"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Adil Cəmilin "Yurd yerim-dərd yerim" şeiridir.
Yurd yerim - dərd yerim
İlahi, yurd yerim dərd yerim oldu,
Torpaqla sınağa çəkilməyəydim.
Dağlara baxıram dağlanır sinəm -
Bu dağla sınağa çəkilməyəydim.
Gəzir xəyalımda gəzdiyim yaylaq,
Saralmış yarpağam, qurumuş budaq.
Ürəyim deyəni demir ha dodaq,
Dodaqla sınağa çəkilməyəydim.
Bilmirəm qorxduqmu bir qaşıq qandan -
O torpaq uğrunda keçmədik candan.
Kişilik çıxmadı bu imtahandan,
Papaqla sınağa çəkilməyəydim.
Adiləm, özümdən bəzən küsdüm də,
Yansam "Vətən" deyər göydə tüstüm də…
Döyüşdə öləydim ayaq üstündə,
Yataqla sınağa çəkilməyəydim.
Qurban Bayramov
Yurd yanğılı şair
Bir rakursdan essevari baxış
Adil Cəmil müstəqillik illəri poeziyamızın ən tanınmış şairlərindəndir, türkoloq alimdir - manasşünasdır. Heç Orta Asiyada, lap qırğızların arasında da, onun kimi hələm-hələm manasşünas alim-türkoloq yoxdur! İstedadlıdır, ilhamlıdır! Təngnəfəs şairlərdən deyil!
60 yaşını ötüb, 70-ə boylanır (63), evli-eşikli, oğul-uşaqlı kişidir, xətri, hörməti, qazandığı ziyalı izzəti... "Gündoğandan gün batana" (kitabının adıdır) tanınan adamdır! Ondan da xoşbəxt adammı var?..
Kəlbəcərdə sayılan-seçilən bir nəslin, Savalan kimi bir kişinin oğludur, şairdir, tərcüməçidir, Azərbaycanın Əməkdar jurnalistidir, filologiya üzrə fəlsəfə doktorudur, Çingiz Aytmatov Akademiyasınin fəxri üzvüdür, "Manas" eposu və türk dastançılıq ənənəsi" kimi beynəlxalq türksoy təşkilatı tərəfindən yüksək qiymətləndirilən monoqrafik tədqiqatın, sözünün canı olan neçə-neçə şeirlər, publisistik kitabların müəllifidir, ay kişi, bu Adil Cəmil! Bundan da xoşbəxt adammı var?..
Əslində isə bu boyda istedadı, dəyərli poetik yaradıcılığı, neçə-neçə kitabın müəllifi, alim-şair Adil Cəmil bədbəxtlik içində boğulan, faciələr içində çabalayan, dərddən özünə bu gen dünyada yer tapmayıb vurnuxan, "dərdə giriftar" şairdir!
Türk dünyasının klassiki Bəxtiyar Vahabzadə yazırdi: "Adil Cəmil nə gözəl deyib: "Yüksüz kəlmələrin yükü ağırmış". Əvvəla, fikrin bu şəkildə deyilişi qeyri-adi olduğu üçün bu, şeirdir. Nədir bu qeyri-adilik? Axı, bir şey ki, yüksüzdür, o, necə ağır ola bilər? Bu ağırlıq fiziki ağırlıq deyil, mənəvi ağırlıqdır. Bu cür ağırlığı çəki ilə deyil, hisslə ölçürlər, o şey ki, hisslə, mənəviyyatla ölçülür - bu özü şeirdir". Bəli, Adil Cəmil söz yükünün ağırlığını çiyinlərində daşımağı, mənəvi ağrıları yaşamağı bacaran şairdir və belə bir şair necə xöşbəxt ola bilər?!
Mənim sizlərə də, sualım var! Siz deyin, Kəlbəcər boyda yurd-yuva, Dəli dağı, İsti suyu, Ceyran bulağını, Gəlin qayasını, Taxta düzünü, Keytini, Yüzbulağı, Uluxan qalasını, Qoçdaşı, Soltan Heydəri, Ala göllər yaylaqlarını itirən, düşmən caynağında inləyən qartallı sıldırımları gözü yolda qalan şair də xoşbəxt ola bilərmi?! İçində, ürəyində dərdi palıd ağacına dönən şair də xoşbəxt olarmı? Ürəyi bu boyda dərddən çat verən, Pəri çınqılı təkin qəlpə-qəlpə olan şair də, özünü xoşbəxt hesab edərmi?
Qəlpə-qəlpə çıxartmışıq
canımızdan kinimizi,
Yurda həsrət bir adam yox
yığsan əgər minimizi.
Biz də belə yaşayırıq
ömrümüzü, günümüzü,
Ötəriymiş, keçəriymiş
qəlb ağrısı, sinə dağı,
Unutmuşuq Qarabağı,
unutmuşuq Qarabağı.
Əşşi, başınıza dönüm, bu misraları yazan şairə "xoşbəxtsən" demək, vallah günahdır və mən belə günaha bata bilmərəm!
Kəlbəcərdə doğulmuş, yalçın qayalarda qıyya çəkən qartal balası Adil Cəmil kimi həssas, duyğulu, yanımcıl, incə, zərif söz əhli Kəlbəcərsiz xoşbəxt ola bilməz! Məncə, yox, yox, bir də yox! Belə baxanda, bu bədbəxtlik yükünü daşıyanlardan biri də mənəm, sənsən, hamımızıq! Qarabağsız da, xoşbəxt olmaqmı olar?! Adil Cəmil təpədən-dırnağa yurdun Kəpəz boyda ürəyi dərddən haçalanmış nisgilli şairidir, qeyrətli şairidir:
Qaradağ, Qarabağ-qədim mahalım,
Al sınıq könlümü, qoyma yuxalım.
Yetər Savalana, yetər bu halım-
Yurdumun nisgilli Kəpəziyəm mən.
Deyəsən, onun haqqında mərhum Məmməd Aslanın sözüdür və mən də şərik çıxıram:
"Adil Cəmil Dəlidağ duruluğunu poetik nəfəsində hifz edib qoruyan, bununla da, bir qələm sahibi kimi fəxr eləyən şairdir".
Adilin son illər poeziyasının yuxarıda dediyim başlıca motivini ümumiləşdirəsi olsaq, onun sizə təqdim edilən "Yurd yerim - dərd yerim" şeiri bu motivin leytmotivini özündə əks etdirir:
İlahi, yurd yerim dərd yerim oldu,
Torpaqla sınağa çəkilməyəydim.
Dağlara baxıram dağlanır sinəm -
Bu dağla sınağa çəkilməyəydim.
Şeiri izah eləməzlər, şeir şərhə sığmır! Əsl şeir odur ki, o, izahsız, şərhsiz özü daşıdığı poetik informasiyanı, duyğunu, hissi birbaşa oxucuya çatdırır, onun duyğusunun əsəb uclarını qıcıqlandırır, sevincdirsə sevinc yaradır, kədərdirsə, kədər yaradır.
"Yurd yeri - dərd yeri"nə çevrilən Adil və onun lirik qəhrəmanı neyləsin? Bu qəhrəman torpaqla sınağa çəkilib, yurd yerini itirib. Adil burada istifadə etdiyi poetizm ənənə - təcnis bulağının poetikasından su içir, "dağ" sözü qarşılaşdırılaraq tragik bir ovqat yaradır: "Dağlara baxıram dağlanır sinəm!" Bu cür gediş əslində yüksək səviyyəli bədii ifadə yaratmaq ustalığıdır... Poetik dil hadisəsidir...
İnsan həyatında ən çətin məsələ sınağa çəkilməkdir! Bu əzəli və əbədi bir duadır "İlahi, sən məni sınağa çəkmə!" Adil Cəmilin özü də, lirik qəhrəmanı da dəhşətli, faciəvi sınaq qarşısındadır. Onu tale, zəmanə Vətən itkisi, yurd həsrəti ilə çətin sınaq qarşısında qoyubdur. "Gəzdiyi yaylaqlar xəyala çevrilib! Əslində bu xəyal dərddir, onu saralmış yarpağa, qurumuş budağa döndərib. İçindən qurudub, deməyə sözü qalmayıb. Ürəyindən qaynayıb dilinə gələn söz də dodağında donub. El arasında belə bir qınaq dolu deyim də var: "Sənin də dilin var, danışırsan?!" Yəni, elə bir qəbahətə yol vermisən ki, danışmaq, söz demək iqtidarına malik deyilsən! Adil yana-yana içindəki bu dərdli hissi şeirlə belə ifadə edir:
Gəzir xəyalımda gəzdiyim yaylaq,
Saralmış yarpağam, qurumuş budaq.
Ürəyim deyəni demir ha dodaq,
Dodaqla sınağa çəkilməyəydim.
Kişiliyin, mərdliyin, əyilməzliyin, qeyrətin simvolu papaqdır! İlahi bizi papaqla sınağa çəkdi, bədbəxt olduq, Qarabağ boyda yurd itirdik! Koroğlu babamız deyib ki, "Müxənnətdir qorxan bir qaşıq qandan!" Dədə Qorqud babamız demişdi ki, "Torpağı qorumasan əkib-becərməyə dəyməz, əkib-becərməsən qorumağa dəyməz!" Böyük Türk şairi Mithat Cemal Kuntay demişdir: "Bayraqları bayraq yapan üstündəki kandır, Toprak, əğər uğrunda ölən varsa, Vatandır." Adil Cəmil dib-dəhnədən gələn bütün bu əxlaq və mənəviyyat dərslərini ustalıqla dördcə misraya yerləşdirir, bədbəxtliyimizə səbəb olan milli dərdimizin poetik anatomiyasını yaradır:
Bilmirəm qorxduqmu bir qaşıq qandan -
O torpaq uğrunda keçmədik candan.
Kişilik çıxmadı bu imtahandan,
Papaqla sınağa çəkilməyəydim.
Dərd sənin özünü özündən küsdürür! Yaşamını itirirsən, özün-özünə az qala nifrət eləyirsən! Dərd səni odsuz-ocaqsız yandırır, tüstün ərşə dayanır...Türkə, türk döyüşçüsünə yataqda ölmək böyük qəbahətdir! Vətən uğrunda şəhidlik türkün fəxr və fəxarət yeri olan min illik ənənəsidir:
Adiləm, özümdən bəzən küsdüm də,
Yansam "Vətən" deyər göydə tüstüm də...…
Döyüşdə öləydim ayaq üstündə,
Yataqla sınağa çəkilməyəydim.
Amma təsəllimiz, qözü yolda qalan umidimiz ondadır ki, inanırıq ki, bu paslı qıfılı aça biləcək Ali Baş Komandanımız və onun qüdrətli ordusu var ki, bizlərə Lələtəpə sevincini yaşadacaq, "Tanrı bizə yar olacaq" (kitabının adıdır) Vətən bayrağımız Qırxqızda, Qoşqarda, Murovda, Dəlidağda dalğalanacaq və onda "Adil Cəmil bir qələm sahibi kimi fəxr eləyən şair olacaq" və onda deyəcəyəm ki, Adil Cəmil həqiqətən xoşbəxt şairdir!..
Son olaraq, deyim ki, Adilin qələm dostu Azər Turana həsr etdiyi "Yaşadım" şeirindən belə bir misra keçir: "Sözümün canına hopub yaşadım!" Adil Cəmil həqiqətən də sözünün canına hopub yaşayan şairdir! Yaxşı şairdir!..
Aygün Bağırlı
Yansam, "Vətən" deyər göydə tüstüm də...
Yurdundan uzaqda olan insan üçün yurd yeri əslində nədir? İmkan tapan kimi qaçmaq istədiyin, saxta təbəssümlərdən, ətrafındakıların ürəkdən gəlməyən sözlərindən yorulanda qoynuna can atdığın, şəhərin üstünə hopmuş tozunu yurd yerinin yellərinə vermək, durulanmaq, çay suyunda paklanmaq üçün üz tutduğun, neçə yaşında olursan-ol, ağac kölgəsindəki qocaların yanından salam verib keçəndə uşaq olduğun müqəddəs ocaqdır. Adil Cəmilin "Yurd yerim - dərd yerim" şeiri o müqəddəs məkanda fiziki və mənəvi rahatlıq, hüzur tapanların yox, yurd yeri dərd yerinə çevrilənlərin. Ömür insana bir dəfə verilir. "Ömür gün bazarında" bu bir dəfə verilən ömrü uduzanların şeiridir bu şeir. Niyə uduzanların? Təkcə ona görə yox ki, itirdiyin yurd yeridir, uşaqlıq xatirələrinin, bir doğma sığalın yaddaşdakı ilıq izlərinin qorunub saxlandığı saxlancı, sənə aid olan muzeyi itirmisən. Ona görə yox ki, arzularınla gerçəklərin arasına keçə bilməyəcəyin tikanlı məftillər çəkilib, qəlbinlə qəlbinin can atdığı yerin arasında sədlər, sərhədlər salınıb. Uduzmaq, həm də ona görə ki, sınaqdan üzüağ çıxa bilməmisən və bu dərdlə, bu qınaqla yaşamağa məhkum olmusan. Ən pisi də odur ki, bu qınağı özün özünə edirsən, səndən giley-güzar edən də elə özünsən. İsti yatağını səngərə dəyişməyə razısan, cəbhədə döyüşməyə, hətta ölməyə hazırsan, amma bunu edə bilməmisən. Bu "səadət", bu "xoşbəxtlik" belə sənə çox görülüb. Babanın güvənc yeri, and yeri olan dağlar sənin üçün sınaq və sözün o biri mənasında dağ yeri olub.
Ürəyim deyəni demir ha dodaq,
Dodaqla sınağa çəkilməyəydim.
Şairin ürəyi nə demək istəyirdi əslində? Ürəyinin demək istədiyini demək şövqü, həvəsi əlindən alınıb bu şairin. Bəlkə, Vaqif kimi bir el gözəlinin rəsmini çəkmək istəyib şair. Amma qəmzəsini, xatınlığını, ərkini, ərkyanalığını əsir düşmüş toy xonçasıyla itirən gözəlin nəyindən yazsın? Ya bəlkə, bir bahar çiçəyinin, bir yaz səhərinin, bir Novruz tədarükünün lövhəsini çəkmək istəyib qələmiylə, amma çoxdandır üzünü görmədiyi yazın nəyindən və necə yazsın, şair?
Gəzir xəyalımda gəzdiyim yaylaq...
Xəyalında gəzdiyi yaylaqları gəzdirə - gəzdirə, özünü aldada - aldada, təsəlli verə-verə, dağları bir az dağlarına, meşəsi bir qədər meşəsinə, axşamları axşamlarına bənzəyən, qoxusu itirdiyi məmləkətin qoxusunu xatırladan yerlər gəzir, yəqin şair xəyalı. Dostları yaz, yay tətilinə kəndlərinə, el-obalarına yola düşəndə üz tutmağa yer axtaran şair ən azı saralmış yarpaq, qurumuş budaq qədər qərib olur şəhərdə.
Nə gözəl olardı şairin bir təbiət, bir sevgi şeirinin üstünə işıq salardıq. Amma "Ədəbiyyat qəzeti" doğru olaraq Adil Cəmilin poeziyamızdakı məhz bugünkü poetik ovqatına uyğun şeir seçmişdir. Yansa, tüstüsü də "Vətən" deyən, - şairdən başqa hansı ovqatda şeir seçmək olardı?
Adil Cəmilin ad günü idi bu günlərdə. Şairin ürəklə, ərklə qeyd etdiyi sonuncu ad günündən 24 il keçir. Adil müəllim, sizə, dəyişik bədii ovqatda görmək diləyilə hələlik - deyirik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!