Dost-doğma insan dünyasını dəyişəndən sonra onun haqqında keçmiş zamanda danışmaq çox ağır olur. Kamran İmran oğlu Əliyev haqqında danışmaq mənə ağır olduğu kimi...
Yaşından asılı olmayaraq dünyadan gedənlərimiz vaxtsız gedir. Çünki görəcəyi işlərdən hələ də yarımçıq qalanı olur. O ki, qaldı alim, yazıçı, yaradıcı insan olasan. Kamran müəllimin də bitmək bilməyən, elmi, ədəbi auditoriyaya hesablanmış yaradıcı enerjisi öz tükənməzliyi ilə heyrət doğururdu.
O, 1953-cü il mart ayının 5-də Naxçıvan MR Şərur rayonunun Diyadın kəndində dünyaya göz açmışdı. Sadə və zəhmətkeş bir ailədə. Orta məktəbi əla qiymətlərlə başa vurandan sonra BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1974-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdi. Mən BDU-nun jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi olanda o, filologiya fakültəsinin 5-ci kurs tələbəsiydi. Pedaqoji sferada, tələbə dünyasında bu insanın nüfuzlu bir obrazı vardı. İctimai fəallığı, zəhmətkeşliyi, əlaçı oxumağı, səmimiyyəti və saflığı ilə o, həmin illərin tələbə kontingenti üçün bir nümunə idi. Elə müəllimləri də onu hər kəsə nümunə göstərərdi... Universiteti bitirəndən sonra təyinatını doğma kəndlərinə alan Kamran Əliyev burada bir müddət müəllim işləyəndən sonra təhsilini davam etdirmək məqsədilə Bakıya qayıdır və aspiranturaya daxil olur. 1980-ci ildə (27 yaşında) namizədlik, 1990-cı ildə (37 yaşında) isə doktorluq dissertasiyası müdafiə edir. Gənc ikən belə elmi uğurlara imza atmaq onun məxsusi intellekti ilə yanaşı polad iradəsinin göstəricisi idi.
Sonrakı illərdə professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi kimi şərafətli titullara sahib çıxan Kamran Əliyev ədəbiyyatşünas alim kimi dəyərli məqalə və monoqrafiyaları ilə elmi auditoriyanın diqqətini çəkdi. Bununla paralel o, bədii yaradıcılığını da davam etdirməyi unutmadı. Bu cəhəti nəzərdən qaçırmayan akademik İsa Həbibbəylinin Kamran Əliyevin 10 cildlik əsərlərinin 1-ci cildinə yazdığı müqəddiməsində oxuyuruq: "Ədəbiyyatşünaslıq elmi də, bədii yaradıcılıq da Kamran Əliyevin təkcə maraq dairəsi və ya fəaliyyət sahəsi deyil, taleyidir. O, həyatının mənasını elmdə və ədəbiyyatda tapmışdır".
Bəli, elmdə və ədəbiyyatda! O, ədəbiyyatşünaslıq və ədəbi tənqidlə, folklorşünaslıqla bağlı ciddi araşdırmaların, fundamental monoqrafiyaların müəllifi idi. Bu baxımdan romantizmin nəzəriyyəsi və poetikası, Hüseyn Cavidin şəxsiyyəti və yaradıcılığı, klassiklər və müasirlər, "Kitabi-Dədə Qorqud", folklor və yazılı ədəbiyyat istiqamətində yazdığı monoqrafiyalar çağdaş Azərbaycan humanitariyasının sanballı örnəkləridir.
19-20-ci əsr klassik ədəbiyyat tariximizin müxtəlif ədəbi cərəyanlara mənsub ədəbi şəxsiyyətlərinin həyatı, mühiti, yaradıcılığı ilə bağlı apardığı araşdırmalar Kamran Əliyevin böyük zəhmətinin və dərin qatlara nüfuz etməyi bacaran alim intellektinin məhsuludur. Azərbaycan elmi elitası haqlı olaraq akademik Məmməd Cəfər Cəfərovdan sonra romantizm nəzəriyyəsinin yeni istiqamətlərdə araşdırılmasında professor Kamran Əliyevin xidmətlərini xüsusi dəyərləndirmişdir. Cavidşünaslığın, folklorşünaslığın özündə də elmi-nəzəri müəddəaları və yanaşmaları ilə yeni konsepsiyalara imza atan alimin əsrələri mükəmməl bir ədəbiyyat tarixçisinin qiymətli qələm məhsullarıdır.
Onun Hüseyn Cavidə həsr olunmuş saysız-hesabsız məqalələri və monoqrafiyası cavidşünaslığa əvəzsiz töhfədir. Filologiya elmləri doktoru, professor Şirindil Alışanlının qənaətinə görə: "Kamran Əliyevin bütün tədqiqatlarının mərkəzində H.Cavid sənəti dayanır. O, Cavidi ədəbi-bədii fikrin, bədii tərəqqinin aparıcı siması kimi öyrənir, hər dəfə də bu ecazkar sənətin gözlənilməz bədii çalarlarını dövriyyəyə gətirir. Müəllif haqlı olaraq belə bir mövqedə dayanır ki, Hüseyn Cavid XX əsr Azərbaycan romantizminin tarixi taleyidir".
Orta Asiya respublikalarında, Türkiyə Cümhuriyyətində Cavidlə bağlı keçirilən müxtəlif beynəlxalq konfrans və simpoziumlarda Kamran Əliyev maraqlı və dəyərli, ən əsası böyük şairi yaxından tanıdan məruzələri ilə çıxışlar etmiş, milli-bədii düşüncəmizdə onun layiq olduğu yeri göstərmişdir.
Yazılı ədəbiyyat mütəxəssisinin folklora məxsusi yanaşması, xalq yaradıcılığında, xalq təxəyyül və təfəkküründə yeni istiqamətlər müəyyənləşdirməsi və bunların yazılı ədəbiyyatdakı inikasının analitik bilgisini verməyin özü də zamana və məkana, dövrləşdirmə konsepsiyasına sığışmayan bir alimin idrakından xəbər verir. "Kitabi-Dədə Qorqud" Azərbaycanda ən çox tədqiqata cəlb olunan, haqqında ən çox məqalələr, namizədlik və doktorluq dissertasiyaları yazılan milli qaynağımız və kimliyimizdir. Eposa elmi yanaşmada yeni fikir və mülahizə yürütmək təbii ki, çətindir. Ancaq Kamran Əliyev bu dastana tamamilə yeni bir rakursdan baxmağı, açılmayan bəzi mətndaxili sirləri açmağı bacarır. Türk alimi Əhməd Bican Ərcilasun onun "Dədə Qorqud" monoqrafiyasını oxuyandan sonra yazır: "Kamran Əliyevin bu əsəri təkcə qorqudşünasların deyil, Dədə Qorqud üzərində çox da dayanmamış ədəbiyyatşünasların da marağına səbəb olmalıdır".
Türkiyə Respublikasında türkiyə türkcəsində, İranda fars dilində nəşr olunan "Dədə Qorqud" monoqrafiyası oğuznamə tədqiqatçılarının, Qorquşşünasların yüksək elmi dəyər verdiyi kitaba çevrildi.
Yazılı ədəbiyyatımızın folklor qatına işıq salmaq baxımından K.Əliyevin romantizm və folklor, M.Şəhriyar və folklor, M.P.Vaqif və folklor, H.Cavid və xalq dramları kimi tutumlu və tutarlı məqalələri folklorşünaslığımızın yeni meyarlar istiqamətində inkişafının göstəricisidir. Akademik Muxtar Kazımoğlu (İmanov) sevimli həmkarının bu cəhətini belə dəyərləndirir:
"Onun son dövrlərdə apardığı tədqiqatların bir istiqamətini də folklor və yazılı ədəbiyyat məsələləri təşkil edir. Kamran Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda "Folklor və yazılı ədəbiyyat" şöbəsinin müdiridir. Neçə illərdir öz vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir və bu sahədə tədqiqatları da çox ciddi bəhrəsini verir".
Onun pedaqoji fəaliyyəti, ölkənin nüfuzlu universitetlərində müəllim kimi çalışdığı illərin təəssüratı da bir başqadır. K.Əliyev öyrəndiklərini öyrətməkdən zövq alırdı və bu da onun əsl ziyalı və pedaqoq məfkurəsindən irəli gəlirdi. Maraqlı, məzmunlu ustad dərslərilə yaddaşlarda yaşayan bu insanın neçə-neçə tələbəsi humanitar elmə məhz onun təşəbbüsü və qayğıkeşliyi ilə gəlib. Elmi rəhbəri, opponenti olduğu gənc alimlər bu qayğıkeşliyi unutmurlar... Azərbaycan dili və ədəbiyyatla bağlı yazdığı dərs vəsaitləri həm orta, həm də ali məktəb müəllimlərimiz və tələbələrimiz üçün dəyərli qaynaqdır.
Kamran İmranoğlu həm də şair təbiətli yazıçı idi. Şeirləri, hekayələri, povestləri həyatın özündən gələn (mütaliədən yox!), həyati reallıqları bədii həqiqətə çevirə bilən bədii təfəkkür məhsulları idi. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. "Dağlı məhəlləsi", "204 nömrəli avtobus" hekayələri bizim tələbəlik dövrümüzün yaşantıları, daha doğrusu romantikası üzərində qurulduğu halda, "Yalquzaq", "Qara köpək", "Zəli" kimi povestləri ümumcəmiyyət problemlərinə, insan xarakterlərinin ictimai məzmununa həsr edilən dəyərli və düşündürücü nəsr nümunələridir. Əslində ilk "qələm məşqinə" şeirlə başlayan Kamran İmranoğlu özünüifadənin daha geniş formatını sonralar nəsrdə tapmışdı. Təbii ki, gənc yaşlarında yazdığı şeirlər onun sevgi, məhəbbət dolu lirik duyğularının ifadəsi idi:
Önümdə bir alov, bir od dayandı,
İlahi, bilmədim sevgi hayandı.
Dodağım su üçün alışdı, yandı,
Elə bil su idi, o, axdı getdi.
İstər şair, istərsə də nasir kimi Kamran İmranoğlu yaradıcılığını davam etdirsəydi, daha doğrusu, elmə həsr etdiyi enerjini bu sahəyə yönəltsəydi inanıram ki, o, mükəmməl əsərlər ərsəyə gətirə bilərdi. Ancaq o, elmi seçdi və özü də bu sahədə seçildi.
15 ilə yaxın bir yerdə - AMEA-nın Folklor İnstitutunda işlədiyim müddətdə şəxsiyyət kimi onun portret cizgilərinə daha yaxından bələd olmuşdum. Sadə, səmimi, mütavaze davranışı ilə hər kəsin rəğbətini qazanmışdı. Ancaq bizim ünsiyyət körpümüz təkcə folklor İnstitutu deyildi.
Bir məhəllədə yaşamağımız, axşamlar yaxınlıqdakı parkın çay evindəki xudmani guşədə digər dostlarımız - akademik Muxtar Kazımoğlu, hüquqşünas Aydın Kərimov, geoloq alim Müseyib Yunisovla mütəmadi görüşlərimiz, bəzən gecə yarısına qədər uzanan diskusiyalarımız, maraqlı söhbətlərimiz bizi bir-birimizə çox bağlamışdı.
2013-cü ildə AYB-nin Natəvan klubunda Kamran Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbiri tez-tez xatırlayıram. Görkəmli yazıçılar, alimlər, həmçinin, sadə insanlar yubilyar haqqında ürək dolusu məhəbbətlə danışdılar. Mən də o tədbirə ürəyi boş getməmişdim. Söz veriləndə ona ünvanladığım "Nikbin adam" şeirimi ilk dəfə orada oxudum:
Mən səni həmişə gülərüz gördüm,
Kədəri gizlətdim baxışlarında.
Könlünü əbədi bahara verdin,
Göyərdin baharın yağışlarında.
Qəriblik ovqatı gətirən payız
Rəngini qatmadı ruhuna sənin.
Özünə çəkilib qalanda yalqız
Yenə bahar girdi yuxuna sənin.
Sevgidən bal tutdu ömür pətəyin,
Əyilmək bilmədin uca dağ kimi.
Kiminsə əlinə keçsə ətəyin
Səni buraxmadı xeyirxah kimi.
Düzünü deyim ki, bu saflığınla
Sən - birsən, sən - pirsən, ocaq kimisən.
Əziz dost, nəfsinə yasaqlığınla
Altmış yaşında da uşaq kimisən.
Elm ilə ölçülür sərvətin, varın,
Elmsiz bir insan getməz uzağa.
Yaşamaq haqqı var yaşadanların,
Ömrün uzun olsun, a Kamran qağa!
Sonralar mən bu şeiri seçilmiş əsərlərimin 2-ci cildinə daxil etdim. Görüşəndə zarafatla deyirdi ki, sənin seçilmiş əsərlərində ən gözəl şeir bilirsən hansıdır? Soruşurdum hansıdır? Gülə-gülə deyirdi ki, "Nikbin adam"...
Sonra Muxtar Kazımoğlunun da, mənim də başımıza gözləmədiyimiz bəla gəldi. Hər ikimiz oğlumuzu itirdik. O çətin məqamlarda bu "nikbin adam" bizi depressiv vəziyyətdən çıxarmaq üçün əlindən gələni etdi.
Və... günlərin birində özü xəstələndi. Türkiyədə müalicə aldı. Yaxşılaşırdı. Ancaq ildə bir-iki dəfə qardaş ölkəyə - həkim müayinə və müalicəsinə getməyi vacib idi. Araya lənətə gəlmiş bu "covid-19" pandemiyası düşdü. Yollar, sərhədlər bağlandı. O, bir daha öz həkiminə özünü yetirə bilmədi...
Ötən il dekabr ayının ortaları idi. mənə zəng vurdu (adətən mən ona tez-tez zəng vurub əhvalını soruşurdum). Səsi çox zəif gəlirdi. Bu həmin vaxtlar idi ki, bir az öncə - noyabrın 25-də Kəlbəcər işğaldan azad olunmuşdu. Mənə dedi ki, Kəlbəcərin istisuyundan gətizdirə bilərsənmi? Mən təəccüb etmədən "baş üstdə" dedim. Dərhal bir neçə yurddaşıma mənə təcili istisu lazım olduğunu dedim. Söz versələr də su gec gəldi. Dekabrın 23-də Kamran müəllim artıq işıqlı dünyaya "əlvida" demişdi. Doğrusu, dostumun son arzusunu vaxtında yreinə yetirə bilməməyim məni çox məyus etmişdi. Mən həmin suyu bir müddətdən sonra onun fəxri xiyabandakı məzarının torpağına cilədim. "Allah rəhmət eləsin" deyib ondan ayrılanda alimin mürəkkəbini şəhid qanına bərabər tutan Peyğəmbərimizin kəlamı ürəyimə bir təskinlik gətirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!