Nizami CƏFƏROV
Jurnalistikada böyük nüfuz sahibi Əflatun Amaşov "Ulduz"un builki ilk nömrəsində çıxan "Qanıq, Hasan, bir də Qaragöz"ü ilə ədəbiyyata gəldi. Və bu gəlişin həm müəllif, həm də ədəbiyyatımız üçün uğurlu olacağına zəmanət verən bir sıra səbəblərdən birincisi Əflatunun ədəbi sözlə işləmək stixiyası, yaxud mədəniyyətidir ki, özünü indiyə qədər də çoxsaylı məqalə, çıxış və müsahibələrində yetərincə göstərmişdir. Romanda isə bu istedad, təbii ki, janrın açdığı imkanın daha geniş miqyaslarında təzahür etməklə onun təhkiyeyi- kəlamının hansı zəngin mənbələrdən gəldiyini də müəyyənləşdirməyə (və beləliklə, ədəbiyyata təsadüfən gəlmədiyinə əmin olmağa) əsas verir.
"Qanıq, Hasan, bir də Qaragöz"ün bədii strukturu, əslində, mürəkkəb olduğu kimi, süjeti də çoxşaxəlidir. Ancaq görmək çətin deyil ki, bütün hadisələr sanki şüadır, bir nöqtədən yayılır... Və bu mistik-mifoloji nöqtəni həyat dediyimiz təzahürün istinad nöqtəsi kimi təsəvvür (və təsvir) etməyə çalışan yazıçı həmin təzahürün (həyatın!), demək olar ki, bütün surətlərini - mələkləri, insanları, cinləri, heyvanları... Qoşa Qar həndəvərində yerləşdirir. Elə bu müqəddəs məkanın kəramətindəndir ki, it özünün canavar, inək isə maral mənşəyinə qayıdıb, təbiətin təkamül harmoniyası pozulduğuna, ona aşırı istehlakçı münasibət göstərildiyinə görə insan məhşər ayağına çəkilir.
Əlbəttə, Əflatunun izlədiyi ideya-estetik motivləri ədəbiyyata keçən əsrin sonlarında onun böyük sələfləri Çingiz Aytmatov, İsa Muğanna, Yusif Səmədoğlu, Mövlud Süleymanlı... gətirmişlər. Ancaq mənə elə gəlir ki, "Qanıq, Hasan, bir də Qaragöz" müəllifi sözügedən ədəbi axtarışlar daxilində tamamilə orijinal, özünəməxsus, eyni zamanda ona görə daha ədəbidir ki, onun əsərində ideologiyadan asılılıq ideoloji tendensiya yox kimidir. Əvəzində isə insan təbiətinin, bir növ, hansısa mistik qüvvələrinin təsiri ilə əvvəlcədən müəyyənləşdirilmiş (və çox zaman səbəbinin daha dərin köklərdə olduğu güman edilən) elə məqamları ön plana çəkilir ki, onları anlamaq üçün mistisizmlə naturalizmin mükaliməsi tələb olunur. Doğrudur, Əflatunun təhkiyəsi etnoqrafik boyalarının zənginliyinə görə Mövlud Süleymanlıya bənzəyir, ancaq onun obrazları mənə o baxımdan təhkiyənin təsirindən daha azad təsiri bağışladı ki, bu obrazlar (Hasan, Qoja, İmamalı kişi, yaxud Qanıq, Qaragöz...) mətnə hazır şəkildə, yəni tektoloji olaraq şərtlənmədən müstəqil ideyalar kimi daxil edilirlər. Məsələn, sinfi mübarizə eyforiyası ilə ağlını itirmiş kənd camaatı hər cür güzəştə hazır olan ("təki onu ucuz tutmasınlar, hörmətini saxlasınlar; kolxoza da girəcəkdi, olan- olmazını da verəcəkdi"...) İmamalı kişinin qəsdinə elə durur, onun nəslini kəsmək üçün elə səfərbər olur ki, bunu qəzavü qədərdən başqa heç bir prinsiplə anlamaq olmur. Yaxud Hasanın göz yaşlarının müşayiəti ilə Qaragözün kəsilib satılmaq üçün dükana göndərilməsi, hər nə qədər "bankdan aldıqları kreditin vaxtı keçdiyindən və Urusetdən hələ pul göndərilmədiyindən yana" olmasıyla "izah" edilsə də, eynən İmamalı kişinin başına gələnlərdəki kimi, nə hadisələrin təbii axını, nə də insan iradəsilə şərtlənməyən olaylardır.
Əflatun özünün insan (və cəmiyyət) fəlsəfəsində o yerə gəlib çıxır ki, yer üzündə (ümumən kainatda) bir-birinə təsir edən paralel dünyalar mövcuddur. Həmin təsirlər bəzən o dərəcədə həlledici olur ki, dünyalardan birinin harmoniyasına xələl gəlir... O zaman hərcmərclik, faciələr, insanların siniflər, tayfalar, zümrələr şəklində üz-üzə dayanması baş verir. Və belə vəziyyətlərdə cəmiyyət təbiətin işinə qarışdığı kimi, təbiət də cəmiyyətin işinə qarışır - Qanığın, Qaragözün şəxsində heyvan özünü o dərəcədə insan kimi aparmağa başlayır ki, bəzi insan hərəkətlərinin heyvaniliyi heç bir şübhə doğurmur:
"Xəyalına gətirdi ki, Faxralının ortasında adamlar onun kiminsə qabağından qaçmasına şəbədə qoşub gülüşürlər. Arxadan gələn adam:
- Qolçomaq köpəkoğlu, əlimdən qaça bilməzsən, təslim olmasan, qardaşın kimi səni də gəbərdəcəm, - deyə var gücü ilə qışqırdı"... Faxralının ortasında adlı- hüfuzlu İmamalı kişini təhqir edən "kommunist Şərifov", əslində, şeytan törəməsidir - "paralel dünya"nın "adam"ıdır, cəmiyyətin normal hərəkətinə mane olan, təfriqə yaradan məxluqdur. Onun on illərlə təqdir (və illərlə tənqid olunan) sinfi mübarizə, "yeni cəmiyyət" quruculuğu anlayışına ümumiyyətlə dəxli yoxdur... Yazıçı açıq kontekstdə yox, məhz əsərin ideya-estetik qayəsi ilə göstərir ki, cəmiyyətdə harmoniya (və tərəqqinin) ifadəsi həmin cəmiyyətlə "yaşıd olan" İmamalı kişidir... O İmamalı kişi ki, ucuz tutulmamağın qarşılığında nəinki var- yoxunu "yeni hökumət"ə bağışlamağa, naqanında saxladığı son gülləni ucuz tutulacağı müqabilində öz başına vurmağa da hazır idi. Ancaq həyatın gərdişi kimi "Qanıq, Hasan, bir də Qaragöz" (ədəbiyyat!) müəllifi də İmamalı kişinin tərəfindədir... "Bozqırı yaxına sürdü ki, Şərifovu boğazlayıb atdan salsın. Nəfəs- nəfəsə dəyəndə qulağının dibində güllə səsi eşitdi. Sol çiynində hiss etdiyi ağrı getdikcə şiddətləndi.
- Sənə güllə də heyifdir, - deyib İmamalı kişi belindəki xəncəri bir göz qırpımında qınından sıyırıb Şərifovun qarnına yeritdi...
Sonra heç nə olmayıbmış kimi atın başını buraxdı".
İmamalı kişi bir nəslin (cəmiyyətin!) məsuliyyətini daşıyan ağsaqqal olaraq öz missiyasını onunla başa çatdırır ki, sovet sərhədçilərilə vuruşa-vuruşa öz köçünü Arpa çayından keçirib Qarsda məskunlaşır, ölən ölür, itən itir, qalansa qalır...
İnsanın cinlə, şeytanla, mələklə... izdivacı "Dədə Qorqud" eposundan bəri ədəbiyyatın maraq dairəsində olmuş, ancaq bu, bir qayda olaraq, təhlükəli iz qoyan anomaliya kimi təqdim edilmişdir... Azərbaycan eposundan qaynaqlanan "Qanıq, Hasan, bir də Qaragöz"də də insan ələ keçirdiyi cinlə əməlli başlı, el adətincə toy edib evlənir:
"Toy qapısında iki mağar qurulur. Birinə heç kimi buraxmırlar ki, qız tərəfi - cinlər özləri şənlənsinlər. Sara isə ağ ipəkdən hazırlanmış uzun, qaraçılar sayaq zınqırovlu paltarı ilə hər iki tərəfdə süzür".
Toyun səhəri günü məlum olur ki, Sara üstünə taxılmış sancaqdan qurtulub gecə qaçıb. Başına hava gələn Vəli isə hər yeri gəzərək onu axtarır... "Gecəli- gündüzlü iri daşları təkbaşına divar kimi düzüb, Qurd ölən Yerdən Cinli dərəyə darvaza da qoyubmuş. Həmin darvazaya vaxtlı-vaxtında qətran da sürtürmüş ki, Sara gəlib keçəndə onu tuta bilsin... Vəli Saranı son dəfə Göy Qayanın insan ayağı dəyməyən zirvəsindən ona əl eləyən görmüşdü". Bunun səhəri günü Vəlinin meyitini tapıb dəfn edirlər. Və çox keçmir ki, onun qəbri üstünə bir körpə qoyulduğu məlum olur. Vəli ilə Saranın övladı olan həmin körpəni nənəsi (Vəlinin anası) "Tanrı, kəramətinə şükür! Mənə balamın amanatını göndərdin deyib, evinə aparır... Və "o da həddi-büluğa çatandan sonra uzun qış gecələrinin birində evə qayıtmamışdı. Getməmişdən deyirmiş ki, onu sarısaç bir qız çağırır. Çox axtarmışdılarsa da, gördüm deyən olmamışdı". İnsanlarla cinlər arasındakı izdivacdan nə cin yarıyır, nə də insan.
Yeri gəlmişkən, Əflatun ədəbiyyata həm yeni bədii antroponimiya, həm də yeni bədii toponimiya gətirir ki, bunlar bir tərəfdən qədim (və ruhi-mənəvi aləmi son dərəcə zəngin!) Borçalı mühitinin təsiridirsə, digər tərəfdən, müəllifin etnoqrafik yaddaşının hər cəhətdən mütəşəkkilliyinin faktıdır.
Əsərin oxuculara təqdim olunan birinci kitabı Qarsdan dədə-baba yurduna gələn gənc Güllünün hava limanında qarşılanması ilə başlayıb Qoşa Qardakı yaylaqda Hasanla söhbəti ilə bitir. Və bu "söhbət" də fövqəlbəşər aləmin maraqları hüdudunda baş verir... "Güllü saçaqlarını çəkib getmək üzrə idi. Mələk özünün lətif qanadlarını Qojaya aram-aram toxundurduqca içində baş qaldıran istilik Qojanın bədəninə yayılırdı və o, yavaş-yavaş Hasana dönürdü. Getdikcə mələyin səsi Güllünün səsinə, görkəmi Güllünün görkəminə çevrilirdi... Bu minvalla zaman öz işini görürdü, divardan asılan VEF radiosunda verilişlər bir-birini fasiləsiz əvəzləyirdi. Güllü də, Hasan da gecənin əsiri olacaqdı.
Şeytanlar, İblisin balaları, köməkçiləri kənarda xısın-xısın güdük çəkirdilər"...
"Qanıq, Hasan, bir də Qaragöz"ün birinci kitabı Əflatunun yazıçı qələminin qüdrətinə heç bir şübhə yeri qoymadığı kimi, romanın ikinci, üçüncü... kitablarına da bəri başdan böyük maraq yaradır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!