Zahid Sarıtorpağın 2017-ci ildə çap olunan ilk nəsr kitabına onun üç romanı daxil edilib. Adı "Dərdin sarı çəpkəni" olan kitabdakı müxtəlif süjetli üç romanın mövzusu müasir həyatdan götürülüb. Bu əsərlərin tematikasında çağdaş Azərbaycan oxucusunun maraq və arzuları ilə çulğaşan sosial-siyasi problemlərə yer ayrılıbdır. Süjet materialına sovet dövrünün əsasən 70 - 80-ci və sonrakı illərinin hadisələri daxildir. Kitabdakı ilk mətn "Dərdin sarı çəpkəni" adlanır. Əsər o biri - "Kül" və "Qarğa marşrutu" romanları ilə ideyaca səsləşir. Sonuncu romanda əsas fikri ehtiva edən "qarğa marşrutu" frazası digər iki romana da aid edilə bilər, yaxud hər üç əsərdə yaşayış bir "marşrut" üzrə hərəkətdən - qarğaların "nizamsız-nizamsız, ağır-ağır və vecsiz-vecsiz" ("Qarğa marşrutu") uçuşundan ibarətdir. Müasir həyatımız üçün aktual olan böyük, kiçik bazar yerləri, ticarət yarmarkaları, marketlər, super-marketlər... məkanı insanları bir-birinə bağlayan, uzaqlaşdıran, bir-birinin qəniminə çevirən oxşar səbəbləri Zahid Sarıtorpağın romanlarının ideya qaynağı hesab etmək olar. Söhbətimizin bundan sonrakı hissəsində "romanlar", ya "üç roman" ifadələri əvəzinə, "roman" yazmağa çalışacağam.
***
İdeya vermək bədii mətnin ilginc vəzifəsidir. Bunun üçün əsərin dil və təsvir imkanları əsas rol oynayır. Bu mənada, onun personajları içində azdığı sosial labirintdən necə çıxmaq yollarını axtarıb tapmağa çalışan adi insanlardır. Olay bu adi insanların dili ilə nəql edilir. Başlarına gələnləri söyləyən üç adama - birinci əsərdə Buluda, ikincidə Tağıya və üçüncüdə Nihata münasibətdə oxucu ən yaxşı halda neytral mövqe tutur. Onların ciddi qınağa məruz qalmamasının səbəbi ictimai sistemin mahiyyətilə, hər zaman bizim hamımızın yaşadığı sosial həyatla bağlıdır. Yəni bu, puç, fani dünyanın boz sifəti ilə bağlıdır. Yazıçının təsvir etdiyi mühit də, adamlar da get-gedə maddiləşən dünyanın yanlış qanun-qaydaları üzündən eybəcərləşir və orada nə vaxtsa bizim ideal hesab etdiyimiz və ya edəcəyimiz adamdan, toplumdan əsər-əlamət yoxdur. Hərçənd dövlətlərin qəbul etdiyi hüquq və əxlaq kodeksləri üzrə vətəndaşa həvalə edilən vəzifələrin "icrası" ilə indiyəcən yer üzü gərək xoşbəxt olaydı, lakin bu hələ baş vermir. Əksinə insanın, ayrı cür desək, vətəndaşın əhvalından "Qarğa marşrutu" romanının sonunda deyildiyi kimi, yaxşı-yaxşı (yana-yana) yazmağa ehtiyac yaranır. İndi adamın başına elə oyun açırlar ki, "Qarğa marşrutu"nda "bütün bu dolaşıq məsələləri"n çözülməsi, yazılması arzu olunur. Yazıçı bunların bir qismini yazır və insanlığın ağır məişət, sıxıntı halında dünyada hələ də necə olub ki, sağ-salamat qaldığını bədii sözün imkanları səviyyəsində test edir. Nəticə etibarilə yazıçılıq deyilən bir iksirlə roman süjetinin "öz-özünə" çox qəmli hekayətə çevrildiyini görürük. İnsan həyatın dibindən boylanmağa məhkum olunmuş durumdadır və ən adi ehtiyacların həllində məlul-məhzun qalıbdır. Bütün bunların dərd adlandırılması və bir yerdə "dərdin sarı çəpkəni" kimi ifadə olunması həyatın hələ ki real dəyər kəsb etmədiyinin əlamətidir.
***
"Dərdin sarı çəpkəni"ndə yekrəngliyin, mənasızlığın (müəllif əsərin bir bölümünü "birrəng üzüntü" adlandırır), "Kül"də adamın eyzən "odu söndürüb küllə oynamağının", külbaşlığın, "Qarğa marşrutu"nda miyanə, şablon ömür sürməyin acı, qəmli təfərrüatları ilə tanış oluruq. Əsərin simvolikasında rəngin, işığın, qoxunun, səsin xüsusi yeri var. Bir məqamda rəng yoxluğun, heçliyin, ölümün, gərəksizliyin, bir məqamda ayılmanın, cana gəlməyin, doğuşun rəmzinə çevrilir. Sitat: "...Gizilti içindəydim bütün. Tanış ion lampası öz yerində - tavanda yanmağındaydı. Soyuq tərin içində çimhaçim islanmışdım. İki nəfər mavi geyimli, ağzı-burnu respiratorlu tibb işçisi (yeri gəlmişkən, bu vaxta qədər mən heç vaxt mavi geyimli tibb işçisi görməmişdim, onları ağ xalatda görmüşdüm həmişə) qolumu əlləşdirirdi, deyəsən, sistem qoşurdular" ("Kül"). Sitatın sonu. Fikrimcə, "sistem qoşmaq" koddur. Mavi rəng də. Burada mavi rəng xüsusi vurğuyla nəzərə çatdırılır, "Qarğa marşrutu"nun xüsusən son səhifələrində masmavi rəngli göy üzünə tez-tez diqqət oyadılır. Yazıçı bu mənada "boyaları düzgün" seçir, son qırx-əlli ilin unikal tablosunu yaradır. Bəzən də müəllif yaxşı bildiyi, həyatdan seçdiyi süjet materialını "qarışıq" rənglərlə boyamağa üstünlük verir. Hər bir halda "rənglər" "qarışdırılır", elə bir rəng alınır ki, adam "heç nəyi olduğu kimi" görə bilmir. Əslində, bu qarışıq rəngli, qarışıq səsli həyatdan alınmış personajların prototipi bizim tanıdığımız müxtəlif kateqoriyalı insanlardır, biz özümüzük. Həyatdakı qəhrəman haqqında söz qoşmaq, onu tərənnüm etmək çətin deyil, adi insanları tanımaq üçünsə yenə ən yaxşı vasitə ədəbiyyatdır. A.Kamyunun belə bir sözü var: "Qəhrəman olmaq asandır, çətini adi insan olmaqdır". Yazıçının borcu həm də adi insanları təsvir etmək, tanımaqdır. Sivil dünya adi insanın rahat yaşaya bildiyi dünyadır.
***
Zahid Sarıtorpağın romanında müasir orta statistik adamın dünyagörüşü, arzu və düşüncələri ekstremal, ultra ekstremal ortamda nəzərdən keçirilir, yuxu, qarabasma ilə, xəstə, qorxu keçirən adamın şüuru ilə izlənən bədbəxt hadisənin müasir həyatla bağlı olduğu qədər keçmişə, yəqin ki, gələcəyə də aid olacağını deyə bilərik. Ümumən, ədəbi-estetik mövqeyi ilə müəllif nə qədər realist görünsə də, onun həm də sürrealist informasiya ilə işləmək üsulu mətnin bədii dəyərini artırır. Sürrealizm realist düşüncəni gerçəkləşdirmək üçün yaxşı metoddur. Bu baxımdan, "Kül" romanında müəllifin planı daha uğurla nəticələnir. Doktor Daunun məsul (məmur) şəxsləri bir yerə toplayıb, onlarla haqq-hesab çəkməsi səhnəsi realizmin ən sərt üzünü, xarakterini nümayiş etdirir. Bunu sehrli realizm kimi də şərh etmək olar. Bu əsərlərdə güclü insan xarakterləri yoxdur, sadəcə, xarakterlərin diffuziyaya uğradığı mühit var, toplumu "vəsf edən" unikal səhnələrin təqdimi, bir də bunların içindən az, ya çox tanış gələn insan tipləri var.
Doktor Daun ilə bağlı abzaslar bizə qiyamət barədə deyilənləri xatırladır. Tağı klinik ölüm halında olduğu zaman ərzində "başına gələnləri" nəql edir. Oradakı bəzi səhnələr inkir-minkirin sorğusuna oxşayır. "Sorğu-sualda" keçmişdə baş verən günahlardan söz açılır. Yazıçı süjet xəttinə kiçik əhvalatları əlavə edir. Bu epizodik, miniatür "hədislər" vasitəsilə böyük cinayətlərin baş verdiyi haqqında informasiya verilir. Adam əli hər yerdən üzüləndə öz bəxtinin qaraçuxasının dalınca düşüb, dərdinə çarə istəyir. Xilas yolu yanlış səmtdə axtarılır. Bir çıxılmazlıq sindromu var ki, bəşəriyyətə bundan ağır təhdid ola bilməz. "Kül" romanında bu ideya daha tez gerçəkləşir. Burada həkim Daun - bəzən "doxtur", Dünyamalı doxtur", bir halda da "qulyabanı" - obrazı ilə yazıçı müdhiş bir xəstəliyin, daun sindromunun sosial fəsadlarını yada salır. Yeri gəlmişkən, Daun Dədə Qorquda da bənzədilir. Bu bənzəyişdə o, "sorğu-sual" səhnəsinə uyğun gəlir. Görünür, onun digər ayamaları da uyğun funksiyanın icrasında işə yarayır.
***
Romanda bütün canlıların, əslində Yer planetinin şikəst obrazı idealizə olunur. İş burasındadır ki, adamların dar ayaqda onları girdabdan çəkib çıxarası hamiləri də (qaraçuxa) şikəst halda təsvir olunur. Xəstə, əlil cəmiyyətin atributları Zahid bəyin mətnində cürbəcür anlayışlara münasibətlə müəyyənləşir. Məsələn, Buludun ("Dərdin sarı çəpkəni") gözünün göyərçinin şikəst qanadı ilə sarı rəngdən təmizlənəcəyi ehtimalı nağıl, mif dünyagörüşü ilə bağlıdır. Divin canının şüşədə olması ilə bizim taleyimizin yad stixiyadan asılılığı eyni mahiyyət daşıyır. Elə bil arzularda, yaddaşda, taledə çapıq varmış kimi, yaralı bir vücudun obrazı assosiasiya olunur. Həmin yaralı, çapıq bədən indiki dünyadır. Zahid Sarıtorpaq qanadı qırıq bəşər adamının üzünə hörümçək toru çəkilmiş dünyasını şikəst quş obrazında təqdim edir. "Sarğılı başla" "hisli tavandan" ("Kül") başqa heç yanı görə bilməyən xəstə adamların yaşadığı toplumun halı necə olar?!. Ancaq bir şeyi təsəlli, ümid yeri kimi dərk etmək lazımdır ki, cəmiyyətin "xəstəlik tarixçəsini" yazmaq həkim Daunlara yox, yazıçıya, ədəbiyyata həvalə edilibdir. Ədəbiyyat yaxınlaşan təhlükələri öncədən hiss edir və problemi diqqət mərkəzinə çəkib gətirir. "Kül"də haqqında danışılan XXI əsr, 21-ci xromosomla bağlı sosial bəla şüurun zədələnməsidir. Romanda çoxlu rəmzlər var. Məsələn, Tağı tez-tez sabahın açılmasını arzulayır, Bulud fəcrin doğmasını. Sitat: "- Bu gündən sən də qoşuldun bizə... Heç bilirsən, nə qədərik? Sayımız-hesabımız yoxdur...
Özümü toparlayıb:
- Səhər açılsın, çıxıb gedirəm... Bakıya gedəsiyəm... Maşını pis əzmişəm... - dedim.
- Nə açılsın, dedin?.. Səhər?.." Sitatın sonu.
Səhər açılmır ki açılmır. O dünyada Şəfiş (Şəfiqə) Buluda deyir ki, "Keçiqıranda ağ günə çıxmağın yolu ancaq kəfənə bürünməkdən keçir". Sabahın açılması ağ gün deməkdir. "Kül"də Tağı nə illah edir, sabah açılmır. Müəllifin priyomlarına uyğun Tağı, Məliş (Məlahət), Davud işıqda bir-birinə qoşulub gedirlər, yolda bir-birindən ayrılır, amma onların başqalarının gözünə görünməməsi bunların günün sabah deyilən çağında baş vermədiyindən xəbər verir. Sabah açılmır.
***
Ətrafı yalnız sarı rəngdə görməyin dəhşəti, əlbəttə, müstəqim məna daşımır və göz xəstəliyi ilə bağlı deyil, insanın mənəvi korluğu, korafəhmliyini ifadə edir. Ancaq ideya dahiyanə kəşf edilib və onun bədii-linqvistik həlli də uğurlu alınıb. İnsanın harda olduğunu kəsdirə bilməməsi, hətta kim olduğunu və nə etmək istədiyini anlaya bilməməsi onun durumunun ağırlığından xəbər verir. Daun sindromu budur. Bunun elmi izahı 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan xəstəliklə bağlıdır. Fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi deməkdir. Xəstəliyə səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyi deyilir. Elmi cəhətdən xəstəliyin yaranmasında ətraf mühit faktoru olmasa da, yazıçı, şübhəsiz, bu elmi məlumatı ictimailəşdirmiş və bu tibbi qüsurun ədəbi variantını yaratmışdır. Əqli çatışmazlıq yer üzündə həyatın məhvinə səbəb olar. Hər nəsnəni öz rəngində görüb dəyərləndirə bilməmək də, görünür, insanın ağıl qüsuru ilə bağlıdır. Yuxuda Buludun əlinə Əlövsətin Türkiyədə təhsil alan qızının qeydləri keçir. Onlarda "narsissizm", "afaziya", "asfiksiya" sözlərinin izahı yazılıb. Məsələn, "asfiksiya" nəfəs çatışmazlığından ölüm deməkdir. Bu rəmzlər insanın indi düşdüyü halı ifadə edir. Romanda rəng üzüntüsü əslində yalanla, riya ilə bağlıdır. Saxta, ikiüzlü, qeyri-səmimi münasibətlərin girovuna çevrilmiş toplumun düzələcəyinə sanki əlac yoxdur. Müəllif də qəsdən prosesi uzadır, böyük məharətlə izi azdırmağa, təhkiyənin yönünü dəyişməyə çalışır və mətləb, məqsəd üzərinə bir qədər uzaqdan, dolayı yollarla gəlib çıxmağın bədii priyom kimi işə yarayacağını planlaşdırır. Gah bilikli həkim, gah türkəçarə, gah qeybdən zühur edən naməlum qoca vasitəsilə dərdə, azara əlacın peşinə düşür və oxucunu problemin əsl mahiyyətindən agah olmağa dəvət edir. Buyursun, cənab oxucu öz halına bələd olsun və sağalmanın həqiqi yolunu axtarıb tapsın. Yoxsa illüziyaya, irreal qüvvətə arxayın olub hifz olunmaq mümkün deyil. Adamın çaşbaş qalması yolu səhv salmaqdan daha qorxuludur. Əsərdə ("Dərdin sarı çəpkəni") vəd olunan və nəhayət, əldə olunan üç milyon avro pulun müqabilində fərd deformasiyaya uğrayır, yaxud ("Kül") əsrin, zamanın girovuna çevrilir və ("Qarğa marşrutu") illüziv həyat, yanlış münasibətlər üzündən insan məqsəddən aralı düşür. Romanın bir uğuru çıxış yolunun tapılmasının sonraya qalması ilə bağlıdır. Sosial xəstəliyin diaqnozu, təxminən, məlumdur, ancaq bunun müalicəsi barədə heç nə deyilmir. Və "Kül"də Tağının, "Qarğa marşrutu"nda Nihatın tez-tez qaçmağa cəhd etmələri böyük fəlakətdən xəbər verir. Bu üç romandakı xəbərdarlıq, təxminən, Yusif Səmədoğlunun "Qətl günü" romanındakı "Baba kaha" xəbərdarlığına bənzəyir. "Kül" romanında "Qarağaclı dərənin ətürpədən nifrin uğultusu" tez-tez yada salınır. Bu qaçış, əslində, insanın özündən, öz öyrəşdiyi mühitin ona təlqin etdiyi yaşayış normativindən qaçışa işarədir. Bu özündən qurtulma çabası Bulud müəllimə də xas olan cəhətdir. Buludun "qaçışı" onun ölümü ilə reallaşır və Bulud digərləri ilə müqayisədə bəxti gətirmiş adam hesab edilə bilər. Digər qaçışlar hələlik baş tutmur, çünki həyatda qaldıqca qaçmaq yoxdur, müvəqqəti "marşrut"lar üzrə hərəkət etmək var. Nəticə olaraq, problemin necə həlli bədii əsərin funksiyası xaricində qalır.
***
"Dərdin sarı çəpkəni"ndə eyni rəng altında görmə mərəzi dünyada cəmi yeddi adamın başına gəlmiş olay kimi qeyd edilir. Ətrafa yeddi rəng əvəzinə (əslində çox, saysız-hesabsız) tək rənglə nəzər yetirməyin faciəsi böyükdür. Buludu üzən gördüklərinin onun gözündə sarı rəngə qərq olmasıdır. "Elə bil dünyanın başına lax bir yumurta çaxmısan" - əsərdə olay belə ibarələrlə təqdim olunur. Dünyanı "Allah verən rəngdə" görməməyin üzüntüsü bütün fəlakətlərdə olduğu kimi indi də pulla kompensasiya olunur. Bulud hər yeri, hər şeyi sarı rəngdə görür, əvəzində milyonçuya çevrilir, lakin milyonçu kimi də özünü reallaşdıra bilmir.
"Qarğa marşrutu" romanında baş obraz Nihatın dərdi onun köpək dişləri və o dişlərin gecə-gündüz sızıldaması, nəticə etibarilə qana hərisliyi ilə bağlıdır. Onun rahatlığı qan dadmaqla, ağzında qanın tamını hiss etməklə bərpa oluna bilir. Hələ sür-sümüyü bərkiməyən Nihatın timsalında insanın qan içən obrazı canlandırılır. Kiminsə qolunu, boynunu gəmirməklə rahatlıq tapan, özünü yaxşı hiss edən gənc az-az "pula və uğura" nail olduqca əriyir, itib-batır. Onun bazardakı xaçapuri satmaq üzrə qurduğu "marşrut" əslində "qarğa marşrutu" adlandırılmağa layiqdir. Nihatın işlərinin yoluna düşməsi, arzularının həyata keçmə şansı qeyri-etik, qeyri-sivil davranış və fəaliyyətlə ölçülür. Lakin bu olaylar müasir toplumun üzvü olan orta statistik vətəndaşın gözündə adi, normal, hətta cəlbedici görünə bilir, çünki toplumlar indi belə dizayn olunur, fərdlər belə ömür sürürlər. Kafedə tanış olduğu "xala" dediyi özündən xeyli yaşlı Sima ilə bir yatağa girməyə, bunu təkrar-təkrar davam etməyə, bazar əsnafı içərisində təsadüfən rast gəldiyi "yaxşı" adamların vasitəsilə, təhsildən, əsgərlikdən yayınmaq cəhdləri ilə gələcəklərini qurmağa çalışan gənclərin taleyi qaranlıq və zülmət içində, əsərdə yazıldığı kimi düşüb "quyunun dibində" qalmaqla müəyyənləşir. "Dərdin sarı çəpkəni"ndə Buludu, ali təhsilli olsa da, mağmın və "maygülü" bir Azərbaycan vətəndaşı kimi tanımaq mümkün olursa, Nihat kimi ömrünün hələ cəmi on yeddi ilini yaşamış gənclərin taleyinin necə olacağı məlum deyil. Bulud böyük alim də ola bilərdi, fəqət həyatın dərslərinə hələ hazır olmamağı bir şəxsiyyət kimi onun şikəstliyi kimi qəbul edilməlidir. İnsan şəxsiyyətindəki bu kəsir rəmzi anlamda əsərdə tez-tez yada salınır. Həyat yoldaşını itirmiş, sonradan "sarı dərdə" düçar olmuş Bulud adi həyati vəzifələri yerinə yetirmək iqtidarında olmayan, öz taleyinə özü qərar verə bilməyən, bir halda "yoldan keçən" bir rus qadınının kefinə ilişən, "oğraşlıq" edən - bu onun qardaşı Umudun sözüdür - ömrü boyu qəm və xiffətlə yaşayan, "cənabət halında" avara, sərgərdan birinə - müdhiş suların ümidinə qalmış yelkənsiz qayıq kimi bir əşyaya bənzəyir. Ətrafını onun hansı rəngdə görməyinin heç bir əhəmiyyət daşımadığını bu əsərdən çıxan bir nəticə saymaq olar. Rəng təkcə gözün problemi deyil, insan şüurunda, mövqeyində hər rəng öz mahiyyətini qoruyub saxlaya gərək. Bu yekrəngliyə, mənasızlığa əlacın bir variantı ölüb canını həyatın, əlbəttə, insanın özü özü üçün zülmətə çevirdiyi qaranlıq həyatın zillətindən birdəfəlik xilas olmaqdadır. Buludun ömrünün məntiqi davamı, onun dünyagörüşü bunu diktə edir. Yaşadıqca ölü kimi gəzib-dolanan Bulud müəllim yalnız ölümü ilə xoşbəxtliyə qovuşur. Buludun həyatının belə bitməsinin məntiqi əsası var. Onun ölümü təsvir olunan cəmiyyətin fonunda realist səciyyə daşıyır. Yazıçı istəsəydi, qələminin səmtini dəyişə bilərdi. Lakin əsərin ideya prinsipləri ölüm tələb edir. Burada yazıçının Buluda rəhm etdiyi qənaətinə də gəlmək mümkündür. Onun durumu kifayət qədər mürəkkəb və tragikdir. Övladları ilə bağlı onun çox ciddi problemləri yaranıbdır. Sonda, Buludun ölümündən sonra Suriyaya cihada gedən oğlunun tələf olması xəbəri verilir. Magik, sürreal səhnələrdə mətnin təlqin etdiyi çəpkən gülünün Buludun gözünün rənglərini bərpa edəcəyi ümidi bu şəkildə doğrulur. Oxucu, şübhəsiz, əsəri mütaliə etdikcə, təhkiyə axınında bu fərsiz adamın dərdinə çarə olacağını səbirsizliklə gözləsə də, bu, sadəlövh oxucunun görmək istədiyi şəkildə deyil, yalnız bir variantda, həyatın "qanunauyğunluğunun" tələbi formasında, əslində böyük sənətin təlqin etdiyi formatda həllini tapır. Yəni Bulud müəllimin ölümü qaçılmazdır.
***
Romanın irreal təsvirlərə dayalı fakturası ilə bu dünyanın adamına yaxşı dərs vermək mümkündür. Məqsəd hər şeyi öz rəngində görməyin əsl yolları üzərində insanın ağıl və düşüncəsini səfərbər etməkdir. Bütün fakt-olayların, romanın çox şirin təhkiyəsinin dinamikliyini, bədii gücünü qoruyub saxlamaq, keçmişin necə dəyişdiyini əyani olaraq göstərmək üçün intertekstuallıq və bir qədər az, bir qədər çox əvvəl baş verənlərin fraqmental şəkildə mətnə yerləşdirilməsi mütaliə həvəsini artırır. Musiqidə "boğaz" deyilən məfhum var. Roman janrı üçün təsvir xırdalıqları vacib ədəbi üsul kimi gərək olur. Bu baxımdan, Zahid bəyin mətnlərində onun təhkiyəsinin canını təşkil edən maraqlı, oxunaqlı kiçik əhvalatlar, bir-birindən cəlbedici nitq və üslub priyomları mətn boyu partlayış effekti yaradır. Məsələn, Taygöz Ağacəfərə aid olan "Səksən səkkiz! Davolna!" sözləri və əlbəttə, bu sözlərin doğurduğu sensasion zərbə "Kül" romanının əsas süjet xəttinə əlavə olunmuş bir olayla bağlı olsa da, əsas mətnin havasına qarışır, fərqli estetik ovqat yaradır, oxucunun qırışığını açır, təhkiyəni cilalayır, zənginləşdirir. Xəstə adamın ruh halında ucadan dediyi "skeytbord", "şeytan meşədədir" sözləri də bu effekti yaradır. Z.Sarıtorpağın "mətn yolçuluğu" olanlardan, keçənlərdən sitat-abzaslar tərtib etməklə gələcəyə - romanın doğurduğu təəssüratdan sonrakı gələcəyə oxucunun "sabahın açılacağı" inamını şərtləndirir. Sabah açılacaqmı?!
***
Birinci əsərdə Bulud yaşlı nəslin, ikincidə Tağı ortayaşlı nəslin, üçüncüdə Nihad yeniyetməliyin nümayəndəsidir.
Romanın ideya mərkəzində həllini gözləyən əsas problem insan və mühit olduğuna görə sual yaranır. Bu insan necə yaşaya gərək? Mühit necə ola gərək? İnsanlar niyə bu qədər məzlum, rəzil həyat sürməyə məhkum ediliblər? Yekun olaraq Səy Usubun "yedilər, içdilər, dağılışdıq" formulu "dünya əlaydı, yaşadılar, kef elədilər, ölüb getdik" formulu ilə əvəzlənir. Acı gülüş doğuran səhnədir.
Yazıçı yuxuda baş verən hadisələri ayıq adamın düşüncəsi kimi, ya bu dünyada real olaraq baş verənləri bir yuxu kimi təqdim edib deyə mətnin bədii təsir səviyyəsi artır. Əvəzləmələr bəzi hallarda elə intensiv xarakter alır ki, yuxu ilə ayıqlığı bir-birindən fərqləndirmək çətinləşir. Yuxu, ya da hallüsinasiya. Bulud yuxu, Tağı sayıqlama, Nihat qarabasma şəraitində daha yaxşı izah oluna, oxucunun hisslərinə təsir edə bilirlər.
***
Əsərin (romanların) məzmununda sevgi xətti də kifayət qədər aktuallıq kəsb edir. Məsələ burasındadır ki, bulaşıq mühitdə sevgi duyğusu da insanı arzusuna çatdıra bilmir. Nakam eşqdən sonra nakam həyatın macərası gəlir. Hər bir halda insan "qəzalı evdə" - "ölü damı"nda yaşamalı olur. Tağı sevdiyi Kəbirədən, Nihat Büllurdan çox-çox uzaq qalır, Buluddan arvadı Şəfiqəni (Şəfişi) ölüm ayırır. Tağı içində zəhləsi gedən Məlahətin (Məliş) də yer aldığı "anbar" kimi nişan verilən bir məkana düşür, Bulud uzun bacaqlı, təsadüfən rastlaşdığı atası azərbaycanlı olan Yekaterina Naqdəliyevna ilə seks yaşayır, Nihat "xala" dediyi, özündən yaşlı qadın Sima ilə intim münasibətlərə məcbur edilir. Bu hadisələrin fonunda mühitin ikiüzlülüyü, simasızlığı üzə çıxır, amansız qanunları ilə çox eybəcər olduğu təsdiqlənir. Bir qədər əvvəl sənə doğma görünən həyat birdən-birə yadlaşır, hər kəs səndən üz döndərir. Hətta qayğıkeş "Sima xala"nın simasında həyatın bu boz, kül sifətini lap yaxından görmək mümkündür. Nihat sonralar onunla rastlaşanda Sima ona üz göstərmir, özünü yad bir adam kimi aparır, o da əli ilə yuxarıları, göyü göstərir. Göyün üzündə qarğalar uçuşurlar. Bunun səbəbi, görünür, toplumun siyasətlə zəhərlənməsidir. Məsələn, insanda qoynunda yer aldığı Yer kürəsinə böyük sevgi yoxdursa, tərəqqi yoxdur. Sevgisizlik adamların bir-birini sümürməsinə səbəb olur. Nihat "Sima xala" deyib çağırdığı adamın əzasını gəmirir, qanını içir, "Sima xala" da təzə, sütül oğlanı yatağına salıb sümürdükcə sümürür, doymur.
***
Zahid bəyin əsərlərinin dil və üslub cəhətdən bəzi fərqli xüsusiyyətləri barədə ayrıca yazmaq lazımdır. Ümumxalq dilinə xas zənginlik, nitqdən, fikirdən kənarda qalıb işləklik səviyyəsini azaltmış frazemlər, bütöv cümlə konstruksiyaları, hər kəlməsi geniş sosial epoxanı ifadə edən deyimlər onun qələmində, üslubunda geri qayıdır, vətəndaşlıq hüququnu bərpa edir. Bu, bədii ədəbiyyatın vəzifələrindən biri olsa da, həmin vəzifənin necə icrası yazıçının istedadı və bacarığından asılıdır. Zahid Sarıtorpağın dil-nitq quruculuğu sayəsində yaxın keçmişin bir çox vacib sosial faktlarını, müstəqilliyə qədərki və müstəqillik dövründəki ən mühüm hadisələri yada salmaq mümkündür. Onun bədii dili Azərbaycan tarixinin bir parçasına çevrilir. Tarixi faktın təsdiqi dilimizə məxsus dialektoloji, arxaik və yeni leksikanın, şifahi dil sintaksisinin üzərində yazıçının "arama-tarama" işləri aparması nəticəsində başa gəlir. Dil üzərində bu cür işləmək əsərin mütaliəsini asanlaşdırır, təhkiyənin dinamikliyini artırır.
Yazıçının roman nəsri bu cür görünən və görünməyən cizgilərlə bir-birinə bağlanan çoxlu mikromətnlərin qovuşağında bütövləşir. Onun üslubu "dilinin altında sözü olan" bir təhkiyəçiyə məxsus olduğunu aşkar edir, düşündürür və oxucunu məmnun edir. "Müəllifsiz" də mətn oxucuyla dil tapır və onu incitmir. Oxucunun "əziyyəti", necə deyərlər, əsərin mütaliəsi başa çatdıqdan sonra başlayır. Doğrudan, yazıçı oxucunu aldatmağı, hətta yaxşı mənada ələ salmağı bacarmalıdır. Zahid sarıtorpağın üslubu elədir ki, onun şeirindəki intellektuallıq nəsri üçün də xarakterikdir. Onun şeirlərini bir dəfəyə başa düşüb dəyərləndirmək çətindir. Romanında mənzərə bir qədər fərqlidir. Oxumağa başlayanda adam nağıl aləminə düşdüyünü zənn edir. "Baxaq görək Buludun gözünün sarısını müalicə edə biləcəklərmi?". Ancaq bir qədər diqqətli olmaqla ilkin təsəvvürlər alt-üst olur. Ona görə bir qeydimi də əlavə edirəm ki, Zahid Sarıtorpağın oxucusu onun dilinin "sadəliyinə" aldanmamalıdır, ayıq və hazırlıqlı olmalıdır.
Məqalənin sonunda kitabın əvvəlində işlənmiş aşağıdakı fraqmenti misal gətirmək istəyirəm: "...Qırxayaq yeriyəndə hara getdiyini görürsən, amma ayaqlarını saya bilmirsən. Eləcə də səni içinə alan gərdişin hansı yana yön tutduğunu anlayanda, heç nəyin hesabını aparmağa gücün çatmır, zaman da qırxayaq sürətiylə, həm də səssiz-səmirsiz ömrünün divarındakı çatlara təpilir, adama acılı-şirinli bəxş etdiklərinin qədər-qəsəmini sayıb-sadalamaq, anşırıb-çözmək olmur.
Bu məsələlərin gerçəkliyini götür-qoy etməkdə indi aciz qalmışam, heç bilmirəm ömrümün bu saralmış günləri necə gəlir, necə gedir və hara təpilir qırxayaq kimi...".
Bu sitat da "Dərdin sarı çəpkəni" romanındandır. Əsər bu cümlələrlə başlayır və bütünlüklə kitabın özünü motivasiya edir - bu fikirlər hər üç romanın fəlsəfəsi barədə proloq rolunu da ifa edə bilər. Doğrudan da, ömürə, həyata qırxayaq kimi təpilən şeyin şərti olaraq adını XXI əsr qoyduğumuz bir zamanın olduğunu düşünmək əbləhlikdir. Zaman adı ilə insanın həyatını məhv edənin nə olduğunu bilmək üçün yenə Zahid Sarıtorpağın romanlarına baxmaq lazımdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!