Vahid Əzizin poeziyasında Qarabağ savaşı - Füzuli BAYAT

 

Vahid Əzizin son kitabında şeiriyyətdən çox, həqiqət və fikir, ağıl və məntiq önə çıxmışdır. Əslində, V.Əziz lirik şairdir, sevgi dolu optimist şeirləri ilə bərabər, zamandan, qocalıqdan, ölümdən şikayət ruhlu şeirləri də vardır. Rəngarəng poeziya dünyasında Vahid Əzizi fərqləndirən onun vətənpərvər, milli ruhlu şeirləridir. Və "2020. Param-parça illər" Bakı: Azərnəşr 2021, adlı şeir kitabı bütünüylə milli ruhun dirçəlməsinə, II Qarabağ savaşı kontekstində vətənpərvərlik mövzusuna, vətən uğrunda savaşa və qələbəyə həsr edilmişdir.

Şeiri dərk etməkdə ən mühüm meyar həyat təcrübəsidir, üstəlik, digər sənətlər - rəsm, musiqi, xalçaçılıq və xüsusən də poeziya bu təcrübədən qaynaqlanır. Canlı təcrübə poeziyanın mahiyyətidir, ən ibtidai sivilizasiyalar həmişə poeziyanın canlı təcrübənin əsas və güclü formaları ilə bağlı olduğunu göstərir. Həyat təcrübəsinin şair və şeirlə necə əlaqəsi olduğu kontekstində bütün orijinal poeziyanın alt təbəqəsi yaşanmış, ona yaxınlaşan təcrübələr və onunla təmasda olan psixoloji komponentlərdən ibarətdir. Zahiri obrazlar bu tip əlaqə vasitəsilə ancaq dolayı yolla şairin yaradıcılığı üçün alət ola bilər (Dilthey). Bir çox halda canlı təcrübə baş verən hadisələrlə bağlı deyil; onun mövcud şüuru keçmişi və gələcəyi ehtiva edir. Deməli, həyat təcrübəsi, gerçəklər şairin iradəsindən üstündür. Vahid Əziz də "Hər şəhid olaraq qurban gedənin adı ürəklərə yazılsın gərək" deməklə bu iradənin təcəssümünü göstərmişdir. Haqqın iradəsi istər-istəməz şairi öz şəxsiyyətinin fövqünə qalxmasına, dövrünün psixikasını, tarixi və bəşəri bağlarını dilə gətirməsinə şərait yaradır. 

Şeir elə bir formadır ki, o, çağın tarixi ruhunu anlamağı zamana yaymış, gələcəyə buraxmışdır. Poeziya tarixi və psixoloji özəllikləri ilə, bir inikas forması olması ilə bərabər, bizi hadisələri dərk etməyə, konkret olaraq II Qarabağ savaşını anlamağa dəvət edən ədəbi bir prosesdirsə, V.Əziz də bu dərketmə prosesini səciyyələndirən və səciyyələndirdiklərini həyata keçirən ötürücü mediatordur. V.Əziz kitabdakı şeir və poeması ilə Qarabağ reallıqlarını konseptual strukturlarla, izahlarla dondurmaqdan çəkinmiş, savaş mənzərəsinin canlılığına, qələbənin ruhuna xələl gətirməməyə çalışmışdır.

 

Zəfər zamanıdır, qisas günüdür,

gözəl Qarabağın xilas günüdür,

bu savaş İstiqlal bünövrəsidir -

yalnız irəliyə, yalnız irəli. 

 

Və:

 

Bura - bizim Ana Vətən,

Xilas olan Qarabağdı,

Bizimkidi əzəl gündən

Bizimki də qalacaqdı. 

 

Vahid Əziz bir çox məqamda tarixi hadisələrin başlanğıcına qayıtmaqla yaddaşımızı təzələmək istəmiş, bizləri Qarabağ torpağının və bütövlükdə vətənin dəyərini anlamağa çağırmışdır. V.Əzizin şeirlərini sırf estetik alət kimi qəbul etmək mümkün deyildir. Onun poeziyası həqiqətin manifestosudur. O baxımdan 2015-ci ildə yazdığı bir şeirində şair belə deyir:

 

Bunlar namazlarında hansı duanı edir?

Nahaq alışdırmışıq, yardımlar ürək yeyir!

Kimi yayda "bambazı", qış fəslində "çit" geyir,

Onlarsız elə bil ki, solğun çiçək tozuyam,

Qarabağsız qayıdan bahardan narazıyam. 

 

"Kəsərdən düşən sözdən", "fəlakətə yumulan gözdən", "kütləşən dözümdən", itirilən torpaqların düşmən əlində qalmasından, "Xocalısız yaşanan illərdən" narazıdır şair. Bu narazılıq zamanın özündəndir.

Onun şeirləri həyat təcrübəsini üzə çıxarmaq üçün bir təkandır, çünki bir çox şairin yaradıcılığında olduğu kimi, Vahid Əzizin əsərləri də poetik təəssürat yaratmaq zərurətindən deyil, canlı həyat hadisələrini, yaşama təcrübələrini ifadə etmək, mənalandırmaq istəyindən yaranmışdır. Daha açıq ifadə etmiş olsaq, V.Əzizin şeirləri boş yerdən, mənasız fikirdən, məqsədsiz deyimlərdən ibarət deyil, həqiqətlə dolu canlı həyatdan bəhs etdiyi üçün oxucularında dərin psixoloji təəssürat yaradır. Oxucunun maraq dünyası ilə şairin poetik aləmi məhz bu nöqtədə üst-üstə düşür. Onun şeirləri hisslərimizi anlamaq və onları hansı istiqamətə yönəltməyin zəruri olduğunu bizə göstərir, normallaşan və rutin həyatda qeyri-şəffaf duruma gələn və gizlənən reallığın daha görünən olmasına və daha aydın başa düşülməsinə imkan verir.

 

İstiqlal uğrunda tökülən qanlar,

çoxları könüllü hərbə gəlirdi,

qəsbkar düşməndən qisas alanlar,

Otuz il hicranın yetimləridi!  

 

"Zəfər millətimin altun tacıymış" deyən V.Əziz II Qarabağ savaşına həm sadə insanlardan, həm siyasətçilərdən fərqli olaraq başqa bir gözlə, şair gözü ilə baxır. Hadisələri fərqli şəkildə qavrayır və poeziyası ilə həmin dövrün ruhunu dərk etmək üçün oxucuya ən mühüm olanları təqdim edir. V.Əzizə görə savaş bitməyib, Qarabağdakı zəhərli tikanların xeylisini doğrasaq da demək olmaz - "Savaş bitib", bayrağımız Qarabağın hər tərəfində yüksəlməsə, ilanın başı əzilməsə demək olmaz - "Savaş bitib", düşmənin izlərini bu torpaqdan itirməsək demək olmaz - "Savaş bitib", yıxılan evlərin, solan çiçəklərin, yetimlərin qisası alınmasa demək olmaz - "Savaş bitib".

 

Hələ Xankəndinə əl bulamırıq,

od vursaq bir anda yanıb gedəcək,

bizlər alicənab, qəsbkar sırtıq -

məğlub olduğunu qansa, gedəcək!  

 

Əslində, sənətdə və şeirdə baş verənlər çox vaxt sənətkarın və şairin səlahiyyət hüdudlarını aşan şeylərdir. Burada həyat hadisələrinin, gerçəklərin özünün şeir olmasından bəhs edilir, çünki duyğu ilə təxəyyül, xarici və daxili əlaqə, iç və dış aləm nə dinləyicinin zövqündən, nə də sənətkarın təxəyyülündən deyil, insanın mənəvi həyatından, şüur dünyasında var olanlardan yaranır. Belə məqamlarda reallığın özü şeirə çevrilir. Vahid Əziz poeziyasında bu reallıq Qarabağ şəhidləri, qaziləridir, savaşan Azərbaycan əsgəridir, onları gözləyən ata-analar, qız-gəlinlərdir, övladlardır. Kitabın ən uğurlu tərəfi şairin Qarabağ savaşının iştirakçılarını bütünlükdə tipikləşdirməsi, zamanın və məkanın sərhədlərini aşan obrazlara dönüşdürməsidir. Bütün böyük şairlər kimi, V.Əziz də yaşadığı bu keşməkeşli zamanın ruhunu tipikləşdirmişdir.

 

Qırx dörd günlük savaşda

uşaqdan böyüyədək

hamı zireh geyindi,

"Otuz ilin" zülməti

"Ay yarımda" yenildi! 

 

Ümumilikdə poeziyanın, konkret olaraq V.Əzizin şeirlərini anlamağın tək yolu usta bir şair kimi, usta bir oxucu olmağın zərurət olmasındadır. Və nəhayət, poeziyanın dolğunluğunu, poetikliyini həyatın gerçəklərinin ifadə forması kimi başa düşməyin əsas şərti konkret tarixi-psixoloji konteksti nəzərə almaqla mümkündür. Şair sətiraltı mənalarda bu həqiqətləri dilə gətirir:

 

Qazilər qazandıq canlar itirdik,

Yarımçıq işlərin çoxun bitirdik,

gərəkdi artaydı mərdlik, kişilik,

Piy basır, acgözlər yenə şişirlər,

nə vaxt düzələcək görən bu işlər?

 

Çünki "olub-keçənlərdən dərs alınmamış", "zəbt olunmuş sahillər", "çimərlik yolunda pullu girişlər" var, köhnə vərdişlər tərk olmamış və "kökündən çıxmasa yırtıcı dişlər, düşməz öz yoluna zay olmuş işlər...".

Peyğəmbərlərin insana Tanrı hökmünü, şairlərin isə Tanrıya giley çatdırdığı bir dünyada riyakarlar, minsifətlilər var. Bunlar şairə görə qələbəni kölgələyə bilməsə də, xalq ayıq-sayıq olmalı, zəfərin həyatdan dəyərli vətən üçün olduğu, torpaq üçün ölündüyü, sadə vətəndaş övladlarının qanı hesabına qazanıldığını unutmamalıdır. Vətənin sadə, bir o qədər də anlamlı tərifi şairə görə belədir:  

 

Qalaları hörülürsə

Əsəbləri gərilirsə

Uğrunda can verilirsə -

Həyatdan dəyərli - Vətən! 

 

Şeirə hər çağın öz baxışı vardır. Şeirin poetikası bu baxımdan dəyişkəndir. Hər dövrün özündən doğan və o çağın şairlərinin poeziyada açdığı ruh poetikası var. Hətta eyni dövrdə yaşayan şairlərin də hər birinin özünəməxsus poetik anlayışı vardır. Çünki poeziya hər hansı bir cəmiyyəti tanıma vasitələrindən ən təsirli olanıdır. XXI yüzilin şeiri 60-70 il bundan öncəki şairlərin yazdığı əsərlər deyildir. Yaşadığı zamandan, sosial-siyasi, mədəni-iqtisadi və ideoloji institutlardan kənarda qalan poeziya yoxdur. V.Əziz də poeziyaya XX yüzilin 70-ci illərində gəlmiş, XXI yüzilin şairidir.

Vahid Əziz dövrünün siyasi-ideoloji tələblərinə uyğun yazsa da, vətəndaş şair olmağı, vətəndaş kimi qalmağı bacaran şairlərdəndir. Vətəndaş şair millətin dərdini, vətənin sıxıntılarını dilə gətirəndir. Ona görə də indiki halda şairin qayəsi vətən uğrunda, Qarabağın işğaldan azad olunması uğrunda aparılan mübarizənin önəmini poetik bir dillə tərənnüm etməkdir:

 

Ordu zəfər çaldı son həmləsiylə,

Vətən Qələbəyə açdı qoynunu,

Kimi - qələmiylə, kimi - səsiylə,

Kimi - müjdəsiylə gətirdi onu.  

 

44 günlük II Qarabağ savaşı V.Əzizin poeziyasında qələbə manifestidir. Qarabağın hər qarışı şair üçün doğmadır. Füzuli, Zəngilan, Laçın, Ağdam, Cəbrayıl, Kəlbəcər və nəhayət, Şuşa. Kitabda şairin Şuşa ilə bağlı 6 müstəqil şeiri və digər şeirlərindəki Şuşa misraları, Şuşa bəndləri vardır. Ancaq Vahid Əziz Şuşadan yazmağı moda halına gətirmiş (sanki Qarabağ yalnız Şuşadır) bəzi şair və sənətkarlardan fərqli olaraq bu mövzuya XX əsrin sonlarından müraciət etmişdir. Onun Şuşa mövzusunda yazdıqlarında qürurla yanaşı bir nisgil də hiss edilir.

 

Zaman möhlət vermir, imkanı dardı,

anlamır nə sayaq xahişimiz var,

düşünmə - Zəfərlə hər şey qurtardı.

Bizi bağışlamaz doğma qurbanlar;

hələ irəlidə çox işimiz var. 

 

Bu, bir vətəndaş mövqeyidir, vətəni sevməyin, vətəndaşı düşünməyin, bir sözlə, Azərbaycan dərdi ilə yaşamağın nəticəsidir. Ona görə də V.Əziz:

 

Keçər Zəngəzurdan, Dərələyəzdən,

Gözəl Naxçıvana yol Qarabağdan...   

 

- deyərək vətəndaş mövqeyini qətiyyətlə ortaya qoyur.

"2020. Param-parça illər" adlı şeir kitabında şair istəklərini, gileylərini oxucu ilə bölüşür. Vahid Əziz qayəsi vətən eşqi, millət sevgisi olan oxucularına müraciət edərək onları millilikdən, milli düşüncədən ödünç verməməyə səsləyir.

 

Qəlbi xain özü qorxaq -

"Arsax" yoxdu! Var Qarabağ!

Ayağın altında torpaq

Yanar İrəvana qədər. 

 

Vətən torpağı tam azad olmasa ayağımızın altında torpaq yanar, göy başımıza devrilər.

 

Qarabağ var! "Arsax" nədi, zad nədi? 

Qarşımızda İrəvandır, arxada Vətən

Bu diyarlar Türk elləri, Türklər oylağı

Həm ora Vətəndi, həm bura Vətən. 

 

Olumla ölümün, varlıqla yoxluğun, açılanla solanın var olduğu bu keşməkeşli dünyada qəlbi vətən, millət sevgisi ilə dolu Vahid Əzizin hələ deməyə çox sözü var.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!