"Hadrut fatehi" poemasında qəhrəmanlığın təcəssümü - Mərziyyə NƏCƏFOVA

 

Mərziyyə NƏCƏFOVA

filologiya elmləri doktoru

 

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən döyüşçülərimiz haqqında dəyərli əsərlər yazılmaqdadır. Elnur Uğurun Camal İsmayılovun əziz xatirəsinə yazdığı "Hadrut fatehi" əsəri də 44 günlük Vətən müharibəsi qəhrəmanı haqqında qiymətli bir poemadır.

"Hadrut fatehi" kitabına filologiya üzrə fəlsəfə doktoru Azər Turan ön söz yazıb.

Kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimovadır.

Şair poemanın açılışını qəhrəman oğullarımızın şücaəti ilə başlayır. Biz burada Qarabağ savaşında igidlik göstərərək Vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımızı görür və onların Vətən üçün, deyərək silaha sarıldıqlarını fəxrlə izləyirik.

 

Uğrunda canından keçən oğullar

Səni kəbələri bildilər, Vətən!

Məzarlar sinəndə qibləm oldular,

Səni məzar-məzar böldülər, Vətən!

 

Poemanın əvvəlində Ali Baş Komandanın "Vur" əmrini verməsi əsgərlərimizə bir çağırış olmaqla yanaşı, döyüşçülərimizin cəbhədə bir cəbhə yaratmalarında əsas amil oldu.

 

Düşmən çox geyindi hiylə donunu,

Cəbhədə fitnəyə, şərə əl atdı.

Ali Baş Komandan "Vur" əmrin verdi,

Oğullar cəbhədə, cəbhə yaratdı.

 

Poemada qəhrəmanımızın Neftçala şəhərində dünyaya gəlməsi, onun uşaqlıq illəri əks etdirilir. Müəllifin poemanın əvvəlində Xəlil Rza Ulutürkü və onun qəhrəman oğlu Təbrizi xatırlaması əsərin təsir gücünü artırmaqla yanaşı, Birinci Qarabağ savaşına da diqqət çəkir. Bu gün qalibiyyətimizi Birinci Qarabağ savaşındakı qəhrəmanlarımıza da borcluyuq mesajını verir.

Xəlil Rza Ulutürk poeziyası poemadakı ideyanı daha da kamilləşdirir.

 

"Azadlığı istəmirəm

            zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri

            qıram gərək, qıram-qıram"

 

- deyən şair

 

Əyilməyən, sarsılmayan

Ruhunla sən.

Bircə anlıq qonaq gəlsən,

Azadlığın bar verdiyi

Camal kimi oğulların,

Bu Vətəni dikəltdiyin bircə görsən,

Yüz-yüz şeiri qurban kəsər,

Misrana eşq donu geyər,

Alqış deyərdin ruhlara...

Bu gün yoxsan, Anan Təbriz, balan Təbriz

Qoşa dağla dözmədi ki, dəmir qəlbin.

Yox, Ölmədin.

Gördün yerdə artır riya,

Çəkildin, getdin Tanrıya.

 

Şair poemada keçdiyimiz uzun bir yolu xatırladır. Qəhrəmanımız 30 illik zamanı bugünkü uğurlara nail olmaq üçün Türkiyədə təhsil alır, dörd dil öyrənir, xüsusilə erməni dilini bilmək üçün gecə-gündüz çalışır. Və onun əsas uğuru da erməni dilini bilməsi olur. O, bu dillə özünü komandir kimi tanıdır və erməniyə geri çəkilməyi əmr edir.

 

Düşmənin radiostansiyasına,

Girərək erməni dilində dedi:

"Sizə əmr edirəm, geri çəkilin!".

Özün generaltək təqdim elədi.

Camal tarix yazdı tarixdə o gün,

Üzünü oxşadı Qarabağ mehi.

Laçından səs gəldi, əhsən səsləri,

Yaşa, ey qəhrəman, Hadrut fatehi!

 

Poemanın qiymətli tərəflərindən biri müəllifin qəhrəmanın valideynləri ilə söhbət etməsi, onların dilindən bir neçə cümlə ilə Camalın daxili aləmini, kimliyini, necə övlad olduğunu əks etdirməsi daha təsirlidir və oxucuya qəhrəmanı tam şəkildə tanıda bilir. Xüsusilə ananın oğlu haqqında ürək ağrısı, can yanğısı ilə ifadə etdiyi xatirələr, poemada şəhid anası obrazını poeziyamıza gətirir. Filara ana ilə tanış oluruq və ondan Camalın məktəb illərindən, diş texnikliyinə qəbul olsa da oxumaması haqqında məlumat alırıq. İçində Vətən ağrısı, torpaq həsrəti olan bir gəncin Vətəni azad etmək üçün düşüncələrini ana oxucu ilə bölüşür. Bu söhbətlərdən gözlərimiz qarşısında bütün qəhrəmanlarımızın portreti canlanır.

Poemada ananın oğlunu tanıtması şairin qələmində yetərincə güclü şəkildə əks etdirilir.

 

Yollandı hərbi xidmətə,

Sevgiylə atdı o, hərbi addımlarını,

Arzularını tuşladı Şuşaya.

Xüsusi Təyinatlı Qüvvələrə yazıldı evdən gizli

Türkiyədə keçdi ilk hərbi təlimi.

Döndü vətənə çiynində ulduzlar

Göydəki ulduzlara göz dağı.

Azad eləməyə Qarabağı

Tələsdi...

Qaçdı hərdən özündən xəbərsiz o torpaqlara,

Açdı könlünü ömür-gün yoldaşına

"- Fatimə,

 Bir gün şəhid olsam, Vətən yolunda,

Saçını yolma.

Qızlarım sənə, sən Vətənə əmanətim!

El sevdası "Quran" ayələrim,

Oğlum dünyaya gələcək,

Adını Alparslan qoyarsız".

 

Ananın danışdığı xatirələrdən Camalın uzaqgörənliyi də məlum olur. Ana özü bəzi hallarda özündən soruşur: "Mələklərmi vəhy gətirmişdi" bəlkə də Camala. Şair bu xatirələri qəlb yanğısı ilə dinləyir. Ananın göz yaşlarını görən şairin qəlb ağrısını görməmək mümkün deyil. Çox ağrılı səhnə oxucusuna dərindən təsir edir. Bu məqamla da şair yalnız Camalın anasının deyil, ümumi şəhid analarının dərdlərinin yanğısının portretini çəkir.

 

Ağlama, nə olar, ana!

Sənin ağlamağına,

Tab etmək,

Ən sərt qasırğada gəmilərin

tabından ağır.

Ağlama,

Gözlərindən axı

Vətən axır!!!

 

Oğlu vətən naminə həlak olan Filara ananın gözlərində qəmlə kədərlə bərabər, böyük bir Vətən kök salıb. Şəhid anaları ağlarsa, Vətən sevgisi onların gözlərindən yaş olub süzülər. Analar ağlamasın deyəndə şair bu mesajı verir: "Analar oğul əvəzi Vətən qazanırlar. O vətən gözlərdən süzülərsə, Şəhidlərimiz rahat olmazlar, Onlar Vətən üçün qurban gediblər".

Ananın "hər dəfə doğum günümü ilk təbrik edib, hədiyyələr edən Camal olardı. Bu il nə zəng etdi, nə də gəldi" ifadəsinə şairin cavabı xalqın dilindən, bütün oğulların dilindən səslənir.

 

Ad günündə,

Oğlun gör nə boyda hədiyyə edib sənə?

Vətəni gətirib qapına o gün!!

Ad gününü təbrik etmək üçün.

Ananın sözləri Vidadi atanı dilə gətirir.

 

Vidadi atanın cavabı müdriklikdən, alilikdən, böyük ürəkdən xəbər verir.

Vidadi atanın cavabı Camal kimi şir ürəkli oğulların Vidadi ata kimi nər kişilərdən yarandığını bir daha sübut edir.

 

Mən hardasa xoşbəxt atayam.

Oğlum diriliş rəmzidir bu gün.

 

Əsərdə Qəhrəman Camalın oğlunun dünyaya gəlməsi, isminin atasının istəyi ilə Alparslan qoyulması tarixi köklərimizə də bir qayıdışdır. Müəllifin bu bölmədə Azərbaycanın minlərlə oğlunun şəhid olmasını sonluq deyil, yeni yaranış kimi təqdim etməsi, bu ismin türk birliyimizin yaranması, yaşanması üçün başlanğıc olmasını özünəməxsus şəkildə - fəxrlə ifadə edir. Türk millətinin Alparslanlığı poemada poetik ifadəsini tapır.

Əsərin epiloq hissəsi özü də bir qəhrəmanlıq dastanıdır. Şair burada da Şəhidlərimizin ümumi qəhrəmanlıqlarına işıq tutaraq Şəhid adının müqəddəsliyini vurğulayır. Adları dastana çevrilən igidlərimizin ölümsüzlüklərini, hər şəhid məzarının ziyarətgah olduğunu, hər şəhid məzarının üzərində onları qoruyan Azərbaycan bayrağını vəsf edir. Şəhidlərimizin məzarları bu gün bu xalqın kimliyini söyləyən və düşmənə göz dağı olan ən ali varlıqdır mesajını dünyaya verir.

 

Bu gün bütün dünya bax, səninlədir,

Ey azad Vətənim, adın müzəffər.

Şəhidlər qanıyla təsdiq elədi

Haqqındır, haqqındır, haqqındır zəfər!

 

Poema haqqında tez bir zamanda ədəbiyyatşünaslar və tənqidçilər də öz fikir və düşüncələrini mətbuatda dərc ediblər. Ön sözün müəllifi Azər Turan əsərdə fatehlərimizin obrazının canlandırılmasına böyük önəm verərək yazır: "44 günlük müharibəmiz təkcə Qarabağı deyil, eyni zamanda 30 ildir ki, yazarlarımızın ruhundan perik düşmüş savaş ruhunu, Birinci Qarabağ müharibəsindən sonra pasifizmə və çöküş ovqatına uğramış, ən yaxşı halda "ədəbiyyat müharibə istəmir" deyə özünə təsəlli verən ədəbiyyatımıza zəfər əzmini qaytardı. Poeziyamızda 1918-ci ildən, yəni Əhməd Cavaddan sonra gözə çarpmayan fatehlərimizin obrazını canlandıran əsərlər yarandı".

Əsər haqqında Türkiyə mətbuatında (Alanyada) Humay Yılmazın məqaləsi dərc edilmişdir. Humay xanım yazır: "Şəhid qanıyla yuyulmuş al bayraqlar dalğalandıqca onlara olan minnətimiz heç əskilməsin" (Humay Yılmaz, Alanyapostası.com).

İnanırıq ki, fatehimiz haqqında poemanın yazılması bir çox qəhrəmanlarımız haqqında sanballı əsərlərin yazılmasına yol açacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!