Qeybin diktəsi ilə yazan alim - Sədaqət ƏSGƏROVA

 

Sədaqət ƏSGƏROVA

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Şərq peripatetizminin nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi və İbn Sinanın şagirdi olan Əbülhəsən Bəhmənyar "Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin" deyirdi. Bu gün haqqında fikir yürüdəcəyimiz, qeybin diktəsi ilə yazan alimin şəxsiyyəti və yaradıcılığı da belədir.

Elmi və bədii yaradıcılığını çoxdan izləyib, maariflənsəm də, görkəmli ədəbiyyatşünas və semiotik Yuri Lotmanın tələbəsi olmuş, tənqidçi, esseist, filologiya elmləri doktoru, professor Rüstəm Kamal şəxsiyyəti ilə şəxsən tanışlığım 2006-cı ilə təsadüf etdi. Tale elə gətirdi ki, Bakı Slavyan Universitetində bu alim ilə bir kafedrada çiyin-çiyinə çalışmalı olduq. Ədəbi prosesin müxtəlif illərini əhatə edən mövzuların süjet xəttindən tutmuş, sözün bədii siqlətinin səviyyəsinə qədər  dəfələrlə elmi söhbətlərimiz oldu. Hər söhbətindən sonra aydın olur ki, bugünkü dünyamızın pozulan sükutunda "ruhumuzun bərpası ədəbiyyatdan keçir" deyən Rüstəm Kamal sanki qeybin diktəsi ilə yazır. O, "insan dünyaya mənaları oxumaq üçün gəlir. Kamil insan mənanın earxiyasını bilir" deyir. Rüstəm Kamal bütün yaradıcılığı boyu mənanı yalnız bu gündə axtarmır, retrospektiv məqamlar onun qələminə daha çox hakim kəsilir. Bu günlə keçmişə qayıdış ("Yurd yerinin əlifbası silsiləsindən "Sandıq", "Atam Alıdan qalan cığır" və s.) arasında bir paralelizm yaradır. Keçmişə köklənən yaddaşda dəyər var, keçmişdən öyüd alıb  bu gün onu yaşadanın gələcək üzərində böyük izləri var və bu dəyərin, bu izlərin dəfələrlə Rüstəm Kamal söhbətlərində şahidi oluruq. "Sandıq" essesi yazılmamışdan qabaq bir neçə dəfə Rüstəm müəllim babası Həmid obrazını canlı söhbətlərində xatırladıb. Maraqlı budur ki, "Sandıq"da  özünə yer almayan (yalnız, "rəhmətliyin oğlu, şikəst ayağın bunun sübutu deyilmi?" cümləsi istisna olmaqla) və canlı söhbətindən şahidi olduğum bir məqam gözümdən yayınmır. Pofessor hər zaman babasını belə xatırlayır: "Babam şikəst idi, ayağını itirmişdi və bilirdi ki, o ayağa çarıq lazım deyil. Lakin buna baxmayaraq olmayan ayağının da divardan asılmış, çarığını yatanda çarpayısının yanında o birisi olan ayağının çarığı ilə gətirib qoyardı. Sanki səhər hər iki ayağı varmış kimi çarığı ayaqlarına geyinəcəkmiş". Əslində, alimin özündə olan bu retrospektiv məqamların yaşaması, görünür, genetik kod kimi tale yoluna cızılmışdır. Burada Rüstəm Kamalın babasını məhz bu epizodla xatırlaması, onun babası Həmid kişinin də keçmişə bağlılığını sərgiləyir və o bağlılıq ki, müharibədə itirilmiş, şikəst qalmış, olmayan ayaq nəsillər arasında genetik kodu əlaqələndirməklə bərabər, keçmiş nəsillərimizdən süzülüb gələn  dəyərlərin ənənə halını alaraq stereotipləşməsindən xəbər verir. "Azərbaycan tarixi Azərbaycan ailələrinin içindən keçir" deyən, Rüstəm Kamalın yaradıcılığında belə keçmişlə söhbətləri və əlaqələri demək ki, onun ailə dəyərlərindən qaynaqlanır. Nəslin belə güzgüsünə çevrilə bilir. (Güzgü özü onun yazılarına hakim kəsillən bir əşyadır). Necə ki, "Ədəbiyyat qəzeti"ndə  müəllif özü "Ailə albomu" adlı yazısında  qeyd edir. "Ailə şəkillərində iki yaddaş forması kəsişir, yəni həm maddi mədəniyyət ünsürüdür, həm də mədəni yaddaşın bir hissəsidir". Rüstəm Kamal olduqca sivil və müasir dünyagörüşlü, eyni zamanda dünya ədəbiyyatı nümunələrinə çox bağlı insandır. Lakin dədə-babalarımızdan gələn ənənələr, dəyərlər Rüstəm müəllimin nəinki yaradıcılığına hakim kəsilmişdir, eyni zamanda bütün vücuduna hopmuşdur.

Rüstəm Kamal Azərbaycan ədəbiyyatşünaslığında öz dəst-xətti, fərdi üslubu, yaradıcılığının elmi və bədii siqləti, orijinal yanaşması ilə seçilən alimlərimizdəndir. Onun üslubuna xas dərin səmimiyyət, təbiilik, kövrəklik, sadəlik, müdriklik bütün esselərinin ruhuna hopmuşdur.

Ədəbiyyatımızın klassiki Molla Pənah Vaqiflə modernist Vaqif Səmədoğlunun bədii dilinin müqayisəsini apardığı linqvistik etüddə ("İki Vaqifin məsdər istəyi"), Cəlil Məmmədquluzadənin düşüncə kodlarını müəyyənləşdirməyə çalışdığı "Mirzə Cəlilin lüğət oyunu"nda, yaxud Yusif Vəzir Çəmənzəminlinin və Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında Şuşanın landşaftını bədii mətn kimi təqdim etdiyi essedə ("Uca dağ başında"), Səməd Vurğunun əsərlərində qadın intiharını araşdırdığı yazıda ("Şeirin ağladığı bir gözəlliyə..."), İlyas Əfəndiyevin xatirəsinə həsr etdiyi poetik etüddə ("Qoca qırçı üçün çiçək"), İsmayıl Şıxlının əsərlərində yuxu rəmzinin açılmasında ("Qocanın yuxu kitabı") mətnə zaman və dünya arasındakı məsafənin fövqündən baxır və Rüstəm Kamalın öz düşüncələrində zaman ilə dünya bir-birindən fərqli fəzalarda yerləşsə də hər iki fəzada esseist qeybin diktəsi ilə pərvazlanır. Obrazın poetik tarixini açıb göstərərək bizi bədii mətnlərin başlandığı yerə - ruh və mənəviyyatın tarixinə kökləyir. Nəzərə alsaq ki, ədəbiyyat adamı ruh insanıdır. O zaman Rüstəm Kamal yaradıcılığını nəzərdən keçirərək demək olur ki, o, uca Yaradanımız tərəfindən onun tale yoluna və qələminə hakim kəsilmiş missiyanı layiqli yerinə yetirir.

Rüstəm Kamalla söhbət zamanı aydın olur ki,  o,  sanki "mifoloq"dur və "mən tərcümeyi-halımı mifologiyaya çevirirəm" deyir. "Uca dağ başında": Şuşanın landşaftı bədii mətn kimi" yazısında mətnin mifoloji qatından tutmuş, folklor mistikasına qədər bunu izləyə bilirik. Əbdürrəhim bəy Haqverdiyevin  "təsvirində  real şəhər  mistik məna kəsb edir" deyən müəllif özü bu dünyada yaşayır. Amma toxunduğu ədiblərin yaradıcılığındakı istiqaməti izlədikcə obraz, motiv, hadisələrin irrasional əlaqəsi, o dünya ilə əlaqə sanki bu dünyada detallardan qurtulmaq üçün onun qələmində bütün obrazlar metafizik mahiyyət kəsb edir. Bu bir tərəfdən informativ yaddaş ötürücüsü kimi folklor ənənələrinə söykənirsə, digər tərəfdən,  çoxəsrlik Şərq fəlsəfi təliminin təməl prinsiplərinə söykənir.

Rüstəm Kamalın esselərində hər hansı bir obrazın yığcam və dolğun təsəvvürünü yaratmaq istəyi güclü olsa da, onun yazı orijinallığı obrazlılıq gücündə deyil, fikir və hiss vəhdətində ən ali həqiqətlərin, insani meyar və ölçülərin yazı dilində təsdiqindədir. Ədəbiyyatşünas olsa da, onun üçün forma və məzmun əsas deyil,  formanın bətnindəki məzmun bütövlüyü və fəlsəfi tutum önəmlidir.

Rüstəm Kamal təqdim etdiyi hər hansı mətni vasitəyə çevirir, lakin görüntü hədəfində mətnin özü deyil, həmin mətndəki obraz və predmetlər, onlardan yaranan təəssüratlar olur. Bütün esselərində məna qatı dərinliyi insanı çox uzağa aparıb. "Səmədoğlular, saat neçədir?" essesi isə insanı həqiqətən bu dünyadan qopub o dünyaya bağlama anına gətirir. ""Saat neçədir?" sualı əslində, hər kəsin ölümlə, faniliklə və əbədiyyətlə bağlı verə biləcəyi metafizik sualdır", deyir Rüstəm Kamal. Əslində, ənənəvi ədəbiyyatşünaslığımızda bu saat mövzusu mövcuddur. Amma nəzərə alsaq ki, zaman-tale, zaman-ölüm yaradıcılıqda ən sirli substansiyadır və saatın hərəkət səsi "çık-çık" ilə insanın ürək döyüntüsü "dup-dup" arasında yaranan harmoniyada qəribə bir sükut var. Əslində, hər iki hərəkətverici istiqamətdə təlatümlü və sanki tələsik səs izləyir hər kəsi. Saat axıb  keçmiş günlərin simvolu kimi xatırlanırsa, ürək döyüntüsü insan qəlbinin kultu kimi simvolizə oluna bilir. Deməli, bu baxımdan Rüstəm Kamalın təqdim etdiyi bütün mətnlərin fəlsəfəsi maraqlı olduğu kimi, orijinallığı ilə də yadda qala bilir. Oxucu üçün maraqlı olan, lakin mətnlərdə görə bilmədiyi istiqamətlərə Rüstəm Kamal imzası möhürünü vura bilir. Çünki o, esselərində bədii mətni ənənəvi təhlil etməkdən birbaşa uzaq durur, daha çox mətnin fəlsəfi-estetik enerjisinin gözə görünməyən yönlərini hərəkətə gətirərək görüntüyə çevirə bilir. Bu da müxtəlif mədəniyyətlərin qarşılıqlı təması fonunda irəli gələn müəllifin ustalığından yaradıla bilir. Yaradıcılığı boyu Yunqun, Borxesin, Baxtinin, Da Vinçinin, Xose Orteqanın və b. insanların yaradıcılığına müraciət edərək maraqlı, özünəməxsus improvizasiyalar yaradır.

Onun dialoqlarını və yaradıcılığını təşbehlər daha rəngarəng edir. Məsələn: "Sandıq ər evindən küsüb atası evinə qayıtmış gəlin kimi dinməzcə dururdu",  dünyagörüşü olmayan insanlarla söhbət  zamanı həmin insana "mənasız adam" və yaxud savadı olmayan, elmə naşı insana hər hansı bir elmi istiqaməti başa salırsa, qarşısındakı onu anlamırsa "rənglənmiş qapıya qurbanlıq qoyun baxan kimi baxır"  və s. deyir Rüstəm Kamal. Bu kimi anındaca tənqidi realist baxış dəyərli alimimizi C.Məmmədquluzadə nəsrinə yaxınlaşdıraraq orijinal edir.

Rüstəm Kamal yaradıcılığı və şəxsiyyəti haqqında silsilə yazılar yazmaq olar. O, həm yaşının, həm ədəbiyyatşünaslığımızdakı mərhələsinin müdrik və əvəzolunmaz məqamındadır. Ömrünün bu çağında şüurlarda və yaradıcılığında formalaşdırdığı məqamının hər zaman orijinal və yüksək olmaq diləyi ilə dəyərli alimimizə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Rüstəm müəllim, "Səmədoğlular, saat neçədir?" essesində deyir ki, "İndi ata da (Səməd Vurğun), oğullar da (Yusif və Vaqif) eyni bir qutsal məkandadırlar. Yəqin, görüşürlər və bir-birlərindən soruşurlar: saat neçədir?".

Mən isə üzümü çox dəyərli və əvəzolunmaz alimimizə tutub deyirəm ki, bu dünyadan o biri dünyaya keçid simvolu olan saatın neçə olduğunu konkret demək olmur. Çünki Vaqif Səmədoğluların zamanında donmuş saatı siz, Rüstəm Kamal varlığı davam etdirir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!