"Manas"dan Adil Cəmilin "Manas" dastan-poemasına - Nizami TAĞISOY

 

Adil Cəmilin poetik-estetik duyum tərzi ilə yanaşı, onun tədqiqatçılıq bacarığı lap çoxdandır ki, diqqətimi özünə çəkməkdədir. Nəzm əsərlərində poetik ifadənin bulaq gözündən gələn dumduru aydın, hədəfə dəyən, ekspressiya ilə zəngin və oxucuda xoşhallıq yaradan  ilmə və naxışları "Manas"ın tədqiqində və onun Azərbaycan dilinə etdiyi tərcümənin mətnində də yetərincə uğurludur. Başqa sözlə desək, Adil Cəmil hər üç "cəbhədə" eyni dərəcədə məsuliyyətlə çalışmağı bacaran şair, publisist və tədqiqatçı-alimdir.

Yadımdadır ki, o, hələ 1995-ci ildən "Manas"dan bir parçanı dilimizə tərcümə etmişdi. Çünki o, "Manas" eposu və türk dastançılıq ənənəsi" adlı elmi-tədqiqat işinə girişdiyi vaxtlardan "Manas"ın bir hissəsinin Azəbaycan oxucusuna çatdırılmasında maraqlı idi. Amma Adil Cəmilin bu əsərə vurğunluğu heç də 1995-cı ildən yox, 8 il ondan əvvəl baş vermişdir. Bu, alimin içindəki türk xalqlarına, onların zəngin və çeşidli mədəniyyətinə, folkloruna, eposuna, etnoqrafiyasına, etnopsixologiyasına, bədii düşüncəsinə, tarixinə, sənət nümunələrinə vurğunluqdan irəli gəlirdi. Belə maraq, belə sevgi onda 1987-ci ildə onun Qırğızıstana ilk dəfə etdiyi səfərdən başlayaraq, 1995-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən "Manas" dastanın 1000 illiyinin qeyd edilməsində iştirakla daha da güclənmişdi. Bir sözlə, Adil Cəmil "Manas"la həm uzun distansiyada, həm də "Manas"ın öz elində, onun oğlu Semeteyin, nəvəsi Seytekin qəhrəmanlıqlar göstərdiyi diyarı ziyarət edib, zəngin müşahidələrə söykəndikdən və yeni soraqlarla yaradıcılıq sandığını  doldurub, Azərbaycana qayıtmışdı. Bişkekdə "Manas"ı nəşrə hazırlayanlarla, "Manas"ın tədqiqatçıları, "Manas"ı ifa edən manasçılarla görüşmüşdü, geniş təəssürütlardan yükünü tutmuşdu. "Manas"la bağlı maraqlı orijinal tədqiqat əsəri ortaya qoyub, filologiya elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra yenə də işini bitmiş hesab etməmişdi. "Manas"ın yaxşı mənada altını üstünə, üstünü altına səriştə ilə çevirən Adil Cəmil 2009-cu ildə tanınmış manasşünas qırğız alimi Keneş Yusupovun - "Manas"ın nəsr variantının qurucusunun mətnini Azərbaycan dilinə uğurla tərcümə etmişdi. AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan bu tərcümə manassevərlərin, türk xalqları ədəbiyyatı ilə məşğul olanların stolüstü kitabına çevrilmişdir. Yeri gəlmişkən qeyd edim ki, biz də ali məktəb auditoriyalarında "Türk xalqları ədəbiyyatı" fənnindən mühazirələr oxuduğumuzdan bu kitabı tələbələrə öyrənmək üçün təklif edir, onlar da ondan yetərincə yararlana bilirdilər.

Bundan az sonra Adil Cəmil 2011-ci ildə "Manas" eposu və türk dastançılığı ənənəsi" monoqrafik araşdırmasını rus dilində nəşr etdirmişdir. Monoqrafiya vicdanlı alim professor Elməddin Əlibəyzadənin ön sözü və dəyərli professor İsmayıl Vəliyevin sözardı ilə  nəşr olunmuş, onlar bu əsərin türkoloji ədəbiyyatda mühüm rolundan bəhs etmişlər. 

Adil Cəmilin "Manas" dastanı və türk dastançılıq ənənəsi" araşdırmasının ən mühüm cəhəti əsərin bir  sıra məqamlarının oğuz türklərinin "Kitabi-Dədə Qorqud" dastanları ilə müqayisəli-qarşılaşdırıcı aspektdə öyrənilməsidir. Müəllif haqlı olaraq qeyd edir ki,  əgər "Kitabi-Dədə Qorqud" oğuzların bədii-ədəbi salnaməsidirsə, "Manas" da məhz qırğızların belə abidəsidir. Əgər "Kitabi-Dədə Qorqud"da oğuzların keçdiyi tarixi yol işıqlandırılırsa, "Manas" da qırğızların etnik-milli tarixinin aynasıdır. Müəllifin göstərdiyi kimi, "Manas" və "Kitabi-Dədə Qorqud" da eyni etnik kökdən nəşət alıb gələn nümunələrdə  genealoji və tipoloji xüsusiyyətlər saysız-hesabsızdır. Elə buna görə də, Adil Cəmil bu əsərlərdə xalqların tarixi qohumluğuna söykənərək uyğunluqlara və fərqlərə də baxmağı nəzərdən qaçırmamışdır.

Elə buradaca qeyd edək ki, dünya epos mədəniyyəti yaradıcılığında "Manas" qədər monumental ikinci bir dastana rast gəlinmir. "Manas" o qədər əzəmətlidir ki, əgər onun bütün hissələri nəşr olunsaydı, ən azı 100 cildi əhatə edərdi. Müqayisə üçün deyəkki, bu, digər dünyaşöhrətli dastanlar - yunanların "İliada" və "Odisseya"sından 20 dəfə, qədim hind dastanı Bharata övladlarının ölüm-dirim mübarizəsini əks etdirən "Mahabharata"dan üç dəfə böyüklüyü ilə fərqlənməkdədir. "Mahabharata" 19  kitabdan, "Manas" 3 kitabdan - "Manas", "Semetey", "Seytek"dən ibarət olduğu halda, "Kitabi-Dədə Qorqud" 12 boydan (nəğmədən, dastandan) ibarətdir. "Manas"ı ifa edənlərin hər bir hissəsinə  xalqın özü ad verib: "Manas" - manasçı, "Semetey" - semeteyçi, "Seytek" - seytekçi adlanır. Eyni zamanda "Manas" ifaçılığına yiyələnmənin də öz pillələri mövcuddur. Bunlar birinci pillə - manasçı - şəyird, ikinci - manasçılığa başlayan (çala manasçı), üçüncü - sənətkar-manasçı (çınığı manasçı), dördüncü - böyük manasçını (çon manasçı) əhatə edir.

Adil Cəmil "Manas"ı araşdırarkən öz mülahizələrini sırf konkret bir əsərin materialı, məzmunu, struktur-kompozisiya keyfiyyətlərinin üzərində qurmaq yox, buraya türk xalqlarının çoxsaylı digər tarixi epik nümunələrini komparativist müstəvidə nəzərdən keçirməklə, onlara müasir eposşünaslığın aktual araşdırıcılığı mövqeyindən yanaşması müstəvisində edir. Adil Cəmilin elmi yaradıcılığında qırğızların"Manas" dastanı yeni tarixi-metodoloji mövqedən tədqiqatlara cəlb olunur. Bütün bunlar göstərir ki, əsərin elmi-nəzəri keyfiyyətləri bundan sonra da diqqət mərkəzində olacağı şübhə doğurmayacaqdır.

Yuxarıda söylədiyimiz kimi, Adil Cəmil mütərcim, tədqiqatçı və şair kimi az qala 35 ildən yuxarıdır ki, "Manas"la mübhəm söhbətdə, mükalimədədir. "Manas"a həsr edilmiş kamil nümunələrdən sonra Adil müəllim digər bir maraqlı janrda özünün "Manas" dastan-poemasını qələmə almışdır. Kitab Azərbaycanda Atatürk Mərkəzinin xətti ilə akad. Muxtar Kazmoğlunun elmi redaktorluğu, akad. Nizami Cəfərovun "Son sözü" ilə xeyir-dua alaraq nəşr olunmuşdur.

Adil Cəmil bu məşhur və məlum şedevri bu dəfə nəzmlə interpretasiya etmişdir. Onu da deyim ki, müəllif "Manas"ın bütün tərəflərinə mahiyyəti ilə bələd olduqdan sonra belə bir uğura imza atmaqda israrlı olmuşdur. Poemada "Manas"ın ümumi struktur-kompozisiya və ideya - məzmun xətti qorunulsa da, təqdimat sırf özəl və orijinaldır. Elə buna görə də qeyd olunan rakursdan bu dastan-poemanın manasşünaslığa fərqli töhfə olacağı da mütləq vurğulanmalıdır. 

Bir eposun tədqiqinə, tərcüməsinə, təhlilinə və onun bədii-poetik interpretasiyasına Adil Cəmilin ömrünün 35 ilini "xərcləmə"sinin mühüm bir səbəbi həm də ondan ibarət olmuşdur ki, "Manas"ın 1000 illik yubileyi ilə bağlı Qırğızıstanın paytaxtı Bişkekə gedəndə o da Ümumilli lider Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində idi. Və Adil müəllim də bu yubileyə əli boş getmirdi. Ona qədər o, yuxarıda bildirdiyimiz kimi, "Manas"dan kiçik bir fraqmenti dilimizə çevirmişdi. Eyni zamanda bu "sovqatı" Heydər Əliyevə də təqdim etmişdi. O da özünəməxsus şəstlə ona demişdi: "Elə monumental epopeyadan cəmi bunu tərcümə eləmisən?!" Əlavə də etmişdi ki, bu işi davam etdirməyin yaxşı olardı. Ulu Öndərin tövsiyəsi Adil Cəmil üçün o vaxtdan mühüm bir məsuliyyətə çevrilmişdi. Həmin tövsiyəni Adil müəllim qulağında sırğa eləmişdi. Elə buna görə də Adil Cəmil "Manas"ı nəinki tədqiq etdi, onun tərcüməsi ilə məşğul oldu, həm də "Manas"ı dastan-poema şəklində fərdi yaradıcılıq laboratoriyasından keçirdi. "Manas"a Azərbaycanda yeni bir poetik abidə ucaltdı. İndi "Manas" bizim dövrdə Azərbaycanda az qala Adil Cəmil adı ilə assosiasiya olunmaqdadır.

Yeri gəlmişkən "Manas"la bağlı bir neçə kəlmə də qeyd etməyə ehtiyac duyuruq. Bu eposun ilk tədqiqatçısı Çokan Valixanov olmuşdur. Cəmi 30 il ömür sürmüş böyük maarifçi-alim bu qırğız dastanını "İliada" ilə eyni sırada görməklə, həm də "Manas"ı səhra "İliada"sı adlandırmış, onu qırğız həyatının ictimai-tarixi planlı fundamental hadisəsi kimi nəzərdən keçirmişdir. Hətta həmin dövrdə eposdan bir parçanı -  ("Kukotayxan və onun ehsanı") epizodunu rus dilinə də tərcümə etmişdir. "Manas"ın ikinci hissəsi və onun davamı "Semetey"in də tədqiqi ilə məşğul olmaqla onu qırğız "Odisseya"sı adlandırmışdır.

Odur ki, biz akad. Vilhelm Radlovun "Manas"la bağlı xidmətlərindən  danışarkən onun bu eposla bağlı araşdırmaları üçün Ç.Valixanovun tədqiqatlarının və tərcümələrinin ciddi zəmin və baza olduğunu nəzərdən qaçırmamalıyıq. 2022-ci il zirvəsindən baxdıqda "Manas"ın tədqiq və tərcümə tarixinin yaşı 170 ildən artıqdır. Adil Cəmil də "Manas"ın tarixi və mifoloji səhifələrini (bu dəfə orijinal "Manas" dastan-poema ilə) davam etdirməyə üstünlük verdi. "Manas" nəhayətsiz ənginlikdir. "Manas" bir okeandır və bu okeanda digərlərinin gəmişi ilə yanaşı, Azərbaycandan Adil Cəmilin gəmisi də bütün aysberqlərə sinə gərərək şərəflə üzməkdədir.

Adil Cəmil bu dastanı qələmə alarkən manasçıların az qala əksəriyyətinin ifalarını və epik repertuarını dərindən öyrənmiş, qırğızların tarix, etnoqrafiya, etnopsixologiya, etnotərbiyə, adət-ənənələrinin özünəməxsusluğuna nəzər salmış, onları mahiyyəti ilə mənimsəmiş, dastanın ayrı-ayrı boylarından məharətlə yararlanmaqla Ər Manasın anadan olduğu, hətta bəzi hallarda onun doğuluşuna qədər baş vermiş əsas olayları, irili-xırdalı obrazları, döyüş səhnələrini, sevgi macəralarını dastan koloritinə uyğunlaşdırmağa çalışmışdır.

Adil Cəmil bu əsərin struktur-kompozisiya, məna-məzmun, qəhrəman, obrazlar, personajlar, tarixi-sosial və mifik-folklor olaylarını və s. dastan poetikasına elə oturtmuşdur ki, oxucu əsəri ələ alarkən onun sonuna çatmayınca kənara qoymaq istəmir. Bu  ilk növbədə bir tərəfdən "Manas" ənənələrinə, qəliblərinə bağlılığa görədirsə, digər tərəfdən müəllifin əsəri orijinal duyumda interpretasiya etməsi ilə bağlıdır. Burada tədqiqatçı Adil Cəmillə şair-dastançı Adil Cəmil bir-biri ilə "qırğın edib", barışmaz mübarizəyə girişib, nəticə etibarı ilə hər ikisi əsərin episentrində dayansa da, şair-dastançı Adil Cəmilin tədqiqatçı Adil Cəmili üstələdiyini görmək mümkündür. Çünki Adil Cəmil yaxşı bilir ki, dastan-poema janrının ən aparıcı atributikası birbaşa onun şairlik səriştəsinə bağlılığı ilə ön plana çıxa bilər.

Bir mühüm cəhəti də qabartmaq istəyirik. "Manas" dastan-poeması yeddi hecalıqla qələmə alınmaqla xüsusi taktla oxunur. Əvvəlki misradan növbətiyə keçid sanki spontan olaraq özü ortaya çıxır və poetik mətn maraqlı bir məcraya yönəlir.

Yeri gəlmişkən bildiririk ki, qırğız və qazax epik şeiri üçün ənənəvi olaraq qəhrəmanlıq dastanlarında 7-8-lik "jır"dan  (yəni hecadan) istifadə olunur və vaxtı ilə bununla bağlı  qənaətlərini əvvəl XX əsr qazax ədəbiyyatının klassiki, "Manas"ın fundamental tədqiqatçısı akad. M.Auezov, daha sonralar isə onun müşahidələrini akad. Zəki Axmetov davam etdirərək zənginləşdirmişdir. Ümumiyyətlə, epik poeziyada tətbiq olunan və hegemon mövqedə dayanan yeddi hecalıq nəinki qırğız, həm də digər türk xalqları poeziyası üçün ənənəvi olan sillabik şeirşünaslıq prinsipinə söykənməkdədir.

Məlumat üçün deyim ki, jır musiqili-deklamasiya xarakterli olmaqla, həm də reçitativdir. Reçitativ ciddi metrik sistemə əsaslanmayan, musiqili formaya söykənən nəğmə-deklamasiyaya deyilir. Reçitativ təbii nitqin intonasiyalı ritmi şəklini yaradır. Şeir mətninin ritmik və çevik quruluşuna söykənən bu forma Adil Cəmilin poetik ifasında nitqin özünməxsus intonasiyasını yaratmaq baxımından unikallıq əldə edir. Adil müəllim həmin formanı dastan-poemada tətbiq etsə də, o, qırğız (kaysak, yəni qazax) jırının buxovları arasında qapanıb qalmamış, onun spesifik quruluşundan yararlanmaqla, mütəhərrik ritmik fərdi kompozisiya yaratmışdır. "Manas" və "Koblandı-batır" dastanlarının orijinalında olduğu kimi, A.Cəmil özünün orijinal "Manas" dastan-poemasında monoqafiyə sistemini də uğurla tətbiq etməkdədir. Bu o təqdirdə baş verir ki, əsərdə digər çoxsaylı vasitələrdən istifadə güclənir və əsasən təkrirlər getdiyi məqamlarda özünü daha çox biruzə verir.

Adil Cəmilin "Manas" dastan-poeması proloq və epiloqu çıxdıqdan sonra övlad həsrəti ilə başlayıb, Manasın doğulması, uşaqlığı, Esenxanın adamları üzərində Manasın qələbəsi, Neskaranın hücümu, Manasın xan seçilməsi, onun Koşoy və Bakay ilə görüşü, Tekes xan üzərində qələbəsi, Manasın qız - Saykala sevgisi, Türküstanın Çin işğalçılarından azad olunması, qırğızların Altaydan doğma yurda qayıdışı, Alaoke xanın Manası görüb Fərqanədən qaçması, Əfqan xanı Şoorukun qırğızlara məğlubiyyəti, Manas atasından incidikdən sonra taxt-tacı tərk edib əkinçiliklə məşğul olması, Almanbetin nağılı, onun qazax xanı Kökçənin, Manasın yanına gəlməsi, Manasın Kanıkeylə evlənməsi, qohumu Közkamanın Manası zəhərləməsi, Kökötöy xanın ölümü, Manasın Karkıraya gəlişi, Manasla Qonurbəyin təkbətək döyüşü, qırğız xanlarının toplantısı, Manasın yanına elçilərin gəlişi, Çinə böyük yürüş, Böyük yürüşdən qayıdış və, nəhayət, Manasın ölümü ilə sonuclanır.

Elə buradaca söyləyim ki, bu əsərlə yaxından və mahiyyəti ilə tanış olmadan onun haqqında adekvat təsəvvürlər ortaya qoyub, Adil Cəmilin nə dərəcədə özəl və orijinal bir əsər yaratdığından bəhs etmək olmaz. Dastan-poemanı "həzm etdikcə" gözümüz qarşısında Adil Cəmilin timsalında müasir manasçı obrazı ortaya çıxır.

Adil Cəmil təkcə dastan-poema yaratmayıb. O, "Manas" eposunu dərindən və əsaslı öyrəndikdən sonra Azərbaycan oxucusuna tarixin çeşidli dövrlərinə baş vurmaqla və epikanın bütün tələblərini qorumaqla dəyərli bir əsər ortaya çıxarmışdır.

Orijinal  improvizatorçuluq bacarığını bu dastan-poema ilə layiqincə nümayiş etdirən Adil Cəmil vacib və fərdi bir yaradıcılıq ideyasını uğurla sərgiləyib. Əsərin yeni "Manas" nümunəsi olaraq qavranılması, müəllifin onu qeyri-adi interpretasiyası kimi nəşri qırğız qardaşlarımızın tarixinə və mifologiyasına diqqətin yeni təzahürüdür. Çünki burada Adil Cəmilin "Manas" dastan-poemasında klassik epos atributikası və üslubu son dərəcə ustalıqla yaradılmışdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!