Səyyad Aran - 70: Özü öz yanında olan adam - Xalq yazıçısı Mövlud Süleymanlı yazır

 

Səyyad Aran mənim tanıdığım, gördüyüm dostlarımın, qələm əhlinin çox böyük əksəriyyətindən maraqlı adamdı. Bəlkə də bu müqayisə alınmadı, yəni çox zəngin, geniş insandı. Həm insan kimi, lap dərinə getsək ailə başçısı kimi və ziyalı kimi çox geniş adamdı. Çox sonsuz üfüqləri var, hiss olunur. Biz Səyyad Aranla uzun müddət dinməz-söyləməz oturmağı bacarırıq...

Səyyadla biz bu cür bir-birimizi anlaya bilirik. Əslən Batı cəmiyyətimizdəndi - yəni indiki Ermənistandan - İrəvan çuxurundan.

70-ci illərin ortalarından tanışıq. Həmişə İmişlidənəm, - dedi. Çünki İrəvanın indisini qəbul etməmişdi. Söz düşəndə sarsıldığını, gərildiyini anlayırdım. Amma keçmişlər yadındaydı, dədə-babadan qalma keçmişlər. O səmtə əli uzanıqlı idi... Hər dəfə oranı, oranın adamlarını axtarıb arayırdı - tapanda itirdiyini bulmuş kimi "o da o yurddanmış!" - sevinc içində deyərdi.

Yazılarında açıq şəkildə o həsrət yoxdu, deyirəm yəqin, orda yaşamayıb, ona görədi... Amma "Başdaşı" və "İrəvana gedən yollar" romanında qəzəb və hiss oradan gələndi. İnanıram ki, gələcək yazılarında, elə "Tacın qaytarılması" romanında bu öz əksini tapacaq, İrəvan öz yurdu kimi xatırlanacaq.

"Körpü", "Əfəl", "Qarpız", "Sandıqda qalan muştuluq" və s. hekayələrlə tanıdım Səyyadı. Həmin yazıların ab-havası indi də yadımdadır. Ona görə də biləndə ki, İrəvandandı - Aranın bu tipik mənzərələrini necə yaratdığına heyran qaldım. İnanıram ki, yeni yazmağa başladığı "Tacın qaytarılması" romanında da bu yanğı öz əksini tapacaq. Bu da o deməkdir ki, gələcəkdə, inşaallah, böyük həsrətimizə də - İrəvana da qovuşacağıq.

Səyyad hər şeyə, hər istiqamətə hazır olan adamdı. Belə tanımışam onu. Yazılarından tanımamışam bir şəxs kimi, bu şəkildə bilmişəm. Əslində mən özüm də cavan idim Səyyad Aranı tanıyanda. Onu mənimlə rəhmətlik Fərman Kərimzadə tanış eləmişdi. Dedi İrəvandandı, amma mən soruşanda dedi İmişlidənəm. Qəribə bir şey oldu, üstünü vurmadım. Çünki bizim onsuz da millət, xalq, kənd-kəsək olaraq  belə işlər başımıza çox gəlib, ona görə də saxladım sonraya. Və tez hekayələrini oxumağa başladım. Bu, təxminən 70-ci illərin ortaları olardı. Onda "Ulduz" jurnalında nəsr şöbəsində işləyirdim. Hekayələri tamam məni qane elədi. Mövzuları şəhərdən tutmuş, kəndə, kənddən tutmuş, dağlara, yaylaqlara yaxın tema idi. Bu yadımda qalıb. Çox sıcaq, isti dili vardı, əzilmiş deyildi, əzilmiş - yəni kimsədən götürülən deyildi. Adamlara yaraşan, bəzəksiz-düzəksiz, içdən gələn və yaxın üslub idi. Aran kənd həyatından çox geniş, çox dərin, həyati detallarla danışırdı,  mükəmməl idi. Sonradan çox yaxından dost olduq. Bir yerdə çox olduq. Mənə qaranlıq məqamlar açıqlandı. Əslində kökləri İrəvandandır. 48-49-cu illərdə köçürülüblər İmişliyə. İmişlini də İrəvanı sevdiyi kimi sevir. Oxuduğum hekayələrində İmişlinin mənzərələri var. İrəvan 30-40 il bundan qabaq dilindən düşmürdü. İrəvanlı olduğunu qəribə bir sevinclə ifadə edirdi. Hiss eləyirdim ki, İrəvan yurd kimi həmişə yadındadı. Başqa bir üstünlüyü - yəni mənim bəyəndiyim - yanında həmişə özüdür. Yanında olsan, səninlə çox səmimi olsa da, özünü unutmur. Özünü unudan adam deyil. O qədər orijinaldır, o qədər sol getməyi var ki, bir də baxırsan öz bildiyi yoldan getdi. Sonra görürsən ki, doğru edib vaxtında, yəni bu cür ağsaqqal adamdı. Qəribə ağsaqqallığı var. Sonradan mənə bəlli oldu ki, bu qədər çox vaxtından yazı yazmağa az vaxt ayırır. Bu nəticəyə gəldim. Özümlə müqayisədə deyirəm. Mən heç vaxt yazımı unutmamışam. Ərkim çatan çox adama demişəm ki, vaxt ayırmaq lazımdı. Vaxt ayırmaq yox, gərək yazıdan çıxmayasan. Çörək yeyəndə də, yatanda da yazmalısan. Mən, açığı deyim, elə olmuşam. Yenə də bəyəndiyim yazıçılara, can atdığım ünvanlara baxanda həmişə Səyyad Arandan yazı gözləmişəm. Səyyad Aran yuxarıdan görməyi bacaran qələm əhlidir. Addımını boş yerə atmır, dolu yerlərə qoyur. İşində də, ailə söhbətlərində də belədir. Siyasətlə də məşğuldur. Çox natiq adamdı, hərtərəflidir. Unudan deyil, münasibəti yaşadandı - indinin özündə də.

"İrəvanın yolları" romanını 2 dəfə oxumuşam. Ondan öncəki "Başdaşı" romanını da oxumuşam, qeydlər aparmışam. Çox ürəklə oxumuşam. Mənim nəticəm odur ki, Səyyad potensial gücünə,  genişliyinə, mövqeyinə yaraşası yazılar yazacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!