Azər TURAN
1938-ci il, 10 noyabr.
Atatürk dünyasını dəyişir.
Əli bəy Hüseynzadə "Onun vəfat tarixi" adlı bir şeir yazır.
Atatürkün ölümü səbəbilə yazılmış ilk şeirlərdəndir.
Əbdülhaq Hamidin, Orhan Seyfi Orhanın, Behcet Kemal Çağların, Cahit Sıtkı Tarancının, Melih Cevdet Andayın Atatürklə bağlı şeirlərinin ən yaxşıları ilə bir sırada dayanır.
Hüseynzadənin "Ona inan", "Ondan öncə və sonra", "Atatürk", "Onun vəfat tarixi" şeirlərini (yuxarıda xatırlatdığım şairlərin Atatürklə bağlı yazdıqlarını da) 2002-ci ilin noyabrında "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsində "Atatürk ədəbiyyatı" adlı məqaləmlə bir yerdə təqdim etmiş və yazmışdım ki, "Əli bəy Hüseynzadənin Atatürkə həsr etdiyi şeirlər ədəbiyyat tarixçilərimizin ayrıca araşdırma predmeti olmalıdır, çünki bu şeirlər Azərbaycan ədəbiyyatı tarixində Atatürk mövzusunun ilk örnəkləridir və istər siyasi, istər bədii mahiyyətinə görə xüsusi dəyər daşıyır" ("Yeni Azərbaycan" qəzeti. "Ədəbiyyat" əlavəsi, № 5-6. 29 noyabr 2002). Amma indi, üstündən 19 il keçəndən sonra təəssüf hissi ilə yazıram ki, ədəbiyyatımızda Atatürkə həsr olunmuş ilk poetik örnəklər bu illər ərzində ədəbiyyat tarixçilərimizin diqqətini cəlb etmədi, heç bir halda onların araşdırma predmetinə çevrilmədi. Hətta "Atatürk obrazı Azərbaycan ədəbiyyatında" mövzusunda məqalələr, araşdırmalar yazılsa da Hüseynzadənin həmin şeirləri unuduldu.
1930-cu illərdə Atatürkün şəxsiyyətinə ilahi dəyər verməklə, türk ədəbiyyatı əslində, milli idealların və istiqlalın qorunmasına xidmət edirdi.
1938-ci ildə Atatürk dünyasını dəyişərkən İstanbulda "Tibb dünyası" dərgisində dərc olunmuş "Onun vəfat tarixi" şeirində Hüseynzadə Atatürkü Rəhmanın Ərşində günəşə (Neyyiri-ərşi Rəhman) bənzədir, məqamını "Mükimi-ərşi Yezdan"da (Allahın ərşində) nişan verirdi.
Söylədi tarixini
Ona tapan bir ozan:
Öldü ATATÜRK - dahi
Mükimi-ərşi Yezdan!
Tənvir eylədi fikri,
Doğru yolu göstərdi:
KAMAL əfkar rəhbəri
Neyyiri-ərşi Rahman!
Gözələ aşiq idi,
Sevgilisiydi vatan.
Şimdi o yücə QAZİ
Qəribi-hüsni Canan.
Hüseynzadə şeirdə "Kamal əfkar rəhbəri, Neyyiri-ərşi Rahman!" misralarına belə bir qeyd düşürmüşdü: "Bunun yerinə, "Kamal onur rəhbəri, // Neyyiri-ərşi Rahman!" - denilsə, əbcəd hesabı ilə misraların cəmi 1900 olur, bu təqdirdə başa 38 ifadə edən böyük sifəti əlavə olunursa, beyt 1938 olur. Görülür ki, onun əsrlərə sığmayan böyüklüyü misralara da sığmıyor".
Əli bəy bu şeiri 1938-ci ilin 10 noyabrında yazıb. Feyzavər xanımdan bu şeir barədə, şeirin yazıldığı gün barədə soruşmuşdum: "Atatürkün xəstəliyi uzun sürdü. Dolmabağça sarayının çatısında bir bayraq dalğalanırdı. Hər gün biz böyük həyəcan və xiffətlə o bayrağa baxırdıq. Bayrağın enməsini istəmirdik. Çünki bu enişlə Atatürkün artıq həyatda olmadığı bilinəcəkdi. Babamın yaxın dostu və eniştəmin qardaşı Akil Muxtar Özdən Atatürkün özəl həkimləri sırasındaydı. Daha çox o, hər gün babama Atatürkün səhhəti ilə bağlı məlumatlar gətirirdi. Bir səhər Akademidə dərsdəydim. Bir də gördük ki, bayraq enir. Hamımız sarsıldıq. Bayrağın enişi bütün Türkiyəni matəmə düşürdü. O zaman mən bundan daha müdhiş xəbər təsəvvür etmirdim. Hamıdan əvvəl babamı düşündüm. Bilirdim ki, bu xəbər onu sarsıdacaq, yıxacaq. Düşündüm, görəsən, babam dözə biləcəkmi? Nə yapacağımı bilmədim. Şaşırıb qaldım. Səlim abi məni tərk edib Dolmabağçaya getdi. Mən isə evə qaçdım. Gördüm, babam qapıda durub bəkləyir... Babam məni görən kimi ürkək səslə: "Atatürkdən nə xəbər?" - deyə soruşdu. Dedim ki, bayraq endi. Atatürkü itirdik. Yasa batdı, yıxıldı, sarsıldı. Evimizə matəm havası çökdü".
Bu şeir də elə həmin gün o matəm havalı evdə, o yasa batmış, sarsılmış, yıxılmış insanın qələmindən çıxıb. Hüseynzadə "Onun vəfat tarixi" şeirində ümmət cizgisinin hüdudlarını asanlıqla aşır, Mustafa Kamalın şəxsiyyətini idealizə edir və ona ilahi məzmun verirdi. Təkcə şeyxülislam nəvəsi Əli bəy deyil, XX yüzil ümmət poeziyasının son böyük dahisi, pakistanlı filosof Məhəmməd İqbal da belə düşünürdü: "Türk fidanı Avropa ildırımının onu davamlı rahatsız etməsinə rəğmən kök saldı və meyvə verdi. Peyğəmbər Məhəmməd Mustafa münafiq düşməni Əbuləhəbin təcavüzləri sayəsində necə kamala çatmışdısa, türklərin Mustafası (Mustafa Kamal) da avropalılarla çarpışma nəticəsində kamala çatdı. Mənim şeirimi hind və əcəm əyarı ilə ölçmə, zira bu şerin cövhəri gecə yarılarında axan göz yaşlarımdan gəlir".
Hüseynzadə Atatürklə bağlı poetik intibalarında kifayət qədər estetdir. Hətta Homerdən sərbəst şəkildə çevirdiyi "Troya pərisinin hekayəsi"ndə, qəribədir ki, Atatürkün də obrazı görünür. Tərcümədə Yupiteri Nur, Heranı isə Canan adıyla təqdim edən Hüseynzadə mətnin sonunda qəribə bir haşiyə çıxırdı:
Canan isə getdi irəli doğru
Və Homerə görə uyutdu Nuru...
Onu dörd bin sənə sonra uykudan
Uyandıran Kemal Atatürk oldu! -
Söhbət Troyadan gedirdi və türklərin Troyaya yenidən sahiblənməsi üçün Yunan Tanrıları dörd min illik uyquya dalmalıymışlar... Troyada - Çanaqqalada Yunan Allahları ilə üz-üzə gələn Atatürk həm də yunanlardan dörd min il əvvəl yandırdıqları Troyanın öcünü almışdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!