“İntermediallıq” silsiləsi
Mətanət VAHİD
Anar Hüseynzadənin kətan üzərində yaratdığı sərhədsiz azadlıq - Abşeron abstraksiyasını Ramil Əhməd eyni intonasiya, eyni ahənglə şeirdə davam etdirir. Şair rəsmlərdə məhz rəssamın çəkdiklərini görməyə və şərh etməyə çalışmır; "Abşeron yarım adamı" (mənə qalsa, "yarımadamı") ekfrasis-şeiri sərgidəki rəsmlərdən görünən obrazların şairə özgün rəsmidir.
Son altı ildə mütəmadi olaraq intermediallığın müxtəlif təzahür formalarından yazarkən fərqinə vardım ki, Azərbaycan (eləcə də dünya) ədəbiyyatında ekfrasisin ən çox təsviri növü yayğındır. Müstəqillik dövrü və ondan da öncəki dönəmə aid ədəbiyyatımızda onlarca roman, hekayə, şeir məhz təsviri ekfrasis sayəsində intermedial kontekst qazanır.
Təsviri ekfrasisinin səbəbi nədir? Nəyə görə müəllif fotoşəklə, heykələ, hər hansı konkret və ya xəyali rəsmə şeir (ümumiyyətlə, mətn) yazmaq ehtiyacı duyur? Ekfrasis-şeirin məqsədi oxucu və izləyici arasındakı sərhədi aradan qaldırmaq, ikisini bir sənət materialı qarşısında birləşdirməkdir. Bu, adətən, müəllifin hər iki sənətə olan sevgisi ilə yanaşı, verbal və vizual mətnin (ayrılıqda və bir arada) oxucuya eyni dərəcədə təsir göstərə biləcəyi inamından doğulur. R.Barta görə, qeyri-verbal işarələr adresata əlavə məlumat ötürərək onun yaddaş təcrübəsini tamamlamaqla yanaşı, həm də yeniləyir.
Kreolizə edilmiş mətnlər ona lazım olan məlumatı sürətlə seçə və qavraya bilən, parlaq və yaddaqalan elementlərə istinad edən oxucuya yönəlir. Ekfrasis-şeirlərdə sözün və ya rəsmin - hansının ilkinliyə malik olduğu, fikrimcə, müzakirə mövzusu olmamalıdır. Çünki önəmli olan müəllifin onda yaranmış halı mətnləşdirə bilməsidir. Ramil Əhmədin şeiri sərginin yaratdığı təəssüratı xarakterə çevirir - Abşeronun "yarımadamı"na.
Hüzndən bədənlər yoğurdu rəssam
Meqapolisin dərviş ruhu oyandı rəsmdə.
İslandı yağışın rənginə Abşeron yarımadası,
Fatehsiz tikili kimi göründü gözümə Qız qalası.
Yalnızlığın min bir rəngi
toxundu kətanda fırçayla,
sevgiliyə gül uzadan əllərin tənhalığı göründü,
İsa on iki həvari arasında yalqız,
Senatda Sezarı bıçaqlar təklədilər...
Sənətkar yaradarkən əgər oxucunu\izləyicini az da olsa, düşünürsə, qayğısı "bundan nə başa düşəcəklər" yox, "bunda nəyi necə görəcəklər"dir. Rəsmlərin interpretatoru - şair sərgini bir bənddə "hüzn, tənhalıq, yalnızlıq, yalqızlıq" ifadələrini toplayacaq qədər kədərli, tablodakı dərvişanə ruhu öz misralarına yansıdacaq qədər asudə görür.
Şeirdə yalnız Abşeronun, onun "yarım adamının" deyil, həmçinin rəssamın obrazını izləyirik: tablolar bütün detalları ilə həm də onun bu rəsmlər vasitəsilə dünyaduyumunu nümayiş etdirir. "Abşeron yarım adamı"nın sonuncu bəndindən bilirik ki, rəssam evləri, əsasən, qapısı açıq təsvir edir və elə bu misralardaca o ümid qapısı bağlanır:
Rəssam, evlərinə de ki, gözləməsinlər...
Bizi sevənlər getdilər
tərkində armudlar olan atlarla
və onlar bir də qapısı açıq bu ev rəsmlərinə
dönməyəcəklər - gəlməyəcəklər.
Rəsmdən bədii təsvirə qədərki ekfrasistik transformasiya gerçəklik - rəsm - bədii mətn səviyyəsində qovuşma prosesindən keçir. Başqa sözlə, şeir burada və indi rəsmlərdən alınan təəssüratdan yaransa da, həm də bu rəsmlərin çərçivəsini adlayan yaddaşın doğurduğudur. "Bizi sevənlər getdilər" ifadəsi altşüurdakı ağrıdan doğulanın, "...və onlar bir də qapısı açıq bu ev rəsmlərinə dönməyəcəklər - gəlməyəcəklər" ümidsizliyinin rəsmidir. İzləyici\müəllifin yaddaşında yer etmiş Abşeronun tənha, kədərli, qaranlıq obrazının yenidən canlanması üçün bu rəsmlər trigger rolunu oynayır.
Ekfrasis-şeirin oxu prosesində sözlə rəsm bir-birini illüstrə etmir, bunlar artıq bir bütündür - mətn vizual və verbal səviyyədə şüuraltıya eyni zamanda təsir göstərir. Buradakı montaj effektinə görə, nəyinsə haqqındakı şeir həmin o anlayışı aratdırır. Hələ şeir rəsm və ya bütöv bir sərgi haqqındadırsa, oxucu dərhal mətnin vizual tamamlanmasının qayğısına qalır. Abstrakt rəsmlər onu oxumağa\görməyə deyil, izləyici fantaziyasına hesablanır. Ekfrasis oxucusunun qarşısında bu rəsmlərin tablosu yox, şeir müəllifi - interpretatorun o rəsmlərdə gördüyü və təqdim etdiyi canlanır. Beləcə, oxucu bu zəncirə dördüncü müstəqil halqa kimi daxil olur.
Əsasən, mifoloji mətnlərə söykənən rəsmlərdən gördüyünə "Abşeron yarım adamı" müəllifi öz boyasını əlavə edir. Kətan üzərindəki obrazlar, rəssamın iradəsindən asılı deyilmişlər kimi, canlanıb hərəsi öz yoluna üz tutur. Bədii mətndə onlara rəsm əsərindəkindən fərqli - yepyeni bir tale cızılır. Şeirin 2 və 3-cü bəndlərini rəsmlərdən tamamən müstəqil mətn kimi alqılaya bilərdik, sonda müəllif yenə rəssama müraciət etməsəydi. Bununla bədii mətnin konturlarının rəsmlər\sərgi boyu cızıldığına daha bir vurğu edilir.
Troyalı Arqonavtların dördə böldüyü qayıq, tərkində armud dolu səbətlər olan atlar, almasız nağıldan qaçmaq, almalı nağıla düşmək və cənnətdən qovulmaq arzusu... şeirdə təzad kimi görünən xeyli belə arzu və istək sərgidəki rəsmlərin danışdığı ilə yanaşı, həm də və daha çox susduğudur. Rəsmlərin susduğunu nəql edən şair labirintin Minotavrı kimi əsir olan Abşeron yarımadamının İkar(us) qanadlarını taxıb ətalətdən çıxıb getmək - çərçivəni dağıtmaq, sevgiyə\sevgiliyə, azadlığa qovuşmaq arzusunu sözə çevirir:
Yolların falına baxdı qoca şaman
və bu uzun yolların alın yazısında
ikicə söz oxundu: "Çıxıb getmək".
Çıxıb getmək bu almasız
nağılın yarımadasından
tərkində armudlar olan atlarla...
Çıxıb getmək bu almasız
nağılın yarımadasından
çərçivəyə sığmayan İkarus qanadlarla.
Çıxıb getmək, o yerə ki, yolumuzu gözləyir
bir qadın, səbətində almalarla...
Almanı dişləyib qovulmaq arzusu var canımda
Abşeron cənnətindən, Abşeron təkliyindən.
Ekfrasis-şeir, bir növ, rəssamla şairin dialoqu kimi ərsəyə gəlir. Burada Abşerona ikili baxış var - rəssamın və ekfrasis müəllifinin rakursundan. "Abşeron yarım adamı" şeiri bir sərginin motivləri üzərində uydurulmuş nağıldır. Ramil Əhmədin sərgiyə ithaf haqqındakı qeydi olmasa, oxucu bu şeiri, sadəcə, Abşeronun sözlə rəsmi kimi qəbullanacaq. Bu baxımdan şeir konkret rəsmlərə\sərgiyə bağlı olduğu qədər həm də ondan ayrı - oxucuya öz sərgisini təsəvvür etmək imkanı yaradan müstəqil mətndir. Ekfrasisin imkanları oxucunu iki sənətin qovuşuğunda daha geniş üfüqlər boyu xəyal qurmağa sövq edir. Burada ekfrasis bədii dünyagörüş modeli olaraq, yaradıcılığın təbiətini, funksiyasını, mexanizmləri və konsepsiyasını üzə çıxarmaq imkanındadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!