Poeziya zəfərin təntənəsi kimi - Vüqar ƏHMƏD, Gülbəniz BABAYEVA

 

Vüqar ƏHMƏD

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin

müdiri, filologiya elmləri doktoru, professor

Gülbəniz BABAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

Tariximizi vərəqlədikdə görürük ki, Azərbaycan qadınları xalqın tərəqqisində həmişə fəal rol oynayıblar. Onlar gözəllikləri, nəcib əməlləri, ağıl və zəkaları ilə təkcə nümunəvi ailə kultu yaratmayıblar, igid oğullar, qızlar tərbiyələndirməklə yanaşı, milli mənəviyyatın, sosial əxlaqın formalaşması və sağlam, uzaqgörən idarəçilik işinə də öz töhfələrini vermişlər. Öz fədakar əməyi, fəal ictimai mövqeyi, filologiyamızda orijinal yeri olan belə qadınlardan biri də filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, şair Mahirə Nağı qızı Hüseynovadır.

Professor Mahirə Nağıqızı neçə illərdir ADPU-nun Filologiya fakültəsinə rəhbərlik edir. Onun fakültəyə dekan təyin olunmasından sonra fakültədə tədrisin keyfiyyəti xeyli yüksəlib. Vətənə, xalqa, millətə, dövlətçiliyə, milli soykökə bağlılıq onun fəaliyyətinin, ədəbi yaradıcılığının hər səhifəsində təcəssüm olunur. İstər publisistikası, istər nəsri, istərsə də poeziyası xalq, torpaq, vətən sevgisi ilə yoğrulub. O, ilk dəfə olaraq Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətlərini araşdırmış, elmi-ədəbi nəticələr əldə etmişdir.

Mahirə xanım orta məktəbdə oxuduğu illərdən şeir yazıb. Xüsusən də onun bədii yaradıcılığı ali məktəbdə oxuduğu illərdən ardıcıl şəkil alıb və respublikanın müxtəlif mətbuatında dərc edilib, ayrı-ayrı nəşriyyatlarda 20-yə yaxın şeir kitabı çap olunub. Bunlardan "Mənim anam", "Su at dalımca, ana", "Ana sevgisindən doğan nəğmələr", "Yaşadacaq anam məni", "Ana kəndim Xalxalım", "Ömrün çıraqdır sənin", "Sözün hikməti", "Analı dünyam", "Haqqa çağıran səs", "Bayatılar", "Bayatılar və üç şeir", "Ruhuna beşiksə, tanı, Vətəndir" və s. kitab və topluları göstərə bilərik.

"Ruhuna beşiksə, tanı, Vətəndir" kitabı hələlik onun sonuncu şeir toplusudur və buna seçilmiş əsərlər də demək olar. "Ruhuna beşiksə, tanı, Vətəndir" şeirlər kitabı Mahirə xanımın poetik düşüncə sistemi barədə dolğun təsəvvür yarada bilir.

Ümumilikdə, Mahirə Nağıqızının şeir yaradıcılığına nəzər saldıqda aydın görünür ki, onun lirik qəhrəmanı zamanın, günümüzün, hisslərimizin ən ağır və dərdli məzmununu özündə əks etdirir. Şairənin "lirik "Mən"i qəlbinin hökmü ilə nəfəs alır, düşünür, sevinir. Düşüncələr daha çox hər an pünhan qalmış sirləri açmağa hazırdır. Burada sevginin tərənnümündən çox, insanın iç dünyasının iztirabları önə çıxır. Bu da təsadüfi deyil, bütün bunlar mənən iztirab və əzab çəkmiş insanın artıq gizli saxlaya bilmədiyi duyğularının sözdə poetikləşən müxtəlif çalarlarıdır:

 

O da dağ, bu da dağ, ayrı-ayrıdı,

Çayını aparan dərəsi birdi.

Yalında gözləyə, yan-yörəsində

Yüz ovçu dayana, bərəsi birdi.

Kimdi ox olanı, kimdi yay çəkir,

Kimdi qazan asan, kimdi pay çəkir?

Neçə min ildir ki, ərlər hay çəkir,

Dərdləri cürbəcür, nərəsi birdi.

 

Mahirə xanıma bu istedad professor, böyük dilçi alim, ictimai xadim, folklorşünas Həsən Mirzədən və anası, el ağbirçəyi, sinəsi bayatılarla dolu olan Nazlı anadan keçib.

Mahirə Nağıqızı həm də nəğməkar şairdir. Bəstəkarların onun sözlərinə bəstələdiyi onlarca mahnı müğənni və xanəndələrimiz tərəfindən sevilə-sevilə oxunur. Eləcə də çağdaş aşıqlarımız Mahirə xanımın qoşmalarına repertuarlarında mühüm yer verirlər. Əməkdar artist, xanəndə Elnur Zeynalov Mahirə Nağıqızının sözlərinə ürəyəyatan mahnılar bəstələyib. Onların birini də sevilən gənc xanəndə-müğənni Almaxanım Əhmədli şövqlə oxuyur. "Sən olaydın" adlanan nəğmə tamaşaçılar tərəfindən rəğbətlə, məhəbbətlə qarşılanır.

Şairin çoxşaxəli yaradıcılığında Vətənin bütün gözəllikləri Azərbaycanın ekvivalenti anlamını ifadə edən müqəddəs bir məkan kimi simvollaşdırılır. Onun vətən sevgisi bitib-tükənməyən, sonsuzluğa qədər davam edən ən ali, ülvi hisslərin məcmusuna çevrilir:

 

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəlmisən, üzürsən eşq dənizində,

Sənə məhəbbətim, Vətən, bitmədi.

 

Erməni vandallarının əsrlərdir Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, otuz il düşmən əsirliyində qalan doğma Qarabağımızın talan edilməsi, yağı tapdağı altında inləməsi şairdə acı təəssüf hissi doğurur, lakin insana ümidsizlik təlqin etmir. Şair vətəni, ana yurdu və onun timsalında xalqımızı, vətən övladlarını məğrurluğa, əyilməzliyə səsləyir:

 

Qan axan yarana gözüm yaşını

Dərman əvəziydi, səpələdim mən.

Bu da bir sınaqdı, əymə başını,

Sınıq əhvalına dözə bilmərəm.

 

Mahirə Nağıqızının "Sən döyüşə hazır ol" şeiri Azərbaycan xalqını bir ideya ətrafında birləşməyə, düşmənlərə qarşı eyni mövqedən çıxış etməyə istiqamətləndirən səfərbərlik çağırışıdır. Şeirdə Azərbaycan əsgərinin qəhrəmanlığına, məğlubedilməzliyinə böyük ümidlər bəsləyən, onun gücünə, qüdrətinə güvənən xalqımızın məğrur və təəssübkeş ziyalısının qəlbində əbədi və əzəli torpaqlarımızın azad olunacağına dərin inamı ifadə olunmuşdur:

 

Azərbaycan əsgəri, yolun Şuşaya gedər,

O yürüşün naminə son döyüşə hazır ol!

İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər,

Pir görüşün naminə, son döyüşə hazır ol!

 

Sən vətənin gücüsən, vətənin əsgər oğlu,

Vətən haya çağırmaz, haraylamaz hər oğlu.

Qızlar gül-çiçəyiylə süslər müzəffər oğlu,

O gəlişin naminə, son döyüşə hazır ol!

 

44 günlük Qarabağ savaşında hər bir Azərbaycan əsgərinin devizinə çevrilən bu misralar bizi qələbədən-qələbəyə apardı. Azərbaycan xalqı və onun mübariz, cəsur oğulları zülm və istibdada, erməni vandalizminə son qoydu. Həmçinin bu müqəddəs arzu bütövlükdə Azərbaycan xalqının istəyi kimi reallaşdı, Ali Baş Komandan İlham Əliyevin və yenilməz ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ilin 10 Noyabrında tarixi torpaqlarımız, əzəli Qarabağımız mənfur düşmənlərin caynağından qoparıldı. Bu tarixi qələbə bütün həmvətənlərimiz kimi, Mahirə Nağıqızının da hədsiz sevincinə səbəb oldu və onu yeni-yeni vətənpərvərlik mövzusunda əsərlər yazmağa ruhlandırdı.

Ana məhəbbətinin böyüklüyü, müqəddəsliyi də Mahirə Nağıqızı yaradıcılığının əsas leytmotivinə çevrilən mövzulardandır. Bütün çətinliklərə sinə gərərək min bir əziyyətlə övlad böyüdən, qayğıkeş, mərhəmətli, cəfakeş ana obrazı ümumiləşmiş Azərbaycan qadınlarının simvolu təsiri bağışlayır:

 

Sənə açılan gün sənin deyildi,

Bizlə bölüşübsən lap əvvəlindən.

Necə saxlayırdın, möcüzə idi,

Yorğun gözlərində təbəssümü sən.

 

O gözün nuruyla dünya göründü,

Oradan başladı yolumuz bizim.

Həmin təbəssümdür bəlkə də indi,

Ən böyük sərvəti hər birimizin.

  

Şeirin hər misrasında ana nəvazişinin istisində qızınan övlad qəlbinin hərarətini, üzündə o müqəddəs varlığın çöhrəsindən nur alan təbəssümünü və böyük həyat eşqini, qurub-yaratmaq əzmini, gələcəyə inam hissini görmək mümkündür.

Bir millətin varlığı, kimliyi, keçdiyi şərəfli tarixi yolu digər mənəvi dəyərlərlə yanaşı, həm də onun ana dilinin saflığında, duruluğunda və çoxçalarlığında ehtiva olunur. Mahirə Nağıqızının yaradıcılığında ana dilinə həsr etdiyi poetik nümunələr də xüsusi yer tutur. "Orxonlardan üzü bəri yazın qalıb, // Altaylardan Balkanlara izin qalıb" - deyən şair Azərbaycan dilinin minilliklər boyu çox çətinliklərdən keçərək cilalanıb günümüzə gəlib çatmasını, xalqımızın zəfər salnaməsinin bu dildə yazılmasını böyük qürur hissilə xatırladır:

 

Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim.

  

Mahirə Nağıqızının zəngin söz palitrasında onun təbiətin, cəmiyyətin və idrakın ümumi inkişaf qanunauyğunluqlarının poetik anlamını, dərin fəlsəfi fikir yükünü daşıyan şeirləri diqqəti cəlb edir. Yaradılışdan bugünədək bəşər övladının keçdiyi ömür yolunun mahiyyətini açan, sirlərlə dolu kainatın möcüzələrinə işıq salan bu poeziya nümunələri şairin öz oxucusu ilə ixtilatı təsiri bağışlayır və insanı dünyanı dərk etməyə, onun var- dövlətinə, şan-şöhrətinə uymamağa, həyatın enişli-yoxuşlu yollarında büdrəməməyə, ağıla və idraka arxalanmağa bir çağırış nidasıdır.

Şair "Yol gələr, yol gedər mənzilə çatmaz, // Yollarda başlayar, bitər bu dünya" kimi fəlsəfi deyimlərdə ucu-bucağı görünməyən qoca dünyanın paradoksallıqlarını yüksək sənətkarlıqla açıb göstərir:

 

Ümiddən düşməyən dilək yaratdı,

O, Allah yaratdı, mələk yaratdı.

Ev qurdu, bağ saldı - gerçək yaratdı,

Özünü gəzənin duyğusu - dünya.

 

Nə salam verəndir, nə salam alan,

Ovqatı ötəri, vüsalı yalan.

Mahirə, söylə ki, bizlərə qalan,

Bir addı, onun da suçlusu dünya.

 

Mahirə Nağıqızının polifonik yaradıcılığında onun geniş dünyagörüşünü, həyata və cəmiyyətə baxışını, fəlsəfi fikir yükünü özündə əks etdirən "Rənglərin simfoniyası" şeirinin xüsusi yeri var. Şair min illərin dərin mifik yaddaşına söykənərək yeddi rəngin hər birinin spesifik xüsusiyyətini, çalarlarını simvollaşdıraraq onların əsl mahiyyətini açmağa müvəffəq olur:

 

Ağappaq dünyamdır ruhuma güzgü,

Əminlik - deyəndə, yada Ağ gələr.

Qırmızı rəngində istəklə sevgi,

Gücün, iradənlə yaşamaq gələr.

 

Yaşıl - düzgünlüyün, cəhü-cəlalın,

İradə, dözümün özüdür ancaq.

Göy rənglə birləşsə ağıl-kamalın,

Səni yüksəklərə o qaldıracaq.

    

Mahirə Nağıqızının çəhrayı rəngi təmiz məhəbbətin, boz rəngi ilahi qüvvətin, qara rəngi bəşəriyyətin pisliyə açdığı dava-dalaşın, sarı rəngi dirçəlişin, zəfər və qələbənin rəmzi kimi simvollaşdırması onun öz sələfləri olan Səməd Mənsurdan, Rəsul Rzadan fərqli bir yanaşma sərgilədiyini göstərən maraqlı məqamlardır.

Görkəmli alim, pedaqoq, istedadlı şair, Əməkdar müəllim Mahirə Nağıqızı 30 ildən artıqdır ki, böyük yaradıcılıq yolu keçərək ədəbi fəaliyyətinin kamillik zirvəsinə yüksəlmişdir. Azərbaycan elminin, zəngin və çoxəsrlik ədəbiyyatımızın inkişafına dəyərli töhfələr verən Mahirə Nağıqızına yeni-yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayırıq!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!