Ərafda ruhların mühakiməsi - Kənan HACI

Corc Sandersin "Linkoln bardoda" romanı üzərinə qeydlər

Kənan HACI

Yazıçılıq büsbütün illüziya sənətidir. Bu, reallıqdan uzaqlaşmaq kimi anlaşılmasın. Biz hekayə, roman yazarkən öz təcrübələrimizdən yola çıxırıq. Həyatımızdan, gerçək yaşantılarımızdan çıxış edərək bütün bunlara bir nizam veririk. Həyatın gerçək üzü o qədər gərəksiz ayrıntılarla doludur ki... O qədər yavandır ki... Biz istər-istəməz təxəyyülümüzü işə salırıq, bu reallıqlardan sehrli bir dünya yaradırıq. Bir fokusu şlyapasının içindən müxtəlif əşyalar çıxardığı kimi, biz də hekayələrimizin içindən göyərçinlər və dovşanlar çıxararaq oxucunu heyrətləndirməyin zövqünü yaşayırıq.

İnsanın gerçək üzü şüuraltısında gizlidir. Yazıçı şüuraltı qazıntılarla məşğul olan geoloqdur. Bu mənada Corc Sandersin ruhlar aləminə səyahəti heyrətamizdir. Klassik ədəbiyyatda da, modern prozada da reinkarnativ romanlar, hekayələr çox yazılıb. Yunan mifologiyasında orfizm deyilən bir anlayış var. Bu dünyagörüşünə əsasən əsl həyat ölümdən sonra başlayır. Orfiklər ruhların bir bədəndən başqa bədənə keçməsinə də inanırdılar. Xronos zamanın şəxsləşdirilmiş obrazı olaraq bütün yunan tanrılarının taleyinə təsir edir.

"Linkoln bardoda" romanında isə Xronos Abraam Linkolndur. Buker mükafatı almış bu əsər Sandersin ilk romanıdır. Edqar Posayağı fantasmaqorik təhkiyə tərzi, təhtəlşüurun gizlinlərini açmaq baxımından istifadə olunan sarkazm, leksik, semantik gəzişmələr hərdən oxucunun başını gicəlləndirsə də ideyanın sarsılmaz gücü qarşısında itaət edirsən. İlk baxışda oxunması çətin olsa da, hazırlıqlı oxucuya çox şeylər vəd edən bir romandır. Səhifələri çevirdikcə Linkolnun beynindən keçənləri, onu əhatə edən dünya və insanların ictimai statusu, fiziki özəllikləri, toplumdan qaynaqlanan xarakterlərini izləyə bilirik. Oxucunun gözlənti sektorunda qısaqapanmalar baş verir, məyusluq ərinti kimi insanın içinə yayılır. Amma hadisələrin məntiqindən doğan nəticə, günahın ağırlığı altında əzilən tiranın məğlubiyyəti, günahsız bir uşağın ərafda, iki dünyanın arasında körpüyə çevrilməsi prosesi ustalıqla, xəsis, lakin polad kimi möhkəm, sərt cümlələrlə oxucuya çatdırılır.

Yazıçı Dantesayağı gedişlər etsə də forma və məzmun büsbütün yenidir. "Linkoln bardoda" əsəri yeni roman prinsiplərindən çıxış edərək "XXI əsr romanı necə olmalıdır" sualına cavab verir. Modern romançılığın bütün elementlərindən istifadə etməklə yeni model təklif edir. 

Tarixi gerçəkliyə əsaslanan hadisələr tarixi lətifələrlə bir roman anlatısına çevrilir. Əslində bu tarixi anlatılar Sandersin əliylə yoğurub-yapdığı qəhrəmanlar vasitəsilə oxucuya çatdırılır. Əsər Amerika prezidenti Linkolnun tif xəstəliyindən dünyasını dəyişmiş oğlu Uillin öldükdən sonrakı həyatını təsvir edir. Daha doğrusu, hadisələr bardoda - ərafda baş verir. "Bardo" Tibet buddizmində keçid halı anlamına gəlir. İnsanın şüuru özündə ikən bədənlə olan bütün bağların kəsildiyi an. Ölümlə doğuluşun sərhədində toplaşan xəyalatlar bir-birilə söhbətləşirlər, onlar öldüklərinin fərqində deyillər. Onların nəzərində qəbiristanlıq xəstəxanadır, tabut isə azar qutusu. Azar qutusunda hər kəs özünü olduqca rahat hiss edir, gündəlik yaşamdakı sorunlarla uğraşırlar. Onların hamısının ortaq bir özəlliyi var: həyata geri dönəcəklərinə inanırlar. Arzuları fəqrlidir, amma məqsəd eynidir. Ərafın baş qəhrəmanı isə uşaq ikən bura düşmüş Uilldir. O, ərafdakıların düzənini pozan yeganə şəxsdir. 

Ərafın yüzlərlə sakininin yenidən bu dünyaya qayıtmaq vəsvəsəsi ilə kor olmuş gözlərini açan adam balaca, məsum Uilldir. Ətrafındakı adamlar yarımçıq qalmış işləri varmış kimi geriyə dönməyə tələsirlər. Bu gözləntilər sona yetməlidir ki, yarımçıq qalan bütün işləri tamamlansın. Günahkar ruhlar Tanrıya sığınıb mərhəmət diləyir. Onlar güman edir ki, tələyə düşüblər və burdan azad olmalıdırlar. İroniyaya baxın! Ərafdakı hər kəsin iddia etdiyi də budur. Yazıçı Linkolnun hakimiyyətdə olduğu dövrün gerçək mənzərəsini əraf vasitəsilə gözlər önünə sərir. Orijinal struktura malik romanda Avraam Linkoln hakimiyyətinin nəticəsi olan dörd illik vətəndaş müharibəsinin insanların həyatına vurduğu zərbələr ərafdakı qurbanların dilindən nəql olunur. Linkoln bu romanda pərdə arxasındadır, törətdiyi əməllərin nəticələri isə xəyalatlar şəklində danışır. Linkoln günahlarının bədəlini ödəyir. Vətəndaş müharibəsinin günahsız qurbanlarının narahat ruhları onu rahat buraxmır.

Uill də qurbandır və onun məsum görünüşü atasının hakimiyyət ehtirası fonunda olduqca solğundur. On bir yaşlı uşaq yatağında qızdırma içində çırpınır, Ağ evdə isə Linkolnun şərəfinə ziyafət düzənlənib. Tiranın mənəvi süqutu bu situasiyada üzə çıxır. Yazıçı obrazlara zərrə qədər müdaxilə etmir, heç bir izahat vermir, sadəcə, lakonik, soyuq cümlələrlə mənzərəni təsvir edir.

İç savaşın ayaq səsləri Ağ evdə eşidilməkdədir, tiran isə daxilən parçalanmış durumdadır. Sanki bardoda olan oğlu deyil, özüdür. O da özünün bardosunda mənəvi əzablar içində qıvrılmaqdadır. Yazıçı bənzərsiz bir üsul seçib. Linkoln tərəfdarları və əleyhdarlarının gündəliklərində təqdim olunur. Ən dəhşətlisi, Linkoln öz günahlarını ölmüş oğlunun ruhu ilə təmizləmək istəyir.

Bir-birlərinin bədənlərinə girən ruhlar bütün gizli niyyətlərdən xəbərdardır. Roman azar qutusundakı günahlı-günahsız adamların mediativ ritual prosesini Amerika cəmiyyətinə, Ağ evin kluarına proyeksiya edir. Uillin vəziyyətini isə yazıçı bir cümlə ilə izah edir: "Onun yeganə günahı uşaq olmaqdır".

Linkoln sanki bir mediumdur, oğlunun ruhu qarşısında müttəhim qismində dayanıb. Vicdan əzabı onun ruhi müvazinətini pozur. Artıq ruha çevrilmiş uşağın xarakterini ərafda müəyyənləşdirmək olur, onun xarakterinin əsas cəhəti budur ki, o, atasının iblisə itaət etdiyindən şübhələnir, əsl həqiqətə varmaq istəyir. Şekspirin Hamleti yada düşür. Bu, Hamletdən üzübəri Avropa insanının əsas özəlliyidir. Sanders burada əslində sənətin ilahi mənşəyinə işarə edir.

Bir sözlə, Sandersin "Linkoln bardoda" romanı bəşəriyyətin əbədi problemi olan atalar-oğullar toqquşmasını reinkarnativ müstəvidə çözür. Bu isə tamamilə yeni, orijinal bir yanaşmadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!