“Cəbrayıl əfsanəsi” - real hadisələrin qəhrəmanı - Mənzər Niyarlı Azad Qaradərəlinin romanı haqqında yazır

 

Tanınmış yazıçı Azad Qaradərəli qırx dörd günlük zəfər müharibəsinə həsr etdiyi hekayələrilə yanaşı, İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalan Cəbrayıl Dövlətzadənin qısa ömür yolundan bəhs edən "Cəbrayıl əfsanəsi" sənədli romanını oxucuların ixtiyarına buraxdı.

Cəbrayıl Dövlətzadə ikicə günlük döyüş yolunda elə bir şücaət göstərdi ki, qəhrəmanlığı, qorxmazlığı ilə Azərbaycan xalqının qəlbinə ömürlük həkk olundu. Bu on doqquz yaşlı gənc əsgər necə olur ki, müharibənin ilk başlanğıcında qorxmadan döyüşə atılır və iki yüksək çinli zabiti (biri general olan) öz əlləriylə, dişləriylə boğur. Professor Rahid Ulusel roman haqqında yazırdı: "Cəbrayıl əfsanəsi" başdan-başa hünər və qəhrəmanlıq romanıdır. Azərbaycan Milli Ordusunun əsgəri "Azərbaycan bayrağı" ordenli şəhid Cəbrayıl Dövlətzadəni prototip kimi seçsə də, əsərində onun döyüş yolunu yaxın və uzaq tariximizin məhz Vətən müharibəsi ilə uzlaşan, sanki onun köklərində dayanan məqam və olaylarına calayır".

Cəbrayılın qısa ömür yoluyla tanış olduqca bizə çox şeylər aydın olur. Birincisi, Cəbrayılın ailəsi düşmən tərəfindən işğal olunmuş Zəngilandan idi. Bu ailə otuz il idi ki, düşmən tapdağında qalan, ev-eşiklərindən didərgin düşən, qohumları, yaxınları əsir götürülən, mənfur ermənilər tərəfindən işgəncələrə məruz qalan bir milyona yaxın köçkünlərdən biri idi. Cəbrayıl didərginlik həyatı yaşayan anasının, nənəsinin, qohumlarının göz yaşlarını, doğma yurda bağlanan nisgilli baxışlarını, vətən üçün ağı deyib ağlayan insanların acı talelərini lap körpə vaxtlarından izləyərdi. Qarabağa, vətənə, yurda məhəbbəti hələ uşaqlıqdan onun qəlbində kök salmışdı. Elə ona görə bu vətənpərvər oğul kiçik yaşlarından ailəsindən gizlin cəbhəyə gedib düşmənlə vuruşmağa can atardı. İkincisi, o, vətən sevgisini, torpaq təəssübkeşliyini ailəsindən başqa, məktəbdə ona dərs deyən müəllimlərindən almışdı. Digər tərəfdən, Cəbrayıla vətən sevgisini aşılayan Azərbaycanın yadelli düşmənlərinə qarşı mübarizə aparan igidlərimizdən danışan, vaxtilə adlı-sanlı jurnalist kimi fəaliyyət göstərən, Birinci Qarabağ müharibəsindən sonra köçkünlük həyatına başlayıb övladlarını tum satmaqla dolandıran Tumsatan olur. Tumsatan ona çox hadisələrdən, Azərbaycanın tarixi keçmişindən, rus qəsbkarlarının Azərbaycan torpağını işğal etməsindən, 1920-30-cu illərdə öz haqları, azadlıqları uğrunda mübarizə aparan qaçaqlardan, xüsusən zəngilanlı Qaçaq Fərzalıdan, Bəhlul Əfəndidən, Qaçaq Nəbidən, onların igidliklərindən söhbət açardı.

Tənqidçi Tehran Əlişanoğlu yazır: "Cəbrayılın qəhrəmanlığı, düşmənlə üz-üzə, təkbətək döyüşü yazıçı təxəyyülünün məhsulu deyildi. Bu igid oğul real hadisələrin qəhrəmanıdır". Yaxud Dilarə Əliyeva qeyd edir ki, "ədəbiyyatda müharibə həqiqətlərinin inikası ilkin olaraq həm də onunla səciyyəvi oldu ki, sənədli materiallar, gerçək əhvalatlar əsasında yazılmış əsərlər bədii ümumiləşdirməni üstələdi".

Əsərdə müəllif öz təsvirləri ilə yanaşı, qəhrəmanını bizə yaxınlarının, doğmalarının, onunla ünsiyyətdə olanların xatirələri ilə tanıdır. Əsərin reallığı, səmimiyyəti də buradan irəli gəlir. Romanda oğlunun ölümündən üzülən ananın, qardaş həsrətini çəkən bacının, sinəsində nəvə dağını gəzdirən nənənin, atanın, müəllimin, Tumsatanın xatirələri vasitəsilə ömrünün bahar çağında böyük igidlik göstərən qəhrəmanımızın bütün məziyyətləri açılır. Onu həm də bir döyüşçü kimi yetişdirən, təkbaşına, əlində silah erməni postuna gedib, yüzlərlə ermənini məhv edən Milli Qəhrəmanımız Mübariz İbrahimovun qorxmazlığı oldu. Cəbrayılın gündəliyində oxuyuruq: "Onun etdiklərini indiyəcən heç kəs bacarmayıb. Özündən sayca qat-qat çox düşmənlə vuruşmaqdan çəkinməyib" və yaxud "Mən Mübariz İbrahimovun qəhrəmanlığını eşidəndə istədim ki, evdən qaçıb gedəm döyüş bölgəsinə".

Cəbrayıl Milli Qəhrəmanımız general Polad Həşimovun ölümünə də dözə bilmirdi.

Qəddar, mənfur düşməndən intiqam almaq arzusu ilə yaşayan Cəbrayılın uşaqlığı qəm, kədər içərisində keçib. O, sanki birdən-birə uşaqlıqdan adlayıb yeniyetməlik dövrünə qədəm qoyub.

Əsərin süjet xətti iki paralel xətt üzrə inkişaf edir. Zaman kontekstindən yanaşsaq, romanda iki zaman var: keçmiş və müasir dövr.

Müəllif Qaçaq Fərzalının, Bəhlul Əfəndinin obrazını təsvir etməklə o dövrün (1920-30-cu illər) bütün gerçəkliklərini - keçmişdə baş verən hadisələri, qaçaqçılıq hərəkatını, türk xalqının şücaətini, ruhunu, mənəviyyatını, qorxmazlığını, işğalçılara qarşı mübarizəsini göstərir. Biz əsərdə azərbaycanlılara, müsəlman əhlinə divan tutan rus qəsbkarlarının, eləcə də bolşeviklərlə daşnakların iç üzünün, qəddarlıqlarının şahidi oluruq. Əsəri oxuyarkən həm də Qaçaq Fərzalı, Bəhlul Əfəndi haqqında geniş məlumat əldə edirik. Professor İsmayıl Kazımov bu məqamla bağlı yazır: "Azad romanda Qaçaq Fərzalının timsalında tarixi hərəkatı düzgün, obyektiv təsvir edə bilmişdir. Bu hərəkat Azərbaycanın qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Həmin hərəkat 1920-30-cu illərdə sosial-siyasi quruluşa, rus, fars işğalına, erməni vəhşiliyinə qarşı etiraz, üsyan olmuşdur. Yazıçının tarixi qəhrəmanı Qaçaq Fərzalı da həmin üsyanın iştirakçısına çevrilmiş, sərt qayda-qanunları qəbul etməmiş, azad fikirli, mərd, mübariz vətən oğlu kimi tanınmışdır".

Müəllif bu sənədli romanda keçmişimizin qəhrəmanlarını yada salmaqla göstərmək istəmişdir ki, könüllü müharibəyə can atan, ölümündən qorxmayan Cəbrpayıl kimi oğullarımızın damarlarından Qaçaq Fərzalıların, Qaçaq Nəbilərin qanı axır.

Qırx dörd günlük müharibə oğullarımızı saf-çürük elədi. Loru dildə desək, xəlbirdən keçirtdi. Vətənini, torpağını sevən igidlərimiz o qısa vaxt ərzində öz qəhrəmanlıqlarıyla, əməlləriylə tanındılar. Cəbrayıl da öz şücaəti ilə əsərlərin canlı, real qəhrəmanına çevrildi.

Tehran Əlişanoğlu Zəfər müharibəsinə həsr etdiyi məqaləsində roman haqqında təəssüratını belə səciyyələndirir: "Vətən müharibəsi ədəbiyyatımıza qəhrəmanlar gətirir. İkinci Qarabağ müharibəsində Azad Qaradərəli qəhrəmanını tapdı. Bu müharibədə düşmənlə təkbətək vuruşan, əlbəyaxa olan Cəbrayılı oxucuya tanıtdı. Müharibənin ilk başlanğıcında az zaman ərzində əfsanəvi əməli ilə hamını heyrətləndirən Cəbrayıl Dövlətzadədən, onun hünər və qorxmazlığından yazdı" ("Ədəbiyyat qəzeti", 9 oktyabr, 2021-ci il).

Müəllif Cəbrayılı hərtərəfli fiziki gücü, hünəriylə yanaşı, onun daxili duyğularını, iç dünyasını, qəlbinin kövrəkliyini, mərhəmətini də verməyə çalışmışdır. Qızğın döyüş vaxtı Cəbrayılın güllə altında çabalayan bir heyvanı xilas etmə səhnəsi çox təsirlidir.

Gənc tədqiqatçı Türkan Mehdiyeva bu əsər haqqında yazarkən romanı suriyalı yazıçı Ğadət Əl-Səmanın "Beyrut kabusları" romanı ilə müqayisə edir. Hər iki əsərdə baş verən duyğusal detaldan misal gətirir.

Suriyalı yazıçının əsərində işğal altında olan şəhərdə bir qadın özü aclıq keçirsə də, heyvanat mağazasında yalnız, ac qalan heyvanları fikirləşir. "Cəbrayıl əfsanəsi"ndə isə Cəbrayılın döyüşün qızğın vaxtında həyatını təhlükəyə ataraq düşmən mərmisinin altında özünə yer axtaran, xilas olmağa çalışan dovşanı ölümdən qurtarır.

Cəbrayılın döyüşə atıldığı və həlak olduğu anlarının təsviri isə olduqca təsirlidir. Heyvanlara qarşı mərhəmətli olan Cəbrayılın düşmənə nifrəti sonsuz idi. Müharibənin ilk günündə ermənilərin əllərinə keçirtdikləri postu almaq üçün döyüşə atılan Cəbrayıl güllə yarası alana qədər vuruşur. Gülləsi qurtardığı üçün cibində gəzdirdiyi xəncərə əl atır və yaralı-yaralı əllərini erməni generalının boğazına keçirir. "Belə sürətli hücum, düşməni bir an içərisində məhv etmək, müharibənin ilk günlərində Cəbrayıl kimi igidlərin sayəsində olmuşdur" (Polkovnik Ələkbərov).

Romanı ürək ağrısız, həyəcansız oxumaq olmur. Cəbrayıl kimi gənc döyüşçünün qəhrəmancasına vaxtsız ölümü hamımızı sarsıtdı. Ancaq vətən yolunda canından keçən oğullar əslində ölmür, əbədi yaşayırlar.

Azad Qaradərəli də bu dəyərli əsərini yazaraq Milli Qəhrəmanımız Cəbrayıl kimi igid döyüşçümüzün obrazını inandırıcı boyalarla, təsirli faktlarla oxuculara bir daha sevdirdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!