Bir hekayə və yazı metodu haqqında - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Dr. Nadir müəllim üçün

 

1

Əvvəlcə yazı metodu haqqında.

Bu barədə susmaq və yazmamaq olmur. Artıq illərdir qəzet və jurnal səhifələrində, habelə portallarda təyinatı həm son dərəcə konkret və bəlli, həm də heç bəlli olmayan yazılar gedir və bu yazıların sonu, finalı elə təəssürat oyadır ki, müəllif sanki harasa tələsir, yəni yazı bizə tısbağa yerişiylə addımlayan bir nəsnəni xatırladır, bəli, elə indi bu dəqiqə son nəfəs dərilib veriləcək və müəllif nəhayət öz arzusuna çatmış olacaq. Bir az da keçir, bizə belə gəlir ki, nə belə bir yazı oxuduq, nə həmin "tısbağa dinamikası"nı seyr etdik. Olmayıb belə şey. Çünki olmayan şeylərdən konkret nəsnələr kimi bəhs etmək, ümumi axında xüsusi isim kimi seçilib-fərqlənmək inadı gəlib daşa dirənir və həmin arzu və təşnəlik o qədər sərt və nüfuzedici olur ki, daş belə qəlbinin başından çatlayır. Bu tipli yazıları daha çox alimlər yazır, yaxud yüksək elmi vəzifə tutmaq istəyən, bu "qorxulu" arzuyla yaşayan insanlar... Yazının mərkəzinə hörülən bu arzu-niyyət hardan baxsan görünür, həm də necə deyək "örtülü vəziyyətdə", yəni bu yazıları biz müəyyən qeyd-şərtlə "yaşmaqlı yazılar" da adlandıra bilərik. Bu halda hansısa yazı metodundan danışmaq yersizdir və biz də bəhs etmirik.

İkinci tip yazılar deyək ki, klassik ədəbiyyata həsr edilən yazılardır, oxuyursan, sən özün şahid olursan ki, müəllif klassik poeziya haqqında çox şeylər bilir, bütün poetik fiqurları tanıyır və bu barədə bəlkə saatlarla danışa bilər, ancaq yazdığı yazıda bütün bu keyfiyyətlər zərrə qədər də olsun bilinmir, yəni normal, uyar, yaxud münasib yazı metodu olmadığından müəllif ən bəsit təfəkkürlü alimlərin getdiyi yolu eyni ilə təkrarlayıb. Yaxud deyək ki, Məhəmməd Füzuli yaradıcılığı, onun divanı və poetikası haqqında o qədər qaranlıq mətləbləri bir araya gətirib ki, sonradan Füzulini bu işıqlar içində nə qədər axtarsan da tapa bilmirsən. Füzulinin qəzəlləri əcayib-qərayib bənzətmələr, ona çox az dəxli olan izmlər içində itib-batıb, bircə SOS siqnalı çatmır. Başqa bir cəhət də var: bir də görürsən ki, ömrü boyu Nizamidən yazan bir tədqiqatçı Nizamini heç bilmirmiş. İnsan intervü verir, suallara o qədər çaş-baş cavablar verir ki, kiçik bir mətndə ədəbiyyatın bütün anlayışları bir-birinə qarışır. Məsələ aydındır: həm filoloji savad kasaddır, həm də yazı metodu heç nəyə yaramayan bir şeydir. Bu metodla nə danışsan, nə yazsan yüz faiz onun tərsi, özü də ən acınacaqlı şəkli, rəsmi alınacaqdır və sən bu rəsmi utandığından dünyanın heç bir divarından asa bilməyəcəksən. Yaxud bu "tədqiqatçı" elə bir söz işlədir ki, vaxt itirmədən gedib hardasa gizlənmək istəyirsən: "Nizaminin şöhrəti bütün dünyaya virus kimi yayılıb...".

Nizami Gəncəvi haqqında yazılanlar niyə ən azından filoloji baxımdan kasad görünür? Bu barədə düşündükcə ipin ucu çox sürətlə gözdən itir, görünməz olur. Və nə yazırıqsa ümumi səciyyə çərçivəsindən kənara çıxmır, kimin yazmasından və yazan alimlərin istedad səviyyəsindən, həm də yazı vərdişindən asılı olmayaraq. Bu məsələ haqqında düşündükcə ümumən lap elə müasir ədəbi prosesdəki bir sıra qarmaqarışıq və düyünlü nəsnələr də boy göstərməyə başlayır. Nizami deyək ki, özünəqədərki qədim dünyanın çox sirrindən agah idi, mənbələr oxumuşdu, hər halda o dövrdə insanların, xüsusən Nizami kimi böyük ədəbiyyat adamının bu məlumatlara vaqif olması indikindən çox fərqli bir şey idi. Üstəlik, şairin bu dərəcədə öyrəndiyi, mənimsədiyi informasiya onun mətnlərində mükəmməl şəkildə "əriyir", orijinal həllini tapırdı. İndi Nizamidən yazan filoloqlar bu sirdən vaz keçirlər, onunla davrana bilmirlər, bütün hər şeyi Nizamidən üzü bəri dünyaya məlum olan-olmayan nəsnələr əsasında həll və izah etməyə çalışırlar. Nəticədə nə alınır? Nizami Gəncəvi bir şair kimi, bir mütəfəkkir və şeyx kimi tədqiqatdan kənarda qalır, özü də bütünlüklə! Demək, baxış bucağı düzgün deyil və ən azından lazım olan nöqtəyə tuşlanmayıb. Bunu eynilə Nəsimi, Füzuli və sair klassiklərin öyrənilməsinə də aid etmək olar.

 

2

 

Necə yazmaq məsələsi...

Müasir ədəbi mətnlər haqqında yazılar yuxarıda sadalanan qüsurlar kontekstində daha dəhşətli görünür. "Dəhşətli", yəni ixtiyari dəyərləndirmələr, bədii mətnin heç bir estetik kriteriyasına əsaslanmayan, sadəcə müəllifdən bəhs edən yazılar, hətta bədii mətnə bu halda dəfə-dəfə istinad edilsə də söhbət müəllif çərçivəsindən bir qarış da olsa uzaqlaşmır, orda qalır və nəfəs verib alınca canını tapşırır. Yəni məlum yazılarda nə konkret bədii mətnin qurulma texnikasından, nə də ideyasından münasib şəkildə bəhs edilir. Bu niyə belədir? Hər şeydən öncə illər boyu formalaşan və filoloqların qələminə "oturan" heç nəyə yaramayan yazı metodu sayəsində. Bu tipli məqalələrdə bədii mətnin oxunması nəticəsində aşkarlanma ehtimalı olan heç bir informasiya üzə çıxmır, izah və təhlillər içində boğulub qalır. Bu tipli yazılara, xüsusən qəzetlərin ardıcıl olaraq bir neçə səhifəsini zəbt edən yazıları izlədikcə aydın olur ki, ədəbi proses az qala başqa bir prosesin ardınca sürünür, ehtimallar, nəzəri postulatlar, filoloji dəyərləndirmələr irəli sürmür, tam əksinə hansısa naməlum ideoloji xəttin dalınca qaçaraq çapır, bu nəfəs aralığında səliqəli şəkildə nələrisə izah edir, məqalə bitmir, uzanır və bu... heyif, artıq dünyasını dəyişmiş adamın xatirələrdə yaşaması təəssüratını oyadır. Hər şey tam əksinə olmalıykən qızıldan qiymətli beyinlər öz enerjisini nələrinsə dalınca qoşmaqda görürlər. Bunun, şübhəsiz ki, dəqiq səbəbləri var, ancaq indi bu səbəbləri də araşdırmaq heç nədir, heç nəyə yaramayan təəssüratı oyadır. Müasir, modern bədii mətnlərin təhlili iki qütblə xarakterizə olunur: əsərin ideyasından bəhs etmək, onu bu günə bağlamaq və yazı texnikasını araşdırmaq və həm də yarımçıq şəkildə. Bütün bu izah və təhlillər ümumi mədəni kodlar, işarələr, min illər boyu gəlişən mədəni sferanın incəlikləri ilə heç bir yerdə və heç bir təsadüfdə qovuşmur, bütün hallarda, hətta bütün gücünü toplayaraq ondan yan keçməyə çalışır və iddia olunur ki, bizim romanlar dünya ədəbiyyatı nümunələrindən heç də aşağı səviyyədə deyildir, sadəcə... Deyilən arqument və səbəblər hamı bilir ki, boşdur və məsələ onlarla bağlı deyildir. Roman Azərbaycan romanı olmaq yolunda təntiyir və bunun da əsas səbəblərindən biri bizim bədii mətnlərin mədəniyyətimizin verdiyi siqnal və işarələrdən bəhrələnməməsidir. Əlbəttə, Qərb romanı, Qərb nəsri çərçvəsində, onun texniki bazasında yazılan mətnlər də var, ancaq bunlar sözün həqiqi mənasında Azərbaycan nəsridirmi sualına tərəddüdsüz cavab vermək mümkün deyildir. İllər boyu, zənnimizcə, bizim ədəbi prosesdə nəsə olub (Azərbaycan ədəbiyyatında nə baş verir?..) və lazım olmayan tərəfə getdiyimiz yolu düz yol hesab etməkdə israrlıyıq. Bəli, nəsə olub...

 

3

"Səfər müəllimə nəsə olub..." gənc Nadir Yalçının hekayəsinin adıdır və əslində bu yazıda ondan bəhs edəcəkdik. İndi gəldik mətləbin üstünə. Deyingənlik bitdi. Nadirin hekayəsindən danışaq. Nadir Yalçın gəncdir, onun yaradıcılığı şübhəsiz ki, bir elə geniş və həcmli deyildir, ancaq bu mətnlərdən hökmən bəhs etmək lazımdır. Niyəsi odur ki, bizim ədəbi prosesdə uzun illərdir gənclər sanki meydandan, Azərbaycan ədəbiyyatının səhnəsindən kənarda qalıblar. Onlardan yox, artıq imzalarını dəfələrlə (-!) təsdiq etmiş, öz aləmlərində dünyaya çıxmış müəlliflərdən yazırlar və bu heç də yaxşı deyildir. "Azərbaycan ədəbiyyatının səhnəsi" ifadəsini təsadüfi işlətmədik, zənnimizcə, burda hər kəsə yer kifayət qədərdir, burda sən yox, necə deyək, səhnənin özü "oynayır", çünki məlumdur ki, teatr səhnəsi fırlanmadıqda tamaşaya kimsə inanmır, səhnədəki o satatiklik tamaşaçının şüurunda dinamika yarada bilməz. Gənc, yaxud ahıl yaşında dünyadan köçmüş qələm sahibləri də o səhnədədir və onların mətnləri günü bu gün də yeni-yeni informasiyaları qəbul edir, hər gün, hər saat dəyişir və biz... bunu görsək də ondan yazmağı unuduruq. Yəni darıxmağa, o səhnədə özünə daha çox yer seçməyə heç bir lüzum yoxdur. Düzələcək...

Nadirin hekayəsi də elə "tamaşa" sözü ilə başlayır.

- Hansı tamaşa məsləhətlidi?

Kassir eynəyini burnunun ucuna sürüşdürüb qarşısındakı irigövdəli kişini aşağıdan yuxarı istehza ilə süzdü:

- Necə tamaşa olsun, yoldaş Stanislavski, ağlamalı, ya gülməli?

Kassirin bu cür müraciəti onu çaşdırsa da, mağmınlığını ört-basdır eləməkdən ötrü səsini bir az da qalınlaşdırdı:

- Stanislavskinin məsələyə dəxli yoxdu.

- Tutaq ki, elə söz deməmişəm, hər halda söyüş deyil, üstündən keçin, sualımın ikinci hissəsi barədə düşünün.

Burada, hekayənin süjetinin dinamikasını yaradan bir neçə ifadə diqqəti çəkir: 1) təpəgöz arxetipi və "ansambl yaratmaq" istəyir, şübhəsiz ki, Əzizin bu arzusu sadəcə sözdü, yəni hekayənin süjetinin qurulması yönündə təhkiyə mərkəzinə (çevrəsinə) cəzb edilən ən müxtəlif hadisə fraqmentlərini yoxlamaq cəhdidir. Təhkiyə çevrəsini maqnit kimi təsəvvür edin, ixtiyari hadisə, onun hansısa qırıntısı dərhal bu mərkəzə çəkilir, bir-birinə ancaq assosiativ şəkildə aid olan hadisələr kollaj yaradır. Kassirin Əzizdən əvvəlki müştərinin verdiyi suallardan çıxış edərək danışdığı qəziyyələr (qayınanası ilə bağlı), Əzizin bu gülməli əhvalatlarla bağlı birdən südçü kişini yadına salması (deyir, Əzizin yadına məhlələrindəki südçü kişi düşdü. Südçü kişi "Satdığın süd çürüdü" deyib üstünə şığıyan qadınları görəndə necə rəng alıb rəng verirdisə, kassir də həmin hala düşmüşdü.) Həm də, kassir elə danışırdı ki, sanki bütün tamaşaları önun özü idarə edirdi... Hekayənin elə başlanğıcında bir "çəkisizlik" şəraiti diqqəti çəkir, bu qarmaqarışıq və son dərəcə gülməli (gülüşün az qala bitdiyi yerdə məzəli əhvalatın nüvəsinə qayıtmaq ehtiyacı...) əhvalatlar bəlli səbəblərdən həm də əsəbi şərait yaradır, burda məhz çəkisizlik olduğuna görə hamı çaşır, hamı əsəbləşir (Əşşi, camaatın anketini doldurmuram ki...). Hətta arada hekayə müəllifi də çaşır, Əziz əvəzinə Əvəz yazır... Bəzi (bəlkə daha çox...) nəsr mətnlərində elə xarakterik təbiət təsviri yer alır ki, olduğu, işləndiyi məqamdan hekayənin bütün dinamikasını idarə edir, ayrı-ayrı məqamlarda üzə çıxmaq istəsə də sadəcə nəfəs aldığını bildirir və ümumən süjet poetikasında onun qurulması və kompozisiyadakı tamlığı təmin edən elementlərdən birinə çevrilir. Məsələn, L.Tolstoyun "Sergi ata"sında belə bir məqam var: "Yaxınlıqda bülbül cəh-cəh vurdu, cavan yarpaqlar qəfil mehdən titrəşdilər...". Povestin narahat, axar-baxarlı və şübhəsiz ki, insan ruhuyla bağlı iztirablı keçidləri ilə bu təsvirin nə əlaqəsi ola bilər? Yaxud Nadirin hekayəsində "Çağırılmamış qonaq kimi özünü yayın bağlı qapısından içəri soxuşduran payız soyuğu onun əllərini qaxaca döndərmişdi..." təsvir məqamının hekayənin süjet-kompozisiya bütövlüyünü şərtləndirmək anlamında nə kimi funksiyası ola bilər? Hekayəni oxuduqca, xüsusən bir-birini nəfəs dərmədən izləyən ilk baxışdan qarmaqarışıq əhvalatların süjetə çevrilməsi dinamikasını izlədikcə hər şeyin, hər bir hadisənin alt qatında bir qarışıqlığın, bəlkə də həyatın zorən, insanın özündən asılı olmayaraq düzgün yaşanmaması duyğusu... dünyanı, gerçəkliyi tərs mövqedən şərh etmək lüzumu yaradır. Səfər müəllimə nəsə olub. Bu "nəsə" xırda bir şey deyil, bütün yaşanmış ömrün axıb getməməsi, bəlkə də bir çayın suları kimi daşlara ilişib qalması insan ruhunda geriyə - keçmişə (özü də heç yaşamadığın ömrün keçmişinə) qayıtmaq, ora baş vurmaq dəliliyi yaradır və bu dəhşətdir. Hekayənin əvvəlindəki gülüş doğuran səhnəcik (həm də təpəgöz arxetipi), süjet boyunca  heç dəxli olmayan nəsnələrin üzə çıxmasına şərait yaradır və burda məsələdən hali olmayan qəhrəman (Səfər müəllimə nə olduğunu bilmək üçün Əzizin, elə sinif şagirdlərinin də onu bərəlmiş gözlə görmək, ona tamaşa etmək istəməsi...) gerçəklikdə dəyişən qütblər arasında sıxılır, məsələni anlayınca iztirab çəkir. Süjet xəttindən Mirzə Cəlilin təhkiyəsinə keçid aydın şəkildə olmasa da, hər halda hiss edilir və hekayə bu xətt üzərində özü-özünü danışdırır. Mirzə Cəlildə: ...Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi naçalnik...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!