Romantizmin ifrat emosionallığını və xəyalpərəstliyini həyatın canlı, bəzəksiz təsvirləri ilə əvəzləyən realizm ədəbi cərəyan kimi Azərbaycan ədəbiyyatında da XIX əsrdən başlayaraq özünü göstərdi. Öz həyatiliyi ilə realizm əsasən bədii nəsri və dramaturgiyanı ağuşuna alsa da, onun forma və məzmun təzahürləri və inikas qanunları poeziyadan da yan keçmədi. Vaqif, Vidadi, Seyid Əzim Şirvani, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir və başqaları XIX əsr və ondan əvvəlki dövr Azərbaycan poeziyasında bu janrın imkanlarından bəhrələnərək milli quruluşumuzun bir sıra mənfi xüsusiyyətlərini tənqid atəşinə tutdular.
Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm, özgə babət görmədim. (M.P.Vaqif)
Bu misralar hələ realizmin əsas konsepsiyası açıqlanmamış, sanki həyatın sərt diktəsilə başıbəlalı Qarabağımızda yazılmışdı. Daha sonra realizm lirik poeziyaya da öz qanunlarını diktə etməyə başladı. Bir neçə istisnalar olmaqla, Azərbaycan sovet poeziyası büsbütün realizm janrının məhsulu sayıla bilər. XIX əsr tənqidi realizmi dünya ədəbiyyatının qızıl fonduna böyük şedevrlər bəxş etdi.
Keçən əsrin ortalarından başlayan və sonunadək davam edən dövrü Azərbaycan poeziyasında realizm poeziyasının pik dövrü adlandırmaq olar. Realistik poeziyanın böyük bir hissəsini “sənət həyat üçündür prinsipi”nə söykənən şeir nümunələri təşkil edir. Həmin dövr Azərbaycan poeziyasının sovet ədəbi mühiti ilə həm mövzu, həm üslub, həm də ideoloji səciyyə baxımından oxşar akkordlar vurduğunu demək yanlışlıq olmaz.
Adətən deyirlər ki, ədəbiyyata hər gələn nəsil yeni ab-hava gətirir. Mən deyərdim ki, hər müəllif özü ilə yeni hava, yeni üslub, yeni fikirlər gətirir.
Yusif Nəğməkar da belə şairlərdəndir. Hələ poeziya aləminə yeni gəldiyi vaxtlarda ustadı saydığı Bəxtiyar Vahabzadə onun haqqında dediyi fikirlərdə haqlı idi: “...ədəbiyyatımızın gələcəyindən narahat deyiləm. Bizdən sonra ədəbiyyata gələnlər içərisində seçilən gənclərimiz çoxdur. Onlardan biri də Yusif Nəğməkardır”.
Yusif Nəğməkar bu inamı doğrultdu və ustadının izi ilə gedərək bütün yaradıcılığında özünəməxsusluqla milliliyi qorudu:
İki nizəm, iki oxum,
iki xəncərim, iki bıçağım –
Qıpçağım.
Ötən sözüm, dünənki danüzüm,
Uca başım,
Ağ üzüm –
Oğuzum.
... Qıpçağımla Oğuzum –
iki kökün böyük biri...
Bu da olsun
Şeirimin ilk şeiri...
– dedi və yoluna şəxsi maraqlarına xidmətdən uzaq, milli-mənəvi dəyərlərin qorunmasına, xalqın bütövlüyünə, Azərbaycan milli mədəniyyətinin inkişafı və güclənməsi naminə davam etdi. O öz əsərlərinin ekspressivliyi, yığcamlığı və dərin məna tutumu ilə bir daha sübut etdi ki, poeziya həyatdan daha çox, hissin xülasəsidir.
Sözə ilk olaraq ədəbi cərəyanlardan başlamağım təsadüfi deyildi. Ədəbi cərəyanlar bəzən ədəbiyyatda yeni bədii metodun, yeni ədəbi üslubun yaranmasına səbəb olur. Bu yeni üslub Yusif Nəğməkarın şeirlərində açıq şəkildə görünür.
Akademik Nizami Cəfərova həsr etdiyi, heca üslubunda, vəznin qorunması ilə başlayan "Nizami demiş" lirik poemanın davamında başqa, şeirin formaca yeni ideya estetikasını dəyişən bir üslubla qarşılaşırıq.
Belə də deyəsən, bir qədər
ənənəvi formadan çıxdım,
bu dəfə,
bu səhifə,
bu töhfə...
O ağbirçək yaddaşın qəlbigeniş,
saçları dən-dən..
Qoy yol – sətir ucası -
Şeirimizin hecası inciməsin məndən.
Bu ara, bu sıra
sərbəstə keçməyim
uzun qaçış arası
bir hovur nəfəs dərməyimdir;
yəni ki, daş binanın arakəsmələrinə
kərpic hörməyimdir.
Ya ünvanı bəlli mənzil yolun
damarını qırmaqdır,
Ya fikirlər xalısının ərişinə
təzə ilmə vurmaqdır.
Sərbəst və nağılvarı bir fonla davam edən əsər lirik növün daha böyük formalarına qədərki epik növə keçərək, sərbəst vəznə uyğunlaşdırmışdır ki, bu da musiqililiyin, ritmik imkanların genişliyi ilə fərqlənən formadır. Bu forma müasir ədəbiyyatda ənənə halını almasa da, şifahi xalq ədəbiyyatından oxuculara tanışdır.
Belə vəzndə yazılan şeirlər vurğulu hecalar üzərində qurulur. Təqdim etdiyimiz nümunədə də söz və ifadələr hecaların tərtibatına, onların yerini elastik şəkildə dəyişmək imkanına uyğun seçilib. İxtisarla və avazla oxunanda şeirin daxili ahəngi, vəznin özünəməxsusluğu asan duyulur, təsir dərinləşir.
Lirika var ki, bəlli bir hadisədən danışır, lirika da var ki, hadisənin yaranmasını nəql edir. Bu əsər içində müəllifin həm də özünü təqdimatıdır. Bu sanki kollektiv lirikaya – xora oxşayır, necə ki, xorda kollektiv ifaçılardan birinin (və ya bir neçəsinin) kollektivdən ayrılıb fərdi bir sözü və ya səsi ifa etməsi kimi, fərdi, ritmik özünüifadə, özünüvaretmə formasıdır. Bu, xora həm forma verir, həm fərqlilik gətirir. Nümunədəki mətn də ritmindən ayrılan lirikadır, nəğmədir. Şair burada bədii dilin xüsusiyyətlərini əsas götürərək vəzni qısa və uzun hecaların tənasübü üzərində qurmuşdur ki, bu da onun zəngin sənətkarlıq texnologiyasının təzahürü kimi qiymətləndirilməlidir.
Əsərin bu bölümündə diqqətə çarpan digər məsələ isə müəllifin eyni zamanda tənqidçi kimi çıxış etməsidir.
Epik və lirik poemanın tarixində və təcrübəsində Həsənoğludan üzübəri, N.Gəncəvi, M.Füzuli, Ş.İ.Xətai, M.Hadi, H.Cavid, S.Vurğun, B.Vahabzadə və b. əsərlərində belə bir ənənəvi üslub vardır ki, müəllif yazdığı fikrə niyə gəldiyini əsərin özündə açıqlayır, yəni əsərin içərisində əsəri bir növ təhlil edir – müəllif həm də tənqidçi rolunda çıxış edir. Yusif Nəğməkarın "Nizami demiş" poemasında yeni bir ədəbi üsluba rast gəlinir ki, müəllif bu üslubun izahını verir, niyə hecadan sərbəst vəznə keçdiyini elə əsərin içərisində izah edir. Klassik şairlərdə əsərin içərisində gəlinən fikrin izahı verilirdisə, Y.Nəğməkarda üslubun izahı verilir – bu, ayrıcalıqdır.
Qeyd: Yenilik kitabın forma və quruluşunda da özünü göstərir. Həm ölçü, həm dizayn, həm də əsərin səhifələrə yerləşdirilməsi baxımından yeniliklər diqqəti cəlb edir. Belə ki, kitabın qoşa səhifələrinin birində müəllifin poeması ardıcıllıqla, digərində N.Cəfərovun elmi nəzəriyyələrindən, Azərbaycan tarixi, fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı haqqında və bu sahələrdə iz qoyan görkəmli simalar haqqında fikirlərindən seçmələr verilib. Silsilə olaraq bir-birini əvəzləyən mətnlərdə bədii və elmi təfəkkürünün paralel, eyni zamanda çarpazlaşan xətləri aydın sezilir. Bu üslub böyük türkoloq alim və ictimai-siyasi xadim Nizami Cəfərovun həm insan kimi xarakterini, həm də onun zəngin fikir dünyasını müasir oxucuya çatdırmaq baxımından özünü doğruldur. N.Cəfərov bir şəxsiyyət olaraq sağlığında poeziyamızın diqqətini çəkən həqiqətən nadir alimlərimizdən biridir. Onun bir millət vəkili, Bakıda Atatürk Mərkəzinin sədri kimi gördüyü çox dəyərli işlər türk dünyasının birliyinə, dünya türklərinin mədəniyyətinin tanıdılmasına əvəzsiz xidmətdir. Bu baxımdan şairin mövzu seçimi də, bütün parametrlər üzrə özünü doğruldur.
Əsərin davamında öz ritmindən ayrılan “nəğmə” ritminə dönür və mətndə lirika ilə məntiqin birgəliyi xüsusi zövq verir.
...Hər kəsdən hər şeyi sormaq gülüncdür,
Demirəm qurunu sən yaşa söylə.
Qınından sıyrılan söz də qılıncdır,
Dərdi də dərd qanan sirdaşa söylə.
Məqamdır, üzümü tuturam sənə,
Qəbzəli xəncərin tiyəsi hanı?
Uca dağ qocalır hey sinə-sinə...
Bəs qoca dünyanın yiyəsi hanı?!
- deyən şair alimin bu sualların cavabını verəcəyinə inanır və yaxud buna borclu olduğunu ona çatdırmaq istəyir.
"Nizami demiş" poemasında görkəmli akademik Nizami Cəfərovun simasında Azərbaycan aliminin ümumiləşdirilmiş obrazı var və şair bu obrazda alimi yetişdirən müəllimləri də öz müsbət keyfiyyətləri ilə təqdim edir.
Alçaq qaldırsa da, çox uca tutmaz,
Ucalıq yolunu bilən adamı.
Kölgədən qaçsa da, kölgədə qalmaz,
Əqidə sahibi, qələm adamı.
Şair eyni zamanda alim adına layiq olmayanları da diqqətdən kənarda saxlamır və onları da, necə deyərlər, əməlli-başlı "mükafatlandırır".
Adaməvəzlərə "əvəzsiz" dedik,
Hanı əvəzliklər – yeganəliklər?!
Hərənin əlində bir susqun düdük,
Bürüyüb ətrafı biganəliklər...
Alimi zirvələrsayaq bilirəm.
Bildiyim bilgidən aləm halıdır.
Alimi aləmə dayaq bilirəm,
Alim cəmiyyətin pyedestalıdır.
Burada müəllif alimin ən böyük dəyərini verməklə, həm də ona məsuliyyətlərini bircə sözlə xatırladır. Eyni zamanda şeirə gətirilməsi nə qədər çətin olan bu sözü (pyedestal) elə ustalıqla ölçüyə sığdırır ki, oxucu bu sözün ağırlığını, qəlizliyini hiss etmir və misranın ahəngində asanlıqla oxuya və səsləndirə bilir.
Qatqıdan qorunub özünü gözlər,
Bu saf mayamızla təmiz dölümüz.
Meydan sulayanda qurama sözlər,
Ana deyib ağlar Ana dilimiz.
Reklamlar bərq vurur, işığı gözəl,
İşığın altında yazısı özgə.
Parkda bizimsə də zəncir dartan əl,
Zəncir boğazında tazısı özgə...
Bu bəndlər oxucuya Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini xatırladır. Demək ki, müəllif yaradıcılığında da müəlliminə sadiq qalaraq, sanki onun yolunu davam etdirir.
Şairin soy-kökünə, xalqına bağlılığının, dövlətinə sədaqətinin, vətənə məhəbbətinin ölçüsü ikicə misrasından bəlli olur: “Qürbətin şirini zəhərdən betər, Yurdun acısı da şəkər kimidir”.
Qeyd edək ki, ədəbiyyat tarixində vətənpərvərlik mövzusu daim aktual olub. Bütün şairlərin poeziyasında vətən mövzusu bu və ya digər şəkildə özünü göstərib. Müasir Azərbaycan ədəbiyyatında da vətən mövzusu son illər ən çox işlənən mövzudur. Lakin yaradıcılığında şəxsiyyəti, şəxsiyyətində yaradıcılığı görünən şairlər çox deyil. Bəllidir ki, poeziyanın vətənpərvərlik hisslərinin yüksəldilməsinə təsiri olduqca yüksəkdir. Bu hissləri ötürə bilmənin əsas yolu onu daha güclü yaşamaqdan keçir. Ana dilinə məhəbbət, dünyəvilik, humanistlik, türkçülük, milli şüura, milli kökə bağlılıq ideyaları Yusif Nəğməkarın yaradıcılığında olduğu kimi, əməllərində də özünü göstərir. Bu böyük milli ideyaları məsləkində, ictimai həyatında tətbiq etmək, yarım əsrə yaxın bir müddətlik yaradıcılığında yeni forma və yeni məzmunla ifadə etmək, özünün də qeyd etdiyi kimi, elə də asan deyil.
Elə də asan deyilmiş
nəfs atının ağzına cilov keçirib
ayağına üzəngi tapmaq...
Elə də asan deyilmiş
ucalıb alçaqlara dərd olmaq.
Elə də asan deyilmiş
bu namərd dünyada
mərd olmaq...
Və ya: “Onu çəkdikləri min yerə çəkir” – deyir şair. Həyatın çətinliklərinin ən dolğun poetik ifadəsidir, məncə, bu misra.
Bəli, “Əyri zaman içindən düz çıxmaq çətin işdir”. (A.N.)
Şairin bu poetik nümunəsində özünə inamı da kifayət qədər aydın görünür. Yaşadığı zamanın ağırlığının, insanların üzərinə çökmüş yükün fərqində olsa da, öz kökündəki gücdən güc alaraq o yükü çəkib aparmağın qürurunu yaşadığını oxucuya incə bir cizgi ilə çatdırır.
Müasir dövrdə metaforalardan bol-bol istifadə edilən və təkcə duyğu ilə deyil, həm də düşüncə ilə qidalanan belə şeirlərin daha çox qəbul edildiyi, daha çox oxucu kütləsi qazandığını desək, yanılmarıq.
Ümumiyyətlə, poema şeirin avanqard üslubudur ki, öz epoxasının zövqünü qabaqlayan şairlər bütün dövrlərdə bu üsluba müraciət ediblər. Çünki poemanın imkanları olduqca genişdir. Yusif Nəğməkar da bu imkandan peşəkarlıqla istifadə edərək, sırf yazılan mövzu ilə kifayətlənməyib, hadisələrin axarında həm tarixə və tarixi şəxsiyyətlərə müraciət edir, həm də zamanın ictimai-siyasi hadisələrini, sosial problemlərini bədii lövhələrlə diqqətə çatdırır.
Bəndlər arasında dolaşarkən “Ədəbiyyat”, “525-ci qəzet”lə rastlaşırıq, Sokratın, Aristotelin, Hippokratın, Krımskinin yolundan ötüb, Bilgə Tonyukukun izindən adlayıb, Nizami Gəncəvinin söz xəzinəsinə baş çəkib, Mehdi Hüseynin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin xeyir-duası ilə yola davam edirik. Tarixi şəxsiyyətlərin hər birinin adlarının çəkildiyi misralar olduqca spesifikdir. Şair öz qəhrəmanını şəxsiyyət olaraq belə təsvir edir:
Məğrur görkəm verir ona,
Fərəhdən dolan gözləri.
Üzeyirin musiqisi,
Əhməd Cavadın sözləri.
Oxucu isə bu təsvirdə Azərbaycan himninin sədalarını duyur, məğrur dayanan o qəhrəmanın varlığında vətəni, bayrağı görür.
İkinci məqamda müəllif qəhrəmanını alim olaraq təqdim edir: “Əlacım olsaydı, onun adına “Fikir sərkərdəsi” təyin edərdim”.
Müəllif əsərdə xalq ruhunun bədii ifadəsini qorumaqla, Nizami Cəfərov kimi görkəmli alimin, böyük şəxsiyyətin həyat salnaməsini yaratmışdır.
Kitabın özünəməxsus kinematoqrafiyası var. Poemadan sənədli filmə qədər uzanan incə bir xətt diqqət çəkir. Oxucuları bu filmə dəvət edən səs duyulur...
Azərbaycan dilçilik elminin inkişafında əhəmiyyətli rolu olan N.Cəfərova həsr olunmuş bu əsərdə Yusif Nəğməkarın da bir filoloq olaraq Azərbaycan dilinə qazandırdığı yeni söz və ifadələr nəzərə çarpır. “Boynuqısıq dünya”, “adaməvəzlər”, “şahilik”, “ünyönü”, “ön ün”, “son ün” və s. Ana dilimizin sərhədlərinin genişlənməsi baxımından şairin bu xidməti də diqqətəlayiqdir.
Əsər boyunca müəllifin alimin ardınca addım-addım getməsini, elm dünyasına – ədəbi dünyanın yaranış nöqtəsinə girişini izləyirik, o aləmə açılan qapının səsini duyuruq.
Zəkanın işığı – çıraq yanması,
Düşüncə buludun sis anasıdır.
Yazı – iç aləmin aşkarlanması,
Nitq – lal düşüncənin səs aynasıdır.
Alimin izi ilə gedən elm aləminə çatar, – fikrilə, ağılla hissin, zəka ilə duyğunun - şairlə alimin bir yerdə birləşdiyinin şahidi oluruq.
Həyatda bəzən bizi düşündürən suallar olur ki, uzun müddət aydınlaşdırmaqda çətinlik çəkirik. Etiraf edim ki, Yusif Nəğməkarın "Nizami demiş" kitabını oxuyarkən özlüyümdə məni düşündürən suallardan birinə cavab tapdım. Öyrəndim ki, informasiyanı hansı formada daha yaxşı qəbul etmək olar. Elmi, ədəbi nəzəriyyələrlə poeziyanın eyni vaxtda (ardıcıllıqla) oxunması öyrənmənin ən yaxşı üsuludur. Müasir elmi nəzəriyyənin bədii-poetik misraların əlvanlığı ilə birləşməsində həm öyrənmə tezliyi var, həm də xoş ovqat yaradır.
*Bu yazını yazmağa başlayanda Yusif Nəğməkarın bir neçə kitabını oxumuşdum və ümumi yaradıcılığı haqqında yazmağı düşünürdüm. Yazının sonlarına yaxın fərqinə vardım ki, gətirdiyim nümunələr hələlik ancaq bir kitabı üzərindən olub. Yazılı nitqin də dioloji olduğunu nəzərə alaraq oxucuları yormamaq üçün hələlik bu qədərilə kifayətləndim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!