Ülvi BABASOY
Taclı ilahə üçün!
Ən sevdiyi ay olan martın tən ortasıdır. Praqada axşamçağıdır. Bakıda gecəyarıdır. Günəş Taclı ilahənin qəlbindən doğub. Praqada keçmiş zamandır. Bakıda indiki an. Upuzun soyuq bir qış gecəsinin istiliyində taclı ilahə yeriyir qaldırımlarda. Xatirələr qucağımda arsızlaşır. Arzular bir gilə siqaretin uzaqlığına və yaxınlığına yığılır.
Bakir şairin sinəsinə gözəl bir qız qısılıb. Cavan oğlanın ruhu da, bədəni də dadmadığı hisslərə bələnib. Bu, Milan Kunderanın "Həyat başqa yerdədir" romanının şair qəhrəmanı Yaromilə oxşayır. Bəlkə də, heç Yaromil də deyil. Süheyil ulduzu və Günəşin eşqidir. Süheyil ulduzu doğarkən üzüm yetişir. Eşq fizikadan metafizikaya keçid edir. İlk toxunuşdur. İlk qucuşdur. Bəlkə də, M.Lermontovdur, A.Puşkindir, Ş.Bodlerdir, O.Pazdır, P.Nerudadır, L.Araqondur, V.Səmədoğludur. Bəs bu qədər həyəcanlı hissləri yaşamaq bir şairəmi xasdır? Əlbəttə ki, Yaromilin şair olması emosiya və ehtirasın dozasını artırır.
Sevgilisi başını Yaromilin sinəsinə sıxdıqca şair oğlan ekstaz halı yaşayır. Yaromilin keçirdiyi (və ilk dəfə kəşf etdiyi) hiss və duyğular ən böyük cinsi doyum və həzz nöqtəsindən, orqazm halından daha təsirlidir. Hər hansı erotik pozadan da. Şairin yaşadıqları erotikasız erotikadır.
Erotikasız erotikanın tüğyan etdiyi digər bir mətn də Tomas Mannın "İosif və qardaşları" romanıdır. Kundera deyir ki, Tomas Mannın gülümsəyən və bənzərsiz sıxıcı təhkiyəsində müqəddəs mətnlər qəfildən müqəddəsliklərini itirirlər. "İncil"də sonsuz zaman içində var olan Tanrı Mannın mətnində bədii bir müqəddəslik zirvəsindədir. İbrahim peyğəmbər onu çoxtanrılı sistemdən xilas edib təktanrılı bir inanca ucaltmışdır.
"İosif və qardaşları" romanının ən təsirli səhnələrindən birində Yusifin eşqindən ucsuz-bucaqsız yuxusuz gecələr keçirən və ürəyi bir quşun qanadına yığılan Potifar (Züleyxa) dilini kəsir və qışqırır: "Məni,.. məni,.. məni,..". Bəs Züleyxanın dili niyə yaralar açır? Çünki pəltək dillə söylənmiş ehtiraslı kəlmələr daha erotik səslənir. Fəqət utancaq Yusif Züleyxaya meyil etmir. Bol-bol nəsihətlər verir ehtiras qızdırmasında od tutub alışan Züleyxaya.
Başqa bir gün qadın daha da şirinləşmiş diliylə Yusifin qəlbinə girməyə çalışır. Yusifin qulağına nəvazişli, zərif sözlər pıçıldanır. Ancaq heç nə dəyişmir. Qadın yenə qışqırır: "Məni,.. məni,.. məni". Yusif Züleyxanı sakitləşdirməyə çalışır. Fəqət qəribə bir hadisə baş verir. Bu an Yusifin bədəni ondan xəbərsiz qəribə reaksiyalar verir... Züleyxa daha da azğınlaşır və Yusifin yaxasından yapışır... Yusif qadının əlindən güc-bəla xilas olur. O qaçanda Züleyxanın ümidi tükənir, qəzəbi aşıb-daşır və peyğəmbəri zorakılıqda ittiham edir.
Tomas Mann ən müqəddəs hesab edilən bir insanın bədənindəki təbii bir halı kəşf edir. Yusifin düşdüyü vəziyyət müqəddəs erotikadır. Yaromil isə ilk öpüşün, ilk toxunuşun və ilk erotikasız erotikanın təcrübəsini yaşayır.
Bu cür hadisələr belə suallar verir: İnsanın bədəni nədir? Necədir? Nə istəyir? Ruhun tələbatı və bədənin arzuları bir fəaliyyəti, əməli reallaşdırır. Həmin fəaliyyət və əməl bir müddət sonra insanın əleyhinə belə çevrilə bilər. Ancaq insan özünü tanıya bilər. Erotikasız erotikada insanın özünü tanıma istəyi gizlənib. Şəxsi, fərdi dünyası olanlar və olmayanlarda da. Hər ikisi bədənin istəklərində bərabərləşirlər. İxtiyari və ya ixtiyarsız. Əxlaqlı və ya əxlaqsız. Tabularla və ya tabularsız.
Erotik bir fəaliyyət, əməl və hərəkəti düşünürük, onu icra etməyi də düşünürük, bəzən bunları düşünən və reallaşdıran başqa bir şəxs olur. Şərq və ya Qərb insanı bölgüsü etmədən deyirəm bunları. İnsan bədəni böyük və cəlbedici gücə malikdir. Hansı bucaqdan baxsaq, eyni yerə gəlib çıxa bilərik. Təbii ki, istisna bir təcrübə ilə də qarşılaşarıq. Möhtəşəmliyi əlindən alınmış bir təcrübə ilə də üzləşə bilərik. Bütün bunlar uzaq və yaxın keçmişin quyusundan, tunelindən və bədənindən xortlayan, uzaqdan idarə edən, bir nəsildən digərinə vərəsə kimi keçən və miflərə çevrilən əbədi və əzəli, qədim, köhnə vərdişləri, arfefakt və arxetipləri üzə çıxarır.
İnsan bədəni öz fani hüdudları ilə məhduddur. Ancaq bəzən fərdi və ümumi baxışlar birləşir və toqquşur. Geridə qalan isə həyat sevgisidir. Onun əleyhinə hərəkət edən tabular isə bizə heç nə vermir. Nəhayətdə, ən müqddəs insanın erotik ərazisi belə ucsuz-bucaqsızdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!