İndi həyatım
sənin çantanın içi kimidir,
yəni hamı var.
Amma heç kimi tapmıram.
Bir az müdrik yaşın gəldiyi qənaətlərdir. Eşqin, ehtirasın bədəndən sovrulub qara yellərə qoşulub gedən çağların duyğularıdır. "Hamı var, amma heç kimi tapmıram". Yəni suyu sovrulmuş dəyirmanam. Su şırıltıyla nova tökülür, çağçağ işləyir, dən kisələri ilğım kimi sıralanır, amma qoca dəyirmançı nə üyüdülən unu çuvala yığır, nə də şahad gözə dəyir.
Oturuşmuş söz, fikir böyüklərinin buna oxşar duyğuları, bədii yanaşmaları var:
Heç nə gözə dəymir, gözə görünmür,
Gözə görünən də təzə görünmür.
Məmməd Araz
Yaxud
Hamı günahkardı dünyada, amma,
dünyada heç kəsin günahı yoxdu...
Ramiz Rövşən
Söz ucalığındadır Ulucay Akif. Tanrını bu mərtəbədə görüb onu, özünü bu məqama çatdırıb. Doğrusunu tək olan bilir. Ancaq mənim ağlımın kəsdiyi budur ki, hər halda Ulu Yaradanın Ulucaya verdiyi ən uca məqamdır. Bu, Tanrı töhfəsidir. Ulucaya qalan odur ki, bu ilahi bəxşişi dəyərləndirə bilsin. Pirim deyə onun ətəyindən yapışsın. Onun saflığını qoruya bilsin. Öz "incisini" qoyub, saxta "sədəqələr" arxasınca qaçmasın. Canıyla, qanıyla anlasın ki:
Bircə biz bilirik
Günəşin tək səmada yox,
həm də ürəyimizdə olduğunu...
Əlahəzrət əcəl gəlib canını alan anadək bu həqiqəti başı üstündə yaşada bilsə, öz insan böyüklüyünə qovuşa biləcək. Əlindəki qələm Ulu Günəşin içərini isidən işığından nur əməcək. Ona heç bir tənqidçi himayədarlığı, Akif Səməd kölgəsi lazım olmayacaq. Özü olacaq yerdə nur parçası. Yox, bu işığı daşımağa gücü çatmasa, onda ölün dura-dura, dirini ağlayacaqsan. Ulucayın damarlarında çağlayan qan yaddaşın dərin qatlarından gəldiyi üçün ruhu Tanrı ucalığından su içdiyi üçün bu doğmalıqlara yadlaşa bilməz. Özü bilsə də, bilməsə də kürək söykədiyi bədii obrazları, üz tutduğu mövzu qaynaqları elə qələmin ata doğmalığından, obraz oxşarlığından süzülüb gəlir. Sadəcə bədii ifadənin müasirliyi - daha dəqiq desək, - şeirdəki ruhun sərbəstliyi izi yayındırır. Alma budağından gen düşmür axı!
Akif Səməd yazırdı ki, "Nə qədər - Bənövşə, nə qədər Akif, nə qədər sevən var görən dünyada...". Ulucay Akifsə rahat şəkildə fikrini belə izah eləyir:
...güllərin adlarını da bilməmişəm,
amma çox sevmişəm qoxularını
fərqi nə - adı Bənövşədi, Nərgiz, ya Lalə...
Atalarda sevgi fərqliydi - bir Bənövşə, bir Akifiydisə, övladlarda, cavanlarda ümumiləşir bu sevgi. Bənövşənin, Nərgizin, Lalənin qoxuları sevilir. Bu dialektikanın inkişafıdımı, ya tənəzzülü - deyə bilmərəm. Bir həqiqət başımız üstündən qımışır ki, vaxtımız keçib, zamanımız ötüb. Bunu deyə-deyə ağlımdan keçən budur ki, həqiqi sözün zamanə əbədiyyətdir. Fikrin davamı kimi söykəndiyim tutalqaca baxın:
qərar verə bilməmişəm heç vaxt
əsmərlər daha gözəldi, sarışınlar, ya kürənlər?
çox axtarmışam sevgimi ağ bənizdə, qara bənizdə...
Bizim dövrün ən modernisti belə yaza bilərdimi? Bir az inanmıram, çünki oxumamışam. Sandıqlarda gizlənirsə, demək üzə çıxmağa cəsarəti yoxdur... Ruhun azadlığı, düşüncənin sərbəstliyidir bu cür yazdıran. Daha doğrusu, bu cür yazmağı ona diktə eləyən...
...dua etmişəm İstanbulda məsciddə,
Tiflisdə bir kilsədə,
Piterdə sinaqoqda...
Budur istedadlı söz adamının həyata baxışı; bütün inanc və ritualları duya bilmək bacarığı...
Demək, bu ümumiləşmə dünyagörüşün coğrafi genişliyindən süzülüb gəlir. Əslində, düzgün və əhatəli baxışdı... Məscid də, kilsə də, sinaqoq da Allahın bir olan evidir. Bəşər övladının bölünmüş inancıdır - əgər inanc kimi qəbul eləyirsə... Sadəcə, bu adlanma fərqliliyi bir olan bəşər mənəviyyatının aşınmasına yol açır. Nə yaxşı ki, cavanlarımız belə ağıllıdır, bu genişlikdə baxa bilir, fikirlərini bu yöndə ümumiləşdirir.
Ulucay dərk eləyir ki:
hər bir tətiyin ucundasa
boylanır üzünə həyat.
sən əyrilərdən qaçdıqca
gülər hər düzünə həyat!
Hansısa aqilin sözüdür - yaranış başdan, binadan əyri gedir, dəyərləri hamısı maddi yöndədir, mənəvi dəyərlərə söykənmir. Dəyər ölçüsü pul götürülüb, mənəviyyat yox. Meyarlar himdən yanlış istiqamətə köklənib. "Düz düzdə qalıb". Nə usta deyilib.
Sən əyrilərdən qaçdıqca
gülər hər düzünə həyat!
Bu həyatdımı bilmirəm, yoxsa bizdəki reallıqdı? Bununla razılaşmaqdan başqa yolumuz qalmır. Qalan bu sətirlərə biyyət eləməyimizdir.
Ulucay həyata, yaşadığı zamana ayıq baxır, bizim indilərdə gəldiyimiz, başımız dəyə-dəyə öyrəndiyimiz həyat həqiqətləri onun cavan və isti beynində çox aydın qənaətini tapır.
...Deyəsən, orucsan, yemə, dilin dəymir - bircə sözə... Həyatın göstərdiyi görəclər adamı ayaq üstə qurudur. Bu möhtəşəm divar önündə bircə söz deməyə dilin gəlmir. Çünki tarixə yol aldığın üç min il öncə də beləydi, indi də.
Bir tarix kitabı vərəqlədim
üç min il yol getdim bir anda.
Beş-on ad qaldı yadımda
hamısı kral, imperator, padşah və sultan!
Daha nə danışan bu qarışıq zaman önündə. Hamısını da qarışdıran insandı. Onda da, indi də ölən, şəhid olan, ordular basan sərkərdə, qanını torpağa axıdan igid, ərən yox olub gedir, orduları, sərbazları baş-başa gətirdən, qırmızı qanlarını qara torpağa axıtdıran kral, imperator, padşah, sultan tarixin daş yaddaşında özünə əbədilik qazanır. Di gəl bununla barış, sonra da onların şərəfinə şeir yaz, mahnı bəstələ, vəsf elə... Budurmu tarixin ədaləti? Ancaq milyonlarla ölən adamın, döyüşçünün nə adı bilindi, nə yaşı, nə yaşamı... Bütün bunları Ulucay Akif ustalıqla görür, təkcə görmür, eyni zamanda göstərə bilir, ayıq oxucunu düşündürə bilir. Düşündürüb üşündürməyi bacarır. Üşünməyənin, əti ürpəşməyənin başını burax! Top atılsa da o yanmayacaq! Müəllif:
Bu çirkli oyunların
qanlı döyüşlərin
saxtakar siyasətçilərin
yalan vədlərin arasında
bilmirəm, bilmirəm -
bu ömrün harasında
fürsət tapdım səni sevməyə?..
- deyəndə hisslərin səmimiyyətinə inanırsan. Onda da, üç min il əvvəl də beləydi, indi də... Bütün bu sadalananların başında sevgi dayanır, insanın nicat yolu sevgidir.
Bəla burasındadır ki, həmin çiçəkli oyunlar, saxtakar siyasətçilər, yalan vədlər onda da - üç min il əvvəl də, indi də cəmiyyətin ana xəttini yönəldir, mənəviyyat aclarını "siyasi gedişlər"lə doyuzdurur. Və bundan sonra başlayır "əyri beldən" "donqar uşaqlar" törəməyə. Gəl indi düzəlt bəndənin əliylə əyilmişləri, Tanrı işığına çəp baxanları. Ondan sonra başlayır "talpa düşüncəsi"nə könül verməyimiz. Onun qanlı çevrəsinə qul kəsilməyimiz. Sonra gəl əyri belləri düzəlt, çəp baxışları qaydasına sal. Görürsənmi, nə qədər görüləsi işlərin var, gənc şair. Əyrini göstərmək azdı. Onun düzəlməsi yükü var qarşıda. Qolunu çırmayıb o yükün altına gürməlisən. Onu eləməsən deyə bilməzsən ki:
tarlada işləyən oğluna
təndir çörəyi aparan nənədən
başlayır Vətən!
Gərək bunu deməyə haqqın ola. Millətin bütün zümrəsi sənindir, Ulucay Akif! "Çirkli oyun oynayanları" da, yalan vədlər verənləri də, vətən genişliyini su kimi canına çəkənləri də...
Sənin ifadənlə desək:
Vətənin himnidir
anasının yanınca qaçışan
uşaqların gülüşü.
Ancaq, qardaşoğlu, "Vətənin himni olan" bu gülüş sona qədər yol yoldaşı ola bilmir "anasının yanınca qaçışan uşaqlara". Bəzən barıt qoxusuna bələnir, mərmi səsi yarıda qırır dediyin gülüşü. Çox vaxt ustad Nazim Hikmət demiş, - bu dünyanı uşaqlara verə bilmirik. Rəhmətlik verməyi arzulasa da... çünki biz beləyik, çünki Vətənin dərdini, ağrısını veririk "zəhmətkeş adamlara". Qorxuruq qədirbilən əlində çiçəkləyər Vətən torpağı. Sən demiş:
Zəhmətkeş adamlardır
bu ölkənin sərhədini
qoruyan, gizlədən...
Çox hörmətli Ulucay Akif! Sənin çıxdığın ocağa yaxşı bələdəm. Hansı bulaqdan axıb gəldiyin mənə gün kimi aydındı. Təbii ki, rəhmətlik atanın da, mənim də şeirə öz baxışımız, sözdən öz umacağımız var. Bu dediklərin, demədiklərin az, çox dərəcədə bizim yazılarımızda da var. Ancaq sənin şeirlərin mənim bu yaşda ədəbiyyata, sözə baxışımı dəyişəcək qədər təsirə malikdir. Ona görə ki, mən elə indinin indisində sənətin, sözün rolunu xalqa xidmətdə görürəm. Həqiqəti bayraq kimi cəsarətlə başının üstünə qaldıra bilən yazı adamı gözümün işığıdır.
Əgər bəşər övladını anlamaq ehtiyacı varsa, ora bu misralar başda yazılmalıdır. Və mənə çox xoşdur ki, bir doğma nəfəsdən eşidirəm bu pıçıltıları...
Hə, Batrice,
indi mən də ölməkdən yox,
yaşamaqdan qorxuram
yaşamaqdan...
...Yaşamaq da çətin olur -
qana-qana, duya-duya...
Müəllifi yadımdan çıxıb. Hərdən başımda dolanan misralardı. Təxminən eyni vəziyyəti izhar eləyir. Məlum olduğu kimi yaradıcılıqda əsas olan - nəyi demək yox, necə deməkdir. Belə fikir söylənilir ki, hər şey deyilib. Onu təzə qəlibə salmaq, yeni formada çatdırmaqdı əsas olan! Ulucay Akifin şeirlərinin öz qəlibi, öz intonasiyası var. Demək olar ki, əksər yaxşı yazarlardan fərqlənir - özünəməxsusluğu ilə... cəsarətilə... Təkcə yazılarıyla yox, xarakteri ilə də inkar eləməyi bacarır. Kənar müşahidələrimə görə baxıram ki, çox ağsaqqal qələm sahibləri ondan inciyir. Cavanlıqda inkarı olmayan şairin oturuşanda təsdiq eləməyə bir şeyi qalmır. Bu ovqatı özündə təcəlla eləyən şair dostum Musa Ələkbərlinin misraları yada düşür.
Bir də ki, duyğusuz bir cavanlığın -
bəxtinə deyingən qocalıq düşər...
İgid cavanlıqda dəli-dolu olar, qocalıqda müdrik. Uzaq tarix deyil ki, ustad Nazim Hikmətin "bütləri" dağıtmaqla məşğuluq kəlamı. Müdrik çağlarında indi isə bütləri dağıtmaqla məşğuluq kəlamı. Müdrik çağlarında "indi isə bütləri yığmaqla məşğuluq" deməsi - həmin ovqatın bədii ifadəsidir. Nə danaq cavanlıqda hamımız inkar eləyirik. Qələm bişdikcə, sözün atişləməz yollarını gördükcə hər şey öz yerini tapır. Ulucay Akifin adı kimi sevgi dünyası da sirli-soraqlıdır. Onun şeirlərindəki ümumiləşdirmə hər sözdə, hər sətirdə boy göstərir.
Sevmək - ruhumuzun
bədən adlı zindanda üsyanıdır.
Sətirlərin dəliqanlılığı yaşından su içib Ulucayın, müdrikliyi - ruhunun coğrafi sərhədlərindən. O coğrafi sərhədləri təkcə dünya genişliyinə uzanmır, yerin, göyün, ərşin-fərşin dərinliyinə yol alır. Ulucay çox rahatca, həm də ərklə deyir ki:
tanrım, o qıza görə inandım sənə,
o qız üçün gəldim hüzuruna...
Bu yaşda Tanrını tanımaq, sözün üfüqlərini görə bilmək qabiliyyəti Ulucayın uduşudur. Bu axtarış "Gizlən Qaç" kitabında toplanan şeirlərin hamısında az, ya çox dərəcədə sezilir. Ən əsası da qazaxlılardan fərqli olaraq müasir şeir axtarışında bütün varlığıyla bulunmasıdır. İstər gözünün biri açıq olsun, istərsə də ikisi... elə fərq eləmir. Ən əsası görən göz, bu sözləri deyə bilən ürək olsun:
sevmək ayrılıqla
yaşamaq ölümlə
gizlənpaç
oynamaq imiş...
Dərin sayqılarla Avdı Qoşqar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!