Cavanşir YUSİFLİ
"...Bir ovuc külün içində
nə qorxular var, sizə deyimmi..."
T.S.Eliot
"Underground ədəbiyyat" anlayışı var, bunun hansı yöndə hansı rəngi, hansı məna və nüansları ifadə etməyindən asılı olmayaraq, biz yalnız ifadənin hərfi mənasından başlamaq istərdik. Yəni yer altında qurulan, yalnız müəyyən qisim insanların yolunu tanıdığı kitabxana... Əslində, buna "kitabxana" demək də düzgün deyildir, çünki onu ideya kimi quranların niyyətindən asılı olaraq həmin kitabxana anidən başqa bir məkana, deyək ki, əlyazmaların saxlandığı, yolunu kimsənin bilmədiyi bir məkana da çevrilə bilir. Vaxtilə xarici mətbuatda Suriyada, Dəməşqdə aşkarlanan yeraltı kitabxanadan bəhs edilmişdi. Şəhər bombardmana məruz qaldığı zaman kitabların ziyan görməməsi üçün insanlar 14000-dən çox kitabı xilas edib yer altına daşımışdı. O insanlardan biri elə belə də demişdi: müharibənin amansız və güzəştsiz şərtləri daxilində kitab mənim həyatımı dəyişdi. Ona görə yox ki, yer altında gizlənib ölümdən qurtulmuşdu (orda da ölə bilərdi və ümumən ölümdən qurtulmaq mümkün deyildir...), kitab oxumuşdu və bombaların yağdığı gecə və gündüzlərdə kitab ona çox özəl nələrisə demişdi, yaxud bu insan anlamışdı ki... "Suriyada gizli kitabxana" başlığı ilə dərc edilən məqalədə belə bir önəmli fakt da keçirdi: "...Yer altında oxu zalı haqqında xəbər yayımlandıqdan sonra məlum oldu ki, başqa bir yerdə əsrlər boyu əlyazmaların saxlandığı məkan aşkarlanıb...". Məhz yer altında. Şübhəsiz ki, siyasi rejimlərin basqısı altında qələmə alınan mətnləri gün işığına çıxarmaq mümkün olmadıqda bu əlyazmalar kimsənin xəbəri olmadan məkan dəyişdirir, yəni əlyazmalar əvvəl-axır tapılır və oxunur. (Məlum situasiyada Molla Pənah Vaqifin şeirləri də yandırılmışdı, ancaq sonralar onları ağızlardan, yəni yaddaşlardan toplamışdılar, başqa sözlə, bəzi şeylər oddan, dağıntıdan heç cürə qurtula bilmir və məhv olduğu an yenidən doğuluş üçün keçid məqamı meydana gəlir...). Bu hiss insanın içində yuva qurmuş ən fundamental hisslərdəndir, başqalarına oxumaq, söyləmək istəmədiyini gizli yerdə, hücrədə saxlamaq, yaxud qədimdə şairlərin hücrələrdə yaşaması (onlar bu dar, xəfə hücrələrdə kosmosla əlləşirdilər və təsadüfi deyildir ki, onların mətnlərində də elə "kosmik" obrazlar yer alardı, zamanın heç də uzaq olmayan çağında bu misraları kim yazmışdı, bilirsiniz: "Nə qədər ki, fələyin sabiti-səyyarəsi var, ol qədər sinədə qəmzən oxunun yarəsi var..." - M.F.Axundzadə o kosmik uzaqlığı məhv etdi və yaxşı da elədi...) şübhəsiz ki, ürəyinə dolan hissləri, onların əsasında yaranıb-formalaşan niyyətləri ilk öncə gizlində saxlamaq məsələsi incələnməli məqamlardandır. Molla Pənah Vaqifin qətli tale, qədərdirsə, əlyazmlarının yandırılması və sonradan onların bitdə-bitdə yaddaşlardan toplanması artıq başqa tipli, bəlkə də adi insan məntiqi ilə çətin anlaşılan bir nəsnədir. Nobel mükafatçısı Tomas Tranströmer vaxtilə yazırdı: "Hərdən külə dönməyim gəlir, xatirə olmamaqçün...". Vaqiflə Tranströmeri müqayisə etmək, şübhəsiz ki, ilk baxışdan yolverilməzdir, dövrünə, əsrinə, əsərlərinə, dünyaduyumu və sair cəhətlərə görə. Ancaq bədii mətnlər haqqında bu həqiqət keçmir, istənilən mətn istənilən və ixtiyari bədii mətnlə nə eləsən də yanaşıdır, bu təsadüfdə ən uzaqda olan mətnlərlə, ən yaxında, "paralel"də olan mətnlərin bir-birinə nüfuzu, bir-birini doğurması tam fərqli hadisələrdir. Məhz bir-birindən ən uzaqda "yerləşən" mətnlər elə bir-birinə ən yaxın mətnlərdir (və əksinə -!), ona görə Tranströmerin ibarəsindəki "yanıb kül olmaq" deyimi ilə Vaqifin əlyazmalarının yandırılması arasında gizli və açıq-aşkar əlaqələr mövcuddur.
Ancaq bəri başdan bunu deyək ki, şairin ömrü boyu işlətdiyi hər bir söz və deyimin kökü, rişəsi şeirlərindən, mətnlərindən qabaq ürəyində, ruhunda, başqa sözlə, taleyində olur və bu söz, bu deyim, zamanla, bəlkə şair dünyadan, bu göy qübbəsinin altından çəkildikdən sonra aşkarlanır. Tranströmerin və Vaqifin taleyindəki o "yanmaq, yanıb külə dönmək" diskursu heç şübhəsiz ki, sevincdən, xoşbəxtlikdən kədərə və ölümə doğru uzanan bir yoldur. Vaqifin şeirləri sevincdən, həyat eşqindən aşıb-daşır, onların "dalğaları" o qədər sürətli, o qədər coşqundur ki, hər misranın üstündə günəş şəfəqinin bərq vurduğunu da anidən hiss edirik, ancaq bunu biz dərhal da unuduruq, çünki qarşıdan "Qətl günü" gəlir. Amansız və güzəştsiz.
Beləliklə, Tranströmeri o qeydi yazmağa nə vadar etmişdi? Bunun da kökünü biz yəqin ki, onun digər deyim və sözlərində tapıb aşkara çıxara bilərik. Diqqət edin, hər iki şairin böyük çoşquyla işlətdiyi gözəl bir söz (deyək ki, şəfəq, mina gərdan... və sair) bir məqamda dayanmır, onun taleyinə, digər mətnlərinə və nəhayət, sonuna, ölümünə doğru hərəkət edir. Özünün əksinə tam dönənə qədər dönür, çevrilir... O şux qəmzələrin, xunkar kirpiyin // Gündə olur yüz min qan qabağında // Xumar-xumar baxan ala gözlərin // Gərəkdir verəsən can qabağında // Qaşın qabağında sığallı birçək // Sayə salmış üzə şölə mübarək // Amma iki dəstə tər bənövşətək // Qoymuş al yanağın yan qabağında // Zülfündən qoxuşar güllü reyhanlar // Qurban hər muyinə yüz min cavanlar // Pişvazına gəlir huri qılmanlar // Məlayik durmuşlar san qabağında... Bu mətndəki coşqu, dinamika hər şeydən əvvəl dünyanı, insa və onun xarakterini, gerçəkliyin min türlü sirlərini qavrayıb ifadə etməyin yeni metodu sayılmalıdır. Yeni dövr ədəbiyyatının bu şəkildə, bu coşqu və dinamika ilə başlaması təsadüfi deyildir, məhz bu iki komponent gələcək şeirin, lap elə indilərdə yazılan ən mükəmməl mətnlərin enerjisini təyin edir. Bu şeirin şairin taleyinə yönəlik "möhürü" başdan-başa kədər və dərdlə süslənib. Hər misrasında ürək döyüntüsünün hiss edildiyi (...Xumar-xumar baxan ala gözlərin gərəkdir verəsən can qabağında...) enerjinin yaşaması, dayanmadan başqa mətnlərə və dünyalara keçə bilməsi üçün şair qurban getməlidir, daha doğrusu, bu boyda coşqu və dinamikanın (ürək döyüntüsünün) o biri ucu mütləq kədər, faciə və ölümə dirənir. Şairin ölümü həyatdan, sevgidən, eşqdən aşıb-daşan misraların arasında gizli qalır və günlərin bir günü tale olur. Amma Vaqifin qəzəlləri də var, o mətnlərdə isə yuxarıda dediyimiz sonuc başqa bir şəkildə, deyək ki, klassik ədəbiyyata xas üsullarla, müəmmalara bürünərək ifadə edilir.
Dil çahi-zənəxdanə düşüb zülfün ucundan,
Əlbəttə, xətasız kişi zindanə düşərmi?
Möhsün Nağısoylu H.Cavidin qəzəllərindən bəhs edərkən yazır: "Aydınlıq üçün qeyd edək ki, beytin ikinci misrasındakı farsmənşəli "çahi-zənəxdan" tərkibinin mənası çənənin ortasındakı batıq və ya çökək yerdir. Fars izahlı lüğətlərində bu ifadənin qədimdə işlənməsi qeyd olunmaqla yanaşı, onun əski zamanlarda gözəlliyin bir əlaməti olması da diqqətə çatdırılır. İfadədəki "çah" sözünün həqiqi mənası isə quyu deməkdir. Beytin ilk misrasında gözəllikdə ad çıxarmış Yusifin yada salınması, eləcə də onun ümumi məzmunu isə belə bir qənaətə gəlməyə əsas verir ki, şair burada Yusifin qardaşları tərəfindən quyuya salınmasına (və ya Züleyxanın fitnəsi üzündən zindana atılmasına) işarə etmişdir. Qeyd edək ki, qəzəlin ilk beytində məşuqənin aşiqin könlünü zindana salması da diqqətə çatdırılır".
Əlbəttə, bu tipli bədii mətnlərdə müasir anlamla əski məna həmişə canbir qəlbdə olur və onlardan biri qabarıq nəzərə çarpanda ikincisi (deyək ki, quyu mənası), necə deyərlər, onunla eyni zamanda təsir göstərir. Gözəllik (çənədəki batıq yeri) və quyu (yerin altı - əlyazmaların əsrlər boyu gizli kitabxanada - yer altında özlərini gizlətməsi) bir məqamın içindədir. Əlbəttə, Vaqif elə klassik ədəbiyyatın ehtiva etdiyi mənada və kontekstdə "Əlbəttə, xətasız kişi zindanə düşərmi?" (Könlün zindana düşməsi...) əslində, formal səciyyə daşıyan sualı vermişdi. Ürəklə, ürək qanıyla yazılan hər bir mətndə şairin, yazarın taleyi durur, yəni məntlərarası əlaqələrdən başqa, şeirin, bədii mətnin taleyə dönməsi də var və ən önəmılisi də budur.
İndi isə başqa, tam fərqli bir məqama diqqət edək. Tomas Tranströmer öz xatirələrində tam ciddi şəkildə bunları yazmışdı: "Mənim həyatım". Bu sözlər haqqında düşünəndə gözlərim önündə işıq şöləsini, günəş şəfəqini görürəm. Bir az yaxına gəlib baxanda hiss edirəm ki, bu işıq kometa formasını alır, sonra başa və quyruğa dönür. Onun ən parlaq ucu - uşaqlığın sonu və yeniyetməlikdir. Onun ən gözəl yeri, şübhəsiz ki, uşaqlıq illəridir, məhz bu zaman çərəyində mövcudluğun ən parlaq səciyyəsi cəmlənir. Mən nələrisə xatırlamaq, daha dərinlərə addımlamaq istəyirəm. Ancaq bu sıx ərazidə irəliləmək getdikcə qəlizləşir: hətta təhlükəli forma ala bilər və hətta yaxınlaşan ölüm təəssüratını da oyada bilər...". Mətndəki işıq parçası (şölə-!) ilə Tranströmerin "yanıb külə dönmək istəyirəm" deyimi arasındakı dəruni əlaqəni yalnız onun bütün külliyyatını mütaliə edənlər duya bilər. Burda digər maraqlı məqam da var: bu sıx ərazidə irliləmək çox çətin və mürəkkəb bir işdir, xatirələrə doğru yol getdikcə daralır və sənin addımın artıq o yola yerləşmir, bir az da irəli getsək o ərazidən bizə ölüm yaxınlaşar, hətta əlimizə toxunar... Yanıb külə dönmək yanğısını məhz bu situasiya yaradır, ayaqların yerə, sirli məkanın müqəddəs torpaqlarına ilişib qalıb, ömrünə doğru geri dönməlisən... Zənnimizcə, məhz bu mətndəki işıq parçası elə onun "yanıb külə dönmək istəyirəm" qənaətini doğurmuşdu. Vaqiflə Tranströmer bir-birlərinə çox uzaq şairlərdir, ancaq məsafə nə qədər çox uzaq olarsa, yaxınlıq elə bir məqamda tutular və aşkarlanar ki, ikisinin də obrazı bir misranın içində gün işığının şəfəqi kimi oyanıb-sönər...
Hansı uzaqlar? Şairin özü bunu belə ifadə edirdi:
...Bu boz ağaca baxın. Səma
nazilmiş damarlarından keçib
torpağın qəlbinə sızdı.
Torpaq son damlanı içəndə
orda üzünü qırış basmış bircə bulud vardı.
Məkan yoxdu, itib
köklərin hörüklərindən asıb özünü.
Yarpaqlara, otlara dolaşıb. - Bir neçə saniyə
azadlıqdan cəmi üçcə damcı axışır
içimizdə partlayır
qaynayıb daşır
həyatın qanına, ordan daha uzaqlara...
Vaqiflə Tranströmeri yaxınlaşdıran başqa "uzaqlar" da var. Molla Pənah Vaqif qoşmalarında öz dilində danışırdı. Yəni klassik formalarda nə qədər cəhd etsən də, formanın çəmbərindən qurtula bilmirsən, bütün hallarda onun ifadə etdikləri sənin demək istədiklərini yenir. Diskurs və mənaların şaxələnməsi mətn ərazisində keçə bilmədiyin bir donuşuqluq yaradır. Vaqif bu çənbəri ilk yaran, poeziyada öz dilini yaradan, öz dili ilə danışan şairdir. Tomas Tranströmer yaradıcılığa başlayanda İsveç modernist şairlərinin dili qəliz və daha çox qəsdən düşünülüb qurulan bir modelə sarı yüyürürdü. Tranströmer bu gerçəyi bildiyindən daha sadə üslubda yazmaq qərarına gəldi, elə bir dildə ki, bu hansısa "izm"in yox, onun öz dili olsun, onun daxili dünyasına və dünyaduyumuna tən gəlsin.
Sonda T.Tranströmerdən miniatür bir şeir:
Solğun bir işıq
Üst-başıma sıçradı
Qışda gün dönümü.
Buz təbilləri cingildədi
Gözlərimi yumdum.
Lal dünya.
Ölülərin gizlində sərhədi keçdiyi
Çat yeri.
Bu çat yeri, əslində, onun qəlbindən o sirli dünyaya açılan pəncərə idi. Tranströmerin belə bir şeiri də var: "Zone limitrophe", yəni qonşu, sərhəd zonası (yaxud bir-birinin içinə keçib qarışan ərazilər...).
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!