Evə qayıdış. Nəsrimizdə müharibədən qayıtmış əsgər obrazı haqqında - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Rüstəm Kamal

Filologiya elmləri doktoru

 

Müharibədən qayıtmış insanların həyatı dünya ədəbiyyatının həmişə aparıcı mövzusu olub. Amerikan, alman, türk, rus nəsrinin artıq bu sahədə ənənəsi də formalaşıb. İcmal şəklində də olsa, oxuduğumuz bir neçə romanı misal çəkmək istərdik.

Xüsusən Birinci Dünya müharibəsindən sonra alman nəsrində bu mövzu üstünlük qazanır və ağlımıza ilk olaraq, bizdə də çox sevilən Erix Mariya Remarkın adı gəlir. Onun romanlarında ("Qayıdış", "Üç yoldaş", "Qara abidə", "Qərb cəbhəsində sakitlikdir") cəbhədən qayıtmış qəhrəmanlarının ovqatı və insanlarla münasibətləri təsvir olunur.

Hans Falladanın "Canavarlar arasında canavar" romanında ehtiyata buraxılmış hərbçilərin düşüncə tərzində, dilində, yaddaşında müharibənin açdığı dərin şırımlardan, imtina edə bilmədikləri bədən vərdişlərindən bəhs olunur. Veymar respublikasında hökm sürən qeyri-sabitlik, davamlı böhranlar onların düşüncəsində müharibənin davamı kimi mənalandırılır. Ona görə də mövcud xaosa duruş gətirmək üçün qrup halında birləşirlər.

Alman hərbi elitası keçmiş əsgəri taleyin axarına buraxsa da, alman ədəbiyyatı onu unutmadı. Alman yazıçısı həm birinci, həm də ikinci Dünya müharibəsindən sonra, şikəst, əlil oluş, psixikaları tamam dağılmış, idealları puç olmuş insanların acı taleyini daha sərt boyalarla və ekzistensial dərinliklə yazdı. O əsgər ki, cəbhədən qayıdandan sonra psixi travmalar üzündən iş qabiliyyətini, yaşamını bərpa edə bilmir. Müharibə kabus kimi addım-addım onu izləyir. Kiçicik məmur biganəliyi, sosial haqsızlıq, ünsiyyət anlaşılmazlığı, müalicə, dava-dərman, protez təminatında problemlər onu intihara gətirib çıxardır...

Cəmi 26 il ömür sürmüş şair, nasir, dramaturq V.Borhertin "Küçədə, qapı önündə" adlı pyesi (bu əsəri böyük şairimiz Bəxtiyar Vahabzadə Şəkidə mənə necə təriflədiyini hələ unutmamışam. Bəxtiyar müəllim türkcə tərcümədə oxumuşdu) müharibədən qayıtmış və özünə sığınacaq tapmayan tənha insanın faciəsi haqqındadır. Pyesin qəhrəmanı kiçik rütbəli zabit Bekman öz evini tapa bilmir. Doğma şəhəri dağılıb, uşağı dağıntılar altında qalıb. Arvadı onu unudub, artıq başqası ilə yaşayır. Günlərlə ac qalır, soyuqdan donur. Cır-cındır şineli ilə, cırıq çəkmələri ilə, əleyhqaz gözlüyünü taxıb ruh kimi küçələrdə dolaşır, əcaib-qəraib obrazı ilə ətrafındakıları qıcıqlandırır, onu sirk aktyoru kimi, şikayətlərini isə yersiz, mənasız zarafatlar kimi qəbul edirlər. Müvəqqəti də olsa, bir qadının evində qalır. Amma əlil ərinin müharibədən evə qayıtması ilə Bekman yenidən qapı ağzında qalır. Çünki məhz onun verdiyi ağılsız əmrlər nəticəsində qadının əri iki ayağından olmuşdu...

Hətta Bekman bir gün yuxusunda görür ki, intihar üçün özünü Elba çayına atıb. Amma suda boğulub ölmür, çay onu sahilə atır. Yuxuda ölüm təkayaqlı nəhəng obrazında çıxış edir, Bekmanın günah və məsuliyyət hissini simvolizə edir: qəhrəman əsgərlərin ölümündə özünü baiskar bilir... 

Müharibədən qayıtmış əsgər obrazı ingilis ədəbiyyatının diqqət mərkəzində olub. Almanlardan fərqli olaraq, ingilislər müharibədən qayıtmış insanın üzləşdiyi sosial problemləri deyil, daha çox psixi travmaların fəsadlarını təsvir etməyi sevirlər. Təəssüf ki, bu mövzuda yalnız Virciniya Vulfun "Missis Delloey" romanı ilə bir az tanışlığım var. Əsərin qəhrəmanı Septimus Smitin müharibədə psixikası pozulur. Həkimlər ona təmiz havada gəzməyi, fikir eləməməyi məsələhət görürlər. Həyat yoldaşı ərinin bu xəstəliyindən xəcalət çəkir və daim giley-güzar edir ki, belə yaşayışa və münasibətə layiq deyil, doğma İtaliyasında daha xoşbəxt ola bilərdi...

Nəhayət, missis Delloeyin keçirdiyi ziyafət məclislərinin birində Septimusun intihar xəbəri gəlir.

Mövzunun davamı kimi, ABŞ prezidenti C.Buşun (oğul) "terrorizm əleyhinə" başladığı İraq müharibəsinin Amerika ədəbiyyatında əks-sədası ilə maraqlandım. İnternet resurslarına baş vurdum. Oxuduqlarımdan belə məlum oldu ki, bu mövzuda saysız-hesabsız romanlar yazılıb. Siyahı çox uzundur. Nikolas Sparksın "Əziz Con", Erik Uoltersin "Yaralılar", Kevin Fanersin "Sarı quşlar", Mixael Kleeberqin "Amerika qospitalı" və s. Məsələn, Luis Biqlinin "Bura gəl, qatil" romanının qəhrəmanı müharibədən qayıtdıqdan sonra ətrafda baş verənlərlə barışa bilmir və cinayətkarlarla və əclaflarla öz müharibəsini aparmağa başlayır. Onlara qarşı tətbiq etdiyi zorakılıq sonda veteranın özünü qəddar qatilə çevrilməsinə gətirib çıxarır...

Bu darmacalda nobelçi fransız yazıçısı Jan-Mari Qustav Leklezionun "Protokol" romanını gözdən keçirə bildim - rus dilinə tərcümə edilib. Roman bir müharibədə (romanda birbaşa müharibədən söz açılmasa da, Pollonun ya Əlcazairdə, ya da Vyetnamda vuruşduğunu vəhmlə tutmaq olur...) psixi travma almış 29 yaşlı müharibə veteranı Adam Pollo haqqındadır. Adam dəniz sahilində sahibsiz bir evdə məskunlaşır. O, normal, sözlü ünsiyyətdən məhrumdur, gününü sahildə boş-bekar dolaşmaqla, ya da heyvanlarla başını qatmaqla keçirir. Bəzən də adamlara qoşulub şəhərə gedir, mağazalardan yemək oğurlayır. Adam Pollonun içindəki müharibə qəddarlığı itməyib: evdə ağ siçanlara işgəncə verir, onların əzabla ölməsindən ləzzət alır və s.

Nəsrimiz, roman sənətimiz sanki Azərbaycan əsgərinin cəbhədən qayıtmasını "istəmir". Poeziyamızda müəyyən örnəkləri olsa da, nəsrimiz daha çox qəhrəmanın xəyali, simvolik qayıdışını təsəvvür edir - "Tütək səsi", "Uzaq sahillərdə" filmlərində olduğu kimi!

İsmayıl Şıxlı cəbhə gündəliyində qeydə aldığı bir yuxusunda "evə qayıdır": "Bu gecə yuxumda atamı gördüm. Guya müharibə qurtarıb, mən evə gəlmişəm. Atam ölüb (Allah eləməsin). Mən ağlayıram və deyirəm ki, nə üçün onunla görüşə bilmədim? Gecə öz səsimə özüm oyandım" (16 yanvar 1944-cü il).

Halbuki ədəbiyyatımızda qəhrəmanın düşmən əsirliyindən qaçmasının və vətənə qayıtmasının klassik təsviri var: "Kitabi-Dədə Qorqud"da Bamsı Beyrəyin on altı ildən sonra Oğuz elinə qayıtması.

Güman edirik ki, Azərbaycan nəsri dünya ədəbiyyatının bu yöndə qazandığı təcrübədən səmərəli şəkildə yararlanacaq, müharibədən qayıtmış əsgərin obrazı və taleyi romanlarımızın maraqlı süjet modellərinə çevriləcək. Əfqanıstan müharibəsində, birinci və ikinci Qarabağ müharibəsində möhtəşəm qələbədən sonra evə qayıtmış əsgərlərin obrazı ailə romanlarında, xatirə-gündəlik formasında yazılmış romanlarda təqdim olunacaq.

Və bu sözləri yazanda istər-istəməz sosial şəbəkələrdə müqəddəs savaşdan evə qayıtmış əsgərin qarşılanma səhnəsi gözümdə canlanır: Azərbaycan bayrağına sarınmış əsgər qapı ağzında dayanır, ana isə ona doğru dizin-dizin sürünür...

Yadıma gəlir ki, Vətən müharibəsində gözlərini itirmiş komandirin iki ayağı olmayan əsgərlə salamlaşması, qucaqlaşıb öpüşməsi səhnəsi məni necə kövrəltmişdi...

Evə qayıdış "Kitabi-Dədə Qorqud"dan üzü bəri ədəbiyyatımızın ənənəsindən gələn mövzudur. Və bu mövzunun ədəbiyyatımızda təqdimatı müqəddəs Vətən müharibəsində baş vermiş hadisələrin gələcək nəsillər (və ya oxucular) tərəfindən daha dərindən qavranılmasının vəsiləsi də ola bilər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!