Pəncərə – fantaziya - Rüstəm KAMAL

("Yusif Səmədoğlunun mifoloji poetikasına giriş"dən)

Rüstəm KAMAL

 

Xeyli vaxtın söhbətidir.

Frankfurtda Hötenin muzeyində gəzib dolaşırdıq (görkəmli Azərbaycan filosofları Rəhman Bədəlov və Niyazi Mehdi də orda idilər. Niyazi müəllim xatırlayar yəqin...). Bələdçi birinci mərtəbədə pəncərəni göstərib dedi ki, Hötenin anası orda oturub saatlarla küçəyə baxırdı...

Pəncərə "başqa" dünyanın mistik mövcudluğudur. Pəncərənin metaforik -mistik mənası demək olar ki,  bütün poetik sistemlərdə, bir çox dillərin metafizik mahiyyətində əksini tapıb. Amerika filosofu - transdentalisti H.Toronun gündəliyində (təsadüfən rastıma çıxdı!) bu cümlələrə diqqət yetirək: "Mən meşədə bir təmizlənmiş yerə gəlib çıxmışdım, orda qarın içində yalnız körpə otlar və quru yarpaqlar görünürdü, amma təəssürat elə idi ki, sanki açıq pəncərəyə yaxınlaşmışam. Ətrafa boylanıram və baxıram". (Toro H.Gündəliklər Toro H.Ali qanunlar. s.364, rus dilində).

XX yüzilin məşhur rus mistiki, filosofu Pavel Florenski uşaqlıq xatirələrində pəncərə obrazından mistik detal kimi bəhs edir: "Adı və sadə görünən bir nəsnə (...)  belə çox vaxt mənim diqqətimi cəlb edirdi. Və birdən məlum olurdu ki, bu - boşuna deyil. Həmin sadə və adi hadisə nəyisə xatırladır və bu dünyanın fövqündə duran, ya da daha dəqiqi, ondan dərin olan özgə, neumenal bir şey görünür. Güman edirəm ki, bu, həmin duyğu və qavrayışdır ki, fetiş yaranır: adi daş, kirəmit, kötük özünü heç də adi şeylər kimi göstərmir və başqa dünyaya pəncərə olurlar. Uşaqlıqda bu hallar dəfələrlə başıma gəlib..." (Florenski P.A. "Uşaqlarıma. Keçən günlərin xatirələri". s.671, rus dilində)

Bu xatirə mətni əslində onun özünütəhlil, özünüdərketmə "seansıdır", öz içinə səyahətdir.

Əlbəttə, mən indi bu iki sitatı müqayisə etmək fikrindən uzağam. Sadəcə Y.Səmədoğlu poetikasına keçid kimi yazıram. Və aşağıdakı qeydlər Yusif Səmədoğlu qəhrəmanlarının davranış semiotikası haqqında deyil, ruhların "hərəkət təcrübəsi" haqqındadır, yəni onların məkan-istiqamət (genişlik, uzaqlıq, yuxarı-aşağı, dərinlik, yüksəklik və s.) yaşantısını anlamaq imkanıdır.

Pəncərə Yusif Səmədoğlunun mifoloji-mistik dünyasının əsas işarələrindən biridir. "Qətl günü" romanının qəhrəmanları "başqa dünya"nın sakinləri ilə münasibətləri həm də pəncərə vasitəsilə qururlar. Onlar pəncərədən yalnız qaraltı görürlər.

"Qaraltı" - kölgələrin, naməlum varlıqların atributudur. Kölgələr isə ruhlar, yuxular səltənətinin təzahürüdür.

Romanda pəncərə real obrazları mifik obrazlara - "qaraltılara" (Tatar Temir, doxtur Mahmud, Zülfüqar, Sarıca oğlu Məhəmməd...) çevirir. Bu qaraltıları nə səsdən, nə üzdən tanımaq olmur:

"...darvaza bərk-bərk döyüldü və eşikdən bir yeniyetmə səsi eşidildi:

- Mahmud doxtur, ay Mahmud doxtur!

Mahmud uşağın səsini tanıdı: Moşunun, Zülfüqar kişinin nəvəsinin səsi idi. Cəld pəncərəyə yanaşıb bir tayını açdı, başını eşiyə çıxartdı.

- Ayə Moşu, sənsənmi?

Pəncərəyə doğru bir qaraltı gəldi"

Salatın həkimin gəlişini pəncərədən görür: "Şükür gəldilər! - deyib Salatın az qala üzünü pəncərə şüşəsinə yapışdırdı, eşikdəki nəmişlik şüşəni bumbuz eyləmişdi. Diqqətlə eşiyə baxdı, Moşunun, Mahmudun, bir də tatar Temirin qaraltısını gördü - üçü də həyətdəki tut ağacının altında dayanıb, deyən söhbət edirdilər".

Zülfüqar kişi yataq xəstəsidir. 21-ci ildə beşaçılanla öldürdüyü Peykanlı uryadniki Sarıca oğlu Məhəmmədin ruhu kabus kimi onu izləyir:

"Zülfüqar kişinin yatdığı otağın ensiz pəncərəsi arxasından gələn səs ona həm tanışdı, həm də yaddı. Kimdi bu görən, a başına dönüm? Kişi tab eləmədi, çarpayıdan enib çəkələklərini geyindi, ağ tuman - köynəkdə yavaş-yavaş pəncərəyə yanaşıb eşiyə baxdı. Aşağıda tut ağacının altında bir qaraltı gördü, amma bu qaraltının kim olduğunu ayırd edə bilmədi. Düzdür, qübbənin ortasındakı ay lap günəş kimi yanırdı, göyün üzündə isə bir dənə də bulud yoxdu, amma qaraltının sifəti görünmürdü. (...) tələsik pəncərəni taybatay açıb başını eşiyə uzatdı və özü öz səsindəki ötkəmliyə təəccüb edib, qaraltıdan soruşdu:

- Kimsən, bala?

- Mənəm, Zülfüqar, Sarıcaoğlu Məhəmmədəm"

Bəlkə də bu bir mistik təsadüf idi ki, Yusif Səmədoğlunun sevimli optik əşyaları (eynək, fotoaparat) əslində pəncərənin simvolik əvəzedicisi idi. Pəncərə şüşəsi kimi, eynək də, fotoaparat da sanki baxış bucağını dəyişdirir.

Eynək şüşəsindən, fotoaparat obyektivindən  görünən predmetlər, insanlar öncə "qaraltı" kimi lentə hopur. Fotolyonkaya öncə obrazların "neqativi" - qaraltısı, kölgəsi düşür.

Kölgə fotoçapın, yaxud insanın fotosurətidir. Kölgə heç zaman aid olduğu varlıqla üst-üstə düşmür. Kölgə insanın vücudu ilə birləşəndə, insanın özündən seçilməyəndə ölüm özünü yetirir. Kölgə, fotoneqatif, qaraltı ölüm çevrəsinin obrazlarıdır.

Mənə elə gəlirdi ki, o, eynəyi ilə, fotoaparatı ilə bizi, yəni "bu dünya"nın adamlarını, ruhlar kimi görüb qavrayır.

...Yusif Səmədoğlu xəstəxanada yatırdı. Sağalacağına ümid yox idi. Xəstəxana pəncərəsinin "o tərəfi" isə ölüm məkanı, ruhlar, əbədi yuxular səltənəti idi.

Axırıncı dəfə pəncərə şüşəsində bir qaraltı göründü, soruşdu:

- Kimsən?

- ...

Və qaraltı uzaqlaşdı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!