Heyrətləndirmək bacarığı - Adil CƏMİL

 

Fəxrəddin Teyyubu 80-ci illərdən tanıyıram. O illərdə bu təvazökar və səmimi şairin "Ulduz" jurnalında, "Ədəbiyyat qəzeti"ndə ara-sıra dərc olunan şeirlərini maraqla oxumuşam. Lakin bir ara, rəhmətlik Əhəd Muxtarın "Tənbəl şair" adlandırdığı Fəxrəddin Teyyubun imzası mətbuatda çox nadir hallarda görünməyə başladı. Müəyyən zaman fasiləsindən sonra bu "tənbəl şair" fəallaşmağa, müxtəlif ədəbi orqanlarda yeni-yeni, həm də məzmunlu-mənalı şeirləri ilə çıxış etməyə başladı... "Həsrətin ünvanı", "Kölgəm mənim yol yoldaşım", "Mən səninlə barışmaram" kimi maraqlı şeir kitabları ilə oxucularının görüşünə gəldi.

Mən həmişə düşünmüşəm ki, sözün cövhəri fikir və duyğudursa qanadı səmimiyyətdir. Səmimi olmayan ədəbi nümunə, xüsusən şeir oxucunu duyğulandıra və düşündürə bilməz. Bu baxımdan deyə bilərəm ki, Fəxrəddin Teyyub nədən, kimdən yazırsa yazsın misralarında içdən gələn səmimiyyətin şahidi oluruq. Elə bu yaxınlarda işıq üzü görmüş "Ruhların sevinən günü" ("Elm və təhsil", Bakı, 2021) adlı şeirlər toplusunda olduğu kimi.

Şair özü də öz xarakterinə yaxşı bələd olduğu üçün belə yazır:

 

Düz yolda ömrümü vermişəm yelə,

Yatıb ürəyimdə arzum, niyyətim.

Tanrının mənimlə işi yox hələ,

Məni öldürəcək səmimiyyətim.

 

"Məni öldürəcək"

 

İncəsənətin bütün sahələri, o cümlədən ədəbiyyat da əslində heyrətləndirmək bacarığına hesablanıb. Bu bacarıq, bu istedad olmayanda auditoriyan boş qalır... Heyrətləndirmək üçün yersiz "kəşflərə", əndirəbadi epitet və təşbihlərə, ağlasığmaz metafora və mübaligələrə ehtiyac yoxdur. Qandan və gendən gəlib sözə hopan səmimiyyət bəs edir.

Bütün şairlər dərddən, kədərdən yetərincə yazıb, ondan qaçmağın yollarını arayıblar. Fəxrəddin Teyyub isə görün kədərlə bağlı necə düşünür:

 

Dünyanın zəmisi ayrı biçimdə,

Ruzim qaçaq düşüb, çörəyim gəlmir.

Kirayənişindi kədər içimdə,

Küçəyə atmağa ürəyim gəlmir.

 

"Dərd sərhəd tanımır"

 

Gözəl deyimdir. Kədəri kirayənişinə bənzətmək tapıntıdır. Onu (yəni kədəri) küçəyə atmağa ürəyi gəlməyən şair içindəki kədərə Tanrı payı kimi baxıb onunla üz-üzə, baş-başa qalmağından gileylənmir. Bax, bu da öncə vurğuladığım səmimiyyətdən gəlir...

Fəxrəddin Teyyubun mövzu çevrəsi nisbətən məhdud görünsə də o, predmetə, obyektə məxsusi yanaşması və poetik baxışı ilə bu "darısqallıqdan" çıxa bilir. Ana, təbiət, vətən, əsgər... sevgili haqqında yazılan bu şeirlərin hər biri təkrarçılıqdan uzaq, şairin fərdi dünyaduyumunun və özünəxas üslubunun məhsullarıdır.

 

Ağrılar, acılar duman, çən kimi,

Soyuğa, şaxtaya dözmək çətindi.

Uşaq anasını gözləyən kimi

Ağaclar baharı gözləyir indi.

 

"Qış"

 

Uşaq öz anasını gözlədiyi sayaq ağacların baharı gözləməsi yeni bir istiarədir. Bu, həm də insanın təbiətə canlı və insani yanaşmasıdır. Ümumiyyətlə, F.Teyyubun təbiət mövzusundakı şeirlərində daha çox ağacla ünsiyyəti gördüm. "Kitabi-Dədə Qorqud", "Manas", "Maaday-Qara" kimi dastanlarımızda diqqəti çəkən ağac kultu var. Ağac eşidən, görən, canlı və müqəddəs varlıq kimi əzizlənir. Müəllifin lirik məni də öz bağındakı ağaclara elə kult səviyyəsində yanaşır...

 

Hər səhər dayanıb baxıram sənə,

Nə gözəl boyun var, ərik ağacı.

Necə də doğmasan, əzizsən mənə,

Gəl bir az dərdləşək, ay ağac bacı.

 

"Ərik ağacı"

 

Ərik ağacı ilə həmsöhbət olmaq istəyi, ona "ağac bacı" deyə müraciət etməsi ağaca canlı varlıq kimi yanaşmanın poetik təzahürüdür. Bu məqamlar ömründə bir ağac əkməyən, lakin, yaş gövdəli ağacları doğrayıb yerində ev, obyekt tikən haramzadaları xatırlayırsan. Düşünməsinlər ki, ağacın ahı tutmur. Ulu babalarımız bunu bildiklərindən ağaca sitayiş ediblər... "Kitabi-Dədə Qorqud"dakı tez-tez təkrarlanan alxışlardan birini xatırlayaq:

 

Köklü uca dağların yıxılmasın!

Kölgəlik iri ağacın kəsilməsin!

Allah verən ümidin üzülməsin!

 

Fəxrəddin Teyyub Cənub bölgəsində - Lənkəranın Şıxəkəran kəndində doğulub. Üstündə ərsəyə yetdiyi füsunkar torpağın gözəlliklərini uşaq yaddaşına köçürən və bu yaşında yeri gəldikcə "xərcləyən" şairin el-obayla, kənd-kəsəklə, zümrüd meşələr, göy biçənəklərlə bağlı şeirlərindən təbiətin ətri gəlir. Hərdən də o yerlər üçün darıxan insanın içdən gələn bir etirafı ilə üzləşirik:

 

Bəzən basır məni xəcalət təri,

Qələmdi, varaqdı yarağım mənim.

Şəhərə dəyişdim biçənəkləri,

Pas atıb dəryazım, orağım mənim.

 

"Şıxəkəran, ana kəndim"

 

İstər ana kəndə, istərsə də anaya həsr  etdiyi şeirlərdə müəllif hiss və duyğularına rəng qatmır, yaşantılarını naturadan, olduğu kimi verir. Bu məqamda yardımçı məcazlara ehtiyac qalmır:

 

Min dəfə demişəm, yenə deyirəm:

Ölümdü, itimdi adı dünyanın.

Nə qədər dərd çəkər sinə, deyirəm,

Ana, sənsiz qaçıb dadı dünyanın.

 

"Saçımı tumarlasaydın"

 

Beləliklə, Fəxrəddin Teyyubun oxuculara yeni təqdim olunan bu kitabına yığcam da olsa bir nəzər yetirdik. Ümidvaram ki, bu kitab saf hisslərin, səmimi və kövrək duyğuların toplusu kimi mənim qədər sizi də duyğulandıracaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!