...Yaşı, zamanı olmayan bir sevgidən, bu sevgini özündə təzahür edən "Bakı buxtası - 20 Yanvar" kitabından danışırıq. Qeyri-adi bir olaydan, igidlikdən danışanda ürəyin səsini dinləmək lazımdır. Necə ki, düz 32 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Vətən fədailəri ürəklərinin səsinə qulaq asdı, sinələrini düşmənin zirehli texnikasına sipər etdilər. Elə bil dünən idi. Onda hava beləcə boz-bulanıq idi...
Bəzən "Onları əliyalın odlu silahların qarşısına çıxmağa kim və nə vadar etdi, hətta gərək çıxmayaydılar" deyənlər də olur. Çox yanlış düşüncədir. Analoji olaraq başqa bir sual da vermək olar: "Bəs imperiyanın qaniçənlərini ölkəyə qonaqmı dəvət etmişdik?". İnsanın ürəyində dünyanın bütün silahlarından qüdrətli olan bir silah var. Onun adı vətən sevgisi, müstəqillik arzusu, qeyrət hissidir. Bu olan yerdə istənilən atəşin qarşısını almaq olar. O gecə şəhid olan 132 nəfər, yaralanan 612 nəfər bunu qəhrəmanlıqla sübut etdilər. Bu, nəhəng bir imperiyanın dayaqlarının sarsılması demək idi. O zaman Londonda çıxan "Times" qəzeti yazırdı: "Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir".
Bəzən 20 Yanvara niyə qara yanvar deyirlər, - kimi fikirlər də səslənir. Yəni bu qara təkcə bədlik, bədbinlik nişanəsi deyil ki... Qara dünyanı yaradan rənglərdən biridir. Qarada bir əzəmətlilik, ləngərlilik, igidlik var. Bir dastanda deyilir ki, İgidlər keçdi qaradan - yəni qəhrəmanlıq mərhələsindən.
Qara rəngin funksiyası çoxdur və o, qoşulduğu sözlərdə müxtəlif mənalar ifadə edir. Bir fikrə görə, adlardakı "qara" xaqanlıqda xanların titulunu bildirir. Başqa bir fikrə görə isə "qara", "titul" yox, "başçı, böyük" deməkdir. Qara vəzir deyirdilər, yəni əsas, baş vəzir.
Bu baxımdan qara Yanvar deməyə çəkinmək yox, qürur duymaq lazımdır. Yəni qəhrəmanlıq tarixinin şərəfli bir səhifəsi kimi. Elə bu şərəfli səhifənin yazılmasında igidlik göstərmiş dənizçilərimizin şücaətindən bəhs edən şair qardaşımız Faiqin "Bakı buxtası - 20 Yanvar" kitabının məlum hadisələrin baş verməsinin otuz ikinci ildönümü ərəfəsində işıq üzü görməsi bir neçə baxımdan önəmlidir.
Əvvəla, 32 il əvvəl - o dəhşətli gecədə Bakı buxtasında çalışan qəhrəman dənizçilərimizin fədakarlığı təkcə buxta üçün deyil, bütövlükdə Azərbaycanın şərəf tarixi üçün əvəzsiz səhifələrdir. İkincisi, o zaman 26 yaşında olan kitab müəllifinin və buxta hadisələrinin iştirakçısının aradan 32 il keçəndən sonra bir də bu mövzuya qayıtması, öz-özlüyündə alqışlanandır. Bir də qayıtması - ona görə deyirəm ki, Faiq Balabəyli 20 Yanvar hadisələrində Bakı buxtasında dənizçilərin öz əməlləri ilə yazdığı igidlik tarixini sistemli şəkildə araşdıran tək müəllifdir. Hələ 2003-cü ildə o, bu mövzuda "Kəsilməyən həyəcan fiti" adlı birinci kitabı yazmışdı.
Annotasiyada qeyd edildiyi kimi, kitabda 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən, Bakı şəhərində dinc sakinlərin qətlə yetirməsinə etiraz olaraq Bakı buxtasına toplaşıb ölkəmizə edilən hərbi təcavüzün dünya ictimaiyyətinə dəqiq çatdırılmasında mühüm və əsas rol oynayan Azərbaycan dənizçilərinin misilsiz qəhrəmanlığından bəhs olunur. Eyni zamanda hadisələrin iştirakçılarının xatirələri, vətənpərvər ziyalılarımızın qəhrəman dənizçilərimizin şücaəti haqqında fikirləri yer alıb.
Yanvarın 20-də bütün dənizçilərin özünə komandir bildikləri "Sabit Orusov" gəmisinin kapitanı Mövlud Əliyevin xatirələri ürək titrədir: "Yanvarın 17-də məzuniyyətdən təcili geri çağırıldım. Elə həmin gün kapitanı olduğum "Sabit Orucov" gəmisi ilə Bakıda yaşayan 593 ermənini Türkmənistan Respublikasının Krasnovodsk şəhərinə apardıq. Yanvarın 19-da səhər Bakıya qayıtdım və Dəniz Vağzalında növbəyə gedən neftçilərlə Neft Daşlarına gedəsi olduq. Axşam Bakıya qayıtdıq, evə getdim. Səhər, yanvarın 20-si gəmiyə gəlmək üçün evdən çıxanda nə isə bir faciənin baş verdiyini insanların üzündən hiss etdim. Şəhər qəmli görünürdü. Canlı, diri Bakıdan əsər-əlamət yox idi".
"Şirvan-2" gəmisinin kapitanının baş köməkçisi Ağalar İbrahimov xatirələrində deyir: "Dəniz vağzalında rusların bizi həbs etdikləri ana kinostudiyanın direktoru Ramiz Fətəliyevin iş otağında baxdım. Bütün hadisələr lentə alınmışdı. Yanvarın 24-də "Sabit Orucov" gəmisində həbs olunduq".
Hazırda Türkiyədə çalışan baş mexanik Malik Mikayılov danışır ki, yanvarın 19-da saat 16:00-da Bakı buxtasının cənub hövzəsində lövbərdə dayanmışdıq. Televiziya ilə mühüm məlumat veriləcəyi haqda xəbərlər gəlirdi. Birdən televiziya verilişləri kəsildi. Gecə saat 20:23 radələrində "Vodoley-4" su daşıyan gəmisi bizim gəmiyə yan alaraq məlumat verdi ki, şəhər əhalisi Bakıya qoşun yeridilməsinə etiraz əlaməti olaraq giriş qapılarında barrikalar qurub. Biz "Vixr-12" gəmisinin işçiləri "Vodoley-4" gəmisinə mindik. Özümüzlə 2 ədəd "priçal" tipli hava telefonu götürmüşdük. Radiostansiyanın biri məndə, digəri isə kapitanın baş köməkçisi Rəhimdə idi".
"Bakı buxtası - 20 Yanvar" kitabının "20 Yanvar hadisələri zamanı Xəzər Dəniz Neft Donanması ziyalılarımızın yaddaşında" bölməsində AYB sədri, Xalq yazıçısı Anar, Xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, ziyalılar Meyxoş Abdullah, Abbas Abdulla, Arif Əmrahoğlu, Valeh Mirzə, Oqtay Rza, Əlibala Hacızadə, Əjdər Ol, Şərafəddin İlkin, İsa Qəmbər, Aydın Quliyev, Hikmət Babaoğlu, Əlisahib Hüseynov, Yunus Oğuz və Damət Salmanoğlunun 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki, bu hadisələr zamanı qəhrəman dənizçilərimizin fədakarlıqları haqqında fikirləri yer alıb.
...Həmin gün dənizçilər sanki bir çağırışla səfərbər olmuşdular. Müəllifin kitabın girişində yazdığı kimi: "Bakı buxtasını mühasirəyə alan Xəzər Dəniz Neft Donanmasının gəmiləri yanvarın 20-si səhər saatlarından 24-ü saat 14:30-a qədər Sovet-rus hərbi gəmiləri ilə əsl müharibə şəraitində yaşadı".
...Sevginin zamanı olmaz - illah da Vətən sevgisinin. 20 Yanvar şəhidliyini, 1988-ci ildən başlayan azadlıq mücadiləsini, 2016-cı ilin Aprel döyüşlərini, 2020-ci il 27 sentyabrda başlayıb 10 noyabrda başa çatan 44 günlük Zəfər Savaşını da doğuran bu sevgi idi - zamansız vətən sevgisi.
Dünyada informasiya, təbliğat müharibəsi deyilən bir anlam var. İndi dünya daha çox bu vasitə ilə idarə olunur. Bir dövləti daxilindən parçalamaq, insanları kütlə halına gətirmək üçün bu ən asan vasitədir. Hərdən belə də eşidirik, hər il bunları xatırlayıb ah-vay çəkməyə dəyməz. Dəyər, vallah! Onsuz da bizi eşitmək zamanı gələndə dünyanın bir qulağı kar, bir gozü kor olur. İnformasiya savaşında daha çox uğur qazanmaq üçün dəyər... Çünki Yanvar hadisəsi vətəndaş olaraq bizim hər birimizə bu yenilməz millətin övladı olmağımızla fəxr etmək imkanı qazandırdı... Hər gün yazsaq da azdır...
Hə bir də, bu dəyərli kitabı işıq üzünə çıxaran "Elm və Təhsil" nəşriyyatının kollektivinə, kitabın redaktoru Elnur Nəhmədə, tərtibçisi Tural Balabəyliyə, korrektoru Aytəkin Faiqqızına və sözsüz ki, kitabın işıq üzü görməsi üçün maliyyə dəstəyi göstərdiyinə görə AXDG QSC-yə bir oxucu, bir vətəndaş minnətdarlığını çatdırmağı borc bilirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!