"Çuğul insanlar - bədbəxt insanlardır"
Münasibətlər əxlaq müstəvisində qurulur. İrsən, ailədən, ətraf mühitdən və özünütərbiyədən bəhrələnib formalaşan insana mühitin - cəmiyyətin təsiri dominantlıq təşkil edir. Arzu və istəklərin yolunda keçməli olduğun maneələr var. Bu maneələri necə aşmaq isə insanın prinsiplərindən asılıdır. Əksəriyyət asan və ləyaqətsiz üsullarla aşar bu maneələri. Qazandıqları mərtəbələrdə itirdikləri ləyaqəti, özünəhörmət hissini zamanla unudurlar hətta. Nə itirdiklərinin fərqində belə olmazlar. Psixoloji roman olan
"Çuğullar"dan yazmaq üçün gərək hələ vicdanını itirməyən, özün özünlə tək qalanda əməllərindən utanmayan, özünə dürüstlükdən danışmağa haqq verən biri olasan. Çünki gerçək həyatın şəklini təsvir edib yazıçı burada. Oxşar situasiyalara hər bir insan rast gəlir, yaşayır. Sevinirəm ki, mən hələ "Çuğullar"dan yazmağa, oradakı obrazları təhlil etməyə özümə mənəvi haqq verə bilirəm. Ümid edirəm ki, həyatımın sonuna qədər də bu haqqımı qoruyub saxlaya biləcəyəm. Bax bu əsər məhz tələyə düşüb mənəvi saflığını itirməmək üçün ən yaxşı bir xəbərdarlıq zəngidir oxucular üçün.
Əsərin ideyası insan mənəviyyatının təlatümlər içində mübarizəsidir. Əsas qəhrəman əslində hər birimizik. Oxumağa başladığı andan oxucu özünü görür baş qəhrəmanın yerində. Öz qələbəsi kimi görür onun bu mübarizədəki üstünlüyünü. Heç istəmirik ki, gənc oğlan - təmizlik nümayəndəsi məğlub olsun, məğlub çuğullardan birinə çevrilsin. Oxucuya ümid verən bir məqam odur ki, o, ətrafdakı çirkinliklərin fərqindədir. Nə baş verdiyini aydın anlayır, analiz edir, yaxşını, pisi ayırır və nə üçün mübarizə apardığını dərk edir.
Çuğullar məğlub olmuşlardır. Onlar özləri də bu məğlubiyyətlərindən təəssüf etmək, əzab çəkmək, etiraf etmək, özlərinə acımaq, haqq vermək mərhələlərindən sonra sonuncu mərhələni yaşayırlar: hər kəsi özlərindən birinə çevirmək həvəsi və məqsədi.
"Cücə bala, murdar adamlar ətraflarında saf birisini görəndə qıcıqlanırlar" - deyir idarə müdiri. Cəhənnəmə gedən özünə yoldaş axtarar axı.
Yenicə ali təhsilini bitirib iş həyatına başlayan gənc insanın qarşısında indiyə qədər kitablardan oxuduğundan fərqli bir mənzərələr açılır. Kitablar ona deməmişdilər ki, həmcinsləri neçə-neçə fərqli üzlərə, dillərə, gedişlərə, baxışlara malikdirlər. Kitablar ona deməmişdilər ki, 2+2 misalının cavabını onu sənə elətdirənin məqsədinə uyğun deməlisən, bu isə çox az hallarda "4" edir. Kitablar ona deməmişdilər ki, çuğulluq fərasət sayılırmış. Əsərin bir yerində gəncin xəyalən Dominiklə olan dialoqundan oxuyuruq:
"- Düşdüyüm vəziyyətin ağırlığına dözə bilmirəm. Genim imkan vermir.
- Çuğulluğun mövcud olmadığı cəmiyyət axsayar, hərəkətlilik tükənər...
- Çuğul doğulmurlar, çuğul olurlar. Ailə, tərbiyə, ətraf mühit, - deyə gözümün yaşını sildim.
- Ağlama, oğlan... Heç kimi hansı yolla getməsinə görə ittiham etmək, bunu məcburi qaydada sırımaq yolverilməzdir... Uşaq bağçasında bir uşağın güvəcin bölüşdürülməsində həmyaşıdını satması göstərir ki, çuğulluq doğuluşdandır.
- Dominik, sən məsələləri qarışdırırsan. O ailə tərbiyəsindəndir.
- Dominik, dəyərlər itir.
- ...Kimin üçünsə çuğulluq və peşəkarcasına çuğulluq etmək bir dəyərdir. Ölçülə bilən dəyər.
O, zamanın axarına qarışdı".
Obraz olaraq yeni əməkdaş, Senyora, Cem, Adilə, Müdir müavini, Sürücü, Müdir, Qarovulçu kimi fərqli adlar daşısalar da burada insanların iki adı var: çuğullar və çuğul olmaq istəməyən.
Yazıçının obraz yaratma ustalığından söz açmaq istərdim. Real, sadə, aydın ifadə ilə obrazın ruhi-psixoloji halını şəffaflıqla təsvir etməyi Yazıçı qələminin çoxdan söz aləmi ilə tanışlığından, təcrübədən xəbər verir. Xırda bədii detallarda obrazın xarakterini göstərmək bacarığı Azər Qismətin yazıçı kimi sənətkarlığını göstərir. Əsər var ki, süjet xətti daha çox maraqlandırır oxucunu. Hadisələrin gedişatının necə olacağını bilməyə can atır oxucu. "Çuğullar"da isə əsərin istənilən yerindən oxumağa başlasan, həmin epizod maraqlı olur. Elə indi bir eksperiment apararaq fikrimin doğruluğunu yoxlamaq istəyirəm. Kitabı açıram və təsadüfi bir abzas oxuyuram:
"Telefonum zəng çaldı. Sürücü Vəlinin olacağını düşünürdüm. Neçə axşamdır ki, zəng edir, guya özlüyündə informasiya alır. Benzin oğurlamaqdan ağlı da uçub.
O deyilmiş. Con Lennonun "Let it be" mahnısını eşidəndə anladım ki, bu çarpayıda xalatla uzanan, ərinin evdə yoxluğundan sevinən Senyoradır.
- Sintiya can verəndə pıçıldayıb ki, niyə Con ondan ayrılıb, Yokonun yanına getdi. O öz fəlsəfəsini yalnız yapon qızında tapa bilərdi...".
Və maraqla davam...
Əsərdəki hadisələrə yazıçının satirik rənglər əlavə etməsi onu daha oxunaqlı, maraqlı edir. Ciddi, gərgin bir durumda qəfildən satirik müqayisələr və bənzətmələrlə qarşılaşıb gülürük:
"Atamın mənə ithaf edib anama verdiyi məktubdakı bir cümlə indi yerinə düşürdü: "Oğlum, səni əsəbi vaxtımda əkdiyimə görə məni bağışla"...
"Tonqalın lap baş tərəfində oturan qoca kənardan baxan qadınlara da mamont tikələrindən atırdı ki, gecə mağarada deyinməsinlər".
"Qayaüstü rəssamın "İlk insan da bir zibil olmayıb", - deyə gülümsəməsini buludların arasına girəndə eşitdim".
Əsərdə Cem obrazı daha çox gülüş yaradır. Anna Axmatovanın dərdindən ağlaması, onunla bağlı söhbətləri, ümumiyyətlə, Senyora ilə münasibətləri, dialoqları oxucuda gülüş yaradır.
...Bugünkü söhbətimizdə Cem də iştirak edəcək. Cemmmm, yaxın gəl, otur bizimlə.
Cem uzandığı çarpayıdan səsləndi ki, "qoy, öz dərdimi çəkim".
Senyora dodağının altında deyindi:
- Səni Axmatova ilə bir qəbirdə basdırım. Gül kimi arvadı qalıb burda yana-yana, Axmatovanın sümüyündən əl çəkmir".
Satirik ruh əsər boyu lazımi məqamlarda hiss olunur. Doğrudur, bu gülüş acı gülüşdür, amma nəticədə əsərin səmimiliyinə, rəngarəng duyğu yaşantısına səbəb olur.
Əsər millilikdən daha çox, dünyəvi çalarları ilə seçilir həm də. Bu səbəbdən də istənilən xarici dilə tərcümə olunsa, istənilən millətə mənsub oxucu üçün "Çuğullar"ı oxumaq yenə də maraqlı olar. Əsərdəki obrazlar və situasiyalar dünya ədəbiyyatı, dünya tarixi, dünya mədəniyyəti ilə ilgili obrazlar, hadisələrlə müqayisə və bənzətmə fonunda bəşəriləşir. "Axşam işdən çıxanda yorğun yabı kimi yanpörtü addımlayırdım. Orta əsr qalasındakı hücrələrin oxçuları, qaynar su tökənləri qəmgincəsinə daxili şəhərə girməyimə baxıb üzlərini yana tutdular ki, rahatlıqla irəliləyim. Kiçik adamlarla jonqlyorluq edən Qulliver məni görüb kədərlə "Bizim zəmanədə çuğulları əncir kimi əzərdik" pıçıldadı... Ağ panamalı yumrusifət kişi zirehli "Kodillak"dan düşüb əvvəlcə damağındakı siqarı sıxdı, sonra üzümdəki nurdan rahatlandı, boynuma dirədiyi avtomatı yanına saldı.
- İndicə mənim yerimi Baqs Morana xəbərləyəni gəbərtdim.
- Alfonso, sənin dövründən yetmiş il sonra çuğulluq prestij sayıldı".
Bəzən bir film effekti hiss edirik bir çox epizodlarda. Gah fantastika filmini izləyəndəki kimi heyrət duyuruq, ya da orta əsr tarixi döyüş səhnələri müasir dövrdə bir idarə otağının divarları arasında canlandırılır. Yazıçı təxəyyülü ilə əsrdən-əsrə, zamandan-zamana, qitədən-qitəyə keçirik. Bütün bunların fonunda İnsanın mənəvi aləmi, psixoloji vəziyyətləri, əxlaqi dəyərləri öz keçmişi, bu günü və gələcəyi ilə birlikdə bir çox həqiqətləri oxucuya bəyan edir. Oxucu anlayır ki, insan dövrdən, məkandan, irqdən, milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, seçimləri ilə formalaşır. Tərcihləri ilə xarakterə: mənfiyə, ya da müsbətə çevrilir. "Avesta"dakı kimi Hörmüz və Əhriməndən bəri bədii ədəbiyyatda görünən xeyir və şər adlı iki qüvvənin mübarizəsini Azər Qismət davam etdiyini və insanlıq var olduğu müddətcə də davam edəcəyini "Çuğullar" müstəvisində növbəti dəfə anlatmış olur.
Bu roman əsasında film çəkilsəydi, çox maraqlı olardı. "Çuğullar" dünya ədəbiyyatı arenasına çıxarılmağa layiq əsərdir. Müasir nəsrimizin fərqli və dəyərli imzası olan Azər Qismətə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayaraq belə bir gözəl əsər yazıb oxuculara təqdim etdiyi üçün təşəkkür edirəm!
Oxuculara da sözüm var:
"Çuğullar"ı oxuyanlar çuğul olmazlar. İnanın!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!