər yazan Zahid Sarıtorpağın adını xüsusi çəkə bilərik ki, onun "Azərbaycan" jurnalında iki romanı nəşr edildi: "Köhnə mücrüyə elegiya" romanı (№3-4) və "Qiyamət qaziləri" roman-pritçası (№11). İkinci "özünəsadiq" imzalardan biri isə dəyişməzliyi və məhsuldarlığı ilə hər zamankı yerində duran Mübariz Cəfərli idi ki, onun da iki - "Zəncir" (№1) və "Ərəfə" romanları (№5) "Azərbaycan"da işıq üzü gördü. Bundan başqa, jurnalın səhifələrində Səyyad Aranın "Başdaşı" (№2), Azər Abdullanın "Çat" (№3-4), Varisin "Qızıl cib saatı" (№10), Natiq Məmmədlinin "Ən gözəl günah" (№1-2), Əyyub Qiyasın "Ölənə qədər" (№3-4), Tahir Taisoğlunun "Asılqanbuynuzu" (№6-7-8), Yaşar Bünyadın "Səməndər quşu" (№10) romanları çap edildi.
Məlum olduğu kimi, yeni yazılan ciddi romanların böyük bir qismi, adətən, "Azərbaycan" jurnalı vasitəsilə ədəbi ictimaiyyətə təqdim edilir. Və bu mətbuat orqanı ciddi anlamda meyar hesab edilməkdədir (şəxsən mən bu qənaətimi təkrar-təkrar təsdiqləyə bilərəm). Adətən, çox az hallarda jurnaldan kənar qalaraq kitab halında nəşr edilən gerçək romanlarla qarşılaşırıq. Lakin ötən iki ildə elə romanlar oldu ki, onların jurnal variantı təqdim edilmədi. Bu kitab-romanlardan Kamal Abdullanın "Laokoon... Laokoon", Varisin "Qırmızı ləçəklər", Azər Qismətin "İlbizlər", Əyyub Qiyasın "Havay tətilləri", İlqar Rəsulun "Sara", Yunus Oğuzun "Uçurum", Kənan Hacının "Hakimə açılan atəş", Emin Əlihüseynlinin "Sonuncu Şirvanşah" romanlarını qeyd etmək olar.
Natiq Məmmədlinin "Ən gözəl günah" adı altında "Azərbaycan" jurnalında (№1-2) nəşr edilən romanı "Sev" adı ilə kitab halında işıq üzü gördü. Bundan başqa, təkrar nəşrləri oxuculara təqdim olunan romanlar oldu ki, bunların arasında əvvəllər "Azərbaycan" jurnalında işıq üzü görən Əjdər Olun "Lo", Seyran Səxavətin "Daş evlər", Məmməd Orucun "Köçürülmə" romanlarının adlarını çəkmək olar. Bu faktın özü də müasir cəmiyyətdə romana olan maraq artımının göstəricisidir.
Son iki ildə sevindirici haldır ki, Azərbaycan romanlarının xaricdə çap edilməsi faktı ilə də əvvəlki illərlə müqayisədə daha sıx-sıx qarşılaşdıq. Bu kitabların əksəriyyəti qonşu ölkələrdə çap edilsə də, hər halda, əhəmiyyətli amildir. Onlardan Vaqif Sultanlının "Səhra savaşı", Varisin "Qızıl cib saatı", Vüsal Nurunun "Qaraqaşlı", Qalib Şəfahətin "Sandıq" romanı ("Qarabağ sandığı" adı ilə), Ceylan Mumoğlunun "Qadının üç yaş dövrü", Yunus Oğuzun "Ovçu" romanları Türkiyədə, Mübariz Cəfərlinin "Zəncir" romanı Təbrizdə nəşr edildi. Kamal Abdullanın "Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi" romanları Almaniyada işıq üzü gördü.
Ötən iki ildə Azərbaycanda nəşr edilən romanlar arasında diqqət çəkən müəlliflərdən Varisin adını xüsusilə qeyd etmək istərdik. Əvvəlki yaradıcılığında daha çox bestsellerə çevrilmiş əsərlər müəllifi kimi tanınan, bu romanlarında publisistik ahəngin daha qabarıq olduğu duyulan yazıçının istər "Azərbaycan" jurnalında nəşr edilən "Qızıl cib saatı", istərsə də "Qırmızı ləçəklər" romanları ədəbiyyatımızda ciddi bir romançı imzasının gəldiyinə, onun ciddi roman yaradıcılığına keçdiyinə dəlalət edir. İstər mövzu-problematika, istər forma-model, istərsə də təhkiyə tipi bizə bunu söyləməyə əsas verir. Onun bu romanlara qədər yazdığı əsərlərdən yalnız "Sonuncu mogikan" haqqında qənaətimiz buna yaxın olub.
Ötən iki ilin romanlarından əldə edilən qənaətləri ümumiləşdirməli olsaq, ən çox diqqəti çəkən xüsusiyyətin məhəlli - yerli, dar çərçivədən çıxaraq hadisələri məkan və zaman olaraq daha geniş müstəvilərə daşımaq istəyinin hiss edilməsidir. Bu mətnlərdə sevgi də, ünsiyyət də, problem də, müharibə də daha qlobal aspektdə roman mövzusuna çevrilməyə başlayır. Qloballaşan dünyanın insanı və onun İnsani problemləri, ağrıları, sevgisi Azərbaycan romanı üçün artıq daha aktualdır. Məsələn, Mübariz Cəfərlinin "Ərəfə" romanı, yaxud Natiq Məmmədlinin "Sev" romanı buna misal ola bilər. Birincidə qlobal dünyanın pandemiya bəlası, insanın tənhalıq problemi araşdırılırsa, ikinci romanda iki hind gənc arasındakı sevgi ilə Sarı Aşıq və Yaxşı sevgisinin bir mətn daxilində təqdimatına rast gəlirik. Ümumiyyətlə, son dövr romanı üçün aktual olan zaman, məkan və gedişat baxımından bir-birinə təmas etməyən, lakin oxşar hadisələrin oxşar ağrısını canlandıran iki süjetli inkişaf burada da mövcuddur. Fərqli mədəniyyətlər, fərqli dünyagörüşləri arasında bəzi məqamlarda keçidlər, təmaslar baş versə də, bu detallar (məsələn, hindli Səidin gözünə Sarı Aşığın görünməsi, onun daxil olduğu süjetin öz Yaxşısının olması, yaxud hər iki süjetdə ümumi olan sakura - eşq çiçəyi, onun qoxusu və s.) bəşəriyyət üçün bir çox məsələnin eyni olduğunu xatırladır: gözəlliyin, sevginin, zalımlığın, qəddarlığın, pisliyin dili, dini, milliyyəti yoxdur. Dünyanın o başında da olsa, bu başında da olsa, İnsan eyni ağrılardan, eyni sevgilərdən və sevgi qarşısında duran eyni maneələrdən adlamalı olur (və ya adlaya bilmir, nəticədə isə bu sevgi, bu böyüklük dillərdə dastana çevrilir!). Hərçənd roman ilk səhifələrdə təsvir edilən məkan və qəhrəmanlar (adlar!) baxımından yad təsir bağışlayır, fərqli mədəniyyətlərin elementləri və xüsusiyyətləri ilə (budda məbədi, sakura, rus, amerikalı və b. insanların bir araya gətirilməsi və s.) oxucuda bir çaşqınlıq yaradır, lakin müəllif nəticədə öz məqsədinə çatır. Həmçinin müəllifin öz tale hekayəti ilə roman süjetinə daxil olması da özünün "roman içində roman" effekti ilə maraqlı təsir bağışlayır.
Başqa bir diqqət çəkən xüsusiyyət mövzu və problematika məsələsində daha siyasi davranmanın müşahidə edilməsidir. Artıq Qarabağ məsələsi, erməni-türk problemi haqqında söhbət açılan romanlarda belə daha ağıllı, siyasi yanaşmanın varlığı müşahidə edilir ki, bu, əvvəlki illərin "ağı ədəbiyyatı"ndan çox fərqlidir (hərçənd Azər Abdullanın "Çat" romanında bir qədər fərqli, tarixi rakursdan yanaşma, erməni qızına aşiq olan Azadın sevgisinin təsviri var, lakin bu barədə daha sonra!). Bu, "qəhrəman romanları"dır, "siyasi gedişlərlə", "düşməni öz silahından istifadə ilə vuran" mətnlərdir: müəllif emosiyasından uzaq, lakin təsvir edilən qəhrəmanın emosiyaları ilə dolğun romanlar. Məsələn, Varisin "Qızıl cib saatı" romanı.
Paralel süjetlər və fərqli zaman, müxtəlif məkan-hadisələr gedişatının yanaşı xətlərlə inkişafı bu roman üçün də aktualdır. İki süjet xətti, iki zaman, iki hadisə müstəvisi daxilində inkişaf daha çox postmodern roman strukturu üçün aktuallıq kəsb etsə də, artıq hərəkət trayektoriyasına fərqli roman tiplərini də daxil edib. Fərqli olan budur ki, bu mətnlər postmodern estetikaya deyil, ənənəvi roman estetikasına daha yaxındır, amma eyni zamanda da onun xətti inkişaf prinsipinə zidd qurğu ilə yazılıb.
Varisin "Qızıl cib saatı" romanı əvvəlcə dili-təhkiyəsi ilə diqqəti çəkir. Əslində, publisistik dili də çox rəvan olan Varis, digər romanlarından fərqli olaraq, burada publisistik tondan gerçək bir nəsr təhkiyəsinə adlayır. Roman iki süjet üzrə inkişaf edir. Süjetin biri Qarabağ döyüşlərində əri şəhid olmuş, atasının qisasını almaq üçün 17 yaşında müharibəyə gedən oğlu olan Əsli qadının yaşantıları, özü ilə mücadiləsi, ümidi, erməni əsirə qulluq edərək gah onun simasında öz oğlunu görməsi, gah da onu oğlu ilə dəyişmək üçün son ümid yeri bilməsi təsvir edilir. İkinci süjet isə həqiqətləri təhrif etmək üçün göndərilən, lakin həqiqətləri etiraf edən erməninin yazdıqları və yaşadıqları əsasında inkişaf etdirilir. Erməniyə öz balası kimi qayğı göstərən ananın yaşantılarının, duyğularının laddan-lada keçən dəyişimi detallı ifadə edildiyi üçün oxucu gah onunla birlikdə tərəddüdə düşür, gah da əminliklə sonu gözləyir. İstanbul ermənisinin 1918-ci ilin mart ayında ermənilərin Azərbaycanda törətdikləri soyqırımı haqqında gördüklərini qələmə alması və bu hadisələrin şahidi olaraq "iki od arasında" qalması onunla Əslinin vəziyyətini eyni paralelə gətirir. Belə bir maraqlı təzad nöqtəsi tapmaqla və yaratmaqla yazıçı oxucunu da dilemma qarşısında qoyur. Gah yumşaldır, gah kəskin münasibət ladlarına salır, gah haqq qazandırmağa vadar edir... Lakin erməni vəhşiliyini erməninin öz dili ilə açması, tarixi faktlarla, tarixi şəxslərin adları ilə ifşa etməsi (bu faktlardan söz düşdükdə çox zəif də olsa, bir publisistik yanaşma hiss edilir, lakin bu xüsusiyyət tez də sönüb öləziyir) maraqlı və əsaslı bir gedişdir. Roman haqqında məqalənin tam halında daha geniş söhbət açılacaq, lakin qeyd etmək istəyirəm ki, son iki ilin ən uğurlu romanlarında biri məhz "Qızıl cib saatı" romanıdır.
***
Zahid Sarıtorpağın "Mücrü haqqında elegiya" romanı onun magik realizm üslubunda qələmə aldığı bir-birindən maraqlı "Kül", "Qarğa marşrutu", "Dərdin sarı çəpkəni" romanlarından sonra daha bir uğuru hesab edilə bilər. Roman o dünyadan - ölümdən geri - diriləyə doğru yol alan xatirələr, yaddaş, ağrılar fonunda bir səyahət kimi qələmə alınıb. Əslində, elə ilk cümlələrdən başlayaraq oxucu müəmmalı, sirli, qarışıq, sanki yuxuda yeriyirmiş kimi bir hiss yaradan "aura"nın içərisinə düşür. Bu dünya ona tanış deyil. Bir duman, sir pərdəsi altındaymış kimi görünür. Və yazıçı hər vasitə ilə bu təəssüratın canlılığına nail olur. İlk oxunuşda yalnız kiçik işarələr, ştrixlər əsərin qəhrəmanının həyatda yaşamayan, ölmüş biri olduğundan oxucunu xəbərdar edir. Və bu ştrixlər, işarələr ardıcıl deyil, səpələnmiş təqdim edildiyindən bəzən "görəsən, doğrumu anladım?" şübhəsi də yaradır. Qəhrəman haqqında "Rusyətdə ölüb gələn..." ştrixi, yaxud digər qəhrəmanın - Brilyantın özü haqqında: "Ömründə bir dəfə Bakıya gedəsən, özü də xalan qızının toyuna. Səadət sarayının pilləkənindən kəlləmayallaq yıxılasan, boynun qırıla, elə ordaca qalasan... Özün cəhənnəm, yazıq qızın da toyunu çevirəsən yasa. Belə şey olar?" işarəsi, gözlərdə donub qalan çilçıraq görüntüsü, çəhrayı rəng... bu mətləbi oxucuya çatdırmağa hesablanmış ştrixlərdir. Halbuki şəhəri dolaşan, həkimin epikrizinə görə demensiya - unutqanlıq xəstəliyindən əziyyət çəkdiyi qeyd edilən İshaqın xəstəliyi hadisələrə ilk mərhələdə başqa rəng verir. Yaddaşını itirən birinin "səyahəti" kimi... Lakin qarşılaşdığı pişik sevgili çörəkçi, onu görüb qaçan, ona toxunmaq istəməyən gənclər və s. qəhrəmanın "o dünyalı" obrazını oxucuya daha yaxın gətirir. "Mən bura niyə gəldiyimi bilmirdim. Ümumiyyətlə, hara getdiyimi, kiminlə görüşməli olduğumu, əvəzində kimə rast gəldiyimi başa düşmürdüm. Yaddaşım həmişəki kimi, elə bil, səssiz bir dəniz dalğasıydı, gəlib sahilin daşından sakitcə öpüb qayıdırdı geri". Bu fikirlərlə özünü anladan İshaq, əslində, iki dünya arasındakı keçiddə ilişib qalan, ölümünü qəbul edib o keçidi adlaya bilməyən biridir. Sanki bütün "geri dönüş" də onun bu həqiqəti qəbul etməsi üçündür.
Zahid Sarıtorpağın digər romanlarında olduğu kimi, bu romanda da "oxucu yaddaşına vurulan yaralar, izlər" var. Məsələn, elə "sərçələrə nifrət" hissi, onun səbəbi olan hadisə, yaxud bir detal olaraq içi su doldurulmuş, sərçələrin cırdığı və mücrünün içərisində gizlədilən içi hava dolu şar. Mücrüdə olan və mücrü qırıldıqdan sonra havaya qalxan bu şarın da öz simvolik mənası var, mücrünün də həmçinin... Bu cür simvolik detallar bu yazıçının, demək olar, bütün əsərlərinə səpələnibdir. Məsələn, mücrüyə yüklədiyi "ürək" mənası (həyat verən, nəfəs alan) ilə mücrü qırılanda ondan qurtulub çıxan şar (hava, nəfəs, ah) bu anlamda bir-birini dəqiq və hesablanmış bir şəkildə tamamlayır. "O mücrüdəkindən xəbərin var? - Nə mücrü? Mücrü nədi? - Bax budu! Bunu deyirəm dəə! - Sinəmə bir yumruq ilişdirdi. - Bilmirsən, bunun içində nə var? Bax bu qabırğaların altındakını deyirəm eey, ondan muğayat ol!". Ürək - mücrü və o qırıldıqda içindən çıxıb göyə yüksələn içi hava dolu şar - ah! Bu ştrix-koda daha bir açar da daxil edilir. İshaqın sözləri ilə: "Allah, sən kömək ol..." deyib gərnəşdim və gözləmədiyim halda, qəfil fərqinə vardım ki, gecə-gündüz dilimdən düşməyən "Allah" sözünün də sonu "ah"la bitir...".
"Köhnə mücrüyə elegiya" romanı müəllifin hər zamankı poetik, canlı, təbii və axıcı təhkiyəsi ilə yadda qalır. İki dünya arasında azmış insanın ölümü qəbul etməsi üçün geriyə - yaddaşa (başından aldığı zərbə, çilçıraq və çəhrayı rəng!) qayıdışı öz sirli-sehrli təəssüratı ilə uzun zaman oxucunu təsirdə saxlaya bilir.
***
Mübariz Cəfərlinin son illərdə nəşr edilən iki romanından biri - "Ərəfə" romanı tamamlanmamış, sonuna qədər yerinə oturdulmamış xətlər, açıq qalan, cavablandırılmayan suallar, sonu naməlum buraxılan hadisələr və s. ilə yadda qalsa da, romanın sona qədər yazılmadığını və ya hansısa hissələrinin ixtisarla verildiyi təəssüratı yaransa da, roman bir çox "zərbə"lərin dəqiqliyi, qaldırılan problemlərin kəskinliyi, uzun zaman yaddaşda qalacaq təsvirlərin və hadisələrin mövcudluğu, aktuallığı ilə diqqət çəkir. Bu roman da qloballaşan dünyanın qlobal problemlərinə üz tutması ilə fərqlənir.
Roman müasir zamanla - pandemiya dövrünün insanı ilə bağlıdır. Yazıçının təsvirə məhz dəlixanadan, ağlını itirənlərin mühitindən başlaması və onunla "ağıllılar"ın "maskalı cəmiyyəti" arasında paralel xətlər cızması təsadüfi deyil. Bu yolla çox asan bir şəkildə oxucunun diqqətini bəşəriyyət üçün hər zaman aktual olan "dəlilik" probleminin dərinliklərinə yönləndirməklə bərabər, ağıllı olan (və ya özünü ağıllı hesab edən!) zümrənin nə dərəcədə ağıllı olduğunu sorğulayır (oxucunu da sorğulamağa vadar edir). Məhz bu səbəbdən də "Ərəfə", ilk növbədə, "ağıllıların" mühiti ilə "dəlilərin" mühiti arasında keçidlərlə yadda qalır. Sanki "bunların hansı ağıllıdır?" sualı hər an baş qaldırıb boy vermək üçün fürsət gözləyir. Bəzi məqamda, hətta əsas qəhrəmanın (Baş həkimin) dili ilə səsləndirilir də. Bu romanda təsvir edilən iki dünya iki deyil, bir süjet xəttinin inkişafında verilir.
İçəridəki (dəlixanadakı) "azadlıq" ilk hissədəcə diqqəti cəlb edir. "İkiləşən", "sən də elə mənsən" deyərək oradakı (azad olmayan mühitdəki) azadlığı dəyərləndirən qəhrəmanlar onu həbsxanadakı "azadlıqla" müqayisəyə qoyaraq birinciyə üstünlük verirlər. Bayırda yaşaya bilmək üçün gönüqalın olmalıyıq..." dərki günahı və real həyatın ağrılarını daşıya bilməyənlərlə onu qəbul edib yaşayan "gönüqalınları" üz-üzə qoyur. O ağrıların bir daşıyıcısı Mürsəldirsə, digəri də Baş həkimdir. Biri öz ruhi xəstə olacaq övladını körpə yaşında əlləri ilə öldürən Axund, digəri isə ermənidən olan oğlunun "ərə getməsi" yükünü ürəyində daşıya-daşıya yaşayan (və ya yaşaya bilməyən!!!) Baş həkimdir. İlk hissədə diqqəti çəkən bu dialoq sona qədər oxucunu izləyir. Hətta o dərəcədə ki, başa düşürsən: istər ağıllı ol, istərsə dəli, istər azadlıqda ol, istərsə dörd divar arasında - əsas problem dəyişməyəcək. Sən yenə də azad olmadığını düşünəcəksən, hiss edəcəksən. Sən yenə də insanlardan - öz həmcinslərindən qaçmağa çalışacaq və xilas yolunu bu qaçışda görəcəksən.
İki dəlinin (ikiləşən insanın) arasındakı bu dialoq Baş həkimin qaçışının da səbəbidir. Halbuki o, ağlı başında olan biridir. Amma öz duyğularını və fikirlərini bir yerə toplaya bilmədiyindən qaçış arzusundadır. Onun düşüncələrinin, duyğularının təqdimi və ifadəsi də "ağıllı" bir insanın "itkinliyi"nin sübutudur. Romanda baş həkimin (tənha insanın) daşa, ağaca, ota - təbiətə inamı, etibarı başqa məqamlarda da ortaya çıxır. O, təkcə yaddaş haqqında düşünəndə deyil, ölüm haqqında düşünəndə belə, məhz təbiətlə həmahəng ruhda olur. Daşa, ağaca, quşa, kola çevrilmək istəyi ədəbiyyatımızda hər zaman aktuallıq kəsb edən bir xətt olubdur. Əslində, bütün çevrilmə istəklərində olduğu kimi, bu çevrilmə istəyinin də əsasında yenə də insanın azadlıq istəyi durur. İnsan aAğac, daş, torpaq olaraq (yaddaşdan, onun daşıdığı ağırlıqdan, acılardan, problemlərdən qurtularaq) daha azad ola biləcəyini düşünür.
Romanın əsas ideyası məhz insan "ağlı" ilə, "yaddaşı" ilə insan "tənhalığı" arasındakı əlaqənin varlığının sübutudur. İnsan nə qədər tənhadırsa, ağlı bir o qədər zərbə altındadır. İnsan nə qədər bu tənhalıq səbəbindən ruhundakıları, düşüncəsindəkiləri paylaşmaq imkanından məhrumdursa, yaddaşın ağırlığı öz ardınca onun dağılmasını, sınmasını gətirəcəkdir. Əslində, müəllif bütün roman boyu kontrastda olan, bir-birini təkzib edən "dərk etmə" və "dəlilik" anlayışlarını eyni müstəvidə yanaşı işlədir. Dəli olan, amma eyni zamanda da danışdıqlarında müəyyən məntiq qorunan insanların varlığındakı bu ziddiyyət (bu fakta diqqət yetirmiş!) hər kəsi düşündürür. Romanın ən uğurluq məqamı da bu bəlkə hansısa məqamda hər kəsi düşündürən bu problemə diqqət yönləndirməsidir.
Müəllif bu kiçik romanında kiçik və ilk baxışdan bir o qədər diqqət çəkməyən ştrixlərlə çox böyük problemlərə toxunub və bunu təsirli bir şəkildə edə bilibdir.
***
Yuxarıda qeyd edilən romanların hər biri haqqında söhbət açılacaq. Lakin məruzənin tam mətnində. "Ədəbiyyat qəzeti" üçün hazırlanan qısaldılmış variantını isə onunla tamamlamaq istəyirəm ki, son iki ilin romanlarında üslub müxtəlifliyi, mövzu-problematika rəngarəngliyi ilə yanaşı, müəlliflərin bədii mətni dünya oxucusuna ünvanlama istəyi də açıq-aydın müşahidə edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!