Əfsanədən alternativ reallığa: Prometeyin yüksəlişi - "Bir gün bir kitab oxudum" - Cavid QƏDİR

 

İnsanın arzuları olmadan yaşaması çətin məsələdir. Ümumiyyətlə, insanı digər canlılardan ayıran ilkin faktor şüurdusa, ikinci nüans arzulamaq bacarığı, xəyal qurmaq imkanıdır. Bu arzular, xəyallar müxtəlif səpkidə ola bilir. Əlbəttə, ən gözəl arzular, ən gözəl xəyallar bəşəri olanlardır. İnsan təkcə özü yox, başqaları üçün də nəsə istəyəndə, nəsə arzulayanda daha bütöv, daha tam olur, daha da insanlaşır.

Ədəbiyyat özü də bir növ arzudur. Yazmaq həm də arzulamaq, öz arzularını utopiyadan gerçəkliyə çevirmək istəyi, öz həqiqətini yaratmaq xülyasıdır. Bir də sırf arzular, xülyalar, "kaş…" dediklərimiz üstündə qurulmuş kitablar var. Adəmin "Prometey əfsanəsi" kimi. Bu imza sizə çox da tanış gəlməyə bilər. Çünki müəllifin avtonimidir. İmzanın arxasındakı şəxs isə filoloq Nizami Hüseynovdur. Nizami Hüseynov daha çox metodik vəsaitlərin müəllifi kimi tanınsa da, bu, onun bədii yaradıcılığına mane ola bilməyib. "Milçək", "Qarışqa", "Kitabın fleksiyası", "Divin nağılı" kimi hekayələri ilə öz ədəbi perspektivini ortaya qoyan Nizaminin qələmindən daha da püxtələşmiş ədəbi mətnlər çıxacağı şübhə doğurmur.

Romanın təhlilinə keçməzdən əvvəl adını çəkdiyim hekayələrdən sonuncu ikisi barədə qısaca danışım.

"Kitabın fleksiyası"nı həm filoloji, həm də fəlsəfi hadisə adlandırmaq olar. "Fleksiya", "flektiv dillər" anlayışlarına göndərmə olan hekayə fəlsəfi mənada ədəbiyyatın, eləcə də insanın fleksiyaya uğramasından bəhs edir.

"Divin nağılı" hekayəsi isə "Cırtdan"ın dekonstruktiv variantıdır. Burada müəllif hadisələrə divin gözüylə baxır, alternativ variant şərh etməyə çalışır.

Hekayəni oxuduqdan sonra əslində, həyatın, seçimlərin təkcə ağ və qaradan, xeyir və şərdən ibarət olmadığını anlayırsan. Hər ağda bir az qara, hər qarada bir az ağ, hər xeyirdə bir az şər, hər şərdə bir az xeyir var - lap İn Yan fəlsəfəsində olduğu kimi.

"Prometey əfsanəsi" Nizami Hüseynovun çap olunan ilk irihəcmli əsəridir. Azərbaycan ədəbiyyatı ücün ilk sayılacaq unikal roman müəllifinin mütaliə bazasından, ədəbi hazırlığından xəbər verir. Bu eksperimental romanda pastişdən, paralelləşdirmələrdən, alternativ gerçəklik anlayışından geninə-boluna istifadə edilib.

Roman təpədən-dırnağa postmodern üslubda yazılıb. Strukturdan əlavə, bütün əlamətlər də bundan xəbər verir: pastiş, ehkamları sorğulama, xaos, xatirələr, fəlsəfə ilə ədəbiyyatın sintezi...

Əsərin bəzi hissələrində Azərbaycan ədəbiyyatının seçmə mətnlərindən olan Abdulla Şaiqin "Məktub yetişmədi", Yusif Vəzir Çəmənzəminlinin "Bir qəpik", Cəlil Məmmədquluzadənin "Saqqallı uşaq" hekayələrindən istifadə edilib və bu hekayələr pastiş vasitəsilə əsərin, qəhrəmanların həyatının bir hissəsinə çevrilib.

Əvvəlcədən onu deyim ki, müəllif həm də romanın qəhrəmanı kimi çıxış edir. Bir növ başına gələnləri danışır, eyni zamanda əsərin digər qəhrəmanlarının yaşantılarını gözümüz önünə sərir.

Əsər ümumilikdə iki zamanda cərəyan edir. Birinci zaman daha real görünür. Günümüzdə baş verir, gerçəkliklə səsləşir, süjet bir yeniyetmənin başına gələnlər, onun həyatı, karyerası, işi, gələcəyi, araşdırmaları üzərinə fokuslanır. İkinci zaman isə tarixə, Azərbaycanın bir dövlət, bir coğrafi ərazi vahidi kimi formalaşmasında əhəmiyyət daşıyan hadisələrə yönəlir. Bu zaman dilimi də özlüyündə iki alt zamana ayrılır; yaşanmış və müəllif-qəhrəmanın yaşanmasını arzuladığı gerçəklik. Elə buna görə də romanda iki baş qəhrəman var: romanı qələmə alan və xatirələri danışan qəhrəman. Xatirələrini digər baş qəhrəmanla bölüşən baş qəhrəmanın Adı Azərdi. Həyatı başdan-başa faciə, əzab, keşməkeş, itki və ağrılarla doludur - Azərbaycanın tarixi kimi. Azər elə Azərbaycandır. Azərbaycanın insanlaşmış, obrazlaşmış ruhudur. Azərin həyatını oxuduqca həm də tarix dərsi alacaq, yaşadığımız faciələr, uğradığımız xəyanətlərdən yenidən dərs çıxaracaqsınız. 

Ümumi konseptdən yanaşanda roman Azərbaycan tarixinə birbaşa və alternativ baxışdır. Məsələn, 31 Mart soyqırımı, əslində, baş verməmiş olsaydı, yaxud Azərbaycan Xalq Cümhuriyyəti qurulmasaydı, tarix necə təkərrür edərdi sualına cavab axtarılır, müəllif tərəfindən paralel gerçəklik şəklində oxucuya göstərilir.

"Prometey əfsanəsi"ndə tarix kitablarından, arxiv materiallarından, eləcə də digər mənbələrdən tanıdığımız cümhuriyyət qurucularımızı görür, onların bir ölkə, bir xalq uğrunda canlarını necə fəda etdiklərinin şahidi oluruq.

Bundan başqa, SSRİ adlı xərçəngin necə ölkəmizə metastaz verdiyini, xalqın, xalq cümhuriyyətinin birgə, əl-ələ verib qurduğu demokratiyanı necə boğduğunu təsirli boyalarla göz önünə sərən yazıçı, eyni zamanda qırmızı inqilabın qanlı terror tərəfini - işıqlı, ziyalı, əyilməzlər ordusunu necə qanda boğduğunu, necə ölüm düşərgələrində, sürgünlərdə məhv etdiyini qələmə alır.

Nizami Hüseynov öz romanında Azərbaycan haqqında arzularını, ölkəsini necə görmək istədiyini diktə edir, vətəninin öz xain qonşuları, düşmənləri tərəfindən xəyanətə uğramasa, xəbis planların hədəfinə düşməsə, hansı zirvələri fəth edəcəyindən danışır.

Müəllif "Prometey əfsanəsi"ni "kaş" romanı" adlandırır: "Hər kəsin "kaş ki"ləri olur. Kimidə az, kimidə bütün həyatı boyu. "Prometey əfsanəsi" bir "kaş" romanıdır - arzuların çin olmadığı, bir mühitin alovunun necə söndürüldüyünü ifadə edən roman".

Əsərin digər maraqlı tərəfi fəsil başlıqlarıdı. Sözügedən hissələri ardıcıl şəkildə oxuyanda maraqlı bir mənzərə canlanır: "Prometey" əfsanəsi. Əlbəttə, qısa şəkildə.

Bu ədəbi "priyom"u yozmazdan əvvəl onu xatırladaq ki, yunan mifologiyasına əsasən odu allahlardan oğurlayıb insanlara bəxş edən, onları zülmətdən, zillətdən qurtaran yarımallah Prometey baş allah Zevsin əmrilə cəzalandırılır və əbədi olaraq Qafqaz dağlarına zəncirlənir... Sizə də cümhuriyyəti quraraq bizə odu - azadlığı bəxş edən fədailər və onları əbədi zillətə qərq edən rus hegemonluğu, ciyərlərini parçalayan qanlı caynaqları xatırlatmır?

Kitabda həm də müəllifə birbaşa göndərmə var. Düzdür, əsər elə müəllifin xatirələri şəklində qələmə alınıb, amma nəzərdə tutduğum göndərmədən xalidir. Romanın üz qabığında Seyid Əzim Şirvanidən bircə misra verilib:

Nə deyim Adəmə ki, gətdi bu dünyaya məni.

Məncə, bu misra həm də əsərin, yaxud romandakı qəhrəmanların öz müəllifinə, yazıçıya, bir qədər geniş anlamda düşünsək, xalqımızın faciələrdən, düşmənlərdən bol qismətə etirazıdır.

Fikrimcə, "Prometey əfsanəsi"nin Nizami Hüseynovun ilk irihəcmli qələm təcrübəsi olduğunu nəzərə almaqla bütün ədəbi kriteriyalara cavab verir. Bundan başqa, romanı Azərbaycan ədəbiyyatındakı ciddi bir boşluğa - mifoloji yanaşmaya tuşlanmış barmaq hesab etmək olar. Bu boşluqdan təxminən 5000-5500 illik mifoloji kult "Prometey əfsanəsi" yüksəlir. Qədəmi qayım olsun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!