"Oğullar vətənin görən gözüdür" və ya "Tabuta sığmayan igidlər" - Mərziyyə NƏCƏFOVA

 

Torpaq vətən olsun deyə oğullar tək Vətənin görən gözləri olmadılar, onlar çönüb bütöv Vətən oldular. Vətən olan oğullarının şücaəti bu gün gərək qalaq-qalaq əsərlərə sığmasın. Onları ürəyimizcə vəsf etməliyik. Belə çıxır ki, bizdə sağlam ürək yoxdu... gəlin ürəkli olaq. Axı onların mərmilər önündə dayanmağa ürəkləri vardı.

Belə ürəkli oğlanları ürəklə qələmə alan, az da olsa yazan oğullarımız var. İstəyirəm gənclərimizin adlarını çəkəm. İlk öncə döyüşçü şairlərimizi xatırladacam - Emin Piri, Oğuz Alparslan, Elvin İntiqamoğlu, hər bir şəhidimizə bir şeir həsr edib, valideynlərinin yanan ürəyinə su səpən Elşad Barat, Elnur Uğur, Fərhad Əzizbəyli və ismini çəkmədiyim onlarca yazarlarımızın bu gün əsərlərini diqqətə çatdırmağımız lazımdır. Qəhrəmanlarımızdan yazmaq şərəfli iş olmaqla yanaşı, həm də çətindir. Hadisələri yaşamaq, onların ailələri ilə dialoq qurmaq, çoxunun gül balalarının solmuş çöhrəsini görmək diri-diri yanıb-yaxılmaqdı. Bugünkü məqaləmdə iki şəhidimizi bizə daha yaxından tanıdan, amma şəhidlərimizə olan sevgi və hörmətindən kitabda öz rəsmini verməyən Fərhad Əzizbəylinin yaradıcılığı haqqında bəhs edəcəm.

"Vətən sevdalıları" adlanan poemalar kitabında müəllif dünənlə bu gün arasında bir körpü yaradıb. Bu körpünün başında Salyanda dünyaya göz açan ancaq Salyandan uzaqlarda  - türk dünyasında özünün azad fikri, ziyalı düşüncəsi ilə tarixdə yaşayan Əli bəy Hüseynzadə durub. O Əli bəy ki, Turan sevdalısı oldu, Turana işıq saldı. "Əli bəy o dərəcədə böyükdür ki, bəlkə də onun ideoloji iştirakı olmasaydı, unudulmaz Ənvər Paşa Turan hərbinin romantikinə, Qazi Mustafa Kamal Paşa Türkiyənin realist siyasi memarına çevrilməzdi" (Azər Turan)

Müəllif "Əli bəy Turan - Turan sevdalısı" poemasında Azərbaycanın qəhrəman oğlunun obrazını yaratmağa çalışır və sanki bugünkü qəhrəmanlarımızın Əli bəyin mənəvi övladları olduğunu vurğulamağı özünə borc bilir.

 

O da ziyasını bir Günəş kimi

Yaydı təmənnasız - zülmət olmasın.

Elə Günəş kimi yandı, yaxıldı

Xalqı millət olsun, ümmət qalmasın!

 

Digər bənddə

 

Tanrının Turana yol göstərəni,

Zülmətdən yol açan o, bir işıqdı!

Zalım həmcinsinə zülm eləyəndə

O, insana bəzək, süs, yaraşıqdı!

 

"Əli bəy Turan - Turan sevdalısı"

 

Müəllifin bir çox fəslə proloq seçimində Türkiyənin ölməz şairi - Məhmət Akif Ərsoydan başlıq verməsi özü də çox böyük əhəmiyyətə malikdir.

Məhmət Akifin müqəddəs ruhlu misralarından sonra 44 günlük Qarabağ savaşını zəfərlə sonlandıran Azərbaycanın Milli Qəhrəmanı haqqında yazmaq özü bir cəsarət istəyir. Fərhad Əzizbəylinin bu çətin məsuliyyəti boynuna götürməyi özü belə çətin və şərəflidir. Müəllif bir neçə bənddə Milli Qəhrəman Samid İmanovun obrazını ümumi qəhrəman obrazlarının timsalında əks edir:

 

Qəlbi ən ilahi eşq ilə vuran

Oğullar vətənin görən gözüdür.

Vətən qarşısında eşq imtahanın

Qəhrəman oğullar can ilə verər.

 

Şəhidlərimizin uyuduğu məzarı müqəddəs nur ocağı kimi görən şairin misraları o məzarlardan qor aldığı üçün belə müdrikdir. Burada yenə də şəhidliyin ilk illəri - 90-cı illər yada düşür. Bugünkü qələbəmizdə birinci Qarabağ şəhidlərinin məzarlarından od alan, o məzarlar önündə and içən igidlərimiz 44 günlük Vətən savaşını zəfər sevinclərilə bitirə bilərdi. Müəllif bu misrada da qədirbilənlik missiyasını yerinə yetirmişdi.

 

Şəhid məzarları nur ocağıdır,

Müqəddəs qor düşər qəlblərə ordan.

O oddan güc alar igidlərimiz,

Vətəni çıxarar, çilədən dardan!

 

Poemada qəhrəmanın doğulduğu kənd, onun ailəsi, valideynlərinin qəhrəman haqqında düşüncələri və s. əks edilmişdir ki, bu nümunələrdən qəhrəmanın bütün uşaqlıq və gənclik illəri oxucuya məlum olur. Oxucu Vətən müharibəsində qəhrəmanlıq göstərən, vətən yolunda canını qurban edən şəhidi görür və tanıyır. Fərhad Əzizbəyli Samidin Abbas Səhhətin "Könlümün sevgili məhbubi mənim, Vətənimdir, Vətənimdir, Vətənim" misraları ilə böyüyüb, tərbiyə aldığını poetikləşdirir. Hadisələr zamanın qara yazılan tarixi ilə üst-üstə düşür. Doxsanıncı il, yanvar ayı, 20 Yanvar hadisələrində pəncərədən hadisələri izləyən balaca Samid. Atasının dediyinə görə, o günlərdə Samid ilk qərarını verir -  "Mən Zabit olacam". Kiçik Samidin verdiyi qərar şair qələmindən iftixar, fəxarət hissi doğurur. Qəhrəmanlarımızın həyatlarında müşahidə etdiyimiz hadisələr, istəklər üst-üstə düşür. Onların bir ideyaları olub - güclü olmaq, mübarizə aparmaq və Vətən yolunda Şəhid olmaq. Şəhid həyatından oxuduğumuz, eşitdiyimiz elə bir hekayə yoxdur ki, orada qəhrəmanımız şəhid olmaqdan qaçsın. Hər bir qəhrəmanın arzusu şəhidliyə ucalmaqdır. Elə kiçik yaşlı Samid də o gün atasına belə demişdi:

 

Atacan, mən zabit olacam! - dedi.

Samid qəti səslə mənə dönərək.

Gözləri yaşlıydı, o titrəyirdi.

- Düşməndən də güclü biz olaq gərək!

 

Üçüncü fəsil də "Bəqərə"-154 surəsi ilə başlayır. "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, (Allah dərgahında) diridirlər. Bu fəsildə Samidin şəhidlik zirvəsinə ucaldığı an var.

 

Ağır yaralandı Samid də o gün,

Başqa yaralı da, şəhid də vardı.

Əmr etdi: - Dostları xilas eyləyin!

Məndən əvvəl onlar! Bu son qərardı!

 

Son məqamda da özünü düşünməyib dostlarını xilas edən qəhrəman istəyinə qovuşdu. "Əsir olmadı, Şəhid oldu".

O gün Lələtəpə azad oldu. Bəlkə də Aprel döyüşləri, Lələtəpə azad olduğu gün Şuşanın azadlığına gedən cığır düşmənlərdən təmizlənməyə başlayıb. O mənada ki, Azərbaycan igidləri artıq o vaxtın yaxınlaşdığını hiss ediblər. Samid kimi oğullarımız öz qəhrəmanlıqları ilə günəş olub Şuşa üzərində bərq vurublar. Şair poemada uzaqgörənliklə Azərbaycanın qalibiyyətindən, Qarabağın azadlığından bəhs açıb:

 

Şuşanın üstünə gün doğdu o gün,

Pənah xan məzarda yəqin rahatdı.

Qəlblərdən silindi bədbinlik o gün,

Hər kəsdə sabaha inam oyatdı!

 

Fəslin sonuncu bəndi bir qəhrəmanın dilindən şairin ərşə qalxan istəyi, Tanrıdan diləyidi ki ("şair ürəyi təmiz olur" - deyərlər), həyata keçdi. 30 ildir canını Vətən yolunda qurban verən qəhrəmanlarımızın qanı yerdə qalmadı.

 

Qarabağda susub azan,

Qoyma belə qala dövran!

Can verməyə hazır olan

İgidlərin xatirinə!

 

Sonrakı fəsillərdə Samidin dəfni, Samidin arzuları, ona bağlı olan bacısı Aybənizlə son vida söhbəti, qəhrəmanın övladları - Fidan, Turan balası haqqında məlumatlar poetikləşdirilib. Qələbəyə təşnə olan Azərbaycan xalqının 30 illik arzusu qələmə alınıb. Şair elə bil tez zamanda qalib gələcəyimizə, zəfər nəğməsi yazacağımıza əmin idi. Elə bu gözəl duyğularla poemanın sonlanması özü də böyük əhəmiyyət kəsb edib. Bu ruhda sonlandırılan əsərlərimiz bugünkü zəfərimiz bizə yaşatmağa gedən çığır olmuşdu.

 

O günlərin tez gəlməsi

Ən müqəddəs amalımız!

Qələbəyə gedən yolun

İşıq tutan memarı siz!

Qəlbimizdə Vətən eşqi

Hey kükrəyir, coşqun dəniz!

Millət zəfər tamarzısı,

Qələbəyə təşnəyik biz!

 

Qələbəyə 30 ilə yaxın zaman ərzində təşnə olan Azərbaycan xalqı 44 günə qəhrəman oğullarımızın sayəsində həm Qarabağ torpaqlarımızı qanı ilə, canı ilə geri aldı, həm də bütün dünyaya səs saldı. Ali Baş Komandanımızın, ordumuzun və millətimizin birliyi, şanı-şöhrəti dünyada örnək oldu.

Kitaba daxil edilən ikinci poema isə Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Bayrağı ordeni, Azərbaycan Respublikasının yeddi və Rusiya Federasiyasının bir medalı ilə təltif edilmiş Vətən müharibəsi şəhidi, xüsusi təyinatlı qoşunun baş leytenantı Xəyyam Əzizovun xatirəsinə həsr edilmişdir.

Poemanın birinci fəslində şair təəssüf dolu hisslərini bölüşür. Şəhidin ömür kitabını vərəqləyən şair onun şərəfli, zəngin ömrünü izlədikcə "Kaş ki sağlığında hörə biləydim, qürurlu, kədərli şeir çələngin!" - deyə üzülən şairin qüssə dolu könlünü görmək, duymaq heç də çətin deyil. Qəhrəmanımız Xəyyam Əzizov hərbi litseydə təhsil alıb. Hərbin bütün çətinliyinə bələd biridir. Litseydən sonra Ali hərbi təhsil alıb, zabit rütbəsi alıb. O da hərbçi həmkarları kimi şux qamətli, dağ vüqarlı idi. Poemada Xəyyamın xarici görünüşünün təsviri də oxucunu təsirləndirir. İçimizdən bir sual keçir: Niyə şəhidlərimiz xarici görünüşcə də bir-birlərinə bənzəyirlər? Bəlkə də şair elə bu suala da cavab verir:

 

Uca qamətliydi, dağ vüqarlıydı,

Adi əsgər deyil, fədayidi o,

Tanrım bu gün üçün xəlq eyləmişdi

Canını Vətənə fəda etdi o!

Xəyyamın həmkəndlisi Sovet İttifaqı Qəhramanı Əlif Piriyev olmuşdu. Onun yaşadığı kənddə Nuru Paşanın izləri var, Ənvər Paşa burdan dənizə keçmişdi. Neftçala qəhrəmanları Zakir, Samid, Camal, Xəyyam, Elmdar bu kəndin insanlarının qüruru, fəxr yeridir. Camal İsmayılovun şücaəti haqqında dastanlar yazılıb. Hadrut Fatehi - Camal İsmayılovun şəhidlik gününü xatırladan şair Xəyyamın da qəhrəmanlığı ilə oxucunu tanış edir:

 

Döyüş meydanından Xəyyam çıxardı

Hadrut fatehinin cansız nəşini.

Xəyyamın harayı bəlkə indi də

Titrədir o yerin hər bir daşını.

 

Vətən müharibəsinin 43-cü günü Şuşa azad oldu. Ancaq onun azadlığı Xəyyam kimi oğulların canı bahasına əldə edildi. Yaralı Xəyyam o qələbə sevincini yaşaya bildi. Nə qədər qəribə bir tale. 8 noyabr Şuşa azad oldu, onun şahadətlik qazandığı gün doğum günüydü. "Şuşa Azad olan tarixi gündə, haqqın dərgahına Xəyyam qovuşdu".

 

Elə hikmət var ki, sirri bilinməz,

Onu yazan bilər - Tanrı yazısı!

Ha cəhd et dəyişməz, silinməz, itməz

Kimdi onu pozsun, kimdi qazısın?!

 

"Tabuta sığmayan şəhid" - bu hissədə şairin can yanğısını hiss etməmək mümkünsüzdür. Bu bəndləri oxumaq çox çətindir. Əslində, təhlilə də ehtiyac yoxdur. Hansı bəndi qabardasan, hansını seçəsən? Bilmirsən. Və heç oxumağa da ürək tab gətirmir. 25 yaşlı yaraşıqlı, enlikürək, gen sinəli bu gəncin dalınca baxan baxışları görmüş kimi olursan. Bu iki bəndi seçib yazıram, kürəyimin göynərtisi gözlərimdən axıb, süzülür.

Poemanın beşinci fəsli Xəyyamın sevdiyi qıza məktubudur. Bu eşqin sonunda vüsal görməyən qəhrəmanın sevdiyinə yazdığı məktub da elə qəhrəmanlığın, mərdliyin bir parçasının ifadəsidir.

Poemanın sonuna doğru Xəyyamın daxili aləmi, onun həyata fərqli baxışı şair tərəfindən real və təsirli şəkildə təcəssüm etdirilir. Xəyyam bir qəhrəman obraz kimi bütün tamlığıyla əksin tapır. Qəhrəmana olan sevgi və ehtiram altıncı fəsildə oxuculara təqdim edilir. Xəyyamın adına çəkilən bulaq, bulağın üzərindəki şəkil hər kəsə Xəyyamın qəhrəmanlıq dastanını söyləyir.

Sonda içimdən ilk səhifəni vərəqləmək gəldi. Sabir Rüstəmxanlının müəllif haqqında yazdığı o fikir mənim də içimdən keçdi. Şair Fərhad Əzizbəyli ilə indiyədək yaxından tanış olmaq imkanım olmadığına təəssüf etdim.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!