Esse
Mətanət VAHİD
Mətanət Vahid
Filologiya üzrə fəlsəfə doktoru
Cəfər Cabbarlı bayrağımızı mələklərin qanadına bənzədirdi ("Mələklərin qanadımı üzərimə kölgə salan?!"); Əhməd Cavad bayrağımızın kölgəsini dövlət quşuna tay tuturdu ("Kölgən dövlət quşu, qondu başıma!")... 44 günlük Vətən müharibəsində bayrağımız əsgərlərimizin qoynunda, Bəxtiyar Vahabzadənin arzusunda olduğu kimi, silahla tən ("Daim ucalasan! Savaş günündə \ Əsgər silahıyla səni tən görüm.") döyüşdü...
Şanlı ordumuzun şücaəti sayəsində qəlbimizin sevinclə döyündüyü, qazi və şəhidlərimizin canı-qanı bahasına xalqımıza bəxş etdiyi qürur dolu günlər yaşayırıq: 8 noyabr - Qələbə, 9 noyabr - Dövlət Bayrağı günü.
Düz bir il öncə 8 noyabr tarixində Ali Baş Komandanın Şuşanın işğaldan azad olunduğunu elan etdiyi məqamları bu günmüş kimi xatırlayıram: bütün xalq olaraq ekran qarşısına kilidləndiyimiz, fərəhdən özümüzə sığmadığımız, uzun dəqiqələr boyunca sevincdən hönkürdüyümüz, 30 illik ağrı-acıya son verən o möhtəşəm gün. Şuşanın azad olunmasından duyduğumuz qarşısıalınmaz sevinc göz yaşları Qarabağın azadlığı timsalında yaralarımızın sağalması idi. Həmin gün Ali Baş Komandan İlham Əliyev bizi Şuşanın işğaldan azad olunması xəbəri ilə "Əziz Şuşa, sən azadsan!" nidası ilə Şəhidlər xiyabanında - uca bayrağımızın fonunda müjdələdi.
Milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadə "Əsrimizin Siyavuşu" əsərini Azərbaycan gənclərinə xitab ilə bitirir: "Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik!.. Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: "Bir kərə yüksələn bayraq bir daha enməz!" Sən də onun ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə tikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan..." Zaman-zaman bayrağımız yalnız ürəklərdə ucaldı, ona olan sevgi gizlicə qəlblərə gömüldü, Azərbaycan oğlu bu yolda şəhid də oldu, qazi də, amma vətən və bayraq sevgisinin varlığımızı tərk etməsinə imkan vermədi. Ən başda bu sevgini yaşadan, bu alovu sönməyə qoymayan milli dəyərlərə sadiq ziyalılarımız oldu. Onların sayəsində biz millət olaraq ucalığımıza inamı itirmədik, bu bayrağa sədaqətimiz - əhdimiz, andımız oldu. Müqəddəs bayrağımız yenidən layiq olduğu ucalıqda dalğalandı.
1956-cı ildə bir qrup gəncin Qız Qalasına sancdığı, 1988-ci ildə Azadlıq meydanında dalğalanan bayrağımız rəsmi olaraq ilk dəfə Naxçıvan Ali Sovetinin binası üzərində ucaldıldı (19 yanvar 1990-cı il). Bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk israrlı cəhdlər ümummili lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Milli özünüdərkin təmin olunması prosesinin tərkib hissəsi kimi, 10 ay sonra - 1991-ci il noyabrın 17-də Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiqlənməsi onun sonradan Azərbaycanın dövlət bayrağı kimi qəbul olunmasında böyük əhəmiyyətə malik oldu. Belə ki, 1991-ci il fevralın 5-də Ali Sovetin "Dövlət bayrağı haqqında" qanununa əsasən, üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verildi.
Azərbaycan bayrağı haqqında ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda bir neçə mühüm dövlət sənədi imzalanmışdır: "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" (13 mart 1998-ci il), "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu" (8 iyun, 2004-cü il), "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında (2007-ci il noyabrın 17-də) sərəncam, digər fərmanlar və qanunlar dövlət səviyyəsində bayrağımıza olan ehtiramın bariz nümunəsidir.
Xalqın milli müstəqilliyinin real mahiyyət və məzmunu onun dövlət rəmzlərində əksini tapır. Odur ki, hər ölkənin bayrağı onun tarixinin, kimliyinin, mədəniyyətinin rəmzlərinin daşıyıcısıdır. Azərbaycan bayrağının üçrəngli olması dahi mütəfəkkir Əli bəy Hüseynzadənin milli yaşam fəlsəfəsini ("Türkləşmək, müasirləşmək, islamlaşmaq") ehtiva edir. Bayrağımızdakı rənglərin və ay-ulduzun mənalarını ən gözəl şəkildə ifadə edən əsərlərdən biri Cəfər Cabbarlının "Azərbaycan bayrağına" şeiridir:
...Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə, böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış
bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu ulduz da səkkiz hərfli od yurdu
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!..
Bayraqları bayraq edən millətin mübarizəsi, qurbanlar bahasına olsa belə, əldə etdiyi istiqlalıdır. Şəhidlərimizin son örtüyü olan bayrağımız şərəfli tariximizin dəlilidir. Çünki bir dövlətin bayrağı ölkəsinin azad səmasında ucalırsa, bunun mütləq bir bədəli var - şəhidlərin azadlıq uğrunda axan qanı, verilən canı bahasına başa gəlmişdir mütləq.
Erməni faşizmi üzərindəki qələbə bizi nə qədər sevindirirsə, itkilərimiz o qədər ağrıdır. Bundan sonrakı bütün ömrümüz boyunca qələbə sevincimizi, azadlıq duyğumuzu şəhidlərin canı və qanı, qazilərimizin dirənişi bahasına yaşadığımızı unutmamalıyıq. Unutmamalıyıq ki, bu gün qüdrətli Azərbaycanın vətəndaşı olmağımızla bağlı qürur hissini onlar sayəsində yaşayırıq. "Əlimizdən onlara rəhmət diləməkdən başqa nə gəlir ki?!" demək yaxasını kənara çəkmək deməkdir. Bu vətəni yaşanılacaq, başqa ölkələrə can atmayıb hər bir halda məhz buranı seçəcək potensialda ölkəyə çevirməkdir borcumuz. Onlar azad, müstəqil Azərbaycan uğrunda biz dara düşən kimi vətəni tərk etməyi planlaşdıraq deyə can verməyiblər. Elm və təhsil sahəsində, mədəni sferada, sənaye və istehsalatda - harada olursa olsun, Azərbaycan adına görülən bütün yaxşı işlər vətənpərvərlik nümunəsidir.
Heç kimin qarşısında öhdəliyimiz olmadığını düşünməyə ixtiyarımız yoxdur. Bəli, bu torpaq uğrunda can verəcək qədər gözüqara olub döyüş bölgəsinə yollanmaq, düşməni məhv etmək onların seçimi idi - məsuliyyətdən, sevgidən, vicdan borcundan qaynaqlanırdı. Biz də hər bir addımımızda qan bahasını unutmamalıyıq. Bunun üçün sadəcə, məsuliyyətli, vicdanlı və peşəkar olmaq lazımdır. "Hubbul vətən minəl iman" deyir dinimiz. Atalarımız isə Vətənə gəlməyi imana gəlməklə bir tutub.
Dövlət Bayrağı Meydanının açılış mərasimində (1 sentyabr 2010) Prezidentimiz xalqımızın ən böyük arzusunu dilə gətirmişdi: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır..." Dövlət başçısı İlham Əliyevin ölkənin prinsipial məqsədləri uğrunda həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti nəticəsində ötən il bu ülvi arzu da gerçəkləşdi. Ali Baş Komandanın söylədiyi kimi, Azərbaycan bayrağı Qarabağda dalğalandı. Müzəffər ordumuz şəhərbəşəhər, kəndbəkənd irəlilədikcə işğaldan azad etdikləri məntəqələrin ən uca nöqtələrinə bayrağımızı sancdılar. 30 il erməni işğalında inləyən torpaqlarımız Ali Baş Komandanın səbatlı siyasəti, xalqın iradəsi və Milli Ordunun qüdrəti sayəsində bu gün azaddır. Bu günlərdə möhtəşəm qələbəmizin 1 ilini qürur və minnətdarlıqla qeyd edirik. Və "barışın göyərçini, savaşın qartalı" olan bayrağımız ölkəmizin hər yerində olduğu kimi, Qarabağ səmasında da vüqarla dalğalanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!