Çağdaş Ədəbiyyat dastanı - Tehran ƏLİŞANOĞLU

"Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri". Bakı. "Təhsil", 2021

Tehran ƏLİŞANOĞLU

 

II Qarabağ savaşı, Vətən müharibəsində Azərbaycan Ordusu dastan yazdı. Bunu dünya bildi, dünya mətbuatı bu haqda danışdı. Azərbaycan xalqının, əsgərinin hünəri, şücaəti, şöhrəti dünyaya yayıldı. Bəs bu dastanın yaranmasında, araya-bərəyə gəlməsində ədəbiyyatımızın payı nə qədərdir? Azərbaycan Yazıçılar Birliyinin hazırladığı "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabı ("Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri". Bakı. "Təhsil", 2021), mənimcə, bu suala cavab axtarışlarından doğmuşdur; bu arada ədəbiyyatımız daima ayaqda, xalqının-toplumun-Azərbaycan insanının yanında olmuşdur.

"Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" - ötən qələbə ilinin ruhundan, zəfər sevinclərindən doğulsa da, əslində, bir ilin kitabı deyildir, Qarabağdan cismən ayrı düşdüyümüz, lakin ruhən heç zaman barışmadığımız otuz ilin həsrət dastanıdır. Bəlkə də daha çox; əhatəsi, ideya xətti, nəfəsi etibarilə, deyə bilərik, kitab yüzillərin Qarabağ dastanını dilə gətirir. Qarabağın xanı Pənahəli xan xanlığın binəsini qoyandan günümüzəcən Qarabağ dastanı ədəbiyyatımıza yansımış, ədəbiyyatımızın özüdür. Bir bayatı kimi. "Külli-Qarabağın abi-həyatı. Nərmə-nazik bayatıdır,bayatı" (Kitabın bir bölümü elə bu epiqrafdan başlanır). Şikəstə kimi. "Havalansın Xanın səsi, Qarabağın şikəstəsi" (Başqa bir bölümə həmin misralar ayaq verir). Yaddaş kimi. "Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ" (Daha bir bölüm bu bayatı üstündədir). Etiraz-müqavimət dalğası kimi. "Vətən adlı doğma yurddan, püşk olarmı? Pay olarmı?.." (Kitabın bir bölməsi də bu nəfəsi daşıyır). Zəfər dastanı kimi. "Bir millətik, iki dövlət - Azərbaycan-Türkiyə!"; "Sevindirsin milləti zəfərin şad xəbəri, Ümid sənədir ancaq Azərbaycan əsgəri!" (Dastanın bütün fəsilləri bunu deyir). Qarabağın füsunkar təbiəti, qayası-dağı-daşı, aranı-meşəsi-çəməni, gur sulu çayları-bulaqları (ki, kitabdan mənzərələrini görür, səsini-hənirini eşidirik); habelə toyu-bayramı, sevinci-kədəri, ağrı-acısı... (ki, qəlbimizdə əks-səda verir) min illərdir Azərbaycan dilində danışır; bunu bəlkə də Zəfər dastanımızdan o yana dünya bilmir, ya bilmək istəmir; Azərbaycan ədəbiyyatı, musiqisi, təsviri sənəti, mədəniyyəti bunu bilir, təsbit edir, buna yəmin edir.

Kitab Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi" ideya-şüarı və Vətən müharibəsi zamanı 4 oktyabr, 9 oktyabr, 17 oktyabr, 20 oktyabr, 26 oktyabr, 8 noyabr, 20 noyabr, 25 noyabr, 1 dekabr 2020-ci il tarixli torpaqlarımızın işğaldan azad olunması münasibətilə xalqa müraciətləri, 15 yanvar və 16 mart 2021-ci il tarixlərində birbaşa Şuşa çıxışlarından sitatlarla açılır. Azərbaycan Ordusunun zəfər yürüşlərindən xəbər verən, xalqı və toplumu səfərbər edən, Vətən müharibəsinin salnaməsini yazan, qətiyyət, inam, qürur, sevinc, fəxarət dolu həmin qələbə müjdəli çıxışlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edən xalqa müraciəti, habelə Azərbaycan Yazıçılar Birliyinin "Böyük tarixi qələbəmiz münasibətilə" Azərbaycan Prezidentinə təbrik-teleqramı sanki kitaba prelüd səciyyəsi daşıyır; 44 günlük Zəfər dastanına göndəriş etməklə bu ruhu bütünlükdə ədəbiyyata da ötürür.

"Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabının ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, redaktoru və Ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Rəşad Məciddir.

"Şuşa havasının əritdiyi nisgil" adlı Ön sözündə Rəşad Məcid kitabın ideyasını Azərbaycan Prezidentinin çıxışları və 44 günlük Zəfər dastanının haləsində çözməyə, bu açıdan "Qarabağ dastanı"na baxmağa çalışır: "Oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində biz Azərbaycan rəhbərinin məğrur, müzəffər və qətiyyətli Ali Baş Komandan olduğunu bir daha gördük və buna ürəkdən, bütün varlığımızla inandıq..." Elə bir uğurla ki, oçerkdə həm otuz ilin həsrətindən lövhələr göz önünə gəlir, həm Vətən müharibəsinin sevinc-riqqət-qürur anları; həm də kitabdakı müəlliflər və müəllif yazıları təqdim olunur.

Müəlliflər sırasında Rəşad Məcid özü də var; kitabın ideyası belədir ki, Qarabağın dastanını öncə bu torpaqların özündən olan yazarlar söyləməlidirlər ("Qarabağ - doğma yurdum" bölümündə), Rəşad Məcid də bunu edir. Çox orijinal "Qorxu" və "Gecikmiş Ağoğlan bələdçiliyim" esseləri ilə; itirmək istəmədiyi xəyalındakı Ağdam və gerçəklərdə itirdiyi kəndinin, evinin xəyalatı ilə. Rəşad Məcidin imzası kitabdakı seçmə Qarabağ şeirləri sırasında da yer alır; 1979-cu ildə, hələ 15 yaşında yazdığı, Cıdır düzü ilə ilk təmasdan doğulan şeiri ilə: "Deyirəm, dünyada sevgi tapılmaz, / Övladın torpağa sevgisi kimi..."

Həmin ekzistensial yaşam - yurd sorağı, "yaddan çıxmaz Qarabağ" nisgili ilə yazılmış, demək olar ki, bütün (əslən) Qarabağlı yazarların yazılarından keçir. Xalq yazıçısı Elçinin ailəsi, atası İlyas Əfəndiyevlə birgə uşaqlıq çağlarında Həbib kişinin faytonunda Füzulidən Şuşaya dolanbadolan yollarından, 1982-ci ilin Ulu Öndər Heydər Əliyevlə birgə iki - qarlı qış və isti yay səfərləri, Molla Pənah Vaqifin məqbərəsinin açılışı və Vaqif Poeziya günlərinəcən qədim "Şuşa koloriti", "Şuşa aurası"nda da var bu yaşam ("Şuşanın dağları başı dumanlı..."); "Bu, bizim həyətimizdi, bu dağılan ev də bizim evimizdi..." deyə Aqil Abbasın misli görünməmiş erməni vandalizminin viran qoyduğu Ağdam şəhərini küçə-küçə, ocaq-ocaq oyadıb-"bərpa etdiyi", "Məhəmməd kişinin ocağı"nda çiçəkləyən Quran meyvəsi nar ağacı ilə xoş gələcəyə ismarıc yolladığı yaşamlarında da ("Evimi sökə bilərsən, torpağımı yox"). "Qubadlı mənim ata-baba yurdumdur" deyən Ramiz Rövşənin yurd ağrısını bir zamanlar açarsız qalmış qapılardan, müharibədən sonra "qapısız açarları"nacan yaşamlarından da duymaq olur ("Qapısız açarlar"), Elçin Hüseynbəylinin "alaqaranlıq bir otaqda, lampa işığı"ndan yol alıb, "bir doğulduğu İliç lampası"nın bəlirləri boyu Qarabağla və Qarabağsız dünyanı gəzib-dolanan ayları-illəri-xatirələrindən də... ("Xiffət... Lənət və sevgi. Cəbrayılı düşünərkən")

Eyni ovqatı publisist Nəsiman Yaqublunun "əsarətdə qalan Vətən haqqında yazmaq olduqca ağırdır" etirafından qaynaqlanıb kəndinə, ölkəsinə, böyük Vətənə dair düşüncələrinə yol alan yazısından da ("Xatirələrimdə yaşayan Zəngilan"); ədəbiyyatşünas professor Şirindil Alışanlının uzaqlarda qalan Laçının kino-lentə aldığı son anlarından təkanlanıb, Laçında keçən fərdi dünyası-uşaqlığı-yeniyetməliyi, doğma yurdun təbiəti, əlçatmaz gözəlliyi, mədəni-mənəvi sferası, ictimai siqlətinəcən bölüşdüyü oçerkindən də ("Su səltənəti Laçın"); yazıçı Seyran Səxavətin "əvvəl göz açdığı, sonra da dil..." Füzulinin (Qarabağın) yerini ibtidai mədəniyyətdən müasir sivilizasiyaya, qədimdən qədim Azıx mağarasından çağdaşımıza,XXI əsr insanlığı arasında aramaq, dərk etmək cəhdindən də ("Adəm və Həvvanın yataq otağı"); şair Adil Cəmilin ("Tanrının Kəlbəcər möcüzəsi") və millət vəkili Jalə Əliyevanın ("Əziz Kəlbəcər! Sən azadsan!") Kəlbəcər möcüzəsini təbiət, tarix, dünya kontekstində görükdürmək səyləri, "dərd-qəmin içində çox ölmüşəm mən" deyən şairin "indi də sevincdən ölə bilmək" ehtiraslarından da duya, ala bilirik.

"Qarabağ - doğma yurdum" bölümündə otuz illik Qarabağ publisistikamızın bəlkə də ən yaxşı örnəkləri toplanıb desəm yanılmaram. Bəlkə həm də ona görə ki, burda yazıçı sözü, yazıçı nəfəsi hakimdir; hər müəllif Qarabağ dastanını öz tərzində fəhm edib, öz hekayəsi kimi, öz üslubunda qələmə alır. Otuz ilin süzgəcindən ədəbiyyata köçən Qarabağ budur; nisgildən, ağrıdan, xatirədən boylanıb, ürkə-ürkə bugünə - Qələbənin hələ axıracan həzm olunmamış sehrinə-sevincinə-sirrinə gəlir. Bu yazıların bir məziyyəti də elə odur ki, isti-isti, qələbə ilində, məhz birbaşa kitab üçün yazılıbdır.

Kitabın növbəti bölümü "Qarabağ sənət yaddaşımızda" adlanır; və bu dəfə bölmədə təmsil olunan yazılar otuz ilin yaxınlığından yüzillərə boylanır, Qarabağ dastanını tarixən və tarixdə: ədəbiyyat və mədəniyyətimizdə (Vilayət Quliyevin "Qarabağ bədii ədəbiyyatımızda" oçerki), musiqi sənətində (Akademik Zemfira Səfərovanın "Şuşa - Azərbaycanın musiqi qalasıdır" oçerki), şeir sənətində (Vasif Quliyevin "XVIII əsr Qarabağ poeziya məktəbi" yazısı), fəlsəfi düşüncə nəzərindən (Əsəd Cahangirin "Səs. Qarabağ haqqında esse"si), kino sənətində (Pərvinin "Qarabağı vərəqləmək. Qarabağ kinomuzda və ədəbiyatımızda" yazısı) izləyir və söyləyir. Hər birisi zəngin faktik materiala, elmi tədqiqat nəticələrinə söykənən oçerklər yalnız çağdaşımızın sənət yaddaşını silkəmək, fikir yaddaşını oyatmağa hesablanmayıb. Zatən tale belə gətirmiş ki, üç epoxadan: Xanlıqlar dövrü (yaranış), çar Rusiyası (təşəkkül və inkişaf) və Sovet dönəmindən (gələnəklər) keçib-gələn Qarabağımız Azərbaycan varlığının bir parçası kimi, Azərbaycanımızın özü kimi, heç nəyə baxmayaraq, yenə də diridir, daim vardır, yaddaşı oyaqdır. Belə olmasaydı, Vilayət Quliyevin də xatırlatdığı kimi: "Azərbaycan tarixşünaslığında zaman baxımından o qədər də böyük olmayan müddət ərzində on müəllifin "Qarabağnamə" - Qarabağ tarixindən bəhs edən əsər yazması" faktı da olmazdı. "Son iki yüz ildə Azərbaycanın heç bir guşəsi Qarabağ qədər yalnız dölətçilik baxımından, hərbi-siyasi aspektdə deyil, həm də mənəviyyat baxımından - şərəf, namus məsələsi kimi ölkə insanının fikir və düşüncəsinə hakim olmayıb"dır. Kitabın da, müəlliflərin də niyyəti daha böyük, bəlkə çağdaşımızın passiv-metafizik-özlüyündə yaddaşını həm də aktiv fəaliyyətə, əmələ, əməliyyəyə çevirə bilə. Vilayət Qulievdən daha bir sitat: "Məşhur ifadədə deyilir ki, hərbçilər öz işlərini qurtarandan sonra sıra diplomatlara gəlir. İndi əminliklə əlavə edə bilərik ki, sıra həm də şair və yazıçılara - yaradıcı insanlara çatıb. Ədəbiyyatda yeni Qarabağın və yurdunun sahibi olmağı haqq edən qarabağlının gerçək obrazını yaratmaq onların vəzifəsidir".

Növbəti, "Yaddan çıxmaz Qarabağ" bölümündə əməli fəaliyyətin gerçək örnəyini yenə də tarixdən görürük. Yazıçı Mehriban Vəzir "Qarabağın məşhur xanımları" oçerkində "Həyatları Qarabağın dövlətçilik və işğal tarixi ilə, siyasi gündəmi ilə, tərəqqisi və tənəzzülü ilə sıx bağlı olan" "Qarabağın əzəmətli xanımlarından Ağabəyim ağa, Gövhər ağa, Xurşidbanu Natəvan və Həmidə xanım Cavanşir"in "keçdiyi iztirablı və ləyaqətli ömür yolunda Qarabağın canlı tarixi"ni izləyir. Müəllifin oçerkdə təsbit etdiyi kimi, məhz "Dövrün siyasətinin yazdığı bu ömür hekayələrini öyrənmək Qarabağın başına gətirilənləri nəbzlərdə dinləmək kimidir". Mehriban Vəzir yüyrək üslubda, yığcam bioqrafi faktlar, ictimai-siyasi gerçəklər və fərdi hünər nümunələri üzərindən bunu edir, Azərbaycan qadınlığının şərəf tarixinə inanılmaz səhifələr yazmış Cavanşirlər nəslinin ömür-gün salnaməsini oxucunun gözü qabağında bir kino-lent kimi canlandıra bilir. Buradaca onu əlavə etmək gərəkdir ki, kitabda oçerklərlə paralel, Qarabağ dastanını illüstrə edən rəngarəng foto-mənzərələr, rəngli və ağ-qara foto-şəkillər, portretlər, foto-faktlar, təsviri sənət və memarlıq nümunələri, Natəvanın və müasir rəssamların işləri (Sakit Məmmədov, Elturan Avalov) sənət yaddaşımızın daha bir tarixi sırasını təqdim edir.

Kitabın "Nisgil, ümid, zəfər ədəbiyyatı" bölümü bizi yenidən tarixdən bugünə - otuz ilin həsrət, 44 günün zəfər notlarına qaytarır və Xalq yazıçısı Kamal Abdullanın "Müharibə və onun ədəbi-bədii əks-sədası" essesi, Xalq şairi Sabir Rüstəmxanlının  "Biz qayıtmışıq" essesi və "Qarabağa dönüş" poeması, Günel Anarqızının "Ataya" və "Arzu" hekayələri ilə təmsil olunur. Esse, poema, hekayələrdə "nisgil", "ümid", "həsrət" notları ilə birgə acı həqiqət, ağrı, qınaq, bəzən özünü-ittiham, imtahan, katarsis motivlərinin də yer alması zəfər pafosunu bizə qazandıran duyğuların nə qədər də mürəkkəb olduğunu görk edir, göstərir. Günün reallığında əvvəlki mənalar, mətnlər, mətn-altılar da bir başqa cür oxunur. Şair ötkəmliyi, bir də əvvələ qayıtmaq inancı, əzmi (bunu biz "Qarabağa dönüş" poemasında görürük), yazıçı təxəyyülünün mistikası və uzaqgörənliyi (Günel Anarqızının hekayələrindəki kimi) bəzi məqamlarda çaşdırır, hətta heyrətləndirir də ("Arzu" hekayəsində "27-ci fəslin sonluğunu, 33-cünün ortasını işləmək, 44-cüyə bir-iki abzas əlavə etmək" detallarının 27 sentyabr və 44 günlük müharibə rəqəmləri ilə üst-üstə düşməsi qəribə təsadüfmüdür?). Yazılarda nigaranlıq duyğuları çox söz deyir, zəfər dastanının bugünü kimi, sabahını da vəd və proqnoz edir. Kamal Abdullanın yazdığı tək: "İndi bu mövzunu işləmək heç də asan deyil. Əsgər - Murovdağda, sən burada. Əsgər - Qarabağda, sən burada. Amma hər şeyin öz vaxtı, öz vədəsi var. Gərəkdir ki, sən özün də əsgərin ardınca Murovdağa çıxasan... (...) Gərəkdir ki, əsgərin ardınca gedib bu yurdun qərib, hürkmüş künc-bucağını, dağılmış və dağılmamış evlərini, tikililərini baxışlarınla əzizləyəsən, onun don vurmuş qəddini açasan..."

Qarabağ dastanının ən sərt üzü dost-düşmən yanında bəlli olur; kitabın "Qarabağ: dostlar və düşmənlər" bölümündə ilk növbədə qardaş türk xalqının Qarabağ müharibəsində əvəzsiz dəstəyini əks etdirən faktlar-sənədlər: 10.12.2020-ci il tarixi Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından sitatlar, Türk dünyası yazarlarının Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair - on üç görkəmli şair və yazarın imzası ilə Bəyanatı, müharibə zamanı Türkiyə Yazarlar Birliyindən prof., dr. Musa Kazım Arıcandan, Türk Ədəbiyyatı Vəqfindən Sərhat Kabaklı, İmdat Əfşar, dos., dr. Bəxtiyar Aslandan, Ədəbiyyat Sənət Kültür Araşdırmaları Dərnəyi, Şərif Aydəmirdən, Söyüd Türk Ədəbiyyatı Dərgisi, Sinan Tərzidən, Türkiyə Yazarlar Birliyi Kayseri Şöbəsi, Səlim Tunçbilikdən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin adına Azərbaycan xalqının haqq savaşına mənəvi dəstək verən məktublar yer almışdır. Günay Əfəndiyevanın "Qarabağ cazibəsi" oçerkində otuz illik münaqişə və müharibə zamanı Türkiyə və türk xalqlarının Azərbaycan xalqının yanında olması, BMT və beynəlxalq aləmin müharibədən əvvəl və sonrakı gerçəklərə reaksiyası, eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun erməni təxribatları və vandalizmini ifşa edən, həqiqətləri dünyaya çatdıran fəaliyyəti təsbit olunmuşdur.

Qarabağ dastanının cəbhədə olduğu kimi, masada, söz savaşı da var və bu məqamda Azərbaycan yazıçısı otuz il ərzində daim ayaqda olmuşdur. Kitabda bu faktı Xalq yazıçısı Anarın "Növbəti sayıqlamalar və bəzi başqa məsələlər haqqında" və Xalq yazıçısı Çingiz Abdullayevin "Zori Balayanın Vladimir Putinə ünvanlanmış açıq məktubuna aid qeydlər" məqalələri təsbit edir, təsdiqləyir. Hər iki yazı mənfur və məlum erməni təxribatçısı, çağdaş Qarabağ münaqişəsinin qızışdırıcılarından Zori Balayanın hələ 2013-cü ildə yenə də "dayı axtarışı"nda Rusiya Prezidentinə yazdığı məktuba cavab olaraq, milçək bir şey deyil, ürək bulandırır ovqatında qələmə alınsa da, növbəti dəfə erməni böhtan və yalanlarını, həm də yalnız otuz il ərzində deyil, bütünlükdə iki yüz illik rus imperiya siyasəti kontekstində, erməni və rus mənbələrinin özünə istinadən ifşa etməyə tarixi fürsət bulur. II Qarabağ müharibəsi ərəfəsində bütün dünya ictimaiyyəti nəzərinə bunu etmək vacib idi, xalq yazıçıları bunu edir də.

"Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabının hər fəsli şeirlərdən epiqraflarla açılır; Molla Vəli Vidadinin, Səməd Vurğunun, Ağabəyim ağanın, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Qabilin misraları, göstərdiyimiz kimi, hər dəfə Qarabağ dastanının bir ayrı halətinə bələdçi olur. Kitabın ayrıca bir bölümü isə bütünlükdə "Şeir çələngi"ni - Səməd Vurğundan günümüzəcən seçmə Qarabağ şeirlərini təqdim edir. Poeziya - xalqın ruhu, nəfəsidir; prozanın danışmadığı, susmağa məhkum olduğu dəmlərdə belə, dolayısı, ya düzünə, şair təbini susdurmaq olmur. Demə, yalnız bugün, dünən deyil, yüz ildən də ziyadə bizim şairlər elə susmayan Qarabağ həqiqətlərini danışır; həssas olmağımız gərəkmiş. Səməd Vurğunun tərənnüm-təcəssüm poeziyası, Süleyman Rüstəmin ictimai-əminlik lirikası, Rəsul Rzanın bütöv bir silsilə ("Qarabağ - baba yurdum") sərt realist şeiri; Bəxtiyar Vahabzadənin vətəndaş, Hüseyn Arifin təbiət lirikası; Qabilin mənəvi haray, Nəbi Xəzrinin duyum poeziyası; Qasım Qasımzadənin barokko, Nəriman Həsənzadənin ictimai-liriksəl, Xəlil Rza Ulutürkün milli-ritorik, Məmməd Arazın Vətən sinirli şeirləri; Cabir Novruzun ictimai-sentimental, Fikrət Qocanın fəlsəfi-prozaik, Vaqif Səmədoğlunun ekzistensial şeiri; İsa İsmayılzadənin ağrı-nisgil, Vahid Əzizin etiraf, Ramiz Rövşənin metafizik, Nüsrət Kəsəmənlinin həyatsevər poeziyası; Zəlimxan Yaqubun romantik çağırış, Məmməd İsmayılın sərt publisist, Musa Yaqubun "dinib-danışan" şeiri; Famil Mehdinin təsvir-təqdim, Xudu Məmmədovun bayatı, Məmməd Aslanın çal-çağır, Hüseyn Kürdoğlunun etnoqrafik-lirik, Çingiz Əlioğlunun avanqard-plakat şeiri... - yüz ildir ki, həm də elə Qarabağ deyir, bağrı qopanacan "Qarabağ!" deyib çağırır-bağırır. Qarabağ, Qarabağ! - Agdam, Laçın, Şuşa, Lələtəpə, Çocuq Mərcanlı, Kəlbəcər... - Ənvər Rza, Ramiz Məmmədzadə, Firuzə Məmmədli, Şahmar Əkbərzadə, Səyavuş Məmmədzadə, Ağa Laçınlı, Ənvər Əhməd, Əşrəf Veysəlli, Zahid Xəlil, Nəsib Nəbioğlu, Gülhüseyn Kazımlı, Ələmdar Quluzadə, Adil Cəmil, Rəfail Tağızadə, Nazim Əhmədli, Elşən Əzim, Bəhmən Vətənoğlu, Sücaət, Nilufər Şıxlı, Nadir Rzalının şeirlərində dil açıb danışır, dəfə-dəfə danışır. Xocalı xəcaləti Nurəngiz Günün, xəcil Xocalı Ələkbər Salahzadənin çarəsiz misralarına sığınıb, dinməyir-danışır. Etirazdan, bəyanatdan, xatirədən, xəyalatdan zəfər sevinclərinə, alqış və fəxarətəcən... - Eldar Baxış, Zakir Fəxri, Vaqif Bəhmənli, Şahin Musaoğlu, Elçin Mirzəbəyli, Nəriman Qasımoğlu, Əjdər Ol, Əbülfət Mədətoğlu, Rəşad Məcid, Ələmdar Cabbarlı, İlham Qəhrəman, Həyat Şəmi, Qulu Ağsəs, Xəyal Rza, Qəşəm Nəcəfzadə, İmir Məmmədli, Ruslan Dost Əli, Ramil Əhmədin... - tüm şairlərimizin şeirlərində Qarabağ duyğularını oyaq, sayıq, növbənöv, rəngarəng görürük. Vaqif Bayatlı Odərin söylədiyi: "Qarabağ - bağlar bağı, səslər səsi, sevgilər sevgisi, göylər göyü, ilahilər ilahisi..."

"Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabının ideya müəllifi yazıçı Anardır; kitabda yazıları, əməyi, fikir işi etibarilə ən çox görünən də məhz Anardır. Digər bölmələrdə təmsil olunmaqla yanaşı, "Anar. Ötən günlərin yazıları" və "Anar. Zəfər günlərinin yazıları" bölümləri tamlıqda əsərin ideya müəllifinindir. Oxuduqca hətta məndə belə təsəvvür yarandı ki, kitabın ideya əsası da, süjet düyünü də yazıçının hələ 1983-1985-ci illərdə qələmə aldığı "Qarabağ şikəstəsi" oçerkindən başlanır, bugünə və tarixə doğru yeridikcə yeriyir, gəlişir. Bir yazıçı olaraq Anar fərdi mən başlanğının ictimai mündəricəyə adladığı anı gözəl bilir və deyərdim ki, həm ideya-mündəricə ardıcıllığı, məzmun dolğunluğu, həm də kompozisiya həlli, bitkinliyi baxımından "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabı ilə günümüz ədəbiyyatının ən gərəkli, vacib əsər-kitablarından birini ortaya qoymuşdur.

"Qarabağ şikəstəsi" - son sovet dönəmində, Qarabağa, Şuşaya, Ağdama, Xankəndiyə, Laçına, Kəlbəcərə səfər təəssüratları əsasında qələmə alınmış, yazıçı düşüncəsi, müşahidələri, təsvir və təhlilləri ilə bol, sanki xoşbəxt-firavan yaşayan el-obanın portretini yaratmağa yönəlik bir yazıdır. Torpaq sevgisi, doğma diyarın qədim abidələri, tarixi şəxsiyyətləri, zəngin mədəniyyətindən doğan qürur və fəxarət hissi, rəngarəng təbiət gözəlliyi ilə təmasdan, sadə insanlarla söhbətdən, ünsiyyətdən doğulan xoş əhval-ruhiyyə, əslində bu təəssüratı doğurmalıdır da. Amma oçerkdə incə ştrixlərlə, təfərrüat və detallarda, zərif-duyulmaz kontrastlarda hardasa bir kədər-nisgil ovqatı da duyulur. Əslində olmalı ikən, Anarın qələmində Qarabağda erməni deyilən bir nota yer varmıdır? Yoxdur!, sanki başdan-başa idilliyadır. Olsa-olsa balaca bir haşiyə var: "Dağlıq Qarabağ iki xalqın - azərbaycanlıların və ermənilərin qapıbir qonşu kimi, həyətbir qonşu kimi, kəndbir qonşu kimi yaşadığı bir diyardır. "Qarabağ şikəstəsi" də iki xalqın birlikdə ifa etdiyi Azərbaycan mahnısıdır..." İdilliyadırsa, şikəstə haradandır?! Sanki bugünün şikəstəsidir...

Oçerki yazıçı elə nisgilli bir notda da başa vurur; səsi ilə "çalınmış otların yanında gecə qarovulçusu"na həyan olan bir uşağı təsvir edir: "Bizdən ayrılır, dumanın içinə girib görünməzləşir, amma bir azdan aşağıdan yenə də "Qarabağ şikəstəsi"ni eşidirik. "Qarabağ şikəstəsi"ni ta uzaqlaşıb itənəcən eşidirik və mənə elə gəlir ki, oxuyan indicə gördüyümüz uşaq deyil. Oxuyan dağdır, torpaqdır, dumandır. Qarabağın özüdür. Şikəstəsiylə özündən, keçmişindən və bu günündən, bulaqlarından, yaylaqlarından, otlarından, ağaclarından danışır. İnsanlarından danışır. Oxumasıyla qoca qarovulçuya bir müddət hayan olmuş xoş səsli oğlan da bu qədim havanı keçmişdən gələcəyə aparır".

Sovet dönəmi oçerklərində sadə zəhmət adamının obrazını təqdim etmək icbari standartlara daxil idi. Amma Anarın əksərən yaşlı, müdrik, sadə qəhrəmanları heç də sovet cəmiyyətinin üstünlüklərini, sovxoz-kolxoz həyatını deyil, Qarabağın keçmişini, olub-ötənləri, yaxşı-pis insanlarını anır-danışır, torpağı-sanı, barı-bərəkəti, halallığından söz açırlar. Oxuduqca xəyal edirsən, hardadır bugün o insanlar, halal-haram bilən, dəyərlər daşıyan, ömrü-günü neçə-neçə nəsillərin həyat sınağından-təcrübəsindən keçirib-gəlmiş, Qarabağı Qarabağ etmiş, əsrlərlə yaşatmış Qarabağ insanı?! Hardadır o təbii-mənəvi landşaft, tarixi-mədəni mühit, yazıçı Elçinin xəyallarına daldığı "Şuşa aurası", professor Şirindil Alışanlının xatirələrdə yaşatdığı "Su səltənəti Laçın", şair Adil Cəmilin xiffətini çəkdiyi "Kəlbəcər qocaları", nasir Seyran Səxavətin, Elçin Hüseynbəylinin Füzuli- Cəbrayıl- "Adəm-Həvva" diyarı, millət vəkili Aqil Abbasın, qəzetçi Rəşad Məcidin soraqladığı "Ağdamın ağ damları"? Görünür ki, məqsəd elə bu, yüzillərlə gələn-gəlişən milli-mənəvi ekologiyamızı dağıtmaq imiş. Doğrudanmı, şair Ramiz Rövşənin andığı, açarı əlimizdə olan qapılar açarsız qalasıdır???

Bəzən də düşünürsən ki, görünür, çağdaş dünyamızda əsrlərdən süzülüb-gəlib qlobal bir Şər maşını peyda olub-yaranıbdır. Ki, yerini-yurdunu dağıdıb insanları axın-axın mühacirətə ürcah edir: Yaxın Şərq köçgünləri, Əfqanıstan qaçqınları, Afrika didərginləri, könüllü-könülsüz insan axınları... Bizə də gücləri o qədər yetibdir ki, mühacir həyatını vətəndə, öz içərimizdə yaşadıbdılar. Anarın barışmaz mövqedən, ağrı və qəzəblə süslənmiş, beynəlxalq şəri ifşa edən bir sıra yazıları ("Cocuq Mərcanlının çocuqları", "Gəncəm mənim", "Erməni mifinin süqutu") bu səbəbdən yaranmış, Zəfər günlərinin qürur və sevinci ilə birgə ("Gözün aydın , Şuşam, gözümüz aydın!"), kəskin satirası, etiraz və çağırışları ilə də ("Senatorlar və "paraşütçülər") gündəmə gəlmişdir.

Uzun həsrət və nisgil illərində bəzən Anarın Qarabağ duyğuları şeirə də çevrilmiş, "Şuşa nisgili" (25 iyul 2000) və "Qədim xalq mahnısını dinləyərkən" (21 may 2001) şeirləri yaranmışdır. "Doğma Qarabağın gen qucağında, / Şuşa qalasının bir bucağında, / Səkili bulağın lap qırağında / Ölməyimdən öncə olasım gəlir" - birinci şeir bu misralarla qurtarır; "Görəmmədim Zəngilanı..." motivi və Zəngilansız, Ağdamsız, Şuşasız, Laçınsız, Kəlbəcərsiz dərin bir suç üzərində gəzişən ikinci şeir isə maraqlıdır ki, belə bitir: "Ay ana, ana, / Günləri sana, / Mən gedəcəm Zəngilana./ Gedəcəm axı.../ Gedəcəm axır...". Bu, bir daha onu deyir ki, bugün Qarabağ torpağında erməni faşizmi üzərində tarixi qələbəmizi Anar yalnız ictimai fiqur olaraq, ictimai hadisə kimi deyil, habelə uzun illərin fərdi-ekzistensial gözləminin bəhrəsi kimi də yaşayır.

"Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabının sonuncu bölümü "Zəfərdən sonra" adlanır; və Anarın "Yaşa, Şuşa" şeiri (9 may 2021), Günel Anarqızının "Şuşaya məktub" essesi (14 may 2021), Rəşad Məcidin "Qələmsiz yazılanlar"ı ilə ("Şuşa gör nələr eylər...") təmsil olunur. Hər üç yazı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Zəfər günü çıxışının haləsində yaranmış: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!..".

Qarabağ dastanı. Otuz ilin həsrəti, 44 günün zəfəri - Qarabağ ruhunun yazıda ifadəsi, ədəbiyyatda bəlirləridir; bu heyndə qələmsiz yazılanlara daha da nələrsə artırmaq əbəs olar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!