Nizami Tağısoy
filologiya elmləri doktoru, professor
Mirzə Əjdər oğlu İbrahimov Azərbaycan mədəniyyəti və ədəbiyyatı tarixində şərəfli bir mərtəbədə qərar tutmaqla istedadlı yazıçı, dramaturq, mütərcim və ictimai xadim kimi zəngin ədəbi-bədii irs qoyub getmişdir.
Cənubi Azərbaycanın Sarab əyalətində dünyaya göz açmış Mirzə İbrahimov 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçsə də, burada da həyat üzünə gülməmiş, valideynlərini erkən itirdikdən sonra ailəsini dolandırmaq üçün qoyun otarmış, su daşımış, ən çətin işlərlə məşğul olmuş - uşaqlıq illərindən həyatın ən sərt üzünü görmüşdür.
Mirzə müəllim böyük rus yazıçısı Maksim Qorkidən 43 yaş kiçik olsa da, nədənsə, onun uşaqlıq dövrünün Qorkinin həyatına bənzədiyini düşünməkdəyik. M.İbrahimovun da məktəbi həyatın bütün üzü olmuş və yalnız 13 yaşından ibtidai məktəbə getmək imkanı əldə etmişdir. Gələcək yazıçının həyatı bütün çətinliklərə sinə gərməklə bir tərəfdən sənət məktəbində keçmiş, sonra Neft Sənayesi Texnikumunda təhsil almış, digər tərəfdən, qazma ustası kimi sənətə yiyələnmiş və hələ neft mədənlərində işləyərkən bir sıra hekayələr qələmə almışdır.
M.İbrahimov dövrünün gözü açıq, dərin zəkalı sənətkarlarından idi. 1933-cü ildə Azərbaycan Dövlət Neft İnstitutunda təhsilini başa vurduqdan sonra, Sankt-Peterburqda (o vaxtkı Leninqrad) aspiranturada təhsilini davam etdirmiş, 1941-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Məhz həmin dövrdən başlayaraq o, müxtəlif rəhbər vəzifələrdə işləməyə irəli çəkilmişdir.
M.İbrahimov bədii nəsr yaradıcılığında ardıcıl qələm işlədən planetar təfəkkürlü yazıçılardan idi. Ədibin ilk iriçaplı əsəri 1935-ci ildə qələmə aldığı o dövrlərdə kolxoz quruluşunun möhkəmlənməsini özündə əks etdirən "Həyat" pyesi idi. 1938-ci ildə isə M.İbrahimov Vətəndaş müharibəsi dövründəki problemləri təsvir edən ispan xalqının qəhrəmanlıq mübarizəsinə həsr etdiyi "Madrid" pyesini yazmışdır. 1942-ci ildə qələmə aldığı "Məhəbbət" pyesində isə Böyük Vətən müharibəsi dövründə arxa cəbhədə çalışan zəhmətkeş insanların özünəməxsus obrazlarını yaratmışdır. Bundan sonra bu janrda bir qədər fasilə verən sənətkar, 1960-cı illərdə "Kəndçi qızı" (1962), "Yaxşı adam" (1965) kimi komediyalar, "Közərən ocaqlar" mövzusunda dram əsərini yazmışdır. M.İbrahimov dram əsərlərində daim ciddi həyat kofliktləri və kolliziyaları, parlaq realist xarakterlər, canlı səhnə dili və dialoqlardan istifadə edirdi. Bəri başdan qeyd etməyi lazım bilirik ki, Azərbaycan milli dramaturgiyasının ənənələrini davam etdirən sənətkar digər ədiblərimiz kimi Mirzə İbrahimov Teatrını yaratmaqla ədəbiyyatımızın inkişafına orijinal töhfələrini vermişdir.
Cənubi Azərbaycanda doğulmuş M.İbrahimov daim Vətənimizin o tayında gedən prosesləri ciddi şəkildə izləmiş, İran mütləqiyyətinə qarşı mübarizə aparan sadə xalqın həyatına dair bir sıra əsərlər yaratmışdır. Nəticədə 1948-ci ildə onun "İnqilab və mədəniyyət" jurnalında xalqın igidliyini və keşməkeşli həyat tərzini təsvir edən İran irticasına, onların Amerikan-ingilis havadarlarına, Şərq xalqlarının gününü qara edən mürtəceni ifşa edən monumental və çoxplanlı "Gələcək gün" romanını qələmə almışdır. "Gələcək gün" romanının xeyli səhifələrini oxuyarkən nədən gözümüz qarşısında Arazın o tayındakı - Cənublu qardaşlarımızın bütün həyat tərzi ilə tanış olduqca oradakı təsvirləri tacik-özbək ədəbiyyatının klassiki Sədrəddin Ayninin "Buxara", "Qullar", "Xatirələr" və türkmən yazıçısı Bərdi Kərbabayevin "Qəti addım" romanlarında yer almış bədii səhnələrlə müqayisə etməyə meyil edirik.
M.İbrahimovun digər epoxal romanları hesab etdiyimiz "Böyük dayaq" (1957), "Pərvanə" (1969 - 1970) və s. kimi əsərlərə müstəqillik dövrü ədəbi tənqidi nə qədər tendensioz nöqteyi-nəzərdən yanaşsa da, bu əsərlər də xalqımızın sovet quruluşu dövründə yaşadığı həyatının özünəməxsus mənzərələrini və ədəbi salnaməsini yaratmaq baxımından doğru-düzgün estetik yanaşmalardan çıxış edilərək dəyərləndirilməlidir. Çünki yazıçı yaşadığı tarixi epoxanın meyar və düşüncələrini həm də cəmiyyətdə gedən sosial-siyasi proseslərə uyğun əks etdirməlidir. Mirzə İbrahimov da istedadlı nasir və dramaturq kimi o dövrün problemlərinin qabardılmasını və həyatda gedən siyası, iqtisadi, mədəni, mənəvi prosesləri və aşınmaları təsvir mərkəzinə çəkməli idi. Bununla belə, Mirzə İbrahimov ləyaqətli vətəndaş və istedadlı yazıçı-dramaturq kimi konyunkturçuluqdan, ştampçılıqdan kənar idi. Onun üçün dövrün mövcud problemlərinin adekvat bədii təfəkkür süzgəcindən keçirilməsi daha prioritetli idi.
Mirzə İbrahimov ədəbiyyat tariximizdə heç də yazıçı-dramaturq kimi qapanıb-qalmamış, o dövrün əksər problemlərinə aydın zəkalı publisist gözü ilə də baxa bilmişdir. Bundan başqa, onun orijinal fikir sahiblərimiz Cəlil Məmmədquluzadənin yaradıcılığının təhlilinə həsr etdiyi məqaləsi, yaxud Nəsiminin əsərlərinin nəşrinə bir ədəbiyyatşünas kimi baxışı böyük sənətkarın yaradıcılıq imkanlarının və təfəkkürünün dərinliyini sübut etdirməkdədir.
Universal yaradıcılıq diapazonlu Mirzə İbrahimovun ədəbi-bədii yaradıcılığının digər mühüm səhifəsini həm də onu mütərcimlik fəaliyyəti təşkil edirdi. Məhz onun mütərcimlik qələmi sayəsində Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", J.B.Molyerin "Don Juan", A.N.Ostrovsikinin "Müdrik olan hər kəsə kifayətdir sadəlik" və "Quduz pullar", A.P.Çexovun "Üç bacı", A.Satramovun "Kişilərə inanmayın", N.Q.Çernışevskinin "Nə etməli" və s. kimi əsərləri Azərbaycan dilində səsləndirilmiş, oxucular onlarla tanış olmuş və səhnəmizə ayaq açmışdır.
Ümumiyyətlə, M.İbrahimovun Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfə yetərincə rəngarəngdir. Epoxal hadisələri özündə əks etdirən monumental romanları, maraqlı mövzulara həsr edilmiş dram əsərləri, klassiklərimiz Xaqani, Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə, C.Məmmədquluzadə və digərlərinin yaradıcılığı ilə bağlı ortaya qoyduğu nəzər nöqtəsi və mülahizələri, siyasi arenada xalqın milli varlığını qoruyan, onun ən mühüm atributu hesab edilən Azərbaycan dilinin statusu ilə bağlı həyata keçirdiyi fəaliyyəti Mirzə müəllimin sözün əsl mənasında milli mücahid taleyini yaşadığını sübut etməkdədir.
1956-cı ildə Azərbaycan SSR Ali Soveti 1937-ci il Azərbaycan Konstitusiyası Qanununa əlavələr etməklə Azərbaycan dilini dövlət dili elan edir. Bu məsələnin təşəbbüskarları həmin dövrdə Azərbaycan KP MK-nın Birinci Katibi İmam Mustafayev və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, yazıçı, akademik Mirzə İbrahimov idi. Azərbaycan dilinin dövlət dili statusu qazanması həmin dövrdə yetərincə böyük əks-səda doğurmuşdur. Hətta müəssisə və təşkilatlarda dövlət dilini bilməyənlərin vəzifədən kənarlaşdırılması da təklif olunurdu. SSRİ rəhbərliyinin neqativ reaksiyasına səbəb olan bu qəti addıma görə M.İbrahimov vəzifəsindən kənarlaşdırılsa da, ona qarşı olan belə münasibət bu böyük milli mücahidi öz əqidəsindən, məsləkindən çəkindirməmişdi.
M.İbrahimov bütün canı, qanı, qəlbi, nəfəsi, hissi və duyğusu ilə Azərbaycan xalqına bağlı böyük Vətəndaş idi. O, bir yazıçı kimi, siyasi xadim kimi, Azərbaycan Yazıçılar Birliyinin sədri kimi (qeyd edək ki, Mirzə İbrahimov bu vəzifəyə 6 dəfə ardıcıl seçilmiş yeganə şəxsiyyət idi) son dərəcə titanik işlər həyata keçirirdi. M.İbrahimov bütün dövrlərdə xalq, vətən, torpaq, mədəniyyət, ədəbiyyat uğrunda mübarizə aparan fədakar insanlardan idi.
Böyük milli təəssübkeş Qarabağ hadisələri başlayan və davam edən ilk dövrlərdə də Azərbaycan xalqının milli heysiyyatına toxunanlara öz yerini göstərir, murdar erməni yazıçısı Zori Balayanın Azərbaycan xalqına qarşı həqarət dolu yağdırdığı yalanlara, iftiralara, onun "Ocaq" kitabındakı təhriflərə və təhqirlərə qarşı ayrıca yazı hazırlayıb, Moskvaya, "Literaturnaya qazeta"ya göndərib çap etdirməklə bağlı müraciət etdikdə utancverici "Bu məsələni hər iki respublikanın rəhbərliyi öz aralarında həll etməlidir" cavabını almış və qəzet böyük yazıçının həmin hadisələrlə bağlı əsaslı və obyektiv rəyini çap etməkdən imtina etmişdir.
M.İbrahimov heç zaman xalq və vətən yolunda mübarizəsini səngitməmişdi və hələ 80-ci illərdə Sov.İKP MK-nın katibi Yeqor Liqaçova Kirovabad şəhərinə öz əvvəlki Gəncə adının qaytarılması ilə bağlı təkliflərini vermişdir.
Mirzə İbrahimovun yaşadığı ömür sanki Azərbaycan xalqının XX əsrin 10-cu illərindən 90-cu illərin əvvəllərinə qədər yaşadığı keşməkeşli və ağır mərhələnin salnaməsi ilə üst-üstə düşür. Vaxtilə XX əsrin 50-ci illərində onun Azərbaycanın siyasi rəhbəri M.Bağırovdan çəkdikləri də az olmamışdır. Bununla belə, böyük xalq təəssübkeşi heç kim qarşısında boyun əyməmiş, şərəf dolu ömür səhifələrini özünün lap son günlərinə qədər öz tərzində vüqarla davam etdirmişdir.
M.İbrahimovun "Güləbətin" (1966), "Xosrov Ruzbeh" (1966), "Pərvanə" (1972) və s. kimi əsərlərində tarixə, həyata baxış adi gördüklərinin çılpaq, bəsit rənginin şəklini çəkmək, onun kalkası, nüsxəsi deyildi. Burada keçmişdən lövhələr hakim rəsmi ümumi fon rolunu oynasa da, yazıçı artıq eyni zamanda milli tale, mənşə və soy-kök problemini, milli ziyalının xalqın tarixindəki sırf milli, mənəvi rolunu, missiyasını düşünmüşdür.
İstedadlı prozaik, tanınmış romançı, maraqlı süjet xəttinə malik çoxsaylı povestlər müəllifi olan Mirzə İbrahimovun ədəbi şəxsiyyəti və bədii yaradıcılığı, ədəbi-estetik baxışları, elmi əsərləri Azərbaycan ədəbiyyatı, elmi və ictimai fikir tarixində müstəsna mövqe daşımaqdadır. Mirzə İbrahimovun ədəbi irsi xalqımızın mənəvi həyatının yüksəldilməsində, milli-mədəni mentalitetin formalaşmasında da görümlü mövqedə dayanmaqdadır. Onun əsərləri milli psixologiyamızın, həyat fəlsəfəmizin, etnik təfəkkür tərzimizin və milli özünüşüurumuzun inkişafında bu gün də əvəzsiz olduğu qənaətindəyik. M.İbrahimovun bədii yaradıcılığı bütün dövrlərdə sosial-milli proseslərin gedişatına və dirçəlişinə nəzərəçarpacaq impuls vermişdir.
M.İbrahimov yaradıcılığından danışdıqda onun elmi təşkilatçılığından söz salmamaq da mümkün deyildir. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru işlədiyi dövrdə o, Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının inkişafına, bu sahələrdə aparılan elmi tədqiqat işlərinin daha da dərinləşdirilməsinə, milli elmi kadr potensialının yüksəldilməsinə, burada hazırlanan "Azərbaycan ədəbiyyatı tarixi" fundamental əsərinin yaradılmasına böyük qüvvə sərf etdiyindən də danışmalıyıq. Özünün təşəbbüsü ilə yaradılmış və burada bu gün də uğurla fəaliyyət göstərən Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi kimi struktur indi də kadr hazırlığını gərəyincə təmin edən, ardıcıl və sistemli tədqiqat işləri ilə daha çox diqqət mərkəzinə düşən bir şöbəyə çevrilmişdir. Hazırda bu şöbədə düşmənin məkri ucbatından iki yerə parçalanmış Vətənin - Arazın o tayındakı bədii təfəkkür sahiblərinin əsərlərinin ədəbi-nəzəri və fəlsəfi-estetik keyfiyyətləri lazımınca araşdırılmaqda, o taylı soydaşlarımızın bədii irsinin ən xırda detalları ümumi ədəbi prosesimizin tərkib hissəsinə daxil edilməkdədir.
Beləliklə, Mirzə İbrahimovun yaradıcılıq istiqamətlərinə nəzər saldıqda görürük ki, o, təkcə dünənimizin, bugünümüzün böyük sənətkarı yox, sabahımızın, etik-mənəvi ruhumuzun, fəlsəfi-estetik dünyamızın çalar və rəngləri ilə xalqımızın işığa doğru gedən yolunun böyük mücahididir. Ədəbiyyatımızın və mədəniyyətimizin kilvateridir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!