Vaqif YUSİFLİ
Onu otuz ildən çoxdur tanıyıram. Hələ üzünü görməmişdən onun hansı qəzetdəsə dərc olunan "Alma ağacı" şeirini oxumuşdum. Bu şeirdə Musa Urud "boşluğa atılmış güllə səsi kimi" dərdini alma ağacına söyləyirdi. Füzulinin bir misrasını xatırlayıram: "Qəm budur ki, var yüz min qəm, bir qəmxar yox". Musa da məmləkətin, yurd-yuvasından qaçqın düşən soydaşlarımızın, o zaman işğal olunan torpaqlarımızın dərdini çəkənlərdən biri və bütün bu bəlaların kökünə, mahiyyətinə varmaq istəyirdi. "Qəmxar" alma ağacıydı:
Ömür sürdük, adımızı bilmədik,
Torpaq əkdik, dadın-duzun bilmədik.
Dilimizə öz dilimiz deməyə,
Özgələrdən izn, rüsxət istədik,
Nə qədər ki, öz-özünə qənimik,
Nə qədər ki ata-ana qəmiyik,
"Qardaş" - deyib göndəririk qabağa
"Vur" - deyirik, arxasınca gəlmirik.
Nə qədər ki, arxamızdan qaçan var,
Nə qədər ki, içimizdən satan var
Qaytar məni gətirdiyin dünyaya
Sənə deyim dərdimi, alma ağacı.
Doxsanıncı illərdə Musa Urud "Bu dəstə hara gedir" poemasını yazdı. 1988-ci ildə, dekabr ayının 2-də erməni zülmündən baş götürüb qaçan 107 nəfər azərbaycanlı Zəngəzur silsiləsini aşaraq Şahbuza gəlir. Yarımcan halda xəstəxanaya köçürülən, taleyinə didərginlik yazılmış bu zavallı insanlar qədim türk torpağı olan Zəngəzurda yaşayan sonuncu soydaşlarımız idilər. Musanın poemasında o dərdli insanların taleyindən söz açılırdı.
Gözləri əllərində,
Ayrılıb ellərindən
Atkeçməz yollarından
Bu dəstə hara gedir?
İti zəncirdə qalmış,
Kütü təndirdə qalmış,
Başı kəndirdə qalmış
Bu dəstə hara gedir?
Düşüb bu dağlara ki,
Öz qara taleyini
kəfənə büksün deyə
Bu dəstə hara gedir?
Musa Urud o illərdə ağrıdan, dərddən yazırdı və bu ağrını, dərdi az qala ucuzlaşdıran bəzi şairlərdən fərqli olaraq dərdin poeziyasını yaradırdı. Daha doğrusu, dərdin poeziyasını poeziyanın dərdinə çevirirdi. O deyəndə ki, "Yarı Urud, yarı Musa, ölü də mən, diri də mən". Bu iki misrada Zəngəzurda qoyub gəldiyi Urud kəndi (yeri gəlmişkən deyim ki, Musa o kənd haqqında böyük bir kitab yazıb) ilə öz taleyi arasında bir bənzəyiş görürdü.
Amma mən Musa Urudu sizlərə dərdli şair kimi tanıtmaq istəməzdim. "Şair olan qəm də yeyir" - deyib böyük Səməd Vurğun. Dərd də, qəm də, kədər də şairləri ömrü boyu tərk etmir. Amma bu dünyanın şairə bəxş elədiyi gözəlliklər də var. Musa Urudun şeirlərində bu gözəlliklər təbiət, sevgi və Urud obrazlarında təcəssüm edir. Baxın:
Alma çiçəklədi, nar çiçəklədi
Laçının qaşında qar çiçəklədi.
Tumurcuq qızlardan yar çiçəklədi,
İlahi, nə gözəl başlayıb bu yaz.
Torpaq ətirlənib sinəsin açır,
Qızılgül xəlvəti qönçəsin açır.
Bir qızın hər gecə yuxusu qaçır,
İlahi, nə gözəl başlayıb bu yaz.
Musa Urud sual verir: "Şeir nədir? Şeir həyatdır. Bəs həyat nədir? - Bilmirəm. Bəs onda niyə yazırsan? Bəs onda niyə yaşayırsan? Nə bilim? Bir də ki, niyə yazdığımı, niyə yaşadığımı bilsəydim, Allah olardım! Bildiyim odur ki, şeir taledir, qəza-qədərdir. Şairlik qismətdir".
Musa da öz taleyini şeirdə yaşadan şairlərdəndir. Ustadı Məmməd Araz kimi. ...Yazır ki: "Poeziyada öz yolumu tapmaqda Bakıda mənə böyük şairimiz Məmməd Araz, Gəncədə isə tanınmış yazıçı Qərib Mehdi yardımçı olmuşlar".
Poeziyamızda Məmməd Araz yolu şahrah deyil, o elə bir şair idi ki, onu təkrar eləmək və ikinci Məmməd Araz olmaq mümkün deyildi. Amma M.Arazdan öyrənmək, onun poetik ustalığından bəhrələnmək olar və M.Urudun "Minacat" şeiri M.Araz poetik ruhunu yaşatmaq mənasında diqqət çəkir:
Gəl məni bir quşa döndər, İlahi!
Bir böcəyə döndər, bir qurda döndər.
İlahi, sən məni o yurda döndər.
İlahi, sən məni Uruda döndər!
Musa Urud qoşma, gəraylı şairi kimi daha xoş təsir bağışlayır. Bu gün - bu formalarda yazanlar hesaba gəlməz. Gərək bu çoxunun içində Vaqif zərgərliyi, Ələsgər incəliyi, Dədə Şəmşir zərifliyi ilə seçiləsən. Onun bir çox qoşma və gəraylıları məhz ustadların ənənələrini yaşadır. Ancaq bu qoşmalarda müasir bədii təfəkkürün işığı var:
Suyun kəsik, dəyirmanın sovulmuş,
Bizdən daha biz olarmı, sağ olmuş?!
Yaddaşının göylərinə dağılmış
Xatirəni gözünə yığ, qayıtma!
Ömrü qönçə gül elədim, almadın,
Yol elədim, sən yolçusu olmadın,
Bulaq, - dedim, bir içim su olmadın,
Cığır yuyan sel olub ax, qayıtma!
Gözlərimi quru yumdum, yaş açdım,
Fəsil özgə, ağac həmin ağacdı.
Nə fərqi var, çiçək açdı, daş açdı
Qayıtmır ki, düşən yarpaq, qayıtma!
Musa Urudu bir şair kimi səciyyələndirən bir cəhəti mütləq nəzərə çarpdıraq: O, dilimizin əsl şeir dili olduğunu ("Bu gözəl dilini yaratmış güman, İlahi damağı çağ olan zaman" - Əli Kərim) sübut edən şairlərdəndir. Şeir dili musiqiyə, nəğməyə, ritmə, intonasiyaya uyarlığı ilə seçilməlidir. Amma bu azdır, şeirdə xalq ruhu, xalqdan gələn yaşantılar da əks olunmalıdır:
Ağbabanın ağ nanağı,
Ağrı çəkir Ağrı dağı.
Dağ-daş tutmaz, qəvvas çağır
Dəryaya yaza dərdimi.
Musa Urud haqqında - onun altmış illiyində şairliyindən söz açdım. Amma həkim Musa Quliyev müstəqil Azərbaycan Respublikasının ən fəal vətəndaşlarından biridir. O, ulu öndər Heydər Əliyevin ideallarına, daxili və xarici siyasətinə, böyük quruculuq konsepsiyasına sadiqliyini dönə-dönə sübut edib. Yeni Azərbaycan Partiyasının sıralarında və Milli Məclisdəki deputatlıq fəaliyyətində Musa Quliyev mandatını əməli işində həyata keçirir. Ona bu əməl yolunda uğurlar arzulayaq!
P.S. Musa Urud Birinci Qarabağ müharibəsinin ilk şəhid şairi Nizami Aydının şeirlərini toplayıb "Son dua" adında bir kitab nəşr etdirib. Dosti idi o şəhid şair... "Yazıq Sənə, Musa Urud, Nizami Aydına, heyif!". Nizami Aydını bir şair kimi mənə sevdirən də Musa Urud oldu...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!