Elnarə AKİMOVA
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi son verilən qərarlardan – “Multikulturalizm ili”, “İslam həmrəyliyi ili”, “Azərbaycan Xalq Cümhuriyyəti ili”, “İmadəddin Nəsimi ili”, “Nizami Gəncəvi ili”ndən sonra mədəniyyətin inkişafına, tarixi yaddaşın bərpasına xidmət baxımından müstəsna addımdır. Bu qərar Qarabağla bağlı aparılan quruculuq işlərinə həm də mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıyır.
Yola saldığımız “Nizami ili”nin mahiyyətində ehtiva olunan sakral məna nə ilə bağlı idi? Mədəni iqlimə köklənməyə gözəl bir vəsilə olmaqla bərabər, maraq dairəsində olduğumuz indiki zamanda dünyaya bir də Nizami xalqı, Nizami milləti olaraq üz tutmağımızın mesajı kimi simvolik çalar kəsb etmək! İndi də yeni il girər-girməz, ölkə başçısının bizləri “Şuşa ili” sevinci ilə müjdələməsi, daha sonra yanvarın 5-də bu yöndə sərəncama imza atması bizim bir xalq, dövlət kimi varlığımızın siması – sülhün və mədəniyyətin çağırışçısı statusunda tanıdılmağımız üçün unikal dəyər kəsb edir.
Ölkə başçısı İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etməklə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlatdı. Hələ ötən il, mayın 7-də Şuşanın Mədəniyyət paytaxtı kimi bəyan edilməsi də Şuşa ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirməni yenidən gündəmə gətirirdi. Bu labüdlüyə iki mühüm nümunəni Prezident özü göstərdi. “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya günlərinin təşkili Şuşanın ehtiva etdiyi zəngin mədəniyyətin bütün dünyaya uca səslə bəyanı idi. 1908-ci ildə V.D.Korqanov “Qafqaz musiqisi” əsərində yazırdı ki, “Zaqafqaziyaya musiqi xadimlərini çalğıçı və xanəndələrin, şeir, musiqi və mahnıların füsunkar vətəni olan Şuşa verdi”. İndi, ölkə başçısı vaxtilə Qafqazın və Şərqin müasir mədəni mərkəzlərindən biri olan, mədəniyyətlərin bütün sahələrini əhatə edən Şuşanın əzəli parlaq obrazını bərpa etmək, ona daha sivil və kreativ mahiyyət aşılamaq naminə müstəsna bir sərəncama imza atdı və bununla Şuşaya unikal tarixi mövqe təmin etmiş oldu.
Qeyd edək ki, Şuşaya münasibətdə belə bir tarixi mövqeni ilk sərgiləyən şəxsiyyət, 1970-ci illərdə rəhbər vəzifədə olan böyük dövlət xadimi Heydər Əliyev olmuşdur: Şuşanın yalnız mənəviyyatımızın deyil, tariximizin, dövlətçiliyimizin, dilimizin, diriliyimizin qalası olduğunu sübut etmişdir! Bunun üçün onun təşəbbüsü ilə 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək haqqında qərar imzalanmışdır. Daha sonra, 1982-ci il, yanvarın 14-də Şuşada Vaqif məqbərəsinin ucaldılması əslində Heydər Əliyevin mənəviyyata, mədəniyyətə qoyduğu böyük abidə idi.
Ümummilli lider Heydər Əliyevin Şuşada şairin adına məqbərə ucaltması onun milli ruha xidmət edən poeziyası ilə bərabər, həm də milli diplomatiya tarixində oynadığı rolla bağlı idi. Həsən Həsənovun “Gələcək haqqında... xatirələr” məqaləsində bu məqamla bağlı maraqlı epizod yer alır: “Bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: “Sən şair Vaqifi tanıyırsanmı?” Mən cavab verdim: “Əlbəttə, tanıyıram”. O, mənə diqqətlə baxdı və dedi: “Yox, sən hamısını bilmirsən”. Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif Poeziya Bayramını keçirmək nəzərdə tutulur. Heydər Əliyev sözünə davam edərək dedi: “Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”.
Bəli, Heydər Əliyev bu mücadiləni ana dilimizi məhdudlaşdıran, tariximizi saxtalaşdıran, ədəbi irsimizi unutduran, milli aydınlarımızı yox etməyə çalışan Kommunist Partiyasının ən mötəbər vəzifəsində əyləşərək aparırdı və hər addımı ilə tarixin sabahına yönələn amalları hədəfə çevirirdi. Çünki “Hamısını bilirdi”...
Onu da bilirdi ki, Şuşa hansı tərəfdən baxırsaq baxaq, müxtəlif sənətlərin qovuşduğu müqəddəs məkandır. Söz və rəng qamması, sənət və təbiət harmoniyası, muğam və qəzəl arifmetikasının sinkretik şəkildə qovuşduğu və ilahi ahəng yaratdığı mədəniyyət yurdumuzdur Şuşa. Bu gün dünyada xüsusi olaraq araşdırma predmeti olan, mədəniyyətlərin dialoqunun xüsusi forması sayılan intermediallıq mövzusunun Azərbaycan məkanında ilk təmsilçisidir. Musiqi, ədəbiyyat, teatr, rəssamlıq, memarlıq, xəttatlıq – incəsənətin müxtəlif sahələrinin kodlarını bir yerə cəm etmək, onların kəsişən bucaqlarını öyrənmək baxımından Şuşa ədəbi mühiti hər zaman böyük material verib və indi, “Şuşa ili” kimi səciyyə qazanan yeni dönəmdə bu estetika və enerji bütövlüyünü layiqincə ifadə eləmək hər birimizin üzərinə düşən missiyadır.
Şuşa qəzəl və muğam sənətinin praktik və elmi vəhdət yaratdığı ilk məkan kimi əhəmiyyətldir. Şuşa XVIII əsr Vaqif poeziyası ilə yeni milli şeirin əsasının qoyulduğu məkan kimi dəyərlidir. Şuşa ilk poetik deyişmə və şeir məclislərinin keçirildiyi sənət ocağı olaraq müstəsnadır. 1872-ci ildə Xurşudbanu Natəvanın öz evində təşkil etdiyi “Məclisi-üns” şeir məclisi, 1872-1900-cu illərdə Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi “Məclisi-fəramuşan” şeir və musiqi məclisi ilk yaradıcı təşkilatlar olaraq istedadlı imzaların yetişməsində, mədəniyyət və maarifin təbliğində rol oynamışdır. Şuşa həm də ilk həvəskar teatr tamaşalarının oynanıldığı məkan olaraq tarixi bir faktın təmsilçisidir. Bakıda, ilk professional tamaşaların oynanıldığı 1873-ci ildən 25 il əvvəl, 1848-ci ildə ilk tamaşalar Şuşada oynanılıb və sonralar, paytaxtda oynanılan tamaşaların hazırlanmasında yaxından köməklik edən şəxslər də elə Şuşa realnı məktəbinin tələbələri olublar.
Otuz ilə yaxın işğal dönəmindən sonra Şuşa öz azadlığına, ruhsal bütövlüyünə qovuşmaqdadır. Dövlət başçısı İlham Əliyev bu mənəviyyat qalamızı tarixin indiki aşamasında yenidən müqəddəs dəyər və sərvətə çevirir, ona yeni minilliyin, yeni epoxanın tərəqqi hərəkatında aparıcı obraz statusu qazandırır. 2022-ci ilin “Şuşa ili” kimi təqdimi bu mənada, bütöv mentalitet və yaddaşa xidmət sayılmalıdır. Bu təqdimat eyni zamanda bütün sahələrin təmsilçilərinin üzərinə böyük borc və məsuliyyət qoyur və bəzi nüanslara diqqət yetirməyi zəruri edir.
Bu nüanslar hansılardır? Bir ədəbiyyatşünas kimi, bəzi təkliflər irəli sürüb onların reallaşması istiqamətində əməli tədbirlər həyata keçirməyin vacibliyini vurğulayıram. Zənnimcə, “Şuşa ili”nin səmərəliyi meydana qoyulan siqlətli işlərin reallığında qüvvətli bir əməl cizgisi kəsb edəcəkdir.
Məsələn, Şuşanın metafizik etimalogiyasını biz epistolyar mətnlərin əsasında araşdıra bilərik. Bunun üçün Qarabağ əsilli Azərbaycan mütəfəkkiri Əhməd Ağaoğlunun türk şamanizmi motivlərində yazdığı “Mən kiməm? Tanrı dağında” hekayəsi, Maltada sürgündəykən həyat yoldaşı Sitarə xanıma yazdığı məktublar yetərincə material verir. Böyük şəxsiyyət Mirzə Bala Məmmədzadənin ilk səma ayinlərinin, sufi rəqslərinin XI yüzildə Anadolu ilə yanaşı Qarabağ dağlarında da icra edilməsi ilə bağlı verdiyi informasiya bədii təfəkkürdə Şuşa amilini yenidən dövriyyəyə gətirir.
“Şuşa ili”ndə aparılacaq araşdırmaların tədqiqat sferasına Qarabağ dağlarındakı şamanlardan tutmuş Qarabağ dağlarındakı sufilərə, Qarabağda toxunmuş iki min beş yüz yaşlı Pazırıq xalçasındakı oğuz elementlərinə qədər hər kiçik nüans cəlb edilməlidir. Bu isə Qarabağın bir türk Vətəni olaraq daha qədim dövrlərdə formalaşdığının əyani dəlilidir və bu gün Azərbaycan ədəbi zehniyyəti Qarabağ amilinə daha dərindən nüfuz etmək üçün ona həm də bu rakursdan yanaşmalıdır. Çünki Şuşa elə Qarabağın özü deməkdir.
Molla Pənah Vaqifin, onun yaradıcılığının İkinci Qarabağ savaşından sonra yeni təhlili verilməlidir. Bu istiqamətdə artıq meydanda bir neçə uğurlu ədəbi fakt olsa da, daha sistemli və ardıcıl nüfuzla sovet dövründə şairin irsi ilə bağlı edilmiş təhriflərin aydınlaşmasına ehtiyac vardır. Vaqif ədəbiyyat tariximizdə mərhələ yaradan sənətkardır, realist şeirin ilk yaradıcılarındandır, sevgiyə və gözəlliyə, kədərə və əzaba yanaşması ilə fərqli müstəvidə qərarlaşan şairdir. Əlbəttə ki, Vaqif öz dövrünün tanınmış ictimai-siyasi xadimi, diplomatı olub, Qarabağ xanlığında ən mühüm qərarların verilməsində öz ağlı və səriştəsi ilə iştirak edib. Amma hər şeydən əvvəl Vaqif şairdir, bu günə qədər sevilən bir çox misilsiz poetik örnəklərin müəllifidir. Bəs Vaqifin Azərbaycan ədəbiyyatında yeri, rolu hansı xüsusiyyətləri ilə seçilir? Bunu ilk növbədə, dövrün özünün izahını verməklə aydınlaşdırmaq mümkündür. Məlumdur ki, XVII-XVIII əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah, oyanış dövrüdür. Bu dövrü fərqləndirən əsas cəhətlər milli dilin ədəbi yaradıcılıqda hakim mövqe tutması, xalq yaradıcılığının və milli folklor janrlarının tam təşəkkülü ilə əlamətdardır. Bu mənada, dövrünün şairi kimi Vaqifin üslubu özündən əvvəlki klassiklərin üslubundan fərqlənib. Daha rəvan, sadə üslub, hamının başa düşəcəyi, anlayacağı dil, milli bədii təfəkkürün və özünüdərketmənin təzahürünün güclənməsi və s.
Vaqif mərhələsinin özünün əvvəlki və sonrakı ədəbiyyata böyük təsiri oldu, bir növ körpü rolunu oynadı. O, özündən əvvəlki ədəbiyyatı milli zəmində yekunlaşdırdı və sonrakı ədiblərin bir çox maarifçi məsələlər və istiqamətlər yönündə fəaliyyət göstərmələrinə yol açdı. Təsadüfi deyil ki, Vaqifin açdığı işıqdan yola çıxan XIX əsr dühalarının - Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin və Abbasqulu ağa Bakıxanovun milli ədəbiyyatı və dili inkişaf etdirmək yönündə çabaları onların öz sahələrində yeniliklərə imza atmaları ilə nəticələndi. Zənnimcə, biz "Vaqifə qədər" olan bir dövrü tədqiq etmişik, indi qarşıda duran problemlərdən biri də Vaqifdən sonrakı mərhələni öyrənmək, onun təsir etdiyi məqamları üzə çıxartmaq olmalıdır.
Daha bir tədqiq olunası məqam ensiklopedik zəka sahibi Mirmöhsün Nəvvabın yaradıcılığı ilə bağlı meydana çıxır. Onun istər musiqi tədiqiqləri - “Vüzuhül ərqam” (“Rəqəmlərin aydınlaşdırılması”) mətni, istər yaratdığı “Məclisi-fəramuşan” ədəbi məclisi, istəsə də qələmə aldığı “1905-1906-cı illərdə еrməni-müsəlman davası” əsəri, eləcə də şeirləri, rəsmləri intermediallıq prinsipləri ilə əlaqəli şəkildə tədqiq olunmalıdır.
Yaxud Qarabağın adını ilk dəfə şeirlərinə gətirmiş şair Mir Həmzə Seyid Nigari Qarabaği ilə bağlı araşdırmalara rəvac vermək də çox əhəmiyyətli və ibrətamiz çalar kəsb edər. Seyid Nigari ədəbiyyat tariximizdə xüsusi yer tutan şəxsiyyətlərdən biridir, nəqşibəndi təriqətinin şeyxi, sufi şairdir. Onun yazdığı şeirlər tez bir zamanda xalq tərəfindən sevilərək dillər əzbəri olmuş, Nəqşbəndi təriqətinin müridləri tərəfindən zikr məclislərində ilahilər şəklində oxunmuşdur. Amma əhəmiyyətli və simvolik məqam yalnız bununla bağlı deyil. Mir Həmzə Seyid Nigari poeziyamızda Qarabağı vəsf edən ilk şairdir. Yaradıcılığında Allah, Peyğəmbər, Əhli-Beyt sevgisini tərənnüm etsə, eşqə, məhəbbətə dair şeirlər yazsa da, daha çox Qarabağ sevgisini tərənnüm edən nəzm ustadı kimi tanınır və qəbul edilir. Azərbaycan və fars dillərində, əruz və heca vəznində qələmə alınmış bu şeirlərlə tanışlıq ədəbi təfəkkürümüzdə Şuşa amilinə bir də Seyid Nigari kontekstindən nəzər yetirməyi zəruri edir.
Ötən il avqust ayının 29-31-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya günlərinin əzəmətli tarixi anlarını yaşadıq. Belə bir möhtəşəm sənət tədbirini zənnimcə, Mir Möhsün Nəvvabın, Seyid Nigarinin də xatirəsinə həsr etmək və böyük şairlərimizi doğulduğu Qarabağda yad etmək gözəl olar. Həmçinin Şuşanın keçmişi, tarixi şəxsiyyətlərinin yaradıcılığı, milli irsi, dəyərləri mövzusunda beynəlxalq konfranslar keçirmək görüləcək işlərə vüsət qazandırar. Nizami Gəncəvi ilə bağlı ötən il Azərbaycan Milli Elmlər Akademiyasının imza atdığı uğurlar və silsilə işlər zənnimcə, bu ildə də layiqli şəkildə davam tapar. Mədəniyyət Nazirliyi ötən il “Nizamiyə namə” mövzusunda beynəlxalq esse müsabiqəsi təşkil etmişdir. Belə bir yazı müsabiqəsini Şuşa ilə bağlı da keçirməyə ehtiyac var. Şuşa dünya mədəniyyətlərinin gözü ilə - belə bir genişlik “Şuşa ili”ndə qüdrətli bir əməl cizgisi kəsb edər.
İkinci Qarabağ savaşından sonra ədəbiyyatımızda yeni qəhrəman, obraz, mədəniyyət, düşüncə estetikasının təzahür edəcəyi şübhəsizdir. Əslində, bu deyilənlər XX əsrin əvvəllərində bizim ədəbiyyatımızda yaranmışdır: “Atıldı dağlardan zəfər topları, / Yürüdü, iləri əsgər, bismillah! O xan sarayında çiçəkli bir qız / Bəkliyor bizləri zəfər, bismillah!”. Nəinki obraz, hətta başqa, əvvəlki Dünya müharibəsinin ağrılarını, insanlığın fəryadını ədəbiyyatlaşdıran şairlər – Məhəmməd Hadi və elə həmin “Bismillah” şeirinin müəllifi Əhməd Cavad var idi. Hadi Birinci Dünya müharibəsində Karpat dağlarında alay mollası olmuşdu. Əhməd Cavad Çanakkalada savaşmış, Azərbaycan əsgəri isə ədəbiyyatımıza daha çox bu iki şairin qələmi ilə daxil olmuşdu. Onlar isə sarsıdıcı müharibəyə adekvat olaraq insanların içindəki işığı, harmoniyanı qoruyan bir ədəbiyyatı, özü də möhtəşəm müharibə ədəbiyyatını yaratmışdılar. Çox sevdiyim bir frazanı burda da xatırlatmaq istəyirəm. Lui Araqon Fransanın faşistlər tərəfindən işğal edildiyi günləri xatırlayıb yazırdı ki, o çətin illərdə rəssam Matiss bizə kömək etdi ki, biz Günəşi qoruyub saxlayaq.
Bu gün bəyan edilən “Şuşa ili” bizim üçün həmin günəş missiyasını yerinə yetirir. Necə ki, müharibənin ən sərt dönəmlərində belə günəş kimi əlçatmaz zirvədə qərar tutmuşdu və necə ki, onu geri qaytarmaqla ən böyük qələbəmizi müjdələməli olduq. İndi, son əlamətdar hadisə – 2022-ci ilin “Şuşa ili” elan edilməsi, bu tarixi faktın bizə yaşatdığı qürur Vətən amilinə həssaslığımızı bir qədər də artırdı.
“Şuşa Azərbaycanın gözüdür”! Ümummilli lider Heydər Əliyevin vaxtilə qürurla və kövrək uslubda səsləndirdiyi bu ifadə indi öz əyanilik zamanını gözləyir. Onun ehtiva olunduğu gözəlliklərin üzə çıxarılmasına, qədimliyinin tarixi dərkini verməyə, həmçinin yeni təfəkkür işığında təqdimatına, səviyyə və mənzərəsinin dəyərləndirilməsinə, eləcə də mövzu ilə bağlı elmi-nəzəri fikrin tarixiliyi və müasirliyini görməyə böyük ehtiyac var və heç şübhəsiz, “Şuşa ili” bunların geniş aspektdə realizəsinə imkan yaradacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!