Səadət KƏRİMİ
Elmlər doktoru, KTH Universitetinin dosenti
Dəyərli yazarımız Eluca Atalının "Ənqa quşu" romanı yenicə işıq üzü görmüşdür. Bu roman Azərbaycan və ümumtürk ədəbiyyatına böyük töhfədir. Yazar özü əsərini uşaq və gənclər ədəbiyyatı adlandırsa da, sanıram bu romanın hər sətri böyük ideologiya və fəlsəfə daşıdığı üçün onu yetkinlər daha çox anlar və bir başqa mənada zövq alarlar. Kitabı oxuduqca ona mütləq resenziya yazmağı düşündüm, resenziyamı yazdıqca isə ona hansı başlığı verim deyə, götür-qoy etdim, çünki "Ənqa quşu" bir rəmzi addır. İlk öncə öz mübadiləmdə "Yalnız ruhani olan əbədi yaşayır", "Özünü yaratma hünəri", "Genetik yaddaşımız", "Yolumuz öz içimizdən başlayır", "Azad məkanda duracaq olmaz", "Analar hər şeyi görürlər!", "Sən əlçatmaza aşiqsən" və "Yağışın yağmadığı zaman ilin hansı fəslidir?" başlıqları arasında qalsam da, sonunda axırıncı alternativ üzərində dayanmağa qərar verdim.
Yazarın "Yağışın yağmadığı zaman ilin hansı fəslidir? " sualı mənim vücudumu titrətdi. Sizin heç bu sual ətrafında düşündüyünüz oldumu? Bu sualın cavabı varmı? Zənn etmirəm ki, coğrafiya müəllimlərimiz bizə bu sualın cavabını verə bilsinlər. Eluca Atalı roman boyunca oxucunu düşündürür və ən əsası bizə kimliyimizi, xalqımızın genetik yaddaşını xatırladır və böyük mənəviyyatla yaşamağa, ruhunu təmiz və sarsılmaz saxlamağa çağırır. Yuxarıda sadaladığım başlıq alternativləri isə əslində əsərin alt mövzularıdır. Əsərdəki qımızı xətt öz kimliyini tanıyıb, xalqının istiqlalı, azadlığı və istiqbalı uğrunda birləşmək ideologiyasıdır. Bunun üçün isə heç bir fəsli və ya hava durumunu gözləmək gərəkməz! Hər bir soydaşımız daim bu müqəddəs amal uğrunda nə isə etməlidir! Əsərin qəhrəmanı bala quşun səmada böyük qara buludlara rast gəldiyi zaman onun "hiss etdiyi işıq zərrəsi ona yolu tutub qabağa getmək üçün işarə verirdi" deməsi ilə yazar oxucunun bu qənaətə gəlməsini sağlayır. İnsan daim özünü inkişaf etdirməli, maneələri aşmalı, öz halal əməyi ilə hörmət qazanmalı, özünə, ailəsinə, ölkəsinə, bəşəriyyətə töhfəsini verməlidir və beləliklə, insanlığı əbədi üstün mənəvi varlıq olaraq yaşatmalıdır!
Əsərdə quşların obrazlarını və onların xarakterlərini yaratmaqla yazar əslində müxtəlif insan tiplərini nümayiş etdirir və hətta müxtəlif xalqları ifşa edir. Quşun dili ilə "Kim bu uzun yolu gedib o Ənqa quşu ilə görüşərsə, o zaman o da əbədiyyətə qovuşa bilər. Uzun yolu tutub uçan quşlardan kimisinin yolda inamı, kimisinin də iradəsi tükənir, mənəviyyatı korlar öz səfər yoldaşlarını tutub yeyirlər: Bayquş gecə qaranlığında Yarasanı, Qartal Çalıquşunu, Kərkəz Göyərçini və s. təbii tələbatına, qarnının diktəsinə görə parçalayıb yeyir. Əbədiyyətə qovuşmaqdan ötrü ruhun təmiz olmalıdır" deyən yazar əslində Azərbaycan xalqının uzun illərdir getdiyi çətin, amma çox şərəfli yolu nəzərdə tutur. Bu yol parçalanmış Azərbaycanın birləşməsi və bütövləşməsi yoludur! Əsərdə bala quş Başarının "hiss etdiyi işıq zərrəsi" məcazi yolla milli iradəsi güclü olan soydaşlarımızın Bütöv Azərbaycana gedən yolda işıq görməsidir. Onların bu yola qəti inamla və böyük iradə ilə getmələri ilə bu yolun həm mümkün, həm mütləq olması fəlsəfəsidr. Tariximizə baxdıqda görürük ki, bu yolu gedən insanlarımız necə məhrumiyyətlərə, itkilərə məruz qalmışlar. Əsərin görümməz qəhrəmanı Ənqa quşu isə anasının ona Başarı adını verdiyi, təbiətdə mövcud olan quşların arasında ən kiçik vücuda, lakin bütün quşların arasında ən ağıllı və əzmkar, güclü iradəyə malik olan quşdur. Bu ziddiyyəti yaratmaqla yazar demək istəyir ki, önəmli olan fiziki vücudun ölçüsü və sahib olduğumuz maddi imkanlarımız deyil, bizi başarılı edən öz içimizdəki daxili gücümüz və sağlam ruhumuzdur! Başarı adlı quşun obrazı bizim xalq qəhrəmanlarımızın obrazıdır, Şah İsmayıl Xətainin obrazıdır, Səttarxanın, Məhəmməd Əmin Rəsulzadə və digər cümhuriyyət qurucuları babalarımızın obrazıdır, Pişəvəri və onun silahdaşlarının obrazıdır, Qarabağın işğaldan azad olunması uğrunda savaşan bütün igidlərimizin obrazıdır! Bu insanlar xalqımıza etdiyi xidmətləri ilə əbədiyaşardırlar! "Ənqa quşu özünü yaradanlardır, yalnız ruhani olan əbədi yaşayır" ideyası Eluca Atalının əsərinin özəyidir.
Əbədiyaşar obraz yaratmaqla yanaşı, yazar, həm də yırtıcı xislətli, öz çıxarları üçün başqalarını əzib keçən mərhəmətsiz insanları və zənnimcə, üstüörtülü rus xalqının xislətini təsvir etmişdir. "Pişiklər indi bədəncə cılızlaşsalar da, amma genetik yaddaşlarında o nəhəng heyvanın ovlama vərdişini daşıyırlar. Yəni onlar da pələnglər kimi sübh tezdən çöldə gəzər, dişlərinin əzə biləcəyi heç bir canlıya rəhm etməzlər". Zənnimcə, bu, genetik yaddaşı ilə heç bir canlıya rəhm etməyən, əsrlərdir imperialist siyasəti yürütməklə Qafqaz xalqlarına acımayan və bu siyasətindən heç bir zaman vaz keçməyən rus siyasi elitasıdır. Ana quşun səsi ilə "Amma al-əlvan rəngimizə görə bizi qəfəsə salmaqdan vaz keçmirlər" deyən yazar məcazi mənada məharətlə söz deyir! Ölkəmiz sərvətləri və nemətləri ilə al-əlvandır, ona görə də bu yırtıcı siyasət bitən deyildir.
Yazarın müxtəlif quşların adətlərini nümayiş etdirməsinə oxucu istər-istəməz refləktə edir, müxtəlif insan tiplərinə assosiasiya edir və hətta müxtəlif xalqları da müqayisə etməyə başlayır. Qağayıların balıq dolu təknələrin sahilə boşaldıldığı zaman onların üzərinə hücum edib, balıq qapdıqları səhnəsini yaratmaqla yazar Başarının dili ilə düşündürücü sual qoyur ortaya: "Bəs, niyə özləri balıq ovlamırlar?". Bununla da yazar hazıra ortaq olan, bəzən başqasının əldə etdiyini mənimsəyən insan tiplərini və ya xalqları xatırladır. Bu səhnə Azərbaycan xalqına aid olan torpaqları, tarixi abidələri, mədəniyyət və incəsənət əsərlərini mənimsəməyə çalışan erməni xalqını xatırladır və gənclərə ana quşun səsi ilə öyüd verir ki, "Yaşamaq üçün yemini özün qazanmalısan". Eyni zamanda da yazar Ana quşun səsi ilə "balıqçı təknələrindən balıq qapmaq qağayılardan ötrü oğurluq hesab olunmur. Bu, sadəcə, nəsildən-nəslə ötürülmüş genetik yaddaşdır" deməsilə uyarı verir. Yəni məcazi şəkildə yazar bildirir ki, biz bir xalq olaraq erməni xalqına qarşı tədbirli olmağı heç bir zaman əldən verməməliyik. Çünki bala quşun "Olmazmı, kimsənin əməyinin bəhrəsini mənimsəmədən yaşasınlar? Çox sadəcə, güllərin şirəsini çəksinlər?" sualına Ana quş belə cavab verir: "Ət yeyən quşları bir-iki qramlıq gül şirəsi doydura bilməz. Hər kəs öz dənliyinə görə yem gəzir". Bir başqa səhnədə yazar quşun "bir quş öz geninə, nəslinə dönük çıxa bilərmi? Nəsli üzərində qələbə çala bilərmi?" düşüncələrini verməklə oxucunu da düşündürür. Əlbəttə, nə bədnam qonşumuz tiqranoid yolundan dönən deyil, nə də Azərbaycan xalqı Babəklər, Qacaq Nəbilər, Səttarxanlar, Mübarizlər yolundan dönəndir, çünki onlar Başarı quşun düşündüyü kimi "Mənim olan mənimdir, kimsəyə vermərəm. Mənim olmayanda gözüm yoxdur" əqidəsi ilə yaşayır və fəaliyyət göstərirlər.
Mənfi quş obrazları ilə yanaşı, müsbət quş obrazlarını da yaratmaqla yazar əsərdə həyatın hər üzünü göstərir. Qayğıkeş bildirçin haqqında balasına söhbət edən ana quş deyir ki, "Qonşudan sirr gizlətmək yaxşı hal deyil. Müşkülünüz varsa, deyin, çarəsini birgə tapaq". Bununla yazar yenə də yaxşı qonşuluğun, qohumluğun, dostluğun önəmini gənclərə aşılayır. Zənnimcə, Türkiyə dövlətinin də Qarabağın işğalı kimi böyük müşkülün həllində Azərbaycan dövləti ilə birgə hərəkət etməsi bildirçin quşunun obrazında cəmləşir.
Roman öz ədəbi üslubu, mövzu və motivləri, aşıladığı fikirləri ilə çox qiymətli əsərdir. Bu səbəbdən hesab edirəm ki, əsər özəlliklə optimal bir pedaqoji vəsait olaraq orta məktəblərin yuxarı sinif ədəbiyyat dərslərində ən effektiv didaktik metod kimi işlənə bilər. Əsərin yazı dili çox rahat, oxunaqlı olmaqla yanaşı, həm də Azərbaycan türkcəsinin zəngin deyimləri ilə, təbiət elminə aid bilgilərlə, uşağın tərbiyəsinə aid müdrik öyüdlərlə zəngindir. Romanda yazar, həmçinin ironiya üslubundan istifadə etdiyindən onu oxumaq əyləncəli olur, oxucunu yormur. "Yalnız həmcinsi Dağ Qartalı onu soyuq baxışları ilə salamlarkən onun quş aləminə yad, etikadan kənar adətinə qarşı kimsə irad tutmağa cürət etmədi" kimi səhnələrdə yazar etikadan uzaq davranışları ifşa edir. Əsərdə hər yaşda oxucunun marağını çəkəcək, zövqünü oxşayacaq və faydalanacağı məqamlar vardır. İbtidai məktəbin missiyası aktiv, yaradıcı, bacarıqlı və məsuliyyətli fərdlər və vətəndaşlar yetişdirməkdir. Eyni şəkildə, tam orta məktəbin yuxarı siniflərdə missiyası şagirdlərin peşə həyatında və sosial-ictimai həyatda fəal iştirakını təmin edən və inkişaf etdirən fərdlər kimi yetişməsinə kömək etməkdir. Bu məqsədlərin hər ikisinə, eləcə də Azərbaycan dilini öyrənməyə sinifdə bədii ədəbiyyatdan istifadə etməklə nail olmaq olar. Bədii ədəbiyyatın fərdlərin uğurlu inkişafında rolu, daha yaxşı fərdlər kimi yetişməsinə təsiri barədə yetərincə elmi tədqiqatlar vardır. (Malmgren 2003; Felski 2008; Landmark & Wiklund 2012; Pettersson 2015). Bu onu göstərir ki, bədii ədəbiyyat oxumağın ideoloji və müəyyən dərəcədə mənəvi dəyəri var. İsveçli filoloq alim Malmgrenin (2003) fikrincə, bədii ədəbiyyat şagirdlərin təxəyyülünün inkişafı üçün bir pəncərədir, bu da onların dünyanı başqalarının nöqteyi-nəzərindən dərk etməsini asanlaşdırmağa kömək edir. Yenə də isveçli alimlər Landmark və Viklundun (2012) araşdırmalarının nəticəsinə görə ədəbiyyat bizi daha tolerant etməyə kömək edən vasitədir. Başqalarını nə qədər çox başa düşsən, onları mühakimə etmək bir o qədər çətindir. Bir neçə tədqiqatçı vurğulayır ki, bədii ədəbiyyat oxumaq fərdlərin empatiya qabiliyyətinə müsbət təsir göstərir. (Krashen 2004; Landmark & Wiklund 2012; Nikolayeva 2014), digər insanların həyat şəraitini başa düşməyə kömək edə bilir (Malmgren 2003) və perspektivdə cəmiyyətdəki qruplar arasında məsafələri azalda bilir (Pettersson 2015).
Əsər milli köklərə dayansa da, hər xalqın nümayəndəsi bu əsərdən tərbiyəvi amacla istifadə edə bilər. Necə ki, bütün dünyada danimarkalı yazar Hans Xristian Andersenin nağılları, isveçli yazar Astrid Lindqrenin, ingilis yazar Levis Karolun əsərləri sevə-sevə oxunur, çünki tərbiyəvi mövzular ümumbəşəridirlər. "Ənqa quşu" romanı motivləri cəhətdən Cek Londonun köpəklərin yaşam mücadiləsindən bəhs edən The Call of the Wild (1903) adlı məşhur romanını, stil baxımından isə rus yazarı İvan Krılovun fabl əsərini xatırladır. Bu səbəbdən "Ənqa quşu" romanı başqa dillərə, özəlliklə ingilis dilinə tərcümə olunub yayınlanarsa, sadaladığım yazarların əsərləri kimi uğurlu və populyar olacağına əminəm. Çünki yazar "Haqsızlığa göz yummaqla cinayətə şərik oluruq" deyir və bütün bəşəriyyəti vicdanlı olmağa səsləyir. Digər motivlərə görə isə, "Anama oxşamağa məcburammı" düşünən Başarı quşun Turgenevin "Atalar və oğullar" əsərindəki kimi, övladın öz yolunu getmək arzusu, istədiyi kimi yaşayıb, doqmatik olmamağa meyli nihilist Arkadi Kirsanovun ruhunu xatırladır. Bir sözlə, "Ənqa quşu" romanı müxtəlif kateqoriyadan oxucuların alqılamasına bağlı motivlərlə zəngindir.
Romanın "İlk Cəhd" adlı bölümündə yazar ana quşun öz balasının ilk uçmaq cəhdini görəndə ona "Afərin, oğlum! Sənin ilk uçuşun hünərdir!" deməsini və balasına hər zaman ürək-dirək verməklə yanaşı, həm də ehtiyatlı olmağı, öz təcrübəsini paylaşaraq onu yırtıcı quşlardan və heyvanlardan qorumağı, təbiətin yağışından, küləyindən və s. sərt hallarından qorumağa çalışması əslində valideynlərin, özəlliklə anaların övladın tərbiyəsində önəmli rol oynamasını vurğulayır. Ana Quş balasının başarısını görüb ona Başarı adı verməklə onunla təkçə öyünmür, ona həm də həyatın acı reallıqlarına da hazır olmağı öyrədir. Zənnimcə, bu, müdrik valideyn obrazıdır. Ana quş balasına "Oğlum, yaşamaq üçün gərək həyatın bütün üzünü tanıyasan!" deyir. Başarının "analar hər şeyi görürlər!" düşünməsi isə Eluca Atalının insan anasının böyüklüyünü, fədakarlığını göstərməsinin, analığa sevgisinin təcəssümüdür və həmin duyğuları və inancı gənclərə aşılamaq məramının bariz nümunəsidir. Eyni zamanda ana quşun ağzından çıxan "bilməzsən" kəlməsi bala quş Başarının "yuvanın divarlarına dəyib əks-səda verdi. Səs əvvəlki tonda yox, alçaq, öləzimiş şəkildə yuva divarından qayıdıb onun beyninə dolurdu". Bu fikirləri verməklə yazar demək istəyir ki, övladlarınıza bilməzsən deməklə onlarda özgüvəni qırırsınız, onların psixolojisinə zərbə vurmuş olursunuz!
"Ənqa quşu" həm də ona görə müdrik əsərdir ki, burada yazar hər bir varlığın fitrətinə inancını nümayış etdirir. "Uçmaq vərdişi qazanmaq biz quşların fitrətində var", "Fitrətdə olanı aşkarlamaqla istədiyinə nail olarsan!" deməklə yazar gəncləri əzmkar, çalışqan olmağa, özünə güvənməyə çağırır. Bu səbəbdən əsər böyük pedaqoji əhəmiyyət daşıyır.
Kitabın redaktoru Əməkdar jurnalist Əntiqə Qonaq əsərə yazdığı "Özünü doğanlar" adlı ön sözdə yazır: "Bir var alın yazısı, bir də var əlinlə yazdıqların. Yəni iradənlə, qətiyyətinlə, əzminlə, istəyinlə əldə etdiklərin, qazandıqların. Və bu ikincilər səni taleyini yenidən yazmağa, dəyişməyə, başqa səmtə yönləndirməyə, səni özün kimi var olmağa kömək edir". Həqiqətən də, Başarı əzmiylə, iradəsiylə, səbri və dözümüylə taleyini özü yazaraq əbədi həyat qazanır. Əsər oxucunu "çətin məqamdan necə çıxacaqdı: təcrübəsi, yoxsa ağlı ilə?" kimi düşünməyə vadar edən suallarla zəngindir. Bu üzdən də əsərin insan psixolojisinə müsbət etkisi və əsərin mənəvi mahiyyəti böyükdür. Ana quşun "lakin yüksəkliyə təsadüfi düşən bir varlıq deyil" cavabı bunun isbatıdır.
Əsərdə rəğbətimi qazanan məqamlardan biri də Başarı quşun "azad və geniş səmanın hansı tərəfində qərar tutacağı" düşüncəsi oldu. Zaman-zaman hər birimiz bu qoca ümmanlıqda harada qərar tutacağımız barədə düşüncələrə dalırıq. Həyatımız boyunca müxtəlif yerlərə baş vurmuş ola bilərik, amma ən hüzurlu yeri yenə doğulub böyüdüyümüz yurdda görürük. Ruhumuzun oraya aid olduğunun zamanla daha yaxşı fərqinə varırıq. "Azad məkanda duracaq olmaz... öz könlünə, öz ruhuna görə hərənin bir duracağı, bağlandığı yer var" deyən quşun dili ilə mübahisə edən yazar sonunda göstərir ki, son duracağımız, ruhumuzun aid olduğu və əqidəmizə görə haqq etdiyimiz yerdir.
İsveç
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!