Vaqif YUSİFLİ
Tarixi roman janrının Azərbaycan ədəbiyyatında doxsan yaşı var və düz doxsan il öncə - 1933-cü ildə görkəmli nasir Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" romanı çap olundu, bu illər ərzində ədəbiyyatın tarixlə ünsiyyəti davam etdi, gözəl bədii nümunələr meydana gəldi. Doxsan il ərzində tarixi romanın keçdiyi inkişaf yolları haqqında ədəbiyyatşünaslarımız maraqlı məqalələr, monoqrafiyalar qələmə almışlar, bu xüsusda Məmməd Arifin, Mehdi Hüseynin, Mir Cəlalın, Məsud Əlioğlunun, Yəhya Seyidovun, Qulu Xəlilovun, Yaşar Qarayevin, Akif Hüseynovun, Fəridə Vəzirovanın, Yavuz Axundlunun, Tofiq Hüseynovun və başqalarının xidmətləri danılmazdır.
Son iyirmi ildə də (keçən əsrin doxsanıncı illərindən bu günə kimi) tarixi roman öz inkişafından qalmamış, yazıçılarımız mövcud ənənəyə sədaqət göstərərək yeni əsərlər yazmışlar. Sabir Rüstəmxanlının, Yunus Oğuzun, Elçin Hüseynbəylinin, Mustafa Çəmənlinin, Hüseynbala Mirələmovun tarixi romanları janrın inkişafında yeni bir mərhələni səciyyələndirir. Yazıçı, "Olaylar" qəzetinin baş redaktoru, həm də ixtisasca tarixçi Yunus Oğuz bu janrda artıq ona yaxın roman yazıb və bu romanlar xarici ölkələrdə də çap olunub.
Yunus Oğuz yeni bir romanı ilə oxucularının görüşünə gəlib. Bu da "Uçurum" tarixi romanıdır. Azərbaycan nəsrində yalnız bir yazıçı tanıyırıq ki, o, 16 tarixi romanın müəllifidir və demək olar, bütün yaradıcılığı bu səpkidədir. Söhbət Xalq yazıçısı Əzizə Cəfərzadədən gedir. Əzizə xanım XII əsrdən üzü bəri Azərbaycan tarixində baş verən ən mühüm hadisələrə, görkəmli sənətkarlara, siyasi xadimlərə həsr etdiyi romanları ilə tarixi roman ənənəsinə yeniliklər gətirdi. Bütün yaradıcılığını tarixi roman janrına həsr edən bir yazıçı da Yunus Oğuzdur. O da Azərbaycan və eləcə də türk dünyasının nəhəng şəxsiyyətlərinə həsr etdiyi romanlar ilə müasir tarixi roman janrının aparıcı bir nümayəndəsinə çevrilib. Əlbəttə, biz digər tarixi roman müəlliflərinin əməyini yerə vurmuruq, amma Yunus Oğuzu fərqləndirən iki xüsusiyyəti nəzərə çarpdıraq: birincisi, Yunus Oğuz sırf tarixçi olduğu üçün tarixi mənbələrə yaxşı bələddir - onun təsvir etdiyi hadisələr canlandırdığı obrazlar tarixi reallıqdan gəlir. Təbii ki, hər hansı romanda bədii təxəyyüldən yaranan obrazlar, hətta hadisələr də ola bilər - amma "mərkəzi xətt" - tarixi reallıq prinsipi unudulmamalıdır.
İkincisi, Yunus Oğuz hər hansı bir tarixi romanında tarixlə müasirliyi vəhdətdə götürür, daha doğrusu, Nizami Cəfərovun düz-doğru buyurduğu kimi, "tarixdə bu gün, bu gündə tarix" prinsipinə əməl edir. Yeni yazdığı "Uçurum" romanı da bu fikri təsdiq edə bilər.
"Uçurum"da Azərbaycan tarixinin iki dövrü (hər ikisi ziddiyyətlərlə, mürəkkəb hadisələrlə dolu) təsvir olunur. Azərbaycan xalqının mərkəzi dövlət qurduğu XVI əsr və canlı tariximizin yenə unudulmayan hadisələrlə zəngin yeni dövrü - keçən əsrin sonları... Əlbəttə, bu iki tarix arasında dörd əsrdən artıq bir zaman məsafəsi var. Lakin belə bir ifadə var: "tarix təkrar olunur". Əslində, tarix spiralvari xətt üzrə inkişaf edir - xəttin əvvəli ilə sonu arasında bir-birini tamamlayan hadisələr mövcuddur. Yunus Oğuz XVI əsrdə - Şah Təhmasibin hakimiyyəti dövründə baş verən bir hadisəni qələmə alır - elə bir hadisə ki, sonrakı əsrlərdə də təkrar olunur. Əslində, iki hadisə. Biri əsrlərdən bəri məlum və danılmaz erməni xisləti, bir də narkomaniya... Birincisi, bir millətin xarakteridir - ikincisi isə millətindən asılı olmayaraq insanlara yoluxan maddi-mənəvi zəhər... Amma bunları - bu iki xətti birləşdirən məqamlar da var - erməni xisləti ilə narkomaniya arasında üzvi bir əlaqə var. Yunus Oğuz öz romanında bu əlaqəni üzlaşdırır.
"Şah kinayəli şəkildə gülümsəyərək dilləndi:
- Sizin tayfanız nadürüst tayfadır. Atam Şah İsmayıl Çaldıran döyüşünü uduzan kimi sənin baş keşişin Sultana məktub yazdı ki, bizi yola vermirlər. Yenə Sultan Süleyman Təbrizə daxil olan kimi baş keşişiniz ona məktub yazıb bizdən şikayət etdi. Çox məsələdə sənin tayfanı vergidən azad etmişəm. Sizsə yenə naşükürlük edirsiniz".
Amma Şah Təhmasib də erməni Varpetin yalanlarına, onun hiyləgər "məntiqinə" inanır. Məgər əsrlər boyu bu belə olmamışmı? Əsrlər boyu erməni xəyanəti Azərbaycanda fiziki və mənəvi sarsıntılar, itkilər törədib.
Romanda narkomaniyanın artıq beynəlxalq bir qüvvəyə çevrildiyi - yəni sübuta ehtiyacı olmayan nəhəng mafiyaya çevrildiyi və bu nəhəngin Azərbaycana sirayət etməsi də xeyli səhifələr təşkil edir. Əslində, romanın məzmun qatında, bir-birini əvəz edən hadisələrin təsvirində narkomaniya ilə bağlı süjet əsas yer tutur. XVI əsrdə Şah Təhmasib dövründə onun yaşadığı şəhərə tiryək gətirən erməni Varpet XX əsrdə yenə erməni Varpet (başqa adla) daha təhlükəli narkotik maddələr alveri ilə məşğuldur. Romanda təkcə mənfi qüvvələrin əsrlər boyu törətdiyi rəzilliklər deyil, həm də bu cinayətlərə qarşı mübarizə aparan cəsur insanlar da təsvir olunur. XVI əsrdə - Şah Təhmasib dövründə qorçubaşı Natiq bəy erməni xislətini, onların hiyləgər, məkrli hərəkətlərini ifşa edir (amma nə olsun ki, erməni tacirlərinin havadarı Divanbəilər var). XX əsrdə başqa bir Natiq (əməliyyat və istintaq Baş İdarəsinin əməkdaşı) narkomaniyanın Azərbaycanda ilişgilərini aradan qaldırmaq üçün hazırlanan planın həyata keçirilməsinə başçılıq edir.
Yunus Oğuz bu hadisələrin təsvirində detektiv məqamlara da üz tutur, bu da təbiidir, çünki bir əməliyyat işçisinin gedişləri, professional ustalığı bunu tələb edir. Natiq narkobiznesin ölkədə əsas-aparıcı dominant qüvvəsi olan Vaqonu ifşa etmək üçün məhz onun yanında ximət edir. Təbii ki, o, son dərəcə hazırlıqlı, professional əməliyyatçıdır. Vətənini sevən bir insan...
Natiq Seyid Ağa kimi maskalanan Varpet Kasparyanın və ona himayədarlıq edən iranlı Əhməd Ağanın kimliyini lap əvvəldən bilmirmiş. Ümumiyyətlə, Yunus Oğuz mənfilərin obrazını birtərəfli təsvir etmir, çünki mənfilərin də öz hərəkət "marşrutu", məntiqi var. Onların mənfilik statusu bitib-tükənmir, çünki yetişdirmələri və törəmələri var - bəlkə, "ustadlarından" da daha qorxulu romanın sonunda guya Vaqonu ölmüş bilirlər, amma məlum olur ki, o qaçıb, indi xaricdədir və orada Natiqə təhdidlər dolu mesaj atır. "Sən məni sevdiyim dənizdən, işimdən elədin. Bil, mənim qisasım amansız olacaq, gözləmədiyin yerlərdən sənə zərbələr endirəcəm". Bəli, Natiqə zərbələr endirilə bilər, çünki Vaqonların ölkə daxilində, yuxarı distansiyalarda tərəfdarları az deyil.
Yunus Oğuz romanda təsvir etdiyi illərin ictimai-siyasi hadisələrinə də münasibətsiz keçinmir. Təbii ki, bu münasibət - 90-cı illərin müstəqillik uğrunda aparılan mübarizələri işıqlandırmaq üçündür.
"Uçurum" - romanın adı üzərində fikirləşməyə dəyməz. Əsər başdan-ayağa o uçurumların (təkcə təbiət hadisəsi olmayıb, insanın, cəmiyyətin, dövlətin də təbiətində yaranan çatlar, ziddiyyətlər) mahiyyətini açır, xilas yollarını arayır. Çox təəssüf ki, ölkəmizdə narkomaniyanın kökü hələ də kəsilmir. Burada bədii ədəbiyyatın da tərbiyəedici missiyası yetərincə olmalıdır və Yunus Oğuzun "Uçurum" romanını alın, oxuyun...
Bu qədər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!